Dövlət Gömrük Komitəsi sahibkarı necə müflis etdi?! -PREZİDENTƏ MÜRACİƏT!
.jpg)
Kəlbəcər rayon sakinləri, hazırda Gəncə şəhərində yaşayan Məhərrəmov Azər Sadıq oğlu və Məhərrəmov İlqar Sadıq oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Yenixeber.org: Şikayətçilər qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
“Cənab Prezident!
Biz, Məhərrəmov Azər Sadıq oğlu və Məhərrəmov İlqar Sadıq oğlu, Misir Ərəb Respublikasından Azərbaycana 1400 ton kartof idxal etmişdik. Kartof gəmi ilə Poti limanına, oradan 58 TIR vasitəsilə Gəncə Gömrük İdarəsinə gətirildi.
Gömrükdə rəsmləşdirmə üçün müvafiq sənədləri təqdim etdik. Biz rüsumu 61 sentlə rəsmləşdirmək istədik, amma Dövlət Gömrük Komitəsində dedilər ki, 76 sentlə hesablanacaq. Bu, qəbuledilməz bir məbləğ idi. Çünki hər yük maşını üçün 11 min 240 manat ödəniş etməliydik ki, bu da bəri başdan zərərə düşməyimiz demək idi.
Odur ki, qeyd olunan rüsumu ödəməyə etiraz etdik. Buna baxmayaraq, dedilər ki, komitə deyilən qiymətdən aşağı məbləğlə razılaşmır. Sonda məcbur qalıb, 25 TIR kartofu DGK-nın dediyi şərtlərlə rəsmləşdirdik. Beləliklə, hər maşında təxminən 4 min manat ziyana düşdük. Nəticədə, sürücülərin və gömrüyün pulunu ödəyə bilmədik.
Sonra qalan 33 TIR yüklə əlaqədar dəfələrlə Dövlət Gömrük Komitəsinə müraciət etdik. Dedik, kartofun tərkibində qızıl yoxdur ki, bu qədər baha qiymətə hesablansın, gəlin razılaşın, malımız xarab olmasın. Lakin yenə də laqeyd yanaşıldı, heç bir razılığa gəlinmədi. Beləliklə, mal uzun müddət gömrükdə qaldı və təxminən 750 ton kartof xarab oldu.
Nəhayət, təxminən 20 gün sonra dedilər ki, gəlin, 56 sentlə rəsmləşdirin. Sual verdim ki, əgər bu mümkün idisə, niyə əvvəldən belə etmədiniz? Təbii ki, veriləcək cavab bəlli idi...
Npvbəti dəfə 2 maşını 56 sentlə rəsmləşdirdim. Kartoflar xarab olmuşdu, iy-qoxu aləmi bürümüşdü. Bu iy az qala Gəncə şəhərini bürüyürdü. Hətta bu, sosial şəbəkələrdə də müzakirə olundu.
Beləliklə, 750 ton kartof məhv oldu. Halbuki, öncədən onu da təklif etmişdim ki, bu qədər kartofu məhv olmağa qoymayaq. Uşaq evinə, hərbi hissələrə, qocalar evinə və yaxud da türmələrə verək, heç olmasa kiməsə faydası olsun. Ona da razı olmadılar. Nəticədə, yüz tonlarla kartof torpağa basdırıldı. Görünür, Dövlət Gömrük Komitəsinin məqsədi 750 ton kartofu məhv etmək idi. Elə də oldu, məhsulum gömrük məmurlarının səhlənkarlığı nəticəsində xarab oldu.
Zamanında 56 sentlə razılaşsaydılar, mən də zərərə düşməzdim, büdcəyə də külli miqdarda vəsait daxil olardı. Hansı ki, təkcə 27 maşın yükün qarşılığında dövlət büdcəsinə 300 min manat pul ödəmişəm. Qalan, xarab olan, basdırılan məhsula görə də büdcəyə 200-250 min ödəniş edərdim. Bununla həm mənim malım batmazdı, həm büdcəmizə pul daxil olardı, həm də xalqımız bu məhsulu alıb faydalanardı.
Məsələ ilə bağlı bir çox qurumlara müraciət etmişəm. Lakin heç bir köməklik olunmayıb. Sanki məni ziyana salan Dövlət Gömrük Komitəsi olmayıb!
Hazırda vergiyə, Qida Agentliyinə və sürücülərə külli miqdarda borcum var. Adını çəkdiyim qurumlar ancaq cərimə yazmaq üçün yaxşı işləyirlər. İmkan vermirlər ki, doğru-düzgün yolla vergini ödəyib, qazanc əldə edək.
Cənab Prezident!
Dövlət Gömrük Komitəsi sahibkarları məhv edir. Dövlət büdcəsinə təxminən 2 milyon manat rüsum ödəmişəm, amma indi sahibkarlıq fəaliyyətim məhv olub. Sizdən kömək istəyirəm və xahiş edirəm ki, Dövlət Gömrük Komitəsi və Qida Agentliyinin fəaliyyəti yoxlanılsın. Biz sahibkarları işimizdən soyudurlar. Onların təklif etdiyi qiymət heç bir sahibkara gəlir qazandırmır, əksinə bizləri müflis edir.
Sizdən onu da xahiş edirəm ki, məsələ ilə bağlı göstəriş verəsiniz, gətirdiyim məhsul Dövlət Gömrük Komitəsinin səhvi ucbatından xarab olduğu üçün, mənə dəyən zərər ödənilsin”.
Jalə FAMİLQIZI, ("Hurriyyet")
Redaksiyadan: Yazıda adları çəkilən qurumları mövqeyini dərc etməyə hazırıq.