Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN “İKS” SAATI –"Kommersant"ın həmsöhbətləri hələ 10 gün əvvəl müharibənin anonsunu verib

Sergey Strokan, Kirill Krivoşeyev, Yelena Çernenko

“Kommersant”, 28.09.2020

 

Yenixeber.org: Bazar günü Ermənistan və Azərbaycan özlərini yeni bir müharibə ərəfəsində taparaq Dağlıq Qarabağdakı bütün cəbhə boyu geniş miqyaslı döyüş əməliyyatlarına başlayıb. Hər iki ölkədə elan edilmiş hərbi səfərbərlik və iki ölkə liderlərinin radikal bəyanatları tam diplomatik çıxılmaz vəziyyət qarşısında güclü bir ssenariyə müraciət etmək əzmində olduqlarına dəlalət edir. Bu vəziyyətdə Moskva tərəflər arasında vasitəçilikdə əsas rol oynaya bilər: bunu Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrov qarşı tərəflərin nümayəndələri ilə telefon danışıqlarında təsdiqləyiblər.

 

Qarabağ üçün “İks” saatı

Dağlıq Qarabağda bütün cəbhə boyu genişmiqyaslı döyüşlər Bazar günü səhər tezdən başlayıb. Artıq ilk saatlarda tərəflər artilleriya, tank və təyyarələrdən istifadə edib, bu da mülki itkilərə səbəb olub və 1994-cü ildən bəri ən böyük qarşıdurmaya çevrilib.

İlk olaraq kimin başladığı sualı Bakı və İrəvan üçün ənənəvi olan fərqli versiya və söz müharibəsinə səbəb olub. “Sentyabrın 27-i, təxminən 06.00-da (Moskva vaxtı ilə 05.00) Ermənistan silahlı qüvvələri geniş miqyaslı təxribatlar həyata keçirərək, bütün cəbhə boyu Azərbaycan ordusunun mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrimizi iri çaplı silahlardan, minaatan və müxtəlif çaplı artilleriya qurğuları ilə intensiv atəşə tutublar”, – deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Tank vahidləri, raket və artilleriya qoşunları, cəbhə xəttindəki aviasiya və pilotsuz uçuş aparatlarının istifadəsi ilə öz silahlı qüvvələrinin hərəkətlərini Bakı “əks-hücum əməliyyatı” adlandırıb.

Rəsmi olaraq elan edilmiş əməliyyatın hədəfi “Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində və düşmən müdafiəsinin dərinliklərində çox sayda canlı qüvvəsini, hərbi obyektlərini və hərbi texnikasını məhv etmək” olub. Qarşıdurmanın ilk saatlarında Azərbaycan tərəfi Ermənistanın hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “Osa” zenit-raket kompleksinin məhv edilməsi barədə məlumat verib.

Bundan əlavə, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov günün ilk yarısında qoşunların ciddi irəlilədiyini elan edib. Onun sözlərinə görə, Azərbaycan ordusu Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdülrəhmanlı və Kənd-Horadiz kəndlərini, habelə Cəbrayıl bölgəsinin Böyük Mərcanlı və Nüzgar kəndlərini nəzarətə götürüb.

“Dağlıq Qarabağ rəhbərliyi” əvvəlcə bu məlumatı təkzib edib. “Bu, Azərbaycan təbliğat maşınının növbəti informasiya uydurmasıdır”, – qondarma Dağlıq Qarabağ Respublikasının (“DQR”) Müdafiə Nazirliyi bildirib.

Baş verənlərə dair öz versiyasını təqdim edən Ermənistan rəhbərliyi və qondarma Dağlıq Qarabağ Respublikasının hakimiyyəti Bakını eskalasiyanın təşəbbüskarı adlandırıb. “Bu səhər təmas xəttinin bütün uzunluğu boyunca Azərbaycan tərəfi, hədəf olaraq, Stepanakert də daxil olmaqla, dinc yaşayış məntəqələrini seçərək aktiv artileriya atəşinə başlayıb. Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Artsaxa (Dağlıq Qarabağın erməni adı – “Kommersant”) qarşı təcavüzünü qətiyyətlə pisləyirik ”, – deyə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Azərbaycanın Stepanakerti atəşə tutması barədə məlumatların təsdiqlənməsi olaraq yerli KİV-lər evlərin zədələnmiş divarlarını və qaranlıq zirzəmidə oturan uşaqları göstərən foto və videolarını yerləşdirməyə başlayıb.

Stepanakert və Qarabağın digər yaşayış məntəqələrinin “Qrad” sistemlərindən atəşə tutulduğunu bildirən İrəvan, hərəkətlərinin Qarabağ əhalisinin təhlükəsizliyini tam təmin etməyə və düşmənə “mütənasib siyasi və hərbi cavab” verməyə yönələcəyi xəbərdarlığı edib.

“Bu təcavüzə görə tam məsuliyyəti Azərbaycan rəhbərliyi daşıyacaq”, – deyə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Sonuncu dəfə Qarabağdakı nəzarət zonalarında real dəyişiklik 2016-cı ilin döyüşləri zamanı baş verib. Sonra Azərbaycan hərbçiləri tərk edilmiş Cocuq Mərcanlı kəndini bərpa etməyə və onu məskunlaşdırmağa imkan verən Lələtəpəni fəth etməyə müvəffəq olublar.

Cəbhədən verilən son xəbərlərdə bəhs edilən Böyük Mərcanlı və Nüzgar ondan bir neçə kilometr məsafədədir.

Bazar günü, axşam saatlarında baş verənlərin sürətlə son 25 ildə münaqişənin ən ciddi kəskinləşməsinə çevrildiyinə dair daha çox dəlil ortaya çıxmağa başlayıb. Erməni tərəfi 16 nəfərin öldüyünü və 100-ə yaxın insanın yaralandığını bildirib. Azərbaycan öz insan itkiləri barədə susub, ancaq 2 helikopterin itkisini etiraf edib.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın Bazar günü axşam təqdim olunan İrəvan versiyasına görə, döyüşlərin ilk günü “200-ə yaxın Azərbaycan hərbçisi öldürülüb, 30 zirehli texnika və 20 pilotsuz uçan aparat məhv edilib”.

Axşam saatlarında “Dağlıq Qarabağın prezidenti” Arayik Harutyunyan cəbhənin bəzi sektorlarında Azərbaycan ordusunun irəliləyə bildiyini etiraf etmək məcburiyyətində qalıb. “Mövqeləri itirdik, onlarla ölü və yaralı var, mülki əhali arasında da onlarla yaralı və ölən var”.

Qarabağ münaqişəsinin başlanmasından bəri misli görünməmiş qarşıdurmaların miqyası iki ölkənin milli liderlərinin müraciətləri ilə qiymətləndirilə bilər. Onların sözlərinə əsasən, Qarabağ münaqişəsi üçün “İks” saatı gəlib-çatıb.

 

Hərbi vəziyyət

Əvvəlcə yerli vaxtla təxminən saat 11-də Azərbaycan prezidenti İlham Əliyev xalqa video müraciət edib. “Biz öz torpaqlarımızda döyüşürük, bu gün Azərbaycan torpaqlarında Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr vurur. Erməni əsgərinin Azərbaycan torpaqlarında nə işi var? Bizim işimiz ədalətlidir və qalib gələcəyik. Onlar bilərəkdən Azərbaycanı təhrik edir və bunun acı nəticələrini görəcəklər. Azərbaycan heç bir təxribata əl atmayıb. Azərbaycan yalnız öz maraqlarını müdafiə edir, mövqelərini müdafiə edir və siyasətini açıq şəkildə həyata keçirir”.

İlham Əliyev bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləyib.

Onun sözlərinə görə, Bakının strateji hədəfi, Azərbaycanın ali rəhbərliyinin təsəvvürünə əsasən, “tarixi ədalətin” və “ölkənin ərazi bütövlüyünün bərpası”dır. “Dağlıq Qarabağ problemi bizim milli məsələmizdir. Dağlıq Qarabağ münaqişəsinin həlli tarixi vəzifəmizdir. Dəfələrlə demişəm və bu gün demək istəyirəm ki, bu məsələni həll etməliyik ki, Azərbaycan xalqı bundan razı qalsın”.

Öz növbəsində, Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən, mümkün cavab addımı kimi İrəvanın Dağlıq Qarabağın müstəqilliyini tanıma ehtimalına eyham vurub. Ermənistan liderinin fikrincə, “Azərbaycanda təbliğ olunan ermənilərə nifrət müharibədən başqa heç bir nəticəyə gətirib çıxara bilməzdi”.

