Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Prezident İlham Əliyevin yanında- müşavirə keçirilib(YENİLƏNDİ)

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

Yenixeber.org: Dövlət başçısı müşavirədə giriş nitq söyləyib.

Prezident İlham Əliyevin giriş nitqi

-Biz bu gün pambıqçılıq sahəsində görülmüş işlərə yekun vuracağıq. Pambıq yığımı demək olar ki, başa çatıbdır. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz. Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik.

Eyni zamanda, biz bu gün növbəti illərdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparacağıq və təkliflər səslənəcək ki, bundan sonra da pambıqçılıq uğurla inkişaf etsin. Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, ta qədim dövrlərdən Azərbaycan ərazisində pambıqçılıqla kəndlilər məşğul olmuşlar. Statistika isə 1913-cü ildən artıq pambıqçılıqda baş verən inkişafı nəzərə alır. 1913-cü ildə Azərbaycanda 100 min hektarda pambıq əkilmişdir və hektardan məhsuldarlıq cəmi 6 sentner təşkil edirdi. Ondan sonrakı dövrlərdə pambığın istehsalı artmışdır. Ancaq ən sürətli artım ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində nəinki pambıqçılıq, kənd təsərrüfatının bütün başqa sahələri də uğurla inkişaf etmişdir. Əgər statistikaya nəzər salsaq görərik ki, onun dövründə baramaçılıq, üzümçülük, pambıqçılıq, meyvəçilik, tərəvəzçilik pik həddə çatmışdır. Beləliklə, kəndlərdə yaşayan insanlar öz maddi durumunu yaxşılaşdırmış, evlər tikmiş, maşınlar, məişət texnikası almışlar. Bir sözlə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdəki fəaliyyəti Azərbaycanı müttəfiq respublikalar arasında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə ucaltmışdır. Bundan daha önəmli məsələ ondan ibarətdir ki, Azərbaycanda yaşayan insanların rifah halı böyük dərəcədə yaxşılaşdırılmışdır.

Məlumat üçün deyə bilərəm ki, 1969-cu ildə Heydər Əliyev birinci katib seçiləndə Azərbaycanda 200 min hektarda pambıq əkilmişdir və 300 min tona yaxın məhsul götürülmüşdür, yəni, məhsuldarlıq orta hesabla 15 sentner səviyyəsində idi. Ancaq 1980-ci illərin əvvəllərində həm məhsuldarlıq artmışdır, 30 sentnerə yaxınlaşmışdır, hətta bir neçə ildə 30 sentnerdən də üstün idi və pambıq tədarükü sabit surətdə təqribən 800 min ton səviyyəsində olmuşdur. 1981-ci ildə isə bu rəqəm 1 milyon tona qalxmışdır.

Heydər Əliyev Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqçılıqda vəziyyət tənəzzülə doğru getdi, üzümçülük demək olar ki, tamamilə sıradan çıxarıldı. Deyə bilərəm ki, bu da həm sovet rəhbərliyinin, həm də o vaxt Azərbaycan rəhbərliyinin cinayəti nəticəsində baş vermiş hadisə idi. Çünki üzümçülüyün Azərbaycanda böyük ənənələri var idi. Heydər Əliyevin dövründə istehsal 2 milyon tona qalxmışdır. Yəni, Azərbaycan sovet məkanında ən çox üzüm istehsal edən respublika idi. Bizdən sonra gələn respublikalar heç 1 milyon ton üzüm istehsal edə bilmirdi. Bizdə isə istehsal 2 milyon ton idi. Təsəvvür etmək çətin deyil ki, bu, nə qədər böyük xeyir gətirirdi həm respublikaya, həm də kəndlilərə. Üzümçülüyə çox böyük ziyan vurulmuşdur və o vaxt bizim üzüm bağlarımız dağıdılırdı. Çox böyük xəyanətkar və cinayətkar siyasət aparılaraq demək olar ki, Azərbaycanın kənd təsərrüfatı məhv edilirdi. Əfsuslar olsun ki, bunu edənlər o vaxt Azərbaycan rəhbərliyində olan şəxslər idi.

Dediyim kimi, Heydər Əliyev 1982-ci ildə Moskvaya gedəndən sonra pambıqçılıqda tənəzzül dövrü başlamışdır, istehsal yavaş-yavaş azalırdı. Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda pambıq istehsalı 500 min tona, 1993-cü ildə isə 280 min tona düşmüşdür. Bildiyiniz kimi, müstəqillik dövrünün ilk illəri çox ağır keçirdi, ölkə çox ağır vəziyyətdə idi. Ermənistan işğalı, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına gətirilmişdir. Ölkədə total böhran – siyasi böhran, hərbi böhran, iqtisadi böhran hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000 faizdən çox idi, sənaye müəssisələri iflic vəziyyətdə, kənd təsərrüfatı dağılmış vəziyyətdə idi, ölkədə talançılıq, rüşvətxorluq, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər. Sanki onlar hansısa cinayətkarın əmrini icra edirdilər. Bunun nəticəsində əlbəttə ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı tamamilə dağıdıldı və həm də ölkə idarəolunmaz vəziyyətə düşdü. Yalnız xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna gətirildi və bu gün biz bu inkişafın təzahürlərini həyatımızın bütün sahələrində görürük.

O vaxt ağır vəziyyətdən çıxmaq üçün iki əsas amil həyata keçirilməli idi. Onlardan biri xarici sərmayəni cəlb etmək idi və biz buna nail olduq. Bu il “Əsrin kontraktı”nın 25 illiyini qeyd edərkən bir daha bu kontraktın əhəmiyyəti və Ulu Öndərin bu sahədə gördüyü tarixi işlər haqqında mən öz fikirlərimi bölüşmüşdüm və bildirmişdim ki, biz ölkəyə milyardlarla dollar həcmində investisiya qoyulmasına nail olduq. Digər çıxış yolu özəlləşdirmə ilə bağlı idi. O vaxt çox ciddi iqtisadi islahatlar aparılmağa başlamışdır, torpaq kəndlilərə, fermerlərə verilmişdir. Bu, əlbəttə ki, düzgün addım idi. Ancaq o da həqiqətdir ki, sovet vaxtından qalan texnika demək olar sıradan çıxmışdır, aqrotexniki tədbirlərin görülməsi üçün müasir standartlara cavab verən təcrübə yox idi, gübrə, pestisidlər ilə bağlı problemlər özünü kifayət qədər kəskin büruzə verirdi. Yanacaq çatışmazlığı da böyük problem idi. Ona görə özəl qurumlar, kəndlilər və fermerlər pambığın istehsalını müasir səviyyədə təşkil etmək üçün böyük çətinliklər çəkirdilər. Kəndliləri bunda günahlandırmaq olmaz. Ancaq pambıqtəmizləmə zavodlarını özəlləşdirmiş, pambıqçılığı inkişaf etdirməyə söz vermiş özəl şirkətlərin fəaliyyəti əlbəttə ki, qənaətbəxş hesab oluna bilməz. Daha dəqiq desəm, onların fəaliyyəti ən pis qiymətə layiqdir. Demək olar ki, onların yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycanda pambıqçılıq məhvə doğru gedirdi, pambıq yetişdirən rayonlarda işsizlik geniş vüsət alırdı. Özəl qurumlar bu vəzifənin öhdəsindən gələ bilmədilər, lazımi səviyyədə sərmayə qoymadılar, pambıqtəmizləmə zavodlarını səmərəli işlədə bilmədilər və deyə bilərəm ki, bu məsələyə bütövlükdə çox biganə yanaşdılar. Beləliklə, pambıqçılıqda çox böyük tənəzzül yaşandı. Əslində biz bu gəlirli, bizim üçün ənənəvi olan əməktutumlu sahəni demək olar ki, itirirdik. Bir rəqəmi deyə bilərəm, 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir və 35 min ton məhsul tədarük edilmişdir. Baxın, pambığın tədarükü 1981-ci ildəki bir milyon tondan 35 min tona düşdü.

Bilirsiniz, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının bütün təzahürləri Azərbaycanda vardır. Bir rəqəmi demək kifayətdir ki, bizim iqtisadiyyatımızın hazırda 85 faizi özəl sektorda formalaşır. Strateji dövlət müəssisələrindən başqa, bütün qalan müəssisələr özəl sektorda fəaliyyət göstərir. Bazar iqtisadiyyatının qanunları diktə edir ki, bazar liberallaşsın, iqtisadiyyata dövlət müdaxiləsi minimum səviyyəyə endirilsin və bu iqtisadi məsələləri bazar münasibətləri tənzimləməlidir.

Ancaq biz həyatda görürük ki, bu mənzərə ilə heç də hər zaman üzləşmirik. Xüsusilə müstəqilliyi yeni qazanmış ölkələrdə dövlət müdaxiləsi zəruridir. Əgər dövlət siyasəti olmasaydı, bu gün biz bu uğurlara nail ola bilməzdik. Əgər dövlət energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatına dəstək, sənayenin inkişafı sahələrində öz ciddi addımlarını atmasaydı, öz siyasətini ortaya qoymasaydı, bu gün hansı uğurlardan söhbət gedə bilərdi?! İnfrastruktura özəl sektor pul qoya bilərmi? Əlbəttə ki, yox. Üzümçülüyə, hansı ki, fermer gəliri ən azı 7 il gözləməlidir, dövlət dəstəyi olmadan kimsə vəsait qoya bilərmi? Pambıqtəmizləmə zavodlarının yenidən qurulmasına dövlət dəstəyi olmadan kim vəsait qoyar? Biz indi pambıq tədarükü üçün ən müasir texnika alırıq, – Amerika istehsalı olan “John Deere” kombaynları, – 400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik. Hansı özəl şirkət bunu öz üzərinə götürə bilər? Ona görə görəndə ki, biz pambıqçılıq sahəsini də itiririk və bu, böyük problemlərə gətirib çıxarar, mən dərhal göstəriş verdim, bu məsələ ilə özüm məşğul olmağa başladım. Gördüm ki, bu sahədə bazar iqtisadiyyatı prinsipləri işləmir, çox ciddi tədbirlər planı tutuldu və 2017-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olundu. Biz Dövlət Proqramı əsasında pambıqçılığı dörd il ərzində demək olar ki, dirçəltdik və ən yüksək nəticələrə çatdıq.

Beləliklə, dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika alınmışdır. Qeyd etdiyim kimi, 400-dən çox pambıqyığan kombayn almışıq, onların da böyük əksəriyyəti Amerikanın ən qabaqcıl şirkəti olan “John Deere”in daha məhsuldardır və keyfiyyətə görə ən yüksək standartlara cavab verən kombaynlarıdır. Bu, bizə imkan verdi ki, pambığın 87 faizini texnika ilə yığa bilək və əl əməyi aşağı düşdü. Ancaq bununla paralel olaraq, biz, əlbəttə ki, pambıqçılığı əməktutumlu sahə kimi inkişaf etdirərkən, ilk növbədə, məşğulluqla bağlı olan problemləri diqqət mərkəzində saxlamışıq və buna nail olmuşuq.

Suvarma tədbirləri. 100 min hektarda suvarma tədbirləri görülmüşdür. Hamımız yaxşı bilirik ki, bu il çox quraqlıq il olmuşdur və tarixdə bu dərəcədə quraqlıq heç birimizin yadında deyil. Ancaq buna baxmayaraq, pambıq tarlalarında su təminatı təşkil edilmişdir. Əlbəttə ki, əgər dövlət investisiyalar qoymasaydı, kanallar çəkməsəydi, meliorasiya və su idarəsinə vəsait ayırmasaydı, indi pambıq ya əkilməzdi, ya da əkilib tarlalarda qalacaqdı və yanacaqdı.

Pambıqla məşğul olan fermerlərə güzəştli kreditlər verildi. Pambıqtəmizləmə zavodlarında təmir-bərpa, sazlama işləri aparıldı. Eyni zamanda, Ucar rayonunda müasir texnologiya əsasında yeni pambıqtəmizləmə zavodu inşa edilmişdir. 2016-cı ildən pambığın hər kiloqramına görə istehsalçılara dövlət tərəfindən 10 qəpik subsidiya verilməyə başlanmışdır. 2015-ci ildə pambığın satınalma qiyməti 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik idisə, 2018-ci ildən bu rəqəm 65 qəpiyə qaldırıldı və bu da çox həvəsləndirici amildir. Pestisidlər güzəştlə verilməyə başlanmışdır. Hər hektara güzəştlər 10 manatdan 50 manata qaldırıldı. Gübrələr üçün güzəştlər isə 100 manatdan 150 manata qaldırıldı. Bütün bu addımlar dövlətin bu sahəyə göstərdiyi diqqətin və önəmin təzahürüdür. Təsadüfi deyil ki, nəticə də özünü qısa müddət ərzində büruzə verdi.

Əlbəttə ki, pambıqçılığı inkişaf etdirərkən biz sosial amili də həmişə diqqət mərkəzində saxlamışıq. Çünki qeyd etdiyim kimi, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edildi. Yəni, pambıqçılığın bir neçə istiqaməti var və hər istiqamət üzrə minlərlə, on minlərlə yeni iş yerləri yaradıldı. Təsəvvür edin ki, 20 rayonda 200 minə yaxın iş yerinin yaradılması nə deməkdir. İndi bizim rayonların əhalisi orta hesabla təqribən 100-150 min, maksimum 200 min nəfər təşkil edir. Demək olar ki, hər rayonda orta hesabla 10 min insan ancaq pambıqçılıqla məşğul olur. Təbii ki, bu rayonlarda işsizliklə bağlı problemlər uğurla həll olunur. Eyni zamanda, bizim çox gözəl indikatorumuz var. Bildiyiniz kimi, sosial müdafiəni gücləndirmək üçün biz indi 40 minə yaxın ödənişli ictimai iş yeri yaratmışıq, dövlət tərəfindən maliyyələşir. İş tapa bilməyən vətəndaşlar bu ictimai iş yerlərində işlə təmin olunurlar. İndi pambıq yetişdirən rayonlarda artıq bu işlərə də tələbat azalır. Çünki insanlar gedib pambıqçılıqda daha böyük pul qazanırlar və beləliklə, öz maddi vəziyyətlərini yaxşılaşdırırlar.

Beləliklə, dörd il ərzində görülmüş kompleks tədbirlər nəticəsində biz pambıqçılığı dirçəltdik. Bəzi rəqəmləri gətirməklə mən bu sözləri təsdiqləyəcəm. Beləliklə, 2015-ci ildə, – o ildə ki, artıq mən bu sahəni itirdiyimizi gördüm, – 18 min hektardan 35 min ton pambıq tədarük edilmişdir. Hər hektardan məhsuldarlıq 18,8 sentner idi. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkildi və 89 min ton pambıq tədarük edildi. Yəni, 2016-cı il bizim pambıqçılıqla ciddi məşğul olduğumuz birinci ildir, hektardan məhsuldarlıq 17 sentnerdən bir qədər çox idi. 2017-ci ildə biz pambıq əkini sahələrini kəskin artırdıq. Onu da bildirməliyəm ki, sonra biz bəzi torpaqların düzgün seçilmədiyini gördük və o torpaq sahələrini azaltdıq. Ancaq əlbəttə ki, biz hər şeyi bəri başdan görə bilməzdik. Ona görə biz 2017-ci ildə 136 min hektarda pambıq əkdik və 207 min ton məhsul götürdük. Hektardan məhsuldarlıq isə 15,2 sentnerə düşdü, çünki bəzi torpaqlar pambıqçılıq üçün yararsız idi. 2018-ci ildə artıq əkin sahələri azalmağa başlamışdır və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox məhsul götürdük, 233 min ton. Hektardan məhsuldarlıq artdı və 17,6 sentnerə qalxdı. Bu il isə hesab edirəm ki, ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq 29,4 sentner olmuşdur. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir.

Məndə 1980-ci illərin statistik məlumatları da var. Deyə bilərəm ki, ancaq tarixdə cəmi üç il Azərbaycanda hektardan məhsuldarlıq 30 sentnerdən çox olmuşdur. Bu, 1979-cu ildə 30,8 sentner, 1980-ci ildə 35,4 sentner və 1981-ci ildə 35,9 sentner təşkil etmişdir. Bütün tarix boyu cəmi üç il ərzində hektardan məhsuldarlıq 30 sentnerə yaxın olmuşdur və bu il biz bunu artıq görürük. Əminəm ki, bundan sonra görüləcək tədbirlər nəticəsində məhsuldarlıq daha da artacaq. İndi bu barədə burada məlumat veriləcək. Çünki indi pilot layihələr var. Pilot layihələrdə pambıq müasir texnologiya əsasında əkilir və orada məhsuldarlıq daha çoxdur. Əgər biz indi pilot layihələri ölkə üzrə geniş yaysaq, əlbəttə ki, 100 min hektardan daha çox məhsul götürəcəyik.

Pambıqçılıq çox gəlirli kənd təsərrüfatı sahəsidir. Onu da xatırlayıram ki, mən 2015-ci ildə bu məsələ ilə özüm şəxsən məşğul olmağa başlayanda bəzi hökumət üzvləri hesab edirdilər ki, pambıqçılıq, ümumiyyətlə, Azərbaycandan çıxarılmalıdır. Bu, gəlirsiz sahədir və bunun heç bir perspektivi, gələcəyi yoxdur. Mən, sözün düzü, təəccüb etdim, çünki necə ola bilər ki, əsrlər boyu pambıq yetişdirilib, əsrlər boyu bizim kəndlər bu sahədə fəal olub. Bu, ənənəvi sahədir, böyük təcrübəmiz var, insanlar buna öyrəşiblər. Məgər sovet dövründə bilmirdilər ki, harada pambıq əkilə bilər, harada əkilə bilməz. Sovet dövründə hər şeyi bilirdilər. Dövlət Plan Komitəsi var idi, hər şeyi dəqiqliyi ilə bilirdilər harada nə əkilməlidir, harada nə tikilməlidir. Ona görə yenə də deyirəm, bizim baxışlarımız və çox məqsədyönlü siyasət pambıqçılığı gəlirli sahəyə çevirdi və artıq gəlirlər zənciri də yaradıldı. Bir də ki, pambıq ixracyönümlü məhsuldur. Mahlıcı satmaq üçün bazar axtarmaq lazım deyil, dünya birjalarında satılır. İndi hər bir ölkənin istehsalçıları qarşısında duran əsas məsələlərdən biri də bazara çıxışlardır. Çünki bazarlar da məhdudlaşır. Bir çox ölkələr öz tələbatını daxili imkanlar hesabına ödəməyə başlayıblar. İdxaldan asılılığı azaltmaq təkcə bizim siyasətimiz deyil, bir çox ölkələr bu yolla gedirlər. Bizim ənənəvi bazarlarımızın yerləşdiyi ölkələr əgər gələcəkdə öz tələbatını daxili resurslar hesabına təmin edəcəklərsə, biz haraya mal satacağıq və nəyi satacağıq. Pambıq o məhsullardandır ki, bunun üçün bazar axtarmaq lazım deyil. Birja var və birjada satılır. Özü də biz, – bu barədə də danışacağıq, – əgər yığımdan son məhsula qədər bu zənciri yaratsaq, – biz bunu yaratmalıyıq, – onda hər bir zəncirin sonunda əlavə dəyər formalaşacaq. Beləliklə, bu işlərə cəlb edilən əmək qüvvəsi daha da böyüyəcək və gəlir daha da artacaq.

Biz hazırda bu işin ilkin mərhələsindəyik. Ancaq buna baxmayaraq, deyə bilərəm ki, bu ilin doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətiribdir. Yəni, 111 milyon dollar dəyərində məhsul, o cümlədən 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib. Eyni zamanda, pambıqçılıq sənayesinin tullantılarından heyvan yemi kimi də istifadə olunur. Bu rəqəmlər onu göstərir ki, biz hazırda mahlıc ixrac edirik. Ancaq əsas vəzifə nəinki pambıq ipliyi, – bu, birinci hədəfdir, – əsas məsələ son məhsul ixrac etməkdir. Bunun üçün də bizim aidiyyəti qurumlar, hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi pambıqçılığın sənaye sahəsinə təkan verə biləcək müəssisələri yaratmaq üçün gərək fəal işləsinlər, investorları cəlb etsinlər və güzəştli kreditlər versinlər.

Qeyd etdiyim kimi, bu il məhsuldarlıq çox yüksək olubdur – rekord həddə. Ancaq bunu bütün rayonlara aid etmək mümkün deyil. Ona görə indi gətirəcəyim rəqəmlər hər bir rayon rəhbərliyi üçün siqnal olmalıdır. Çünki bu gün bu müşavirədə Prezident Administrasiyasının, mərkəzi icra orqanlarının nümayəndələri, iyirmi rayonun icra başçıları və şirkətlərin nümayəndələri iştirak edirlər. Beləliklə, bu il yeddi rayonda məhsuldarlıq 30 sentnerdən yuxarı olubdur. Bunlar ardıcıllıqla aşağıdakı rayonlardır: Tərtər – 34,8 sentner, Bərdə – 33,7 sentner, Salyan – 33,2 sentner, Neftçala – 31,6 sentner, Ağcabədi – 30,7 sentner, Saatlı – 30,4 sentner və Beyləqan – 30,3 sentner. Bu, onu göstərir ki, həm fermerlər, həm şirkətlər, həm də rayon rəhbərliyi bu işlərə çox məsuliyyətlə yanaşıblar və belə gözəl nəticələr əldə edilibdir. Üç rayonda məhsuldarlıq 30 sentnerə yaxındır – Biləsuvar rayonu – 29,5 sentner, Sabirabad rayonu – 29,2 sentner və Ağdam rayonu- 28,2 sentner. Yeddi rayonda məhsuldarlıq 20 sentnerdən çoxdur və bu rayonlar nəticə çıxarmalıdır. Üç rayonda isə məhsuldarlıq 20 sentnerdən azdır. Bax, bu rayonlarda çox ciddi təhlil aparılmalıdır, nə üçün, bunun səbəbi nədir? Bunun səbəbi olmalıdır. Ucar – 19,3 sentner, Hacıqabul – 14,4 sentner, Ağsu – 9,9 sentner. Hacıqabul və Ağsu rayonlarının icra başçıları dəyişdirildi, yeni icra başçıları təyin edildi. Onlar bu işləri geniş təhlil etməlidirlər və sonra məlumat verməlidirlər ki, məhsuldarlıq nə üçün çox aşağı səviyyədədir.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı məlumat versin, hazırda məhsuldarlıq nə üçün aşağı səviyyədədir?

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov: Cənab Prezident, … Siz qeyd etdiyiniz kimi, pilot layihələr rayonda tətbiq olundu və növbəti illərdə daha yüksək məhsuldarlıq olacaq.

Prezident İlham Əliyev: Yox, növbəti illərdə, əlbəttə, daha yüksək məhsuldarlıq olacaq. Mən bunu soruşmuram, mən soruşuram, bu il nəyə görə məhsuldarlıq aşağı səviyyədə olub. Bu barədə məlumat verin.

Mənsur Məmmədov: Cənab Prezident, bütün aqrotexniki tədbirlər görüldü. Ucar torpağının xüsusiyyəti bir qədər çətinlik yaratdı…məhsuldarlıq tam… pilot sahələrdə yeni texnologiya ilə daha yüksək məhsul götürüldü və göstərir ki, gələcəkdə ….

Prezident İlham Əliyev: Buna fikir verin, bu, dözülməz bir rəqəmdir. Əyləşin. Özü də qonşu rayonlarda məhsuldarlıq yüksəkdir. Misal üçün, Yevlax rayonunda 26,4 sentner və digər qonşu rayonlarda məhsuldarlıq daha yüksəkdir.

Mən artıq qeyd etdim ki, pambıqçılıq çox əməktutumlu sahədir. Bizim əsas vəzifələrimizdən biri vətəndaşları işlə təmin etməkdir və buna nail oluruq. Eyni zamanda, bildirməliyəm ki, bu il sosial sahədə görülmüş tədbirlər, aparılan islahatlar doğrudan da vətəndaşların maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdırdı. Bu, bir daha onu göstərir ki, bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır. Bu il təşkil edilən və həyata keçirilən çox geniş sosial paket 4,2 milyon əhalini əhatə edib. Problemli kreditlər öz həllini tapıbdır, özü də problemli kreditlərlə bağlı olan məsələlər təkcə bizdə mövcud deyil. Demək olar ki, postsovet məkanında bir çox ölkələrdə eyni problemlər mövcuddur. Ancaq biz bunu vətəndaşlar üçün ən səmərəli şəkildə və ən məqbul formada ədalətli həll etdik. Devalvasiyadan sonra ağır vəziyyətə düşən vətəndaşların problemlərini biz həll etdik.

Müavinətlər artırıldı – bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırıldı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında birinci yerdədir. Bu, statistikadır. Əlbəttə, mən bunu demişəm, bir daha demək istəyirəm, çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın. Ancaq buna nail olmaq üçün gərək bizim iqtisadi imkanlarımız da genişlənsin. İqtisadi imkanlar, o cümlədən hər bir sahədə işin səmərəli şəkildə qurulmasından asılıdır. Misal üçün, kənd təsərrüfatının bir çox sahələri var və vaxtilə o qədər də böyük fikir verilməyən sahələr indi dirçəlir. Sənaye istehsalı sahəsində. Bu il qeyri-neft sənayemiz 14 faiz artıbdır. Şəffaflıq sayəsində bu il büdcəyə vergi və gömrük orqanları tərəfindən plandan əlavə 1 milyard manat vəsait daxil olub. Ona görə bütün bu tədbirlər, islahatlar imkan verdi ki, biz bu böyük paketi həll edək. Bu, bir neçə milyard manata başa gəldi. Ancaq biz bunu etməliyik və edirik.

Pambıqçılıq, həmçinin yüngül sənayeyə də təkan verir. Mənim sərəncamlarımla Azərbaycanın bir neçə şəhərində sənaye zonaları, sənaye parkları yaradılır, o cümlədən Mingəçevir şəhərində yüngül sənaye parkı. Ona böyük ehtiyac var. Çünki Mingəçevir şəhərində işsizlik başqa şəhərlərdən daha ciddidir, bu da təbiidir, çünki şəhərdir və şəhərdə işsizlik adətən daha çox olur. Ona görə Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün biz onu bir sənaye şəhəri kimi inkişaf etdirməliyik. Artıq orada iki böyük iplik fabriki fəaliyyət göstərir, mən onların açılışında olmuşam. Bu, birinci mərhələdir. Fabriklərin sayı çox olmalıdır və biz çalışmalıyıq ki, pambığı maksimum dərəcədə emal edək. Çünki bugünkü emal səviyyəsi bizi qane edə bilməz.

Onu da bildirməliyəm ki, Azərbaycanda pestisid zavodu yaradılıb, bu da çox önəmli məsələdir. Mənim təşəbbüsümlə gübrə və polimer zavodları da fəaliyyət göstərir. Yəni, biz indi polimerdən hazır məhsul istehsal edə bilərik. Gübrələri xaricdən yox, daxili istehsalçılardan ala bilərik. Yəni, bütün bu addımlar bir məqsədi güdür ki, ölkəmiz daha da güclənsin, sürətlə inkişaf etsin və vətəndaşlar işlə təmin olunsunlar.

Pambıqçılıqla yanaşı, bizim üçün ənənəvi olan, ancaq müəyyən müddətdə bir qədər unudulmuş digər kənd təsərrüfatı sahələri də inkişaf edir. Onlardan biri baramaçılıqdır. Bu məsələ ilə mən məşğul olmağa başlayanda gördüm ki, cəmi 240 kiloqram barama tədarük edilmişdir. Ancaq sovet vaxtında nə qədər tədarük edilirdi?! Ona görə görülən tədbirlər nəticəsində biz həm tingləri aldıq və Qax şəhərində damazlıq stansiya yaradıldı, dövlət dəstəyi göstərildi. Artıq bu il 630 ton barama tədarük edildi. Bu, eyni zamanda, imkan verdi ki, Şəki ipək kombinatı tam gücü ilə işləsin. Orada yüzlərlə insan işlə təmin olundu. Baramaçılığın böyük gələcəyi var, çox gəlirli və çox da əmək tələb etməyən sahədir. Vətəndaşlar qısa müddət ərzində – bir ay, yaxud da ay yarım ərzində yaxşı pul qazana bilirlər.

Biz fındıqçılığı sürətlə inkişaf etdiririk. Bağların sahəsini kəskin artırmışıq, 30 min hektardan indi təqribən 80 min hektara çatdırırıq. Artıq biz fındıq istehsalı və ixracı sahəsində dünyada üçüncü yerə çıxmışıq. Bu da çox gəlirli sahədir və əlbəttə, təzə salınan bağlar hələ bar vermir. Hesab edirəm ki, bir neçə ildən sonra fındıqçılıq valyuta idxalı baxımından kənd təsərrüfatının əsas sahələrindən birinə çevriləcəkdir.

Əvvəlki dövrlərdə mənim sədrliyimlə çəltikçilik, sitrusçuluq, tütünçülük, çayçılıq üzrə müşavirələr keçirildi. Bu ənənəvi sahələr inkişaf edir. Biz siqareti ixracyönümlü məhsul kimi görürük. Bu il Sumqayıtda yeni siqaret fabriki açıldı, Bakıdakı fabrik yenidən quruldu. Biz həm idxaldan asılılığı azaldırıq, həm də böyük ixrac imkanı yaradırıq. Yəni, bütün bu sahələr bizim üçün ənənəvi sahələrdir. Sadəcə olaraq, dövlət diqqəti azalanda bu sahələr məhvə doğru gedirdi, o cümlədən üzümçülük. İndi mən bunu qeyd etdim, Ulu Öndərin vaxtında 2 milyon ton üzüm istehsal olunurdu, onlarla şərab zavodu fəaliyyət göstərirdi. Hamısı sıradan çıxdı, məhv edildi. O zavodların materialları satıldı, yəni, böyük bir cinayət törədildi və demək olar ki, bu sahə itib-batmışdı. Mən rəqəmlərə baxanda gördüm ki, bir neçə il bundan əvvəl cəmi 100 min ton üzüm istehsal olunurdu, yeni bağlar salınmırdı. Çünki əl vermirdi, gərək xərcləyəsən, 5-6 il gözləyəsən, məhsul götürəsən, sonra hara satasan? Şərab zavodları yox, emal yox, ona görə üzümçülük batıb gedirdi. Bir də ki, əlbəttə, Ulu Öndər Azərbaycandan gedəndən sonra burada rəhbərlik etmiş şəxslər də bu cinayətin törədilməsində fəallıq göstərirdilər, üzüm bağlarını qırırdılar. Bu, böyük bir cinayətdir. Nə Ukraynada, nə Gürcüstanda, nə Moldovada, nə Ermənistanda bunlar olmadı. Ancaq burada, nəyə görə? Çünki buraya Qorbaçov tərəfindən cəza kimi bir yaramaz adam göndərildi, onun da əsas məqsədi Azərbaycanı məhv etmək idi və buna nail olmağa çalışırdı. Ancaq Azərbaycan xalqı imkan vermədi və cinayət törədəndən sonra 1990-cı ildə buradan qaçdı. Ondan sonrakı dövrdə – xüsusilə AXC-Müsavat antimilli qruplaşma hakimiyyətə gələndə onlar, ümumiyyətlə, başa düşmürdülər, anlamırdılar ki, kənd təsərrüfatı nədir. Onların məqsədi talançılıq idi, Ləl-Cəvahirat Fondunu taladılar, orada bir dənə də əşya qalmamışdır, hamısını satdılar, neft bonuslarını oğurladılar. Səhv etmirəmsə, onların dövründə təqribən 20 və ya 30 milyon dollar dəyərində neft bonusu verilmişdi, oğurladılar. Sonra bunu axtarmağa başlayanda onun izi-tozu da qalmamışdı. Bir il ərzində milyardlarla dollar ziyan vurdular, taladılar, oğurladılar, öz ciblərini doldurdular, sonra da qorxaqcasına fərarilik edərək hakimiyyəti tərk etdilər, vəzifələrini dondurdular və bu gün də öz rəzil hərəkətləri ilə cəmiyyətdə ikrah hissi doğururlar. Onların bu qorxaqlığı, panika, isterika, paronoya və satqınlığı artıq heç kimə sirr deyil. Bax, bu idi real vəziyyət.

Ancaq bu gün biz ölkəmizin hərtərəfli inkişafına nail olmuşuq və bütün reytinqlər bunu göstərir. Bu yaxınlarda Azərbaycan dünyanın güclü ölkələri sırasına daxil edilib. Bu siyahıda cəmi 80 ölkə var və bizim bədnam qonşumuzun adı orada yoxdur. Bilmirəm onların adı hansı dəftərdə var, amma, hər halda, bunu artıq biz demirik, bunu mötəbər qurumlar deyir. Biz güclü dövlətlər sırasında 45-ci yerdəyik. Bir neçə inkişaf etmiş ölkəni qabaqlamışıq. Hələ mən Davos reytinqlərini demirəm, onu dəfələrlə demişəm. Bax, budur bugünkü Azərbaycan.

Ancaq əlbəttə ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənə bilmərik. Hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. Əvvəlki dövrlərdə həm mərkəzi, həm də yerli icra orqanları tərəfindən subsidiyalarla bağlı böyük pozuntular var idi. Buna son qoyulur və son qoyulmalıdır. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır, o cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq.

Bu il zəlzələ olmuşdur. Üstündən cəmi 10 ay keçib, bütün əsas tikinti işləri artıq başa çatıb. Minlərlə ev tikildi, təmir və bərpa edildi. Bəziləri deyir ki, indi vətəndaşlar gərək bu evləri özləri bərpa etsinlər, gərək sığortalasınlar. Əlbəttə, gərək sığortalasınlar. Mən də söz düşmüşkən bunu deməliyəm, o cümlədən ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı, bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır. Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var? Ölkələr var ki, od içindədir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, Avropada, Asiyada, Latın Amerikasında müharibələr, münaqişələr, qanlı toqquşmalar, kütləvi etirazlar, polis zorakılığı, dağıntılar baş verir. Bizdə sabitlikdir, kim yaradıb bunu, biz, kim faydalanır, bütün vətəndaşlar, o cümlədən sahibkarlar. Rahat yaşayırlar, heç kim onlara dəymir, əksinə, Prezident həmişə onları dəstəkləyir. Getsinlər camaata, kasıba əl tutsunlar. Biz o insana kömək edirik ki, onun ehtiyacı var. Şamaxıda, Ağsuda, İsmayıllıda zəlzələ baş verdi. Biz necə biganə qala bilərdik, vətəndaşlar qışda donsunlar? Ona görə biz dərhal vəsait ayırdıq, bütün qurumları səfərbər etdik və 10 ay ərzində qış gələnə qədər onların evləri tikildi və təmir edildi. Bax, bu, bizim məsuliyyətimizdir, o insanlar ki, doğrudan da ehtiyac içindədirlər, o evləri özləri bərpa edə bilməzlər. İndi o evləri sığortalamaq üçün maarifləndirmə işləri aparılmalıdır. Ancaq hansısa biznesmenə, böyük mülklərə sahib olan varlı bir adama dövlət niyə kömək etməlidir? Qətiyyən elə şey ola bilməz və hər kəs nəticə çıxarsın.

Beləliklə, bu gün pambıqçılıqla bağlı məsələlər müzakirə olunarkən bir daha demək istəyirəm ki, mən görülmüş işlərə çox yüksək qiymət verirəm, bütün qurumlar fəal işləyiblər. Prezident Administrasiyası bu işləri koordinasiya edib. Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanlarının bir çoxu yaxşı nəticələr əldə ediblər, pis göstəriciləri olan rayonlar da nəticə çıxarmalıdır.

X X X

Sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə etdilər.

X X X

Dövlətimizin başçısı müşavirəyə yekun vurdu.

Prezident İlham Əliyevin yekun
çıxışı

-Beləliklə, bir daha demək istəyirəm ki, bu ilin nəticələri məni çox sevindirir. Əsas məsələ ondadır ki, biz pambıqçılıqda da düzgün müəyyən edilmiş hədəflərin həyatda reallığa çevrildiyini görürük. Pambıqçılıq yenə də gəlirli, əməktutumlu sahəyə çevrilib və ölkə iqtisadiyyatına, o cümlədən makroiqtisadi vəziyyətin sabit qalmasına, manatın məzənnəsinin möhkəmlənməsinə və sabit qalmasına müsbət təsir göstərir.

Çünki sirr deyil ki, bizim əsas valyuta gətirən sahəmiz neft-qaz sektorudur. Əlbəttə ki, bu sektorun inkişafı daim diqqət mərkəzindədir və böyük uğurlar əldə edilib. Ancaq əsas vəzifəmiz qeyri-neft sənayesi və kənd təsərrüfatı hesabına iqtisadiyyatı şaxələndirməkdir. Bu il həm qeyri-neft sənayesi, həm də kənd təsərrüfatı əhəmiyyətli dərəcədə artıb. Qeyri-neft sənayesi 14, kənd təsərrüfatı isə 7 faizdən çox artıbdır. Əminəm ki, bu meyillər bundan sonra da davam etdiriləcək və beləliklə, biz kənd təsərrüfatını ən müasir standartlara uyğun şəkildə inkişaf etdirəcəyik.

Bir daha demək istəyirəm ki, biz gərək pambıqçılıqla bağlı məsələlər arasında mütərəqqi texnologiyalara daha böyük meydan verək. Çünki pilot layihələr icra edildi və məhsuldarlıq da çox yüksəkdir – təqribən 60 sentner. Ona görə hesab edirəm ki, gələn il biz bu pilot layihələrin sahəsini artırmalıyıq və Kənd Təsərrüfatı Nazirliyi bu məsələ ilə bağlı öz təkliflərini verməlidir.

Eyni zamanda, bu gün bir məsələ o qədər də diqqətdə olmadı, amma bu da çox vacib məsələdir, bu, toxum istehsalı məsələsidir. Biz lifsiz pambıq toxumu istehsalı zavodu işə salmalıyıq. İndi belə layihə var və hesab edirəm ki, işlərə gələn il start verilməlidir. Hər halda zavodun tikintisi bir il, bəlkə də il yarım çəkər ki, biz özümüzü bu keyfiyyətli toxumlarla təmin edək.

Tədarükçü şirkətlər bu il fermerlərə ödənilən vəsaiti çox operativ qaydada çatdırıblar. Əminəm ki, gələn il də belə olacaq. Yəni, indi hər gün, bəziləri bir neçə gündən bir öz əməkhaqqını alır. Hesablaşmalar dəqiq və ləngitmədən aparılmalıdır.

Pambıq istehsalı sahəsinə daha çox güzəştli kreditlər ayrılmalıdır. İqtisadiyyat Nazirliyinə göstəriş verilir ki, bu məsələlər təhlil edilsin. Gələn il təqribən 200 milyon manata yaxın güzəştli kreditlər nəzərdə tutulur və pambıqçılıq sahəsinə kifayət qədər vəsait ayrılmalıdır.

Bizim pambıq emalı zavodlarının fəaliyyəti bir daha nəzərdən keçirilməlidir. Çünki bu zavodların böyük hissəsi sovet vaxtında tikilib. Orada həm səmərəlilik aşağıdır, həm də keyfiyyət o qədər də lazımi səviyyədə deyil. Ona görə zavodların istehsal gücü dəqiqliklə hesablanmalıdır. Çünki indi bəyan edilən istehsal gücləri reallığı əks etdirmir. Pambıqtəmizləmə zavodlarının istehsal gücü pambığın artan həcmi ilə uzlaşmalıdır. Çünki əminəm ki, biz məhsuldarlığı, artıracağıq və indi rəqəm demək istəmirəm, amma hər halda gələn il 30 sentnerdən çox pambıq tədarükü gözlənilir. Belə olan halda 300 min tondan çox pambıq yığılacaq və bizim pambıqtəmizləmə zavodları bu həcmi götürə biləcək, yoxsa yox? Bu, birincisi. İkincisi, zavodlarda modernləşdirmə aparılmalıdır. Əgər lazım olarsa, dövlət maliyyə dəstəyi də göstərə bilər. Bu il Ucarda yeni pambıqtəmizləmə zavodu istifadəyə verilib. Mənə verilən məlumata görə, yüksək standartlara cavab verir. Özü də bu, özəl sektor tərəfindən inşa edilibdir. Bu, çox müsbət haldır. Hesab edirəm ki, özəl qurumlar bu sahəyə diqqət yetirməlidirlər. Bütövlükdə araşdırılmalıdır ki, prinsipcə, bizə yeni pambıqtəmizləmə zavodlarının tikintisi lazımdır, yoxsa yox? Əgər lazımdırsa, hansı həcmdə ki, dövlət tərəfindən veriləcək dəstək də bəri başdan hesablansın. Yeni iplik fabrikləri yaradılmalıdır. Çünki hələ ki, yığılan pambığın 40 faizi emal olunur. Bu, pis göstərici deyil. Ancaq çalışmalıyıq ki, mahlıc 100 faiz emal olunsun. Çünki bu, əlavə dəyər zənciri, iş yerləri yaradır. Sənaye istehsalı da artacaq. Ona görə yenə də özəl sektora müraciət edirəm ki, bu məsələyə diqqət yetirsin. Kifayət qədər pambığımız var. Ona görə iplik fabriklərinin tikintisi çox gəlirli sahəyə çevriləcək. Lazım olarsa, dövlət öz tərəfindən güzəştli kreditlərlə bu layihələri dəstəkləyə bilər. Ancaq iplik fabriklərinin tikintisi də bizim son hədəfimiz deyil. Son hədəf hazır məhsul istehsal etməkdir. Bu məqsədlə yeni toxuculuq, trikotaj fabrikləri tikilməlidir, yem, yağ fabrikləri yaradılmalıdır. Bütün bunlar bizim iqtisadiyyatımızı gücləndirəcək və əlavə minlərlə iş yeri yaradacaqdır.

Biz daxili tələbatı daxili resurslar hesabına təmin etməliyik. Biz indi pambığı tədarük edirik, onun böyük hissəsi – 60 faizi mahlıc, 40 faizi iplik kimi ixrac olunur. Sonra bu iplikdən istehsal edilən hazır məhsullar bizə idxal olunur və buna milyonlarla, on milyonlarla pul gedir. Ona görə bu sahədə daxili istehsal inkişaf etməlidir və zəncir tipli bir tədarük-istehsal kompleksi yaradılmalıdır. Dövlət-özəl tərəfdaşlığı burada əsas rol oynayacaqdır.

Bütövlükdə bu işlərin mütəşəkkil şəkildə həyata keçirilməsi üçün Prezident Administrasiyası, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları və tədarükçü şirkətlər və digər şirkətlər, – hansılar ki, bu gün burada iştirak etmir, – birlikdə fəaliyyət planı tərtib etməlidirlər. 2020-ci il üçün çox geniş və müfəssəl yol xəritəsi tərtib edilib icra olunmalıdır. Belə olan halda pambıqçılıq Azərbaycanda daha sürətlə inkişaf edəcək, həm bu sahədə məşğul olan insanlara, həm də ki, dövlətə xeyir gətirəcəkdir. Sağ olun.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.
Yenixeber.org: Respublika üzrə pambıq yığımının başa çatdığını, bu il rekord həddə - 294 min ton pambıq yığıldığını, məhsuldarlığın orta hesabla hər hektardan 29,4 sentner təşkil etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, bu, son illərdə pambıqçılığın inkişafı ilə bağlı görülən tədbirlərdən, bu sahəyə dövlət dəstəyindən irəli gəlir.

“Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir”, - deyən dövlətimizin başçısı bu sahədə ən sürətli artım illərinin ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünə təsadüf etdiyini vurğuladı. Qeyd etdi ki, ötən əsrin 80-ci illərinin əvvəlində məhsuldarlıq 30 sentnerə yaxınlaşıb, pambıq tədarükü 800 min ton səviyyəsində olub, 1981-ci ildə bu rəqəm 1 milyon tona qalxıb.

Müstəqillik dövrünün ilk illərində pambıqçılıqda müşahidə olunan problemlərdən danışan Prezident İlham Əliyev son illərdə bu sahəyə xüsusi diqqət göstərildiyini, yeni texnikaların alındığını, dövlət proqramının qəbul olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, son 3 ildə 15 min 700 texnika alınıb, bu isə pambığın 87 faizinin texnika ilə yığılmasına imkan verib, suvarma tədbirləri görülüb, fermerlərə güzəştli kreditlər, istehsalçılara subsidiyalar verilib, pambıqtəmizləmə zavodlarında yenidənqurma işləri aparılıb, pambığın satınalma qiymətləri artırılıb. Hazırda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan əməyə cəlb olunub.

Sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə etdilər.

Müşavirəyə yekun vuran Prezident İlham Əliyev bu il pambıqçılıq sahəsində əldə edilən nəticələrin sevindirici olduğunu, pambıqçılığın gəlirli və əməktutumlu sahəyə çevrildiyini bildirdi.

Dövlətimizin başçısı pambıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

Yenixeber.org: Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam