Özəlləşdirmə çeklərinin taleyi necə olacaq? -VİDEO
“Vətəndaşların haqqı olan özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılmasının tərəfdarıyam. Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı. O vaxtı bu çeklərdən faydalanan insanlar oldu. Əksər insanlar isə özəlləşdirmə çeklərini qara bazarda satdılar və bu çekləri alan şəxslər qiymətləndirmə əsasında müəyyən sexləri, zavodları özəlləşdirdilər. Lakin bir çox vətəndaş çeklərini qoruyub saxladılar və düşündülər ki, gələcəkdə daha çox faydalana biləcəklər. Təəssüf ki, bu çeklərin yenidən dövriyyəyə buraxılmasına imkan yaradılmadı. Bir neçə il öncə özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması ilə bağlı məlumatlar yayılmışdı, amma heç bir nəticə olmadı.
Yenixeber.org: Hesab edirəm ki, sözügedən məsələyə yenidən qayıtmaq lazımdır. Bu baxımdan özəlləşdirmə çeklərinin tədavülünə dəstək olan millət vəkilləri də haqlıdır. Çünki cənab prezident də hər zaman öz çıxışlarında bildirib ki, insanların haqqları və tələbləri təmin olunmalıdır. Özəlləşdirmə çeklərinin qiymətləndirilməsi müqabilində vətəndaşlara kompensasiya ödənməlidir. Bu, çox vacibdir. Çünki o vaxtı paylanan özəlləşdirmə çekləri vətəndaşların haqqıdır. Hazırda məndə də özəlləşdirmə çekləri var. Bir millət vəkili kimi, özəlləşdirmə çekləri ilə bağlı məsələni müdafiə etməyə hazıram”.
Bu sözləri özəlləşdirmə çekləri ilə bağlı tədavül müddətinin yenidən artırılmasına ehtiyac olduğunu bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev açıqlamasında deyib.
Xatırladaq ki, Keçmiş sosialist düşərgəsinin digər ölkələri kimi, Azərbaycan da mərkəzləşdirilmiş plan sistemdən imtina prosesində çek özəlləşdirməsindən keçib.Rəsmi olaraq "kiçik özəlləşdirmə"yə bizdə 1996-cı ilin mart ayının sonunda, özəlləşdirmə paylarının (vauçerlərin) paylanmasına isə 1997-ci ilin martından başlanıb. Özəlləşdirmə çekləri 2011-ci ilin yanvar ayının əvvəlindən dövriyyədən çıxarıldı.
Lakin, "teleqraf.com" yazır ki, "28 May metrostansiyası qarşısında çek alış-verişi ilə məşğul olanların bir neçəsinə yaxınlaşıb çeklərinin müddətinin bitdiyini desək də, onlar hər bir halda əhalidə qalan çekləri almaq istədiklərini dedilər. Bir pay özəlləşdirmə çekini 3 manata aldıqlarını bildirdilər. Onlardan çeki hara təqdim etdiklərini soruşduqda isə cavab belə oldu: "Əvvəl hara verirdiksə, indi də ora"."
Maraqlıdır, ləğv edildiyini bilə-bilə həmin tərəflər nədən özəlləşdirmə çeklərini almağa davam edir?
Yeri gəlmişkən, onu da qeyd edək ki, keçmiş Kondisioner zavodunun işçisi (mütəxəssis) Aydın Əliyev "MUM.TV" YouTube kanalımızda yayımlanan "Kamalın zamanı" verlişinin qonağı olub. Aydın Əliyev özünün, həyat yoldaşının və 30 nəfər yaxın qohumlarının adına olan özəlləşdirmə çeklərinin əllərində hələ də yararsız vəziyyətdə qalmasından gileylənib. Onun sözlərinə görə, zamanında yuxarıda qeyd etdiyimiz şəxslərlə birlikdə külli miqdarda xərc çəkib, kondisioner zavodunda müəyyən səhmlərə sahib olublar. 2011-ci ildə özəlləşdirmə çekləri ləğv edildiyi üçün artıq, onlar o çeklərlə nə edəcəklərini bilmirlər.
Ətraflı videoda:
Redaksiyamız hər kəsin söz haqqını tanıyır. (DogruXeber.az)