“Xəzər adaları” projesi “ağ fil” layihəsi oldu
“Avesta Konserni”nin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmli israrla “Xəzər adaları” layihəsinin gerçəkləşəcəyini desə də, ortada reallaşan heç nə yoxdur.
Xeberinfo.com: İqtisadçı Natiq Cəfərli Modern.az saytına danışarkən bunu daha çox “ağ fil” layihəsinə bənzədib. O, layihənin boş səs-küydən başqa bir işə yaramadığını deyib:
““Ağ fil” layihəsinin mahiyyəti ondan ibarətdir ki, böyük səs-küy yaradılır, amma reallaşması üçün ciddi iqtisadi əsaslar olmur və sonradan investorların aldadılması ilə nəticələnir. Çox təəssüf ki, “Xəzər Adaları” layihəsində də bənzəri hadisələr baş verdi. Çünki, həmin sahədə evlərin, biznes mərkəzlərinin o qiymətlərlə tikilməsi və kvadratı 5 min manata qədər olan qiymətlərlə satılması mümkün görünmürdü. Hətta ilkin variantda gələcəkdə 1 milyonluq şəhərciyin salınacağı haqqında söhbətlər gedirdi. Hələ o vaxt layihənin ilkin büdcəsinin 120 milyard dollar olacağı söylənilirdi ki, bu da Azərbaycan reallığı üçün absurd və fantastik rəqəmdir.
Əgər bir ölkədə ümumi daxili məhsulun həcmi 40 milyard dollardırsa, bunun 3 dəfə artıq məbləği ilə bir layihənin həyata keçirilməsi mümkün deyil. Belə ki, ölkə büdcəsi dollarla ifadədə 10 milyarddır. Yəni, büdcəsi ölkə büdcəsindən 12 dəfə çox olan layihənin reallaşması mümkün deyil”.
Ekspert “Xəzər adaları”nı heç bir məntiqə sığmayan, iqtisadi əsasları olmayan layihə adlandırıb:
“Hələ o vaxt xarici investorları ora cəlb etmək imkanları da dəyərləndirildi. Türkiyədən “Ağaoğlu” firmasının, körfəz zonasından ərəb ölkələrinin cəlb edilməsi üçün danışıqlar getdi. Amma xarici investorlar da araşdırma apardıqdan sonra bunun mif, gerçəkləşməsi mümkünsüz layihə olduğunu görüb heç bir maraq göstərmədilər”.
N.Cəfərlinin fikrincə, “Xəzər adaları” sadəcə külli miqdarda vəsaitin göyə sovrulmasına xidmət edib:
“Azərbaycan Beynəlxalq Bankının vəsaiti hesabına bir neçə binanın təməli qoyuldu və tikintisinə başlanıldı. Sonradan mənzillərin satışı belə, həyata keçirilə bilmədi.
Normal insanın kvadratı 5 min manata alması məntiqsiz göründü. Həm də nəzərə alaq ki, həmin sahədə Xəzərin çirklənməsi təqribən normadan 40 dəfə artıqdır. Hər zaman küləkli olan ərazidir və yaxınlığında 2 böyük sement zavodu, bir neçə sənaye müəssisəsi var. Yəni ekoloji cəhətdən də çox bərbad yerdə yerləşir ki, onun gələcək potensialı çox aşağı dəyərləndirilirdi. Gözlənilən də oldu.
Hazırda obyektin sahibinin nə deməsindən asılı olmayaraq, layihənin gerçəkləşməsi mümkünsüz görünür. Çox güman ki, onun hələ də optimist bəyanatlar verməyinin səbəbi götürdüyü öhdəliklərlə bağlı investorların onu gələcəkdə məhkəməyə verib-verməyəcəyilə əlaqəlidir. Hətta onun borc məsələsinin həlli, konkret olaraq Beynəlxalq Bankdan nə qədər kredit götürdüyünə dair doğru-dürüst məlumat verilməyib, yəni nə qədəri qaytarılıb, nə qədəri qalıb və s.”.
İqtisadçı “mən hələ də 5 il əvvəlki fikrimdəyəm ki, bu “Ağ fil” layihəsidir və gerçəkləşməsi mifdən başqa bir şey deyil”,-deyə vurğulayıb.
“Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəri kimi layihələndirilib.
Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb.
Layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır.
Burada eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (Azərbaycan qülləsi) tikilməlidir (tikilərsə dünyanın ən hündür binası olacaq). Eləcə də dünyanın ən böyük məscidinin tikilməsi də planlaşdırılır.
Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır.
Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilirdi…