“ABŞ-ın faiz artımı yeni dalğalanmaya səbəb olacaq”
“Hal-hazırda valyuta bazarındakı dalğalanma inkişaf etməkdə olan bütün ölkələrdə baş verir”.
"Xeberinfo.com": APA-nın məlumatına görə, bu sözləri Türkiyə baş nazirinin iqtisadiyyata məsul olan müavini Əli Babacan deyib.
Bursada keçirilən Uludağ İqtisadiyyat Zirvəsində çıxış edən Əli Babacan dünya iqtisadiyyatında cərəyan edən prosesləri təhlil edərkən diqqəti Avropa Birliyinin həyata keçirdiyi iqtisadi siyasətə cəlb edib: “Böhranlar maliyyə sistemindən irəli gəlirsə, bunun təsiri daha dərin olur və daha uzun müddət davam edir. Avropa Birliyi uzun müddət davam edəcək olan aşağı sürətli böyümə xəttinə girib. Bundan başqa, avro da deflyasiya mərhələsinə qədəm qoyub. AB Mərkəzi Bankı yenidən bazara pul axıtmaq siyasətini həyata keçirərək canlanma yaratmaq istəsə də, bunun mümkün olmadığını görməkdəyik. Hal-hazırda Avropanın ən böyük problemi infrastruktur islahatlarını həyata keçirə bilməməsidir. AB-nin borc problemini səhnə qabağında görməsəniz də, o problem pərdənin arxasında davam edir. Avropa Mərkəzi Bankının üzv ölkələr arasında fərq qoymadan hamısına təminat verməsi də qəbul edilə biləcək bir durum deyil”.
Uzaq Şərq ölkələrinin iqtisadi durumu və həyata keçirilən siyasət barədə danışan Türkiyə baş nazirinin müavini bu nöqtələrə vurğu yapıb: “Yaponiya iqtisadiyyatının durğunluqdan çıxarılması üçün bizim daha əvvəl həyata keçirdiyimiz proqrama bənzər proqram həyata keçirilməyə başlanıb. Çin iqtisadiyyatından bundan sonra 8-9%-lik böyümə gözləmək olmaz. Məncə, Çində həyata keçirilən demoqrafiya siyasəti 20 ildən sonra ölkə iqtisadiyyatı üzərində neqativ izlər buraxa bilər”.
Dünya maliyyə böhranından çıxmağa başlayaraq iqtisadiyyatını toplamaya çalışan ölkələrin başında ABŞ-ın gəldiyini vurğulayan Əli Babacan, sözlərini bu şəkildə davam etdirib: “ABŞ-da isə yeni bir sənayeləşmə həmləsi görürük. Son 1 ildə ABŞ iqtisadiyyatında toparlanma görməkdəyik. Ancaq ABŞ Mərkəzi Bankının normal duruma dönməsini də gözləyirik. İyunda və ya ən gec bu ilin axırında ABŞ Mərkəzi Bankının faiz artımına getməsi dünyada yeni bir dalğalanmaya səbəb olacaq. FED-in pul siyasəti ABŞ dollarının dünyada ən güclü pul vahidinə çevrilməsinə səbəb olur ki, son dönəmlərdə dollar-avro paritetində dolların lehinə yaşanan gəlişmə də bunun nəticəsidir. İndi hamı dollar-avro pariteti üzərindən loto oynayır. 3-4 həftə içində Türkiyədə də valyutanın dalğalanması baş verdi. Ancaq əmin olun ki, bu durum təkcə bizə xas deyil. İnkişaf etməkdə olan bütün bazarlara baxanda eyni şeyi görəcəksiniz”.
Türkiyədə iqtisadiyyatın inkişafının önündəki əsas problemin insan hüquqları sahəsindəki nöqsanlar olduğunu söyləyən baş nazirin müavini Babacan, “Yaxın gələcəkdə Türkiyədə həyata keçiriləcək önəmli islahatlar hüquq sahəsində olacaq. Ədliyyə Nazirliyi hüquqi islahat sahəsində hazırladığı yeni layihəni bizə də göndərdi. Seçkidən sonra Türkiyənin şiddətli şəkildə ehtiyacı olan hüquq islahatını həyata keçirmək bizim birinci dərəcəli vəzifəmiz olmalıdır. Birinci dərəcəli demokratiya olmağımız üçün hüquqi dövlət olmağımız şərtdir” – deyib.
Ə. Babacan Türkiyə iqtisadiyyatının bu il təxminən 3% böyüyə biləcəyini sözlərinə əlavə edib.
Uludağ İqtisadiyyat Zirvəsinin təşkilatçısı, Doğan Dərgi Qrupuna daxil olan “Capital” və “Ekonomist” dərgilərinin baş redaktoru Rauf Atəş toplantıda Türkiyə və dünya iqtisadiyyatının indiki durumu və inkişaf perspektivlərinin müzakirə ediləcəyini və raportlar açıqlanacağını bildirib.
Cənubi Koreya Respublikasının “Samsung” firmasının Türkiyədəki baş direktoru toplantının açılışındakı çıxışında firmanın iqtisadiyyatdakı yeri, istehsalat və satış sahələrində həyata keçirdiyi yeniliklər barədə məlumat verib.
İki gün davam edəcək olan Uludağ İqtisadiyyat Zirvəsinin ikinci günündə Türkiyənin maliyyə naziri Mehmet Şimşəkin çıxış etməsi gözlənilir.