Nərimanov rayonunda müşavirə keçirilib
Nərimanov rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı rayon müşavirəsi keçirilmişdir.
"Xeberinfocom": 17 oktyabr 2014-cü il tarixdə Nərimanov rayonunda fəaliyyət göstərən Azərbaycan Müəllimlər İnstitutunda Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı rayon müşavirəsi keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev, Səhiyyə Nazirliyinini Respublika Narkoloji Dispanserin həkim narkoloqu Asif Məmmədli, Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Tanrıverdi Aydınov, Şəhər Narkoloji Dispanserin həkimi Elçin Aslanov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova, Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə, Rayon Prokurorluğunun və Polis İdarəsinin məsul işçiləri, ali təhsil və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri İradə Mahmudova bildirmişdir ki, müşavirənin əsas məqsədi bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri fəal olmağa və onları bu sahədə maarifləndirməkdir. Müstəqil respublikamız artıq 20 ildən çoxdur ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda davamlı və məqsədyönlü addımlar atır. Bu illər ərzində Azərbaycanda narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif işlər həyata keçirilmiş, ölkəmiz beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq dövlət proqramları qəbul edilmişdir.
Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoymuşdur.
İ.Mahmudova qeyd etmişdir ki, Nərimanov rayonunda vaxtaşırı olaraq maarifləndirici tədbirlər təşkil edilir. Bu da narkomaniyaya qarşı mübarizə baxımından mühüm əhəmiyyətə malikdir.
Tədbirdə çıxış edən Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Tanrıverdi Aydınov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev, Səhiyyə Nazirliyinini Respublika Narkoloji Dispanserin həkim narkoloqu Asif Məmmədli, Rayon Polis İdarəsinin məsul işçisi, rayonun fəal gəncləri də narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğunu, bu bəlaya qarşı aparılan mübarizə metodlarından və qəbul olunan dövlət proqramından danışaraq bu sahədə daha ciddi addımların atılmasının, təbliğat işlərinin artırılmasının vacibliyini bildiriblər.
Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilmişdir.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.