Əli Həsənov Cəlilabad və Şirvandakı narkotik bazaları, Sərkisyanın kürəkəni haqda-"Biz arxayınlaşmamalıyıq..."
Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Azərbaycana İran üzərindən tonlarla Əfqanıstan mənşəli heronin daxil olduğunu açıqlayıb. Baş nazirin müavini Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə "Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda konfransdakı çıxışına deyib ki, Azərbaycana gətirilən narkotik vasitələrin 90 faizi Əfqanıstan mənşəlidir.
Yenixeber.org: Əli Həsənovun sözlərinə görə, Azərbaycanın 5 cənub rayonu- Astara, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar rayonlarına İran tərəfindən Əfqanıstan mənşəli narkotiklər daxil olur: "Daxil olan narkotik vasitələr əsasən Şirvan və Cəlilabad rayonlarında cəmləşir və oradan paylanılır. Narkotranzitlə daxil olan narkotik marşutun son nöqtəsi Orta Asiya ölkələri, həm də Şərqi, Qərbi Avropa ölkələridir. Beynəlxalq narkomafiyanın diqqəti Azərbaycana artır, bu da ölkə iqtisadiyyatının inkişafı və dünyanın beynəlxalq diqqət mərkəzində olması ilə əlaqədardır". (“Report”)
Ə.Həsənov qeyd edib ki, son illər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni narkotik vasitələrin dövriyyədən çıxarılması halları artıb:"Bu ilin 5 ayında 1 ton 400 kq-a qədər narkotik vasitə aşkar edilərək götürülüb. Aidiyyatı nazirliklərimiz bu sahədə təbliğat işlərini gücləndiriblər.
Bu problem ölkəmiz üçün spesifik problem deyil. Lakin ölkədə, regionda böyük tutumlu beynəlxalq tikinti layihələri aparıldığı, bir sıra sahələrdə yük daşımalar artdığı üçün təbii ki, beynəlxalq narkomafiyanın da ölkəmizdən müxtəlif daşınma yolları ilə narkotik vasitələri daşımaq istəkləri də artıb. Biz arxayanlaşmamalıyıq, aidiyyatı qurumlar öz tədbirlərini görməlidir".
Həsənov deyib ki, Azərbaycanda narkomaniyaya qarşı mübarizə üçün hüquqi baza yaradılıb: "Parlament bu istiqamətdə 29 qanun qəbul edib. Bundan başqa, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub".
Baş nazirin müavini Ermənistanın yeni rəhbərliyinə də müraciət edib. O qeyd edib ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni narkotik alveri ilə məşğul olur: "Ermənistanın yeni rəhbərliyi bu məsələni bilməlidir. Ermənistan bizim işğal altındakı torpaqlarımızda narkotik maddələri yetişdirib, bunun müqabilində silah alır".
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, nazirlik tərəfindəm narkomaniyaya qarşı mübarizə çərçivəsində və sağlam həyat tərzinin təbliği sahəsində ardıcıl tədbirlər həyata keçirilir: "Bu gün əminliklə demək olar ki, narkomaniyaya qarşı mübarizə sahəsində dövlət tərəfindən atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Lakin bu sahədə fəaliyyət davam etdirilməli və daha da genişləndirilməlidir".(virtual)