Adı olub, özü olmayan özəlləşdirmə çeklərinin taleyi necə olacaq?-ŞƏRH
Qubad İbadoğlu: “Vətəndaşlara çatmalı olan çeklərin əksər hissəsini rəsmi dairələr öz əlinə keçirdi”
Vüqar Oruc: “Vətən təkcə torpaqdan, havadan və sudan ibarət deyil, Vətən həm də vətəndaşların mülkiyyət toxunulmazlığıdır”
Yenixeber.org: Ötən əsrin 90-cı illərinin sonlarında hər bir vətəndaşa əvəzsiz olaraq verilən 4 çekdən ibarət özəlləşdirmə paylarının tədavül müddəti başa çatıb. Lakin yüzminlərlə insan hələ də bu çekləri saxlayır və nə zamansa yenidən işə yaracağına ümid edir.
Düzdür, çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb və vətəndaşlar onlara məxsus olan vauçerləri sata bilərdilər. Ancaq nəzərə alanda ki, özəlləşdirmə çekləri təyinatı üzrə istifadə edilməyib və faktiki olaraq ölkə vətəndaşları bu prosesdən kənarda qalıb, bu xüsusda prosesi başlamadan bitmiş saymaq olar. Halbuki, özəlləşdirməyə çıxarılan dövlət obyektlərinin 15 faizi öz işçilərinə, 55 faizi çek hərracına çıxarılmalı idi. 30 faizi isə investorları cəlb etmək üçün nəzərdə tutulmuşdu.
Azərbaycan İnvestisiya Holdinqinin yaradılması, əksər dövlət qurumlarının Holdinqin tərkibinə verilməsi, bəzi dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılması ilə bağlı öhdəlik götürməsi özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən uzadılacağı ilə bağlı ümidləri də artırıb.
ABŞ-da yaşayan azərbaycanlı alim, iqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, özəlləşdirmə çeklərindən müəyyən məqsədlər üçün istifadə olunub: “Dünya təcrübəsinə istinad etsək, görərik ki, inkişaf etmiş dövlətlərdə vauçerlərdən kütləvi özələşdirmə zamanı istifadə olunur. Bu qiymətli kağızlar isə bəlli bir müddətdə dövriyyədə qalır. Əsasən bu müddət üç ildən artıq dövrü əhatə etmir. Ölkəmizdə isə özəlləşdirmə çekləri 13 il dövriyyədə qaldı. Baxmayaraq ki, tədavül müddəti başa çatıb, vauçerlər yenə də qiymətli kağızdır. Mən öz payıma düşən çekləri hələ də saxlayıram. Çox təəssüf ki, bu çeklərin əksər hissəsi rəsmi dairələrin əlində cəmləşib. Vətəndaşlara çatmalı olan çeklərdən də məhz onlar faydalanıblar”.
“Bu gün Azərbaycanda özəlləşdirmə perspektivləri olan çoxlu sayda dövlət müəssisələri mövcuddur. Yeni yaradılan Azərbaycan İnvestisiya Holdinqinin əsas fəaliyyət istiqamətlərindən biri büdcəyə yük olan dövlət qurumlarının özəlləşdirilməsi ilə bağlıdır. Lakin bu prosesdə vətəndaşların iştirakına şərait yaradılacaqmı - açığı, bir o qədər də ümidli deyiləm. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, əksər postsovet ölkələrində vauçerlərdən bəlli məqsədlər üçün istifadə edildi. Düzdür, müəyyən mütərəqqi örnəklər də olmamış deyil. Lakin çoxunda bu proses sadəcə gözdən pərdə asmaq üçün həyata keçirildi. Əslində isə çeklərdən ölkə vətəndaşları bəhrələnə bilərdi. Tədavül müddətinin yenidən artırılması zəruridir. Ancaq bunun baş verəcəyinə inanmıram”, - deyə alim bildirib.
“VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru, iqtisadçı ekspert Vüqar Oruc da deyib ki, proses şəfaf və ədalətli həyata keçirilməyib və məsələyə yenidən baxılmalıdır: “Əslinə qalsa, özəlləşdirmə çeklərinin əvəzsiz vətəndaşlara paylanılması ilə bağlı o zaman mərhum Prezident Heydər Əliyevin fərmanı tarixi qərar idi. Nəzəri olaraq hər şey ideal idi və özəlləşdirməyə çıxarılacaq müəssisələrin əksər payçıları da məhz ölkə vətəndaşları olmalı idi. Çox təəssüf ki, proses şəffaf şəkildə aparılmadı və böyük əyintilərə yol verildi. Əslində burada məqsəd ondan ibarət olmalıydı ki, ölkədə mövcud olan əmlak üzərində vətəndaşların iştirakı təmin edilsin. Rəsmi olaraq bunun belə olduğu deyilsə də, nəticədə yararlanan bir qrup məmur oldu. İndinin özündə də bunula bağlı çoxsaylı məhkəmə iddiaları var və vətəndaşlar öz hüquqlarını bərpa etməyə çalışırlar”.
“Bir halda ki, ortada kütləvi şəkildə vətəndaşların hüquqları pozulub, prosesə yenidən baxılmalıdır. Məsələnin ciddi şəkildə təftiş olunmasına ehtiyac var. Bu, elə də uzaq tarixdə olmayıb. Özəlləşdirmə prosesini həyata keçirən məmurların çoxu hələ sağdır. Onların arasında bu gün də yüksək vəzifələrdə çalışanları var. Müvafiq strukturlar, hüquq-mühafizə orqanları, eyni zamanda dövlət qurumlarında şəffaf idarəetməni təmin etmək öhdəliyini üzərinə götürmüş Azərbaycan İnvestisiya Holdinqi bu istiqamətdə araşdırmalar aparmalıdır”, - deyə həmsöhbətimiz vurğulayıb.
Mütəxəssis hesab edir ki, özəlləşdirmə çeklərinin paylanılması zamanı baş verən neqativ halları ortaya çıxarmalı, həmçinin tədavül müddətini yenidən artırmaqla, heç olmasa, bu dəfə vətəndaşların prosesdə iştirakına şərait yaradılmalıdır: “Nəzərə alanda ki, bu müddətdə dəfələrlə inflyasiya baş verib və proses əsasən rəsmi dairələrin nəzarətində olub, məsələyə aydınlıq gətirilməli və milyonlarla haqqı pozulan vətəndaşımızın hüquqları bərpa olunmalıdır”.
V.Orucun sözlərinə görə, qarşıda özəlləşdirilmə perspektivi olan çoxsaylı müəssisələr, eyni zamanda sahələr mövcuddur: “Hökumətin hazırkı siyasəti ondan ibarətdir ki, dövlət öz yükünü azaltmağa çalışır. Həmin yükün müstəqil və azad sahibkarlığın üzərinə qoyulması nəzərdə tutulur. Burada bir amil diqqətdən kənarda qalmamalıdır. Əgər sonda yenə qazanan tərəf rəsmi mülkiyyətçilər olacaqsa və ya bu dəfə də vətəndaşların hüquqları pozulacaqsa, proses şəffaf şəkildə həyata keçirilməyəcəksə, bu halda prosesin başlanmasına ehtiyac yoxdur. Nəhayət, bu dəfə vətəndaşların özəlləşdirmə prosesində iştirakına şərait yaradılmalıdır. Vətən təkcə torpaqdan, havadan və sudan ibarət deyil. Vətən həm də vətəndaşların mülkiyyət toxunulmazlığıdır”.(AYNA)