Utopik “Xəzər adaları”nı dirçəltmək mümkündürmü?
Ekspert: “İndiki şərtlər daxilində onun davam etdirilməsi real görünmür, ona görə ki...”
Yenixeber.org: Xəzər dənizində süni adalar üzərində şəhər yaratmaq kimi iddialı layihənin taleyi hələ də həll olunmamış qalır. Söhbət qalmaqallı iş adamı İbrahim Nehrəmlinin bir çox hallarda utopiyaya bənzədilən “Xəzər adaları” layihəsindən gedir. İş adamının Beynəlxalq Bankdan götürdüyü və qaytara bilmədiyi 800 milyon manat kreditin əvəzində dövlət tərəfindən əl qoyulan layihənin davamını “Azərbaycan Sənaye Korporasiyası” ASC təmin etməlidir.
Bu ASC-nin balansına keçdikdən sonra layihənin gələcək fəaliyyət istiqaməti və tələb olunan investisiyaların araşdırılmasına başlanılıb. ASC-dən Oxu.az-a verilən məlumata görə, bununla yanaşı özəl investorların layihəyə cəlb olunması məqsədilə bir sıra xarici investorlarla danışıqlara başlanılıb və müzakirələr aparılıb: “Layihə haqqında müəyyən məlumatlar investorlara təqdim olunub, lakin mövcud pandemiya şəraiti işlərin gedişatına müəyyən mənfi təsir göstərib. Belə ki, investorların Azərbaycana gələrək əraziyə yerində baxış keçirməsində pandemiya səbəbi ilə əlaqədar müəyyən çətinliklər yaranıb”.
ASC-dən bildirilib ki, bu problemlər aradan qaldırıldıqdan sonra investorlarla danışıqlar davam etdiriləcək və görüşlər təşkil edilərək, əraziyə baxış keçiriləcək. Əlavə olaraq qeyd edilib ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı kimi, Təhvil-Təslim Komissiyasının 10 aprel 2019-cu il tarixli 21 saylı qərarı ilə “Avesta Konserni” MMC-yə məxsus olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 500 hektar torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər (“Yeni şəhər” kompleksi) “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib.
Xatırladaq ki, “Xəzər adaları” layihəsi “Avesta” şirkətinin təşəbbüsüdür. Dəyəri 100 milyard dolları təşkil edirdi. Bu vəsait hesabına dənizin 1 km içərisində 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və “Azerbaijan Tower”ın (Azərbaycan qülləsi) tikilməsi nəzərdə tutulurdu. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilirdi.
2015-ci ildə İbrahim Nehrəmlinin mətbuata verdiyi məlumatda "Xəzər adaları"nın ("Khazar İslands") ümumilikdə 78 süni adadan ibarət olacağı, həmin ilədək onlardan beşinin yaradıldığı, birində isə binaların inşa olunduğu qeyd edilib. İş adamı 2015-ci ilin aprelinədək layihənin həyata keçirilməsinə 1 milyard 157 milyon dollar vəsait xərcləndiyini, bunun cəmi 57 milyon dollarının Azərbaycan Beynəlxalq Bankının verdiyi kredit, qalan məbləğin isə özünün şəxsi vəsaiti olduğunu bəyan edib: "Xəzər adaları"nda salınan şəhərin birinci mərhələsini başa çatdırmaq üçün əlavə 2 milyard dollara ehtiyac var. Əgər 2 milyard dollar da olsa, ən geci 2020-ci ilədək birinci mərhələdə nəzərdə tutulan tikinti işləri başa çatacaq. Birinci adadakı mənzillərin və obyektlərin satışından 7-10 milyard dollar gəlir əldə ediləcəyi gözlənilir ki, buradan əldə olunan gəlirlə növbəti adalar tikiləcək. Bu isə o deməkdir ki, "Xəzər adaları"nda işləri davam etdirmək və tamamlamaq üçün cəmi 2 milyard dollara ehtiyacı var".
Ada-şəhərin uzunluğunun 10, eninin isə 6 km olması nəzərdə tutulurdu.
Şəhərdəki binalardan mənzillərin satışına başlanıldığını söyləyən şirkət prezidenti qeyd edib ki, mənzillərin 1 kvadrat metri 5000 dollara satılır: "Burada yaşayan evindən bulvara, ticarət küçəsinə çıxa biləcək. Şəhərdə bütün infrastruktur qurulacaq. Qranitdən salınacaq yolların altı qaraj olacaq. Hər məhəllənin məktəbi, bağçası, idman zalı, çimərliyi və digər infrastrukturları olacaq. Tikilən mənzillər təmirli, mebeli ilə birlikdə təhvil veriləcək. Bu işlərə görə qiymət 5000 dollardır. Belə bir şərait heç bir yerdə yoxdur. Bu gün qiymətlər 5000 dollardır, iki ildən sonra isə ən azı 7000 dollar olacaq. Hazırda 200 ev satılıb. Layihəyə xaricilər daha çox maraq göstərirlər, 200 evdən 180-ni də məhz xaricilər alıblar. Mənzillər şirkət üzərindən illik 4 faiz dərəcəsi ilə 15 ilədək ipoteka ilə də satılır".
İ.Nehrəmli bu və ya buna bənzər açıqlamaları çox vermişdi. Lakin 2015-ci ildə Beynəlxalq Bankdan alınaraq qaytarılmayan milyardlarla manatın taleyi araşdırılarkən məlum oldu ki, onların əksrəiyyəti yalandan başqa bir şey deyil. Əksər mütəxəssislərin reallaşmasını mümkün hesab etmədiyi layihə borcların əvəzində dövlətin boynuna yükləndi. İndi isə dövlət onu hər hansı formada dirçəltmək, itirilən vəsaitlərin heç olmasa bir qismini geri qaytarmağa çalışır. Bəzi məlumatlarda layihəyə ərəb investorların cəlb olunacağı bildirilir. Bu, nə qədər realdır? Dövlət bu layihəni hansı şərtlər daxilində dirçəldə bilər?
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, “Xəzər adaları” Azərbaycanın indiki inkişaf səviyyəsi üçün çox erkən ortaya atılmış layihədir: “Layihəni hazırlayan şirkətin özü də onun nə zaman reallaşacağını, hansı həcmdə gəlir gətirəcəyini dəqiq hesablamamışdı. İndiki şərtlər daxilində isə onun davam etdirilməsi real görünmür. Əvvəla, ona görə ki, pandemiyanın təsiri ilə qlobal səviyyədə investisiyalara ehtiyac kəskin artıb. Hazırda investisiya bazarında tələb təklifdən qat-qat üstündür. Belə şəraitdə “Xəzər adaları” kimi ambisiyalı layihəyə investor tapmaq çox müşkül məsələdir. Digər tərəfdən, bu layihə kimi layihələr əsasən zəngin resurs gəlirləri olan Şərq ölkələrində irəli sürülür. İndiyədək başladılan analoji layihələrin hansısa ciddi uğur qazandığını söyləmək mümkün deyil. Neft-qaz gəlirlərindən asılı olan ərəb ölkələri də pandemiyanın ağır təsirlərini yaşamaqdadır. Bu ölkələrdə vəsaitlərin hərəkəti dövlət tərəfindən ciddi nəzarətə götürülüb. Buna görə də hətta ərəblərin də indiki şəraitdə bu layihəyə vəsait yatıracağını gözləmirəm”.
Ekspert hesab edir ki, yaxınmüddətli dövrdə “Xəzər adaları”na hansısa investorun maraq göstərməsi gözlənilən deyil: “Hətta dövlət ən yüksək güzəştlərə getsə belə, kimlərinsə layihəyə irihəcmli vəsait qoyacağı real deyil. Dövlətin özünün isə belə imkanı faktiki olaraq yoxdur. Qarşımızda işğaldan azad olunmuş torpaqların bərpası, pandemiyanın iqtisadiyyata təsirlərinin aradan qaldırılması kimi ağır işlər durur. Bu gün Bakının özündə tikilmiş göydələnlərdəki mənzillərəalıcı tapmaq olmur, ola ki, dənizin ortasında yüksək qiymətə satılacaq mənzillərə, yaxud ofislərə. Bir misal deyim, Qətər kimi varlı ölkədə tikilən göydələnlərdə ofis və mənzillərin yarıdan çoxu hazırda boş qalıb. Çünki bir-birindən yüksək, bahalı binalarda icarə xərcləri çox yüksəkdir, iş adamları belə xərclərə gedə bilmirlər. Bakıda da eyni vəziyyət yaranmaqdadır. Tikilən biznes mərkəzlərin əksəriyyətində yerlər boşdur. Bütün bunları nəzərə alsaq, yaxın müddətdə “Xəzər adaları” layihəsinə hansısa investorun maraq göstərəcəyi real deyil”.
Qeyd edək ki, İran da Xəzər dənizində ada yaratmaq fikrinə düşüb. Cənub qonşumuz dənizdə süni ada yaradaraq, orada istirahət və əyləncə mərkəzi inşa etmək niyyətindədir.
Bunu Xəzər dənizinin sahilində yerləşən Nouşəhr şəhərinin meri Əli Əmani söyləyib. O bildirib ki, sahildən 1 kilometr aralıda yaradılacaq adanın ərazisi 18 hektar olacaq. Süni adada 300 kater tutumu olan liman, 5 ulduzlu otel, restoranlar, idman kompleksi, hovuz, helikopter meydançası tikiləcək. Süni adanı sahillə geniş yol birləşdirəcək.
Ə.Amani diqqətə çatdırıb ki, adanın layihələndirilməsi işlərinə İranın turizm təşkilatı da cəlb edilib. Çünki bu layihənin həyata keçirilməsində məqsəd İranın turizm sektorunu inkişaf etdirməkdən ibarətdir. O deyib ki, “Negin” parkının qarşısında yaradılacaq adanın dizaynı və ilkin araşdırmaları “Pars Sazeh Şirkəti” tərəfindən həyata keçirilib. Bələdiyyə sədri qeyd edib ki, adanın dənizdə yaradılmasına dövlət və özəl investorlar cəlb olunacaq. Bunun üçün artıq elan verilib.
Dünya SAKİT,
Musavat.com