Nikol Paşinyan bildirib: “Elə ərəfəsində olduğumuz Cənubi Qafqazda genişmiqyaslı müharibə ən gözlənilməz nəticələrə gətirib çıxara, bölgədən kənara çıxa, beynəlxalq təhlükəsizliyi və sabitliyi təhdid edə bilər”. O əlavə edib: “Bu müharibəyə hazırıq”.

Bu sözlərə dəstək olaraq, Ermənistan hökuməti Bazar günü ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan edib, eyni zamanda, vətəndaşları yaralılar üçün qan verməyə çağırıb.

Azərbaycan hakimiyyəti, öz növbəsində, sentyabrın 28-i saat 00:60-dan etibarən bütün ölkədə fəaliyyətə başlayan hərbi vəziyyət tətbiq edib. Prezident Əliyevin imzaladığı sərəncamda hərbi vəziyyətin “Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı silahlı hücumları və müntəzəm hərbi təxribatları” ilə əlaqədar tətbiq olunduğu qeyd olunur.

Bundan əlavə, Bazar günü ölkənin bir sıra şəhər və bölgələrində, o cümlədən Bakı şəhərində komendant saatı tətbiq edilib. Komendant saatı müddətində xüsusi icazə və şəxsiyyət vəsiqəsi olmadan küçələrdə və digər ictimai yerlərdə görünmək qadağandır. Əlavə olaraq, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Nə əvvəlki, 2016-cı ilin aprelində Qarabağdakı döyüşlərdə, nə də iyul ayında, Qarabağdan yüzlərlə kilometr məsafədə, Ermənistan-Azərbaycan sərhədində baş verən bu ilin son kəskinləşməsi zamanı belə radikal tədbirlər həyata keçirilib.

 

Nyu-Yorkda Qarabağ müharibəsi

Ötən həftə Qarabağda bütün cəbhə xətti boyu hərbi əməliyyatların başlamasından əvvəl Nyu-Yorkda BMT Baş Assambleyasının 75-ci sessiyasında Ermənistan və Azərbaycan liderləri arasında şiddətli söz dueli diqqət çəkir.

İki ölkənin lideri çıxışlarında ATƏT-in Minsk Qrupunun bütün səylərinə baxmayaraq, nəhayət, çıxılmaz vəziyyətə gəlmiş Qarabağla bağlı danışıqlar prosesindən geri çəkilmə ilə əlaqədar hərbi ssenari təhlükəsinin getdikcə artdığını son aylarda söyləyən diplomatlar və mütəxəssislərin qorxuları təsdiqlənib.

Qarabağ münaqişəsi mövzusu Nyu-Yorkda dəfələrlə müzakirə edilib, lakin heç vaxt indiki qədər kəskin olmayıb. Baş Assambleyanın 75-ci sessiyasındakı mübahisələrdə çıxış edən prezident Əliyev nitqini demək olar ki, tamamilə Ermənistana həsr edib və onu “etnik təmizləmə aparan və sülh danışıqlarını ciddi şəkildə pozan işğalçı ölkə” kimi səciyyələndirib.

Üstəlik, o, Ermənistanı beynəlxalq sanksiyaların tətbiq edilməli olduğu “terrorizmi dəstəkləyən bir ölkə” adlandırıb. “Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıb. Bütün Azərbaycan əhalisi işğal olunmuş ərazilərdən qovulub. Ermənistan Azərbaycanın mülki vətəndaşlarına qarşı bir sıra hərbi və antibəşəri cinayətlər törədib. Ermənistan torpaqlarımızın işğalı ilə bağlı məsuliyyətdən yayınmaq üçün bu ərazilərdə cinayətkar, terrorçu, qondarçma bir rejim yaradıb”, – deyə İlham Əliyev qəzəblənib və əlavə edib ki, Azərbaycanla müharibə üçün Ermənistan “müxtəlif ölkələrdən muzdlu və terrorçuları cəlb edir”.

Azərbaycan liderinin çıxışındakı digər prinsipial yeni məqam indi də İrəvanın danışıqları pozmaqla, aktiv şəkildə müharibəyə hazırlaşdığı tezisi idi.

Üstəlik, İlham Əliyev bu müharibənin ssenarisini və ona hazırlığı çox təfərrüatlı təsvir edib. “Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək məcburiyyətində qalacaq on minlərlə mülki vətəndaşdan ibarət silahlı milis qrupları yaratdığını elan edib, onun elan edilmiş strateji hədəfi yeni müharibə ilə yeni ərazilər zəbt etməkdir”.

Azərbaycan dövlət başçısının sözlərinə görə, bu yeni müharibədə, onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən obyektlərə, o cümlədən Mingəçevir su anbarı və dünyanın ən böyüklərindən biri olan Səngəçal neft və qaz terminalı da daxil olmaqla, ölkənin böyük şəhərlərinə və ölkənin vacib mülki infrastrukturuna zərbə təhlükəsi yaranacaq.

BMT Baş Assambleyasının 75-ci sessiyasındakı ümumi mübahisələrdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan “mövcud təhdidlərə məruz qalan Artsax xalqının hərtərəfli təhlükəsizliyinin təmin edilməsi” və Bakı üçün qətiliklə qəbuledilməz olan “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini” Ermənistanın prioritetləri adlandırıb.

Nikol Paşinyan qarşıdurmanın kəskinləşəcəyi təqdirdə, “Azərbaycan qardaşları”nın köməyinə gəlməyə hazır olduğunu dəfələrlə bəyan edən Türkiyəyə qarşı kəskin hücuma keçib. “Türkiyə birbaşa Ermənistanı təhdid edir və nümayişkaranə olaraq davakar mövqe nümayiş etdirir, Ermənistan və Dağlıq Qarabağın yaxınlığında Azərbaycanla təxribat xarakterli ortaq hərbi təlimlər keçirir. Türkiyə siyasətini etnik ənənələrin istismarı, bölgəmizdəki qarşıdurmalar, erməni soyqırımına haqq qazandırmaq, bu cinayətə görə cəzasız qalmaq üzərində qurur. Türkiyə Ermənistanın və bütün bölgənin təhlükəsizliyi üçün təhdid yaradır”.

 

Müharibə yetişirdi

“Kommersant”ın Rusiya Federasiyasının dövlət strukturlarındakı həmsöhbətləri təxminən 10 gün əvvəl Qarabağ münaqişəsinin ciddi şəkildə kəskinləşməsi barədə xəbərdarlıq ediblər. Mənbələrə görə, əldə olunmuş razılaşmaların icrasını (Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Bakının nəzarətinə qaytarılması münaqişənin həll yolunda irəliləyən addımlar üçün başlanğıc nöqtəsi olmalı idi) Ermənistan tərəfinin təxirə salınması bunu göstərirdi. “Kommersant”ın mənbələri iyul toqquşmasından sonra məsələnin hərbi yolla həllinə dəstək olaraq çoxsaylı yürüşlərin keçirildiyi Azərbaycanda millətçi hisslərin artmasını başqa bir amil adlandırıb. Həmsöhbətlərin təəssüf hissi ilə qeyd etdikləri kimi, son aylar ərzində Azərbaycanı dəstəkləyən, son dərəcə sərbəst açıqlamalar verən Türkiyə də oda yağ qatıb.

Bu şərtlər daxilində münaqişə bölgəsindəki vəziyyət onu gərginləşdirə bilən, həm də beynəlxalq “yanğınsöndürmə briqadası” kimi çıxış edən xarici oyunçuların mövqeyindən asılı olacaq.

Bazar günü Nikol Paşinyan və Vladimir Putin arasında erməni tərəfinin istəyi ilə keçirilmiş telefon danışığı zamanı “daha da kəskinləşmə və bölgədən kənar qüvvələrin münaqişəyə cəlb edilməsinin” yolverilməz olduğu bildirilib.

Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı vəzifədaşı Ceyhun Bayramovla telefon danışığı apararaq Moskvanın nizamlanmasına hazır olduğu münaqişə zonasındakı son kəskinləşmədən ciddi narahatlığını bildirib. Rusiya tərəfi erkən atəşkəsə ehtiyac olduğunu vurğulayıb.

Sergey Lavrov və Ceyhun Bayramov arasındakı danışıqlardan sonra yayımlanan açıqlamada ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Rusiyanın vəziyyəti sabitləşdirməyə yönəlmiş vasitəçilik səylərini davam etdirəcəyi qeyd edilib.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam