Hacı İbrahimin utopik “Xəzər adaları”nın yeni mülkiyyətçisi açıqlandı-Deputatın rəhbərlik etdiyi Korporasiya..
“Avesta Konserni” MMC-yə məxsus “Yeni şəhər” kompleksi (məşhur nehrəli Hacı İbrahimin utopik “Xəzər adaları” layihəsinin bir hissəsi) “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansına verilib.
Yenixeber.org: ASC-dən yayılan açıqlamada deyilir ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı kimi, Təhvil-Təslim Komissiyasının 10 aprel 2019-cu il tarixli 21 saylı qərarı ilə “Avesta Konserni” MMC-yə məxsus olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 499,9573 ha torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər (“Yeni şəhər” kompleksi) “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib.
“Yeni şəhər” kompleksinin gələcək inkişafı baxımından texniki və iqtisadi cəhətdən yenidən əsaslandırılması üçün yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. Mütəxəssislər tərəfindən yekun rəy verildikdən sonra, layihənin davam etdirilməsi, gələcək inkişaf perspektivləri, investorların axtarışı barədə qərar qəbul ediləcək.
Xatırladaq ki, “Xəzər adaları”, yaxud bu layihənin təxminən 1.2 milyard dollara başa gələn hissəsi yüz milyonlarla dollar kredit əvəzində Azərbaycan Beynəlxalq Bankında girov qoyulmuşdu. Bankın keçmiş rəhbərliyi iqtisadi səmərəliliyi böyük şübhə doğuran bu layihəyə yüz milyonlarla dollar dövlət vəsaitini axıtmışdı. Sonradan “kredit oliqarxları”nın ovu başlayanda Hacı İbrahimi də həmin pullara görə “Bandotdel”ə aparmışdılar, amma pullar çoxdan dənizə axıdılmışdı və onların geri qaytarılması qeyri-real idi. Belə vəziyyətdə bankda girov olan “Xəzər adaları” layihəsi də Beynəlxalq Bankın problemli kreditlərinə görə girov qoyulmuş digər aktivlər kimi “Azəraqrarkredit” ASC-nin balansına verildi.
Bir neçə gün əvvəl isə Hacı İbrahim açıqladı ki, daha onun dövlətə “bir qəpik də olsun” borcu qalmayıb. Çünki “Xəzər adaları”nı dövlətə verib.
”Mən “Xəzər adaları”nı Məmməd Musayevin sahibi olduğu “Aqrarkredit” qeyri-bank kredit təşkilatına vermişəm. Onlar da bu ərazini və üzərindəki yarımçıq tikililəri millət vəkili Kamran müəllimin baş direktoru olduğu “Azərbaycan Sənaye Korporasiyasının” (ASC) balansına keçiriblər”,-nehrəmli İbrahim deyib.
Hacı İbrahim utopik layihəyə dövlət tərəfindən qoyulan qiyməti də açıqlayıb: “Mənim Azərbaycan Beynəlxalq Banka olan borcum buna görə bağlanıldı. Əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi. Banka olan borcumun faiz hissəsi məndən tutulmadığı üçün, əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə, mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum”.(virtualaz)