DAHA BİR TİKİNTİ DƏLƏDUZLUĞU... -Podratçı şirkət saxta arayışlarla vətəndaşlara mənzillər satıb
Azərbaycanda tikinti şirkətlərinin dələduzluğu, vətəndaşları və dövləti aldatması son illər ən çox təsadüf olunan cinayətlərdən biridir. Təsadüfü deyil ki, xeyli sayda tikinti ilə məşğul olan şirkətin rəhbəri məhz buna görə həbsə alınıb. Belə şirkətlərdən biri "İdeal-V” MMC-dir.
Yenixeber.org: Şirkətin rəhbərliyi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə “Alyans-Z” Mənzil Tikinti Kooperativinin sifarişi əsasında inşa etdiyi binadakı mənzilləri məhz saxta arayılarla müxtəlif insanlara sataraq dələduzluq etdiyinə görə həbsə alınıb. Belə ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq zamanı müəyyən olunub ki, “İdeal V” tikinti şirkətinin direktoru Çingiz Məmmədovun adıçəkilən şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindın istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə yaşayış binasındakı mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min manat məbləği ələ keçirmələri müəyyən edilib.
Hər ikisi dələduzluq və vəzifə saxtakarlığında ittiham olunaraq həbs olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qərarı ilə İsa Məmmədov 11 il, Çingiz Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrum olunublar.
Ancaq verilən məlumatdan belə məlum olur ki, “İdeal V” tikinti şirkətinin rəhbərliyi yalnız vətəndaşları aldatmayıblar. Eyni zamanda müqavilə əsaında ona sifariş verən şirkəti də aldadıb, heç bir hüququ olmadığı halda “Alyans-Z” MTK-nın sifarişi əsasında tikdiyi binadakı mənzilləri sataraq, pullarını mənimsəyib. Bu dələduzluq faktında hazırda həmin binada yaşayan bəzi şəxslər də iştirak edib.
Bununla bağlı “Alyans-Z” Mənzil-Tikinti Kooperativinin təsisçiləri və rəhbərliyi tərəfindən saytımıza təqdim olunan məktubda bildirilir:
“Bildiririk ki, “Alyans-Z” Mənzil Tikinti Kooperativi 29.06.2004-cü il tarixdə yaranmış və müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. “Alyans-Z” Mənzil Tikinