Yenixeber.org: Yanvarın 4-də Tarif Şurası dizeli 60 qəpikdən 80 qəpiyə (33 faiz), Aİ-92 oktanlı benzinin qiymətini isə 90 qəpikdən 1 manata (11 faiz) qədər bahalaşdırdı. Hökumət qiymət artımı qərarına ağlabatan izahat verə bilmədi, amma vəd olundu ki, bu qərarın mal və xidmətlərin dəyərinin yüksəlməsinə səbəb ola biləcək təsirlərini azaltmaq üçün bəzi sahələrə subsidiyalar veriləcək. Söhbət nəqliyyat, kənd təsərrüfatı subyektləri və ərzaq istehsalçılarından gedir.
Qiymət artımından 40 gün keçsə də, bu vəd özünü doğrultmayıb, aidiyyəti qurumlar da hər hansı açıqlama vermirlər. Amma bazarda başqa problemlər gündəmə gəlib. Yanacağın onsuz da yaxşı olmayan keyfiyyəti daha da psiləşib. Sürücülər şikayət edir. Halbuki Tarif Şurası qiymət artımında əsas hədəflərdən birinin keyfiyyətin yaxşılaşdırılması olduğunu bəyan etmişdi.
Taksi sürcüsü Elşad Qafarov saytımıza bildirdi ki, Aİ-92 oktanlı benzindən istifadə edir:
“Benzinə nə qatırlar bilmirəm, kəskin qaz qoxusu verir, sərfiyyat artıb, maşın pis işləyir, əvvəlki kilometrajı vermir. Məsələn, əvvəl 100 kilometrə çatan yanacaqla indi uzaqbaşı 80 kilometr gedə bilirəm. Yanacaqdoldurma məntəqələrində həmişə aparatda göstəriləndən az vururlar, bunu bilirik və öyrəşmişik. Amma indi lap dözülməz vəziyyət yaranıb. Güman edirəm ki, yanacaqdoldurma məntəqələrinə keyfiyyətsiz yanacaq verirlər, sərfiyyatın artması, avtomobilin pis işləməsi bununla bağlıdır”.
Nəriman Cavadov isə dövlət qulluğunda çalışır, “Mercedes” markalı yeni nəsil avtomobili var. O deyir ki, Aİ-92 benzinindən istifadə edirdi:
“Son vaxtlar üzləşdiyim problemlə heç zaman qarşılaşmamışam. Sərfiyyat azı 20 faiz artıb, kilometraj azalıb. Ustaya müraciət etdim, bildirdi ki, son günlər çoxlu şikayətlər alır, araşdırma zamanı məlum olur ki, yanacaq çox keyfiyyətsizdir, bu da avtomobildə nasasızlıqlara gətirib çıxarır. Usta məsləhət gördü ki, yanacağı dəyişim, onun tövsiyəsi mənə baha başa gəlsə də, məcbur olub, Aİ-92 benzinindən imtina etdim. Problem həllini tapdı”.
Avtomobil təmirçisi Cəbrayıl Vəliyev son vaxtlar sürücülərdən çoxlu şikayətlər aldığını söyləyir. O da yanacağın keyfiyyətinə diqqət çəkdi:
“Elə sürücü olub ki, bir həftədə iki dəfə benzin nasosunu dəyişməyə məcbur qalıb, çünki benzin keyfiyyətsiz olduğuna görə nasos sıradan çıxıb. Yanacağa nə qatırlar, nə edirlər, başım çıxmır, amma maşını məhv edir. Sürücü əvvəl iki-üç aydan bir motor yağı dəyişirdisə, indi az qala ayda bir dəfə yeni yağ alır. Çünki yanacaq o qədər keyfiyyətsizdir ki, qısa müddətdə motor yağını “yeyir””.
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirir ki, artıq yanacağın keyfiyyəti ilə bağlı ciddi şəkildə müvafiq orqanların qarşısında məsələ qaldırmaq lazımdır:
“Benzin və dizelin qiyməti artandan bəri sərfiyyat çoxalıb. Nə sirdirsə, eyni avtomobillərdə eyni həcmdə yanacaq 20-30 kilometr fərq edir. Yəni əvvəl 10 manata 11 litr benzin alıb, 100 km sürənlər indi deyirlər ki, 11 manata yenə də 11 litr benzin alınsa da, sərfiyyat 70-80 km-dən o yana keçmir”.
Muradlı güman edir ki, yanacaqdoldurma məntəqələri ya yanacağı daha çox kəsir, ya da tərkibinə çoxlu qatqı maddələri qatılır:
“Odur ki, artıq bu məsələyə hüquq-mühafizə orqanları qarışmalıdır. Litrdə kəsirlərsə, deməli, cibimizə girirlər və soyğunçuluq edirlər. Qatqı qatırlarsa, lap pis. Deməli, onkoloji xəstəliklər artacaq, ətraf mühit daha çox çirklənəcək. Görəsən, bunların özü, ailəsi, balaları bu havanı udmur? Bu nə qəddarlıqdır edirlər? DİN və DTX-nın bu məsələyə ciddi yanaşacağına inamım böyükdür. Heç kim yaxasını kənara çəkməsin. Hamı birlikdə sözünü desin. Cibimizə girirlər, həyatımızı zəhərləyirlər, bu mafiyaya dur deyilməlidir. Artıq yetər. Yanacaq mafiyası çox irəli getdi”.
İqtisadçı Nemət Əliyev isə “Press Klub”a bildirdi ki, bu vəziyyətin yaranmasına şərait yaradan Tarif Şurası, İqtisadiyyat Nazirliyi və hökumətin özüdür:
“Çünki SOCAR bu yaxınlarda bahalaşma təşəbbüsü edərkən açıq şəkildə demişdi ki, bahalaşmadan il yarım, iki il yarım sonra yanacağın keyfiyyəti yaxşılaşacaq. Təşəbüsün anormallığını hökumət görməli idi. Amma nəzərə almadılar. Hökumət SOCAR-ın bu avantürasını rədd etmək əvəzinə, ona dəstək verdi və benzinin 11%, dizelin isə 33% bahalaşdırılmasına qərar verdi. Heç olmasa, əhalinin ağır sosial vəziyyəti də nəzərə alınmadı. Bu da nəticə: bahalaşma keyfiyyətin pisləşməsi ilə nəticələnib və alıcılara ikiqat zərbə vurulub. Məsuliyyətsizlik, açıq sabotaj ortadadır”.
Əliyev ehtimal edir ki, SOCAR-ın idarəçiliyinə tətbiq olunan yeni mexanizmi şirkət rəhbərliyi özünə etimadsızlıq kimi qiymətləndirib və qəsdən keyfiyyətin pisləşməsini təşkil edib:
“Yaxud, o da ola bilər ki, keyfiyyətli məhsul buraxılışını təmin edən maşın və mexanizmlərin təmir və bərpasında ciddi problemlər və ya ləngimələr əmələ gəlib. Amma nə olursa olsun, belə bir hal yaşanmamalı, bu dərəcədə məsuliyyətsizliyə yol verilməməli idi. Fikrimcə, heç olmasa indi keyfiyyətsiz məhsul satışını həyata keçirməklə vurduğu ziyana görə SOCAR-ı kompensasiya ödənişinə məcbur etmək ümumi işin xeyrinə olardı”.(pressklub)
Turqut