Dünyada inflyasiya son illərin ən yüksək həddindədir -TƏHLİL + RƏQƏMLƏR
2021-ci il üzrə 30 ölkədə 20 000-dən çox insan arasında sorğu keçirilib və sorğuda iştirak edənlərin yarısından çoxu xərclərinin il ərzində əhəmiyyətli dərəcədə artdığını bildiriblər. İstehlakçılar ərzaq, kommunal, nəqliyyat, hətta xidmətlərlə bağlı xərclərində belə əhəmiyyətli artım hiss ediblər.
Yenixeber.org: Mütəxəssislərin fikrincə, enerji sektorundakı qiymət artımı inflyasiyada əsas drayver rolunu oynayıb. Eləcə də, pandemiyanın səngiməsi ilə karantin rejiminin yumşaldılmasından sonra iqtisadi bərpa ərəfəsində yaranan xammal və hazır məhsul çatışmazlığı da inflyasiyaya təsir edən amillər kimi qeyd edilib.
Dünya iqtisadiyyatında istiqamətləndirici rola malik olan ölkələrdə inflyasiya göstəriciləri son onilliklərin maksimumu həddində olub. Noyabr ayında bir çox ölkələrdə ilin ən yüksək inflyasiya göstəriciləri qeydə alınıb.
ABŞ Konqresinin İqtisadiyyat Komitəsi 2021-ci ilin noyabr ayı üzrə hesabat təqdim edib. Sənəddə inflyasiyanın cəmiyyətin yoxsul təbəqəsinə daha sərt təsir etdiyini təsdiqləyib. ABŞ-da noyabr ayı üzrə açıqlanan illik inflyasiya həcmi 6,8 faiz olub. Bu, 1982-ci ilin iyun ayından bəri ölkədə qeydə alınan ən yüksək inflyasiyası və son 39 ilin antirekordudur. Ölkədə neftin qiyməti 6,1 faiz artıb və paralel olaraq artım ikinci əl avtomobil bazarında, kirayə və qida məhsullarının qiymətlərində də müşahidə olunub. Noyabrda aylıq inflyasiya 0,8 faizi təşkil edib.
Eləcə də, Çində noyabr ayında son 26 ilin ən yüksək inflyasiyası qeydə alınıb. İstehsalçı qiymətləri indeksi noyabrda keçən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz, istehlak qiymətləri indeksi isə illik müqayisədə 2,3 faiz artıb.
Ərzaq məhsullarının qiymətləri 1,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,5 faiz, istehlak mallarının və xidmətlərin qiymətləri 2,9 və 1,5 faiz, yanvar-noyabr aylarında ölkə üzrə istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 0,9 faiz artıb.
Həmçinin, digər nəhəng sənaye ölkələrində olduğu kimi Koreyada da inflyasiya yüksək olub. 2021-ci ilin üçüncü rübü ərzində istehlak qiymətləri 2,6 faiz artıb. Bu, son 9 ilin ən yüksək inflyasiya göstəricisidir. Ərzaq və qeyri-alkoqollu içkilərin qiyməti 2021-ci ilin birinci rübündə 8,2 faiz, ikinci rübündə 7,3 faiz, üçüncü rübündə 5 faiz artıb.
Cənubi Afrikada da inflyasiya ən yüksək hesab ediləcək həddədir. 2016-cı ildən bu yana ilk dəfə Cənub Afrikada qiymət artımı bu qədər yüksək olub. Belə ki, ötən illə müqayisədə 2021-ci ilin noyabr ayında istehsal qiymətləri 8,1 faiz ilə 9,6 faiz arasında artıb. Neft məhsullarının, metal, plastik, maşın və avadanlıqları üzrə illik 22,8 faiz artım qeydə alınıb. Qiymət artımı qida məhsullarında 12,6 faiz, elektrik enerjisində 19 faiz, içkilər və tütün məhsullarında 5,4 faiz olub.
Ümumilikdə enerji məhsullarının qiymətlərində 22,1 faiz artım ümumi inflyasiyadan xeyli yüksək olub. Bu ilin ikinci yarısından etibarən enerji qiymətlərində artım ardıcıl olaraq aylar üzrə davam edib. İl ərzində mazut qiymətləri iki dəfə artıb, yanacaq isə 43,2 faiz bahalaşıb. Təbii qazın dəyərinin 9,6 faiz, elektrik enerjisinin dəyərinin 3,1 faiz artması istehlak məhsullarının qiymətlərini də yüksəldib.
Cari ilin noyabr ayında əvvəlki ilin eyni ayına nisbətən ərzaq qiymətləri 4,5 faiz artıb. Ərzaq qiymətlərində artım taxılın, xüsusilə də buğdanın bahalaşması hesabına yaranıb. Taxılın qiyməti 2020-ci ilin eyni ayı ilə müqayisədə 33 faiz artıb.