Qarabağlılar öz evlərinə niyə oğru kimi getməlidir?
Konstitusiyadan ali qanun yoxdur. Azərbaycan Konstitusiyasının 28-ci maddəsində deyilir. “Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər”.
Yenixeber.org: Vətən Müharibəsi 1 il 4 ay bundan əvvəl olub və bitib. Torpaqlarımız düşmən tapdağından azad edilib. Amma bu müddətdə hələ də insanlar öz ata yurdlarına sərbəst şəkildə gedə bilmir. Sərbəst şəkildə getməyə cəhd göstərənlər isə suçlu hesab olunur.
“İşğaldan azad olunmuş ərazilərə qanunsuz səfər”. Hüquq mühafizə orqanlarının suçlularla bağlı yaydığı açıqlamada bu ifadədən istifadə olunur. İfadədəki təzadı görürsünüz? Həm azad ərazi ifadəsindən istifadə olunur, həm də o ərazilərə getmək qanunsuzluq sayılır. Ölkənin bir ərazisindən digər ərazisinə getmək hansı məntiqlə qanunsuzluq hesab olunsun ki?
Məntiqi bir kənara qoyaq. Axı bizim ali qanunumuz olan Ana Yasamız bu azadlığın hansı halda məhdudlaşdırıla biləcəyini konkret, dəqiq və manipulyasiya edilməyəcək şəkildə özündə ifadə edir. Maddə 71: “Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir”.
Müharibə başa çatıb. Hətta ölkənin birinci şəxsinin dilindən münaqişənin də başa çatdığı elan olunub. Ölkədə müharibə yoxdur. Sual yaranır. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət yoxdursa, habelə səfərbərlik elan edilməyibsə, bu qadağa qanuni baza olaraq nəyə əsaslanıb? Bəyəm torpaqlar işğaldan azad olunmayıbmı? O ərazilər Azərbaycan Respublikasının nəzarətində deyilmi? Azad ərazilərə sərbəst səyahət Ana Yasamızla təsbit olunmayıbmı? Bu sualların cavabı birmənalı olaraq müsbətdir. Amma reallıq odur ki, insanlar işğal zamanı olduğu kimi yenə də öz ata yurdlarına sərbəst gedib gələ bilmir.
Təbii ki, mina təhlükəsi var. Amma axı bu müddətdə böyük ərazilərin minalardan təmizləndiyi elan olunur. O ərazilərə sərbəst giriş-çıxışı təmin etmək bu qədərmi çətindir? Öz evinin xarabalıqlarını görmək üçün insanlar niyə oğru kimi, gizlincə getməlidirlər? Niyə onlar öz evlərinə getdikləri üçün həbs olunmalıdır? Niyə bu “cinayət hadisəsinin” üstü açılanda hüquq-mühafizə orqanıarı araşdırmalara başlamalı, qurum əməkdaşları öz vəzifələrinin öhdəsindən gələ bilmədikləri üçün məsuliyyətə cəlb olunmalıdır? Axı bu dövlət sərhədini qanunsuz olaraq pozmaq deyil. Qarabağ başqa dövlətin ərazisi deyil, BMT tərəfindən tanınmış, Ali Baş Komandanın və qəhrəman əsgərlərimizin cəsarəti sayəsində terrorçulardan təmizlənmiş, Azərbaycan Respublikasının nəzarəti altına keçən bölgəmizdir. Ora səfər edib cinayətdə ittiham olunanlar da Azərbaycan Respublikasının vətəndaşlarıdır.
Bu nümunə görəsən harada var ki, insan öz vətəninə gizli şəkildə getməyə məcbur olsun. Öz evinə, öz yurduna? Başqa yerə yox. 30 ildir yuxularında gördükləri ata torpaqlarına...
Suallar həqiqətən çoxdur. Bu sualları yaradan isə reallıqlardır. Bizim hələ də dərk edə bilmədiyimiz, izahı olmayan reallıqlar.
Və ən pisi də odur ki, vətəndaşların Konstitusiya ilə təsbit olunmuş hüquqlarının - ölkə ərazisində sərbəst hərəkət hüququnun nə zaman bərpa olunacağı haqda heç bir fikir yoxdur. Və bu olmadıqca insanlar yenə də öz evlərinə oğru kimi getməyə məcbur olacaq və onlar öz evlərinə getdiyi üçün həbs cəzası alacaqlar.
Məncə bu problemlər qısa müddətə həll olunmalıdır: Qarabağ mövzusu şou səviyyəsinə enmədən, “Qarabağ Azərbaycandır” şüarının üzərinə hər hansı kölgə düşməsinə imkan vermədən. (yenisabah)