AİB sədri: “Baş verənlərdən ən çox zərər çəkən aztəminatlı insanlar olacaq”
İqtisadçı: “Yoxsulluq siyasi sabitlik üçün saatlı bombaya çevrilir”
Yenixeber.org: Dünya Bankı qlobal əmtəə bazarlarında fevralın sonuna olan qiymətləri açıqlayıb. Hesabatda enerji daşıyıclarının və ərzaq məhsullarının kəskin bahalaşdığı əks olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, neft və kömür 110, təbii qaz Avropa bazarında 450, ABŞ-da 40, soya yağı 37, qarğıdalı 21, buğda 38, mal əti 35, toyuq əti 69, pambıq 53, alüminum 55, mis isə 18 faiz bahalaşıb.
Qeyd olunur ki, bu, son 40 ildə əmtəə bazarında ən ciddi artımdır və sonuncu dəfə oxşar təlatüm ötən əsrin 80-ci illərinin əvəllərində qeydə alınıb. Dünya Bankının hesablamalarına görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi davam edərsə, artım tempi yüksələcək və rekord həddə çatacaq.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, dünya əmtəə bazarında baş verən artımlar hökumətlərin məsuliyyəti istehlakçıların boynuna qoymaq cəhdindən qaynaqlanır: “Bir çox dövlətlər qlobal miqyasda baş verən iqtisadi böhranın nəticələrini öz vətəndaşlarının boynuna yükləməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Məlumdur ki, koronavirus pandemiyası iş yerlərinin bağlanmasına, bəzi fəaliyyət sahələrinin iflic olmasına, dünya miqyasında iqtisadi böhrana səbəb oldu. Bir tərəfdən insanlara çağırış edirdilər ki, virusun yayılmasının qarşısını almaq üçün evdə oturun. Digər tərəfdən isə buna görə onlara çox aşağı səviyyədə kompensasiya ödənilirdi”.
“Karantin qadağaları yumşaldıqdan sonra, uzun müddət fəaliyyətsiz qalan sahələrdə kəskin qiymət artımları baş verdi. Şirkətlər onlara dəymiş zərəri istehlakçılardan çıxarmağa çalışdı. Səbəb o idi ki, dövlətlər və hökumətlər pandemiyanın doğurduğu nəticələri aradan qaldırmaqda sahibkarlara yetərli dəstək vermədi. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, Dünya İstehlakçı Hüquqlarını Müdafiə Təşkilatının illik toplantısında digər ölkələrdən olan həmkarları ilə bu məsələni gündəmə gətiriblər: “Birmənalı şəkildə demək olar ki, dünyada qiymət artımlarının başlıca səbəbi istehlakçı hüquqlarının pozulması ilə bağlıdır. Bu məsələni Dünya İstehlakçı Hüquqlarını Müdafiə Təşkilatının illik yığıncağında qaldırdıq. Açıq şəkildə bəyan etdik ki, hökumətlər büdcədə kəsir yaranmaması üçün istehlakçıları yükləyir. Rüsumları qaldırır, bununla da sahibkarları artıq xərclərə təşviq edirlər. Hansı ölkələrdə ki hökumətlər istehlakçıları yükləmir, onlarda qiymət artımları da qeydə alınmır. Yaxud qiymətlər artsa da, bu, kütləvi xarakter daşımır”.
“Təsəvvür edin ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan sonra dünya bazarında qiymətlər yenidən artmağa başlayıb. Bu, təkcə enerji sektorunda deyil, bütün sahələrdə belədir. Xüsusilə ərzaq və qeyri-ərzaq məhsulları əsasən ona görə bahalaşır ki, bəzi dövlətlər öz vətəndaşlarına sahib çıxmır. Çox təəssüf ki, istehlakçıların yüklənməsi ənənəsi davam edir və bu, dünya iqtisadiyyatına Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, koronavirus pandemiyasından da daha böyük zərbə vurur”, - deyə AİB rəhbəri söyləyib.
Hüseynov əlavə edib ki, bu gedişlə dünya əhalisini böyük fəlakət gözləyir: “Dünya əhalisinin - hansıların ki, ölkələrinin təbii sərvətləri yoxdur və ya bu sərvətlər xalqa çatmır - bu əhali qruplarının vəziyyəti olduqca pisləşəcək. Çünki onlar arxasızdırlar. Bir tərəfdən işsizlik, digər tərəfdən isə bahalaşan həyat şəraiti onları daha acınacaqlı duruma salacaq. Bəli, Dünya Bankı proqnozlarında haqlıdır ki, artım tempi yüksələcək və bundan zərər çəkən yenə də aztəminatlı ailələr olacaq”.
İqtisadçı ekspert Rövşən Ağayev də dünya iqtisadiyyatının ağır mərhələyə qədəm qoyduğu təsdiqləyib: “Son iki ildə dünya köklü dəyişir, hadisələr o qədər sürətlə inkişaf edir ki, nəticədə iqtisadi böhran yaşanır. Koronavirus pandemiyası, Rusiyanın Ukraynaya hücumu, Rusiyaya qarşı sanksiyalar, beynəlxalq münasibətlər sistemində baş verən təlatümlər yeni situasiyanı şərtləndirir”.
“Dünyanın sürətlə qütbləşdiyi və qarşılıqlı mübarizənin pik həddə çatdığı hazırkı şəraitdə əmtəə bazarı dərin böhran keçirir. Təsəvvür edin ki, cəmi bir ilin ərzində iqtisadiyyatda əhəmiyyətli dəyişikliklər baş verib. Son 40 ildə ilk dəfədir ki, dünya iqitisadiyyatı belə bir acı “sürprizlə” qarşılaşır. Bundan bütün sahələr təsirlənir. Enerji, xammal, qida, qeyri-qida, nəqliyyat, turizm, bir sözlə bütün sahələr”, - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, dünyada yoxsulluq səviyyəsi artır və daha da artacağı gözlənilir: “Ölkələrin büdcələri kiçilir və bəzi hökumətlər məsuliyyəti əhalinin boynuna qoymaqla bundan qorunmaq istəyir. Yoxsulluq siyasi sabitlik üçün saatlı bombaya çevrilir. Hər bir dövlət bundan yayınmağa, eyni zamanda büdcə kəsirlərini aradan qaldırmağa çalışır. Hansı ölkələrdə ki etirazlar yüksək səviyyədədir, orada inzibati müdaxilələrlə bahalaşmanın qarşısını alırlar”.
“Qlobal infilyasiya çox böyük risklər yaradır. Aparıcı dünya ölkələrində makroiqtisadi sabitliyin pozulması, digər dövlətlərdə isə yoxsulluq səviyyəsinin daha da artması müşahidə olunur. Təbii ki, baş verənlər ciddi siqnaldır və bundan nəticə çıxarmaq lazımdır. Daxili istehsalı artırmaq, yerli sənayeni inkişaf etdirməklə riskləri azaltmaq olar”, - deyə Ağayev fikrini yekunlaşdırıb.(AYNA)