Yenixeber.org: Azərbaycanda vaxtaşırı ictimai qınağa məruz qalan, qəzəb və rişxənd hədəfi olan qurumlar arasında Tarif Şurası ön sırada dayanır, – desək, yanılmarıq. Əhalinin maraq və mənafelərinə toxunan qərarları ilə tez-tez günün, bəzən isə həftələrin gündəliyini müəyyənləşdirən Şuranın yetmiş il dünyanın üçdə birinə hökm eləyən, ancaq sonunda özünü buraxan Şura hökuməti ilə nəinki linqvistik, hətta tarixi bağlılığı var.
Azərbaycanda ilk Tarif Şurasını məhz şura, yəni sovet hökuməti yaradıb: 1922-ci ildə. Abramov soyadlı bir şəxsin rəhbərlik etdiyi qurumun əsas işi respublikada minimum əməkhaqqı məbləğini müəyyənləşdirmək olub. Həmin məbləğ qida məhsullarının və istehlak mallarının qiymət indeksinin dəyişməsindən asılı olaraq tənzimlənirmiş…
Bu, qısa tarixi arayışdır.
Tarifin tarixi barədə bir maraqlı fakt isə Fransa ilə bağlıdır. “Mübahisəsiz ödəniş” anlamında olan bu sözü hələ XV əsrdə ərəblərdən götürən fransalılar onu yerli kollegial idarəetmə orqanının hər hansı xidmətə görə müəyyənləşdirdiyi ödəniş mənasında işlədiblər. Məsələn, Tuluza şəhər şurası cəllad xidmətinə görə tarif müəyyən edibmiş…
Görünür, orta əsr Fransasında bu xidmətə tələbat yüksək olub. İndi bizdə benzinə, elektrik enerjisinə, suya, qaza, gündəlik istehlakımızda üstün yer tutan digər mal və məhsullara, xidmətlərə olan tələbat kimi… Orta əsrlərin inkvizisiya təfəkkürü ilə müasir azad bazar düşüncəsi arasında oxşarlıq axtarmaq, təbii ki, Tarif Şurasının bəzi qərarları qədər yersizdir. Amma assosiativ olaraq bu qurumu əhalinin nəinki cibinin, hətta əhval-ruhiyyəsinin “cəllad”ı kimi təsəvvür etməyə müəyyən qədər əsas verir.
Tarixə söykənərək gələn il özünün 100 illiyini təntənə ilə qeyd edə biləcək Azərbaycan Tarif Şurasının bu il oktyabrın 16-na kecən gecə (!) çıxardığı qərarlar, bu baxımdan, isitisna təşkil etmir. Nədənsə, hava qaralandan sonra iclas keçirməyə adət etmiş Şura üzvləri bu dəfə, adətə xilaf, günün günorta çağı təbii qazın və elektrik enerjisinin “ölkədaxili tariflərini tənzimləməyilər”. Bu qəfil qərara hətta belə bir izahat veriblər: “Təbii qaz qiymətlərinin sürətli artımı dünyada, o cümlədən Avropada elektrik enerjisi qiymətlərinin kəskin qalxmasına təkan vermişdir”.
Əslində, bu arqument gülməlidir. Axı, Azərbaycan təbii qazı nəinki özü istehsal edir, həm də xaricə ixrac edir. Deməli, dünya bazarında təbii qazın qiymətinin artması bizm dövlətin iqtisadi maraqlarına cavab verir.
Belə olan halda “gözəgörünməz” Tarif Şurası sadə vətəndaşın iqtisadi maraqlarına niyə zərbə vurur? Dövlət maraqları ilə vətəndaş maraqları niyə bir-birinə qarşı qoyulmalıdır?
Tarif Şurasının bir arqumenti də var: “Təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir”. Bəlkə hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini bu sahədə yanlış idarəçilik səbəbindən üstələyir? Tarif Şurası bunu araşdırıbmı? Təbii ki, yox!
Nəticədə sadə vətəndaşın, yüz minlərlə təqaüdçünün istehlak səbətinə zərbə vurulur. Düzdür, bu artımlara müfaviq olaraq əmək haqlarının və pensiyaların artımı da nəzərdə tutulur. Amma bu, hələ gələn ilin büdcəsində. Yəni, iki ay sonra. Üstəlik əməkhaqqı və pensiya artımlarının nə vaxtdan hesablanacağı da hələ sual altındadır.
Bu ilin son dörd ayında təbii qazın qiyməti orta hesabla 50 faizə, suyun qiyməti 2 dəfəyə, elektrik enerjisinin qiyməti isə 20 faizə yaxın artıb. Tarif Şurasının 16 oktyabr tarixli qərarına əsasən, maaş və pensiyaların artımına qədər əhali təbii qaz istehlakı normasını (illik 1200 kubmetr) 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox işlətdikdə isə 25 qəpik əlavə pul ödəyəcək. 1200 kubmetrədək hər kubmetrin qiyməti 10 qəpikdir. Elektrik enerjisinə görə isə hər kVts üçün ortalama 2 qəpik artıq ödəniş olacaq.
Tarif Şurasının qərarı bazarda gündəlik tələbat mallarının qiymətinin indidən 30-50 faiz bahalaşmasına səbəb olub. Gələn ildən artırılması nəzərdə tutulan əməkhaqqı və pensiyalar bəri başdan tarif siyasətinin yeminə çevrilir.
Bəs, əhalinin aztəminatlı hissəsinin sosial rifahının daha da pisləşməsinə səbəb olan, ölkədə ciddi narazılıqlara gətirib çıxaran bu qərarların qəbul edilməsi mexanizmi necədir?
Tarif Şurasının tərkibi bəllidir: İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Şuranın üzvləri 11 nəfərdən ibarətdir. Bunlar maliyyə, vergilər, ədliyyə, energetika, rəqəmsal inkişaf və nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri, Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləridir. Amma Şurada qərarların qəbul edilməsi mexanizmi barədə ictimaiyyətdə doğru-dürüst məlumat yoxdur. Hətta bir çox hallarda qiymət artımına dair verilən qərarlarda Şura üzvlərin çoxunun iştirak etmədiyi barədə xəbərlər dolaşır və bu məlumatlar indiyədək bir dəfə də olsun, rəsmi qaydada təkzib edilməyib.
Bu məsələnin Milli Məclis səviyyəsində bir neçə dəfə qaldırılması da çox şey deyir. Ayrı-ayrı deputatlar parlament kürsüsündən Tarif Şurasının qərar qəbul etmə mexanizminə yenidən baxılmalı olduğunu dəfələlə səsləndiriblər. Şuranın bir struktur kimi ləğvinə dair çağırışlar da son vaxtlar artıb…
Bir gerçəkliyi indi hamı daha aydın görə bilir: Tarif Şurasına inamsızlıq, etimadsızlıq son illər yüksələn xətlə inkişaf edir. Həm də təkcə ictimai müstəvidə yox, elə siyasi dairələrdə də.
Bu yerdə 2021-ci ilin uyulunda Milli Məclisin Tarif Şurasının təbii qazın tarifləri ilə bağlı qərarını ləğv etdiyini də xatırlatmaq yerinə düşər. 2015-ci ilin yanvarında isə Prezident İlham Əliyev Tarif Şurasının “Aİ-92” markalı benzinin, dizel yanacağı və maye qazın pərakəndə satış qiymətinin artırılması barədə qərarını ləğv etmişdi.
Tarif Şurası niyə əhalinin deyil, hər il dövlət büdcəsindən yüz milyonlarla manat alan iri dövlət şirkətlərinin – SOCAR, “Azəriqaz”, “Azərişıq”, “Azərsu”, “Azərişıq”, AZAL kimi qurumların maraqlarından çıxış edir?
Bəlkə dövlət büdcəsindən ayrılan həmin o dotasiyaları əməkhaqqı və pensiyaların artırılmasına yönəltmək dövlətə və vətəndaşlara daha sərfəlidir?
Şuranın 16 oktyabr 2021-ci il tarixli qərarından sonra bu tip suallar cəmiyyətdə tez-tez sələnir. Cavablar onsuz da olmayacaq, olsa da, qiymət artımına “səbəb” kimi göstərilən söz yığınından fərqlənməyəcək.
Əhaliyə qarşı Şura hökuməti sayağı davranış sərgiləyən Tarif Şurası özünün qiymət siyasətinə yenidən baxmalıdır!
Artıq başqa alternativlər də səslənir. Şuranın ləğv edilərək onun səlahiyyətlərinin Milli Məclisə verilməsi kimi…
Hər necəsə, bu siyasət dəyişməlidir!
Elxan SALAHOV