Çingiz Qənizadə: “Qanunda müddət nəzərdə tutulmayıbsa, o zaman tədavül müddəti nə deməkdir?”
Zalihə Tahirova: “Ya çeklərin tədavül müddətini artırsınlar, ya insanların növbəti özəlləşmədə iştiraklarına şərait yaratsınlar, ya da kompensasiya ödəsinlər”
Yenixeber.org: Ötən əsrin 90-cı illərində mərhum Prezident Heydər Əliyevin fərmanı ilə, hər biri dörd paydan ibarət olan özəlləşdirmə çekləri əvəzsiz olaraq vətəndaşlara təqdim edildi. Yenicə müstəqilliyə qədəm qoymuş ölkəmizdə vətəndaşlara vauçerlərin paylanılması böyük ümidlər yaratsa da, proses uğurla təşkil edilmədi. Əhalinin maariflənmə səviyyəsinin aşağı olması, məsələyə məsul dövlət qurumlarının yarıtmaz fəaliyyəti, bəzi işbazların və məmur-oliqarxların sui-istifadə halları milyonlarla insanın hüquqlarının pozulması ilə nəticələndi.
Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var. Hansı ki, 2011-ci ildən etibarən bu vauçerlərin tədavül müddəti başa çatıb. Bu xüsusda ölkə ziyalıları, deputatlar, ictimai-siyasi fəallar, iqtisadçılar tədavül müddətinin artırılması, dəymiş zərərin ödənilməsi təşəbbüsü ilə çıxış edirlər.
İnsan Hüquqları və Demokratiya İnsitutunun rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, çekləri əllərində qalan çoxsaylı vətəndaşlar bu problemin həll edilməsində israrlıdırlar: “Bu çeklər 11 ildən artıqdır dövriyyədən çıxarılsa da, hələ də öz aktuallığını qoruyub saxlayır. Bu prosesdə iştirak edə bilməyən və özəlləşdirmə paylarından istifadə etməyən əhalinin tələbləri nəzərə alınmalıdır. Hesab edirəm ki, bununla bağlı qanunun özündə zidddiyyətli məqamlar var və ilk növbədə buna aydınlıq gətirilməlidir”.
Həmsöhbətimizin sözlərinə görə, “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları haqqında” əsasnamənin beşinci bəndində qeyd olunur ki, çeklərin istifadə müddəti qeyri-məhduddur: “Lakin digər yandan konkret müddət qoyulur ki, 2011-ci ildən özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatıb”.
Hüquq müdafiəçisi hesab edir ki, ortada olan zidiyyətli məqamlar aradan qaldırılmalıdır: “Əgər Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanında çeklərin istifadə müddəti qeyri-məhdud göstəririlibsə, hansı səbəbdən tədavül müddəti başa çatmış elan edilib? Bir daha qeyd etmək istəyirəm ki, bu məsələlərə aydınlıq gətirilməlidir. Bu mənada vauçerləri əllərində qalan vətəndaşların tədavül müddətinin artırılması ilə bağlı tələbləri əsaslıdır. Konstitusiya Məhkəməsi səviyyəsində məsələyə baxılmasına, hüquqi qiymət verilməsinə ehtiyac var. Nəzərə almaq lazımdır ki, çekləri əllərində qalan vətəndaşların böyük bir qismi aztəminatlı insanlardır. Onların hüquqlarının pozulması yolverilməzdir və məsələyə mütləq yenidən baxılmalıdır. Unutmayaq ki, narazıların sayı yüz deyil, min deyil, yüz minlərlədir”.
“Bu əsasnamənin hazırlanmasında və tətbiqində ciddi boşluqlar var. Ola bilər ki, vaxtilə bu fərmana əlavə olaraq hazırlanan əsasnamənin yazılışı zamanı boşluqlara yol verilib. Yəni, müzakirə olunası məqamlar çoxdur. Bütün hallarda özəlləşdirmə payları qiymətli kağızdır və ondan hər bir vətəndaşın istifadəsinə şərait yaradılmalıdır”, - deyə Qənizdə vurğulayıb.
Azərbaycan İnsan Haqları Mərkəzinin sədri Zalihə Tahirova da bildirib ki, özəlləşdirmə çeklərinin çoxu aztəminatlı əhalidə qalıb: “Onları Allahın ümidinə buraxmaq olmaz. İnsanları sosial problemlərlə yükləmək olmaz, onlar bunu qaldıra bilmirlər. Axı bu insanlar yazıqdırlar. Neyləsinlər, necə dolansınlar, nəyə ümid etsinlər? Koronavirus pandemiyası zamanı hər yerdə kütləvi işsizlik oldu. Çoxlu sayda müəssisələr, şirkətlər çökdü. Digər yandan da bahalaşma dalğası”.
“Heç olmasa müəyyən imtiyazlar verilməlidir. Özəlləşdirmə çekləri vətəndaşların halal haqqıdır. Nəyə görə sual olunmalıdır ki, “niyə indiyə qədər satmamısan?” Axı bu, onun hüququdur. O zaman satmayıb, indi satmaq istəyir. Bu məsələnin mənəvi və iqtisadi tərəfidir. Amma hüquqi tərəfləri də var axı”, - deyə müsahibimiz qeyd edib.
Tahirova məsələyə hüquqi müstəvidə aydınlıq gətirilməsini vacib sayır: “Əvvəla bu çeklər verilərkən qeyd olunurdu ki, əvəzsiz və müddətsizdir. Sonradan tədavül müddəti məsələsini ortaya atdılar. Birdəfəlik deyərdiniz ki, “vermirik” də! Daha bu boyda həngaməyə nə ehtiyac vardı? Sözsüz ki, yüzminlərlə vətəndaşın hüquqları bərpa edilməlidir. Onlara şərait yaradılmalıdır ki, əllərində qalan özəlləşdirmə paylarını istifadə etsinlər. Ya tədavül müddətini artırsınlar, ya növbəti özəlləşmədə iştiraklarına şərait yaratsınlar, ya da kompensasiya ödəsinlər. Bunun bir formatını tapmaq lazımdır. Bu formatın necə olacağına gəldikdə isə, bu, artıq hökumətin məsuliyyətidir. Bütün hallarda qanuna istinad olunmalıdır”.
P.S. Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.(AYNA)