İrəvana qarşı “qamçı və kökə” siyasəti: -“Erməni rəhbərlər ağlını başına yığmasa...”
Bakı və Ankara Ermənistana son şansı verdi; düşmənçilik yerinə mehriban qonşuluq, geriyə boylanmaq əvəzinə qabağa baxmaq – məğlub xalqın seçimi nə olacaq? Jirayr Liparidyan: “Keçmişin səhvlərindən öyrənmək əvəzinə, yaxın tarixi belə, saxtalaşdmaq istəyirik...”
Yenixeber.org: Qonşuları seçmirlər. Ermənistan və xalqı bu sadə gerçəyi nə qədər tez anlasa, bəlkə bir o qədər tez qurtuluş yolunu tapa bilsin. Bundan ötrü tələb olunan birinci addım axın tarixdən dərs götürməkdir. 44 günlük 2-ci Qarabağ müharibəsindəki kapitulyasiyadan Ermənistan dövlət, cəmiyyət olaraq ibrət almalı, düşdüyü dərin böhranlı durumun səbəblərini doğru-düzgün təhlil etməli, Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri etiraf etməlidir.
Dağlıq Qarabağ konflikti daha yoxdur. Artıq işğal xəritəsi, işğalçı Ermənistan da yoxdur. Miskin, yazıq Ermənistan var. Əgər erməni xalqı bunu qəbullanıb qabağa baxmaq əvəzinə, yenə siyasi avantüristlərin, o sırada Qərbdə oturan erməni-daşnak lobbisinə qulaq asaraq geriyə boylansa, o zaman özü haqda sui-qəsd hökmü çıxarmış olacaq.
*****
“Biz bölgədə yeni əməkdaşlıq platforması yaratmalıyıq. Artıq ilkin bəyanatlar verilib. Bu, çoxtərəfli platforma ola bilər. Bu əməkdaşlıq platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər”.
Bunu srağagün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev dedi. “Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı var. Eyni zamanda, Azərbaycan-Rusiya-İran əməkdaşlığı, Türkiyə-Rusiya-İran əməkdaşlığı var. Bütün bu əməkdaşlıq platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxarsa və öz əsassız iddialarından əl çəksə və gələcəyə baxsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq. Müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq. Biz bu ədavətə son qoymalıyıq. Bunun təşəbbüskarı biz olmamışıq... Biz yeni əməkdaşlıq formatı təşkil etməklə gələcəkdə bölgəmizdə müharibə riskini sıfıra endirə bilərik”, - dövlət başçısı qeyd edib.
Bu xüsusda qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın Bakıdan İrəvana, erməni xalqına ünvanladığı aşağıdakı mesajı da qonşu toplum ciddiyə alsa, öncəliklə özünə yaxşılıq etmiş olar.
Sitat: “Dağlıq Qarabağa dağıntı, qətliam və göz yaşından başqa heç nə gətirməyənlərin artıq öz ağıllarını başına yığması lazımdır. Erməni rəhbərlər xalqın resurslarını Azərbaycanın ərazilərini işğal altında saxlaya bilmək üçün istifadə edib. Halbuki bu resurslar mənasız müdafiə xətlərinə, silahlara, gözlərini kin və qan bürümüş rəhbərlərin ehtiraslarına xərclənməsəydi, indi mənzərə tamfərqli olardı. Erməni siyasətçilərin bunu yaxşı təhlil edərək sülh və sabitliyin əsasında gələcəyini qurması yolunda addımlar atacağına ümid edirik. Ermənistan xalqının da özlərini keçmişin yalanları ilə başını qatan, kasıbçılığa məhkum edən diasporun əsarətindən qurtulmasını diləyirik. Qərb imperialistlərinin dəstəkləməsi ilə heç nəyə nail olunmayacağı göz önünə alınmalı, düşmənçilik yerinə mehriban qonşuluq əsasında münasibətlər yenidən müzakirə olunmalıdır. Ermənistan xalqı Qarabağda yaşananlardan dərs çıxararsa, bu, bölgədə yeni bir dövrün başlanğıcı olacaq”.
*****
Yəni ya Ermənistan Azərbaycan və Türkiyə ilə mənasız konfrontasiya kursunu davam etdirməklə öz xalqını yeni-yeni fəlakətlərə tuş edəcək, ya da nəhayət, soyuq ağlın məntiqinə qulaq asıb da qonşulara qarşı ədavətə, əsassız iddialara və qlobal güclərin əlində oyuncaq olmağa son verib qurtuluş yoluna çıxacaq. Başqa yol mövcud deyil.
Ərdoğan Bakı səfəri zamanı onu da dedi ki, Türkiyə erməni xalqına kin-nifrət bəsləmir və bütün problemlər Ermənistan rəhbərliyindədir. O, Türkiyədə hazırda 100 mindən çox Ermənistan vətəndaşının çalışdığına diqqət çəkib və bu ölkə ilə on illərdir bağlı qalan sərhədlərin açılmasını istisna etməyib. “İrəvan Ankaraya qarşı müsbət addımlar atsa, sərhədləri açacağıq. Qonşu ölkə ilə sərhədləri bağlı saxlamaq kimi bir dərdimiz yoxdur”, - deyə Türkiyə prezidenti vurğulayıb.
“Ankaraya qarşı müsbət addımlar” nə demək? Əlbəttə ki, söhbət əsasən qardaş ölkəyə qarşı uydurma soyqırımı və bundan dolayı təzminat, torpaq iddialarından imtinadan gedir. Əlavə olaraq, Bakıda Ermənistanın da qatıla biləcəyi beşli, altılı əməkdaşlıq formatlarından söz edildi. Daha barışıq əli necə uzadılır ki? Axı, gün kimi aydındır ki, sərhədlərin açılmasından da, Türkiyə və Azərbaycanla siyasi-diplomatik, iqtisadi-ticari əlaqələrin qurulmasından da, əməkdaşlıq formatlarına qoşulmaqdan da ən əvvəl və ən çox məhz “izqoy” Ermənistan, onun krtik durumda olan xalqı fayda götürəcək. Çünki inkişaf göstəricisi sıfırın yanında olan məhz bu xalqdır.
Lakin bunun qarşılığında məğlub ölkədə yenə də anti-Türk isteriyasının israrla körüklənməsi cəhdlərini görürük. Hərçənd on illərdir aparılan fəlakətli kursun artıq hansı faciələrə gətirdiyini anlayan erməni ziyalıları da var – səsləri bir elə eşidilməz olsa da...
*****
“Hazırda Nikol Paşinyanın istefasını tələb edən, buna getməyəcəyi təqdirdə onu hətta terrorla təhdid edən 17 partiyanın birləşdiyi Ermənistan müxalifəti tarixi miqyasda bu hərbi məğlubiyyətdən yanlış dərs götürüb. Götürülməli olduğumuz əsl dərs ortada ola-ola”.
Jirayr Liparidyan
Bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın keçmiş müşaviri (1991-1997), tarixçi-diplomat, professor, Amerika əsilli erməni Jirayr Liparidyan öz məqaləsində yazıb. O, 17 partiyanın keçid hökumətinin başçısı vəzifəsinə Vazgen Manukyanın irəli sürməsini sərt tənqid edib və Manukyanın Ermənistanı düşdüyü böhranlı vəziyyətdən çıxarmaq qabiliyyətində olmadığını bildirib. Xüsusən də onun Türkiyəyə nifrətinin işə yaramadığını və təhlükəli olduğunu diqqətə çatdırıb.
Vazgen Manukyan
“Ötən avqustda prezident Armen Sərkisyan və baş nazir Nikol Paşinyanın etdiyi kimi, Vazgen Manukyan və dostları da indi Türkiyəyə müharibə elan edirlər. Manukyan bəyan edir ki, Ermənistan Türkiyəyə qarşı qurulan istənilən dövlətlər bilriyinə qoşulacaq. Ümumiyyətlə, Türkiyə Rusiya ilə işləyir. Türkiyə qeyd-şərtsiz Azərbaycanın müttəfiq, onun əsas dəstəkçisidir. İndi Manukyan 10 noyabrdakı birgə bəyanatdan maksimum yararlanmaq üçün hansı ölkələrlə danışıqlar aparacaq və ya onları diqqətə alacaq? İsveçrə iləmi?”, - deyə Liparidyan qeyd edib.
Onun qənaətincə, Manukyan və dostlarında mövcud vəziyyətdən çıxmaq üçün lazım olan müdrikliyin işartısı belə yoxdur. “Əksinə, keçmişdəki səhvləri etiraf etmək əvəzinə, biz onların bu səhvləri etmədiklərini göstərməyə çalışdıqlarını görürük. Və tarixin, hətta yaxın tarixin hadisələrinin saxtalaşdırılmasına başlanır” – Liparityan əlavə edib.
*****
Beləliklə, bir daha Ermənistanın tarixi yol ayrıcında olduğunu vurğulamaq lazım gəlir. Bəs məğlub tərəfin seçimi nə olacaq? Görünən budur ki, bütün hallarda Bakı və Ankara İrəvana son şansı verib və ona qarşı “qamçı və kökə” siyasəti həyata keçirəcək. Yəni iki qardaş ölkə həm barış əli uzatmağa davam edəcək, həm də erməni azğınlığının növbəti residivini zərərsizləşdirmək üçün “qamçı”nı əlində həmişə hazır vəziyyətdə tutacaq...
“Müsavat”