Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Arayik Moskvaya niyə çağırıldı? -Kreml hələ də susur

Arayik Moskvaya niyə çağırıldı? -  Kreml hələ də susur
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində əvvəllər mövcud olmuş separatçı rejimin rəhbəri Arayik Arutyunyan bu yaxınlarda Rusiyaya gizli səfər edib. Hərbi cinayətkarın Moskvaya hansı məqsədlə getməsi, onun kimlər tərəfindən Rusiyaya dəvət olunması mümkün qədər sirr olaraq saxlanılır. Ermənistan və Rusiya səlahiyyətliləri müəmmalı səfərin üstündən sükutla keçərək KİV-in suallarına cavab verməkdən imtina edirlər.
Yenixeber.org: Erməni KİV-lərində yer alan məlumatlara əsasən, səfər Arutyunyanın öz istəyi ilə baş tutmayıb, onu kimliyi bilinməyən dairələr təcili Rusiya paytaxtına çağırıblar.

"Əldə etdiyimiz məlumata görə, Arayik Arutyunyan Moskvaya təcili şəkildə çağırılıb. Onun Rusiyaya “təlimat”landırılması üçün çağırıldığı ehtimal edilir. Rusiya xüsusi xidmət orqanları Arayikin Ermənistan rəhbərliyinə itaətkar davranışından narahatdır və onu "özünə gətirməyə" çalışacaqlar. Etibarlı mənbəmiz onu da deyib ki, Arayik tanınmamış “respublika”nın rəhbəri olduğu üçün rəsmi qaydada qəbul olunmayacaq. Çox güman ki, Kremli narahat edən amillərdən biri də Arutyunyanın maddi cəhətdən Ermənistan səlahiyyətlilərindən asılı hala gəlib, bir növ İrəvana qandallanmasıdır”-, deyə erməni mediası yazıb.

Daha sonra erməni jurnalistlər keçmiş separatçıların nümayəndəsi Lusine Avanesyandan Arayikin Moskvaya “şəxsi səfər”ə getməsi xəbərinin doğru olub-olmadığını soruşublar. O, məlumatı birmənalı şəkildə inkar etməyib. Lusine "hazırda danışacaq bir sözüm yoxdur. Hələlik bu məsələ ilə bağlı heç bir şərhim olmayacaq", - deməklə kifayətlənib.

Mövzunu nəzərdə saxlayan “Hraparak” nəşri Arutyunyanın Rusiyada peyda olmasıyla bağlı diqqətçəkən məlumat yayaraq yeni versiyalar irəli sürdü. Belə ki, Arayiklə birlikdə onun həyat yoldaşının da Moskvada səfərdə olduğunu yazan nəşr separatçı "liderin" Rusiyaya təlimatlandırılması üçün çağırıldığını, onun ailəsinin Moskvada ev almağa hazırlaşdığını açıqladı.

Ardınca Rusiya Ermənilər İttifaqının başçısı Ara Abramyan da yayılan xəbərlərin doğru olduğunu bildirərək, ortalıqda avara uşaqlar kimi qalan keçmiş separatçı rəhbərin həqiqətən də Moskvaya gəldiyini, onun burada görüşlər keçirdiyini təsdiqlədi.

Arayikin Moskva səfəri özlüyündə bir sıra sualla doğurur: Separatçılara Rusiyada qucaq açan kimlərdir? Hansı qüvvələr Azərbaycanı qəzəbləndirməyə çalışır? Məqsəd nədir?

Əlbəttə, Arutyunyan artıq böyük siyasi oyunlar üçün tamamilə yararsız və heç bir ciddi proseslərdə rol almayan oyuncaq fiqurdur. Amma bu səfərin reallaşmasında narahatlıq doğuran bəzi məqamlar var. Əvvəla, bir zamanlar Ermənistan tərəfindən yaradılmış qanunsuz işğalçı rejim artıq mövcud deyil. 10 noyabr bəyanatına imza atan Moskva da İrəvanla bərabər Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqlədi və dövlət sərhədlərinin 30 il əvvəlki mövqelərə çəkilməsini dəstəklədi. Azərbaycan 44 günlük müharibə ilə ədaləti bərpa etdi, bununla da Qarabağdakı qondarma rejim tarixin zibilliyinə atıldı.

Hazırda bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının prioritet olduğu məqamda keçmiş qondarma rejimin tör-töküntüsünün Moskvaya çağırılması təsadüfi deyil . Bu, həm də ondan xəbər verir ki, sülhqurucu missiyasını üzərinə götürən qonşu Rusiyada bəzi maraqlı dairələr vəziyyəti gərginləşdirməyə, sülhə əngəl olmağa çalışır. Azərbaycanın müharibə cinayətkarı kimi axtarışa verdiyi bir şəxsin, keçmişdə İrəvanın əlində oyuncaq fiqura çevrilmiş separatçının Rusiya sərhədlərindən buraxılması ölkəmizdə haqlı olaraq hiddət doğurur.

Digər diqqətçəkən məqam Azərbaycan ictimaiyyətinin Rusiyadan “İsgəndər-M” raketlərinin İrəvanın əlinə necə keçməsi ilə bağlı rəsmi məlumat gözlədiyi bir vaxtda, Kremlin Bakını qəzəbləndirən təxribata göz yummasıdır. Rusiyanın “İsgəndər-M” müəmmasına aydınlıq gətirmədən axtarışda olan şəxsə qapılarını açması ilk növbədə bu ölkənin üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliklərə ziddir.

Görünür, Moskvadakı gizli əllər bununla Azərbaycan və Rusiya arasında strateji müttəfiqlik əlaqələrini pozmağı hədəfləyirlər. Ehtimal etmək olar ki, Azərbaycanın Şuşaya atılan qadağan olunmuş raketlərlə bağlı məsələni beynəlxalq gündəmə daşıması kimlərinsə xoşuna gəlməyib, müharibə cinayətkarını Rusiyaya dəvət etməklə diqqəti yayındırmağı qarşılarına məqsəd qoyublar. Təbii ki, bu bir ehtimaldır, Arayikin gizli Moskva səfərinin bizə məlum olmayan qaranlıq tərəfləri də var.

Bu məqamda sual yaranır ki, Arutyunyan sərhədi keçərkən aidiyyəti qurumlara hansı sənədləri təqdim edib? Onun kimliyini təsdiq edən “sənəd”i Rusiyada qəbul edilirmi? Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin əlini-qolunu sallayıb Moskvaya getməsinə hansı məntiqlə və qanunla icazə verilib?

Şübhəsiz ki, Rusiya sərhəd-buraxılış məntəqələrində separatçı lideri gülərüzlə qarşılayan personal onun axtarışda olmasını görməzdən gəliblər, sənədlərini belə yoxlamadan "Xoş gəlmişsiniz" deyə qarşılayıblar.

Azərbaycanın dinc sakinlərinə qarşı müharibə cinayətləri törətmiş, yaşayış yerlərinin raket atəşinə tutulmasına görə məsuliyyəti öz üzərinə götürmüş caninin Rusiyaya maneəsiz girişi, onun saxlanılaraq Azərbaycana təhvil verilməməsi beynəlxalq öhdəliklərin və qanunvericiliyin pozulması deməkdir. Qarabağda atəşkəsə nəzarət edən Rusiyada əli günahsız insanların qanına batan qatilə dəstək göstərilməsi müəmma doğurur.

Arayikin Moskvadakı dostları bununla nəyə nail olmaq istəyirlər?

Beynəlxalq təcrübəyə əsasən, Rusiya hüquqi sahədə əməkdaşlıq prizmasından çıxış edərək axtarışa verilən separatçını Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verməli idi. Moskva bu addımı atmaqla həqiqətən Qarabağda sülh və təhlükəsizliyin qorunmasında maraqlı olduğunu, beynəlxalq öhdəliklərinə sadiq qaldığını nümayiş etdirə bilərdi. Təəssüf ki, Kreml bunu etmədi və biz bunun tam əksini gördük.

Əvvəl "İsgəndər-M" müəmması, ardınca Arayikin gizli səfərindən yaranan suallar nədənsə havada qalır, rəsmi Moskva məsələyə aydınlıq gətirməyə tələsmir. Rusiya səlahiyyətliləri bu cür laqeyd münasibətin Azərbaycanla dostluq və strateji münasibətlərə xələl gətirdiyini anlamamış deyillər. Bakının tələb etdiyi kimi, qonşu ölkə rəsmiləri dərhal baş verən olaylara aydınlıq gətirməli, hansı mövqedə olduğunu bəyan etməlidir. Əks halda Azərbaycanın adekvat addımları qaçılmaz olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam