"Avronun ucuzlaşması onun gücünü artırır"
“Avronun dünyada tək dollara qarşı deyil, beş ən güclü valyutaya qarşı ucuzlaşmasının əsas səbəbi Avropa Bankının Avrozonada iqtisadi durğunluq üzündən tətbiq etdiyi “iqtisadi canlandırma proqramı”ı ilə bağlıdır.
"Xeberinfo.com": Məlumata görə, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli avronun dollar qarşısında rəqabətə tab gətirməyərək durmadan ucuzlaşmasına münasibət bildirərkən deyib. O bu prosesin bundan sonra da davam edəcəyini bildirib: “Bu proqramın tərkib hissəsindən biri də hər ay bazara 60 milyard avroluq likvidlik axıtmaqdır. Yəni bazarda pul kütləsinin həcmini, banklarda isə likvidliyi artırmaqdır ki, bu da kreditlər yolu ilə vətəndaşların biznesə qayıtması ilə daha çox iqtisadi canlanmaya gətirib çıxara bilər. Avropa Mərkəzi Bankı (AMB) belə düşünür. Ona görə də hər ay 60 milyardlıq belə bir proqram həyata keçirilir. Bu, 2016-cı ilin sentyabrın 1-nə qədər davam edəcək. Bu müddət ərzində 1 trilyon avrodan çox əlavə vəsait bazara daxil olacaq. Bu da təbii ki, avronun məzənnəsinin enməsinə səbəb olacaq. Yəni AMB bunu bilərəkdən edir. Çünki məzənnə aşağı olduqca Avropada istehsal olunan malların ixrac qabiliyyəti artır və beynəlxalq rəqabətdə dayanıqlılıq güclənir. Buna görə də bu, bilərəkdən atılmış bir addımdır və bunun davamını görəcəyik. Bəzi ekspertlər və iri dünya bankları artıq avronun dollardan daha ucuz həddə qədər ucuzlaşacağını proqnozlaşdırırlar. Ola bilsin ki, yaxın bir neçə ayda pariteti görək, yəni dollarla avro yenidən bərabərləşsin. Ancaq bundan sonra da yenə dolların bahalaşması və avronun dollara nisbətən ucuzlaşmasını görə bilərik. Çox güman ki, yaxın gələcəkdə avro dollardan daha da ucuz olacaq. Bunun əsas fundamental iqtisadi səbəbləri məhz bunlardır”. Sözügedən məsələnin siyasi tərəflərinə açıqlıq gətirən politoloq Ərəstun Oruclu burada bəzi üstüörtülü məqamların olduğunu bildirib: “Avro elə bir valyutadır ki, ona siyasətin müdaxiləsi minimumdur. Avronun dollar qarşısında ucuzlaşması Avropa eksportunun güclənməsi deməkdir. Çünki bir valyutanın maya dəyəri aşağı düşdükdə avtomatik olaraq rəqabət qabiliyyəti artır. Bu, sırf iqtisadi məsələdir. Təbii ki, Avropa ölkələrinin eksport gəlirlərinin artması son nəticədə onun siyasi çəkisinin artmasına da öz təsirini göstərəcək. Yəni ilk növbədə bu, guya Avropanın ziyanı kimi görünsə də, əslində belə deyil. Məhz iqtisadi rəqabət imkanlarının güclənməsi ilə Avropanın siyasi baxımdan çəkisinin artmasına da səbəb olacaq. Başqa bir tərəfdən isə bu, Avropadaxili məsələlərdən də qaynaqlanır. O cümlədən İspaniya, Portuqaliya, daha kəskin şəkildə isə Yunanıstanda müəyyən qədər öz təsirini göstərir. Belə olan şəraitdə həmin ölkələrlə Avropa Birliyinin iqtisadi münasibətlərində gərginlik yaradır. Bu isə nəticə etibarilə bugünkü duruma gətirib çıxarır”.