Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Gecəyarı bahalaşma qərarı…

 

         

               Azərbaycan neft istehsalçıları arasında əhalisinə ən baha yanacaq satan ölkədir

Yenixeber.org: 2021-ci ilin ilk iş günü qiymət artımı ilə başladı. Tarif Şurası adətinə xilaf çıxmayaraq gecə saatlarında yanacaq və əmlakla bağlı tariflərin dəyişdirildiyini elan etdi. SOCAR-ın müraciəti əsasında dizel yanacağının qiyməti 60 qəpikdən 80 qəpiyə, Aİ-92 markalı benzin isə 90 qəpikdən 1 manata qaldırıldı.

Əmlak Məsələləri Dövlət Komitəsinin də xahişi yerə salınmayıb və 2009-cu ildə müəyyən edilmiş tariflər orta hesabla iki dəfə artırılıb.

Tarif Şurasının məlumatında bir pozitiv məqam da qeyd olunub ki, SOCAR təbii qaz tariflərinin yüksəldilməsini təklif etsə də, əhalinin sosial vəziyyəti nəzərə alınaraq, Dövlət Neft Şirkətinin əsaslandırması haqlı olsa belə, qiymət artımı təklifi qəbul edilməyib.

Bir ilə yaxındır pandemiya rejimində yaşayan və müharibədən çıxmış Azərbaycanda hökumətin belə tezliklə qiymət artımına gedəcəyi proqnozlaşdırılmırdı. Çünki son 7 ayda əhalinin gəlirlərinin adambaşına düşən həcminin 114 manatdan çox və ya 22% azalması ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə pisləşməsini təsdiq edir. Heç olmasa, orta aylıq əməkhaqqı məbləğinin 40 manat həcmində azalması gözə çarpmalı idi.

Ekspertlər 2021-ci ilin icmal büdcəsində 3 milyard manatdan artıq kəsirin necə örtüləcəyini qızğın müzakirə edirdilər. Əsas ehtimallardan biri özünü doğrultdu – hökumət qiymətləri və cərimələri yüksəltməklə büdcə kəsirini qapatmağa çalışacaq. Xatırladaq ki, dekabrda pandemiya qadağalarının pozulmasına görə hüquqi və fiziki şəxslərə tətbiq edilən cərimələrin həcmi yüksəldilmişdi.

Tarif Şurası qərarını əsasən 3 səbəblə əsaslandırıb:

– Ölkəyə avtomobil idxalının artması;

– Qonşu ölkələrdə benzinin qiymətinin Azərbaycandakından baha olması;

– 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılmasına görə modernləşdirmə xərclərinin yüksəlməsi.

Hər üç arqumentin əslində arqumentsizlikdən Tarif Şurasının qərarının giriş hissəsinə yazıldığı məlumdur. Pandemiyanın iqtisadiyyatı alt-üst etdiyi, əhalini səfalətə sürüklədiyi ölkədə bu cür əsaslandırmalar irəli sürmək yumşaq desək, məntiqsizlikdir. Ölkəyə daha çox avtomobil gətirilməsinin qiymət artımı ilə nə əlaqəsi var? Yaxud, qonşu ölkədə yanacağın Azərbaycandan baha və ya ucuz olmasının bizə nə isti-soyuğu ola bilər? Yeri gəlmişkən, Tarif Şurası əsasən nefti xaricdən alan və orta aylıq əməkhaqqı miqdarının Azərbaycandan üstün olduğu ölkələrlə müqayisə aparıb. Real vəziyyət isə ondan ibarətdir ki, həyat səviyyəsi aşağı olsa da, Azərbaycanda yanacağın qiyməti neft istehsal edən əksər ölkələrdən xeyli bahadır.

Üçüncü arqument ümumiyyətlə, tənqidə dözmür. Dizel yanacağının 1,6 il, Aİ-92 oktanlı benzinin isə 2,6 il sonra AVRO-5 standartlarına yüksəldilməsi niyə istehlakçıların hesabına baş verməlidir? Nefti Azərbaycan özü istehsal edirsə, ona əlavə daşınma və s. xərclər çəkmirsə, zavodlarda yenidənqurma işləri SOCAR-ın hesabına aparılmalıdır.

Belə gülünc arqumentlərin yanına SOCAR-ın təbii qazın bahalaşması təklifinin qəbul edilməməsi cümləsini qoşmaq ictimai fikri manipulyasiya etməkdən başqa bir şey deyil. Tarif Şurası “humanizm” nümayiş etdirərək göstərməyə çalışır ki, heç də bütün bahalaşma təkliflərini qəbul etmir, xalqı da düşünür. Əslində ölkədə mavi yanacağın qiyməti əhalinin gəlirləri ilə müqayisədə hədsiz yüksəkdir. Əhaliyə satılan qazın limitləşdirilməsi (2200 kuba qədər 11 qəpik, ondan sonra 20 qəpik) isə absurd və soyğunçu qərardır. Xüsusən həyət evlərində yaşayan əhali ilin soyuq aylarında qazın kubmetrinə 20 qəpikdən pul ödəməyə məcbur olur. Bu şəraitdə yenidən qiymət artımına getmək ciddi etirazlara səbəb ola bilərdi. Bunu Tarif Şurası da gözəl bilir, elə SOCAR da.

Ekspertlər qiymət artımının nəqliyyat və aqrar sektora ciddi təsir göstərəcəyini, zəncirvari reaksiya ilə əksər sahələrdə mal və xidmətlərin maya dəyərini yüksəldəcəyini bildirirlər. Nəzərə alsaq ki, 33 faiz bahalaşdırılan dizel yanacağının 30 faizi kənd təsərrüfatında, 70 faizi isə nəqliyyatda istehlak olunur, bu da avtomatik olaraq qiymətlərin qalxmasına gətirib çıxaracaq.

Hökumət bildirir ki, hər iki sahədə bahalaşmanın qarşısını almaq üçün tədbirlər görəcək. Kənd təsərrüfatında subsidiyaların həcmi artırılacaq, habelə nəqliyyat şirkətlərinə kompensasiya ödəniləcək. Amma kompensasiya mexanizmləri məlum deyil, Tarif Şurası bu ayın sonunda hökumətin təkliflər hazırlayacağını bildirib. Bu dəstək konsepsiyası da məntiqdən kamil deyil. Əgər dövlət adıçəkilən sahələrdə qiymətlərin yüksəlməsinin mənfi təsirlərindən narahatdırsa, o zaman bahalaşmaya getməyə nə ehtiyac vardı? Əlbəttə, təcrübə göstərir ki, belə dəstəklər adətən cüzi olur, bir müddət sonra qiymət artımlarına getməkdən başqa çıxış yolu görünmür. Hökumətə lazımdır ki, indiki məqamda qiymət artımları zəncirvari formada sosial narazılıqlara rəvac verməsin. Bir müddət sonra nəqliyyatda, kənd təsərrüfatı mallarında qiymətlərin artması isə ajiotaj doğurmayacaq.

Yekunda onu qeyd edək ki, Azərbaycanda ümumiyyətlə, qiymət artımı mexanizmi doğru deyil. Əhalinin sosial vəziyyətinə bilavasitə təsir göstərən qərarlar əvvəlcə ictimaiyyətin müzakirəsinə təqdim edilməlidir. Tarif Şurası parlamentə dəvət edilib, onun mövqeyi, əsaslandırmaları müzakirə olunmalıdır, hökumətin kompensasiya şərtləri açıqlanmalıdır və s… Gecəyarı, doğru-dürüst izahat vermədən qiymətləri artırıb, insanları çıxılmaz vəziyyətdə qoymaq hökumətin öhdəlikləri ilə ziddiyyət təşkil edir.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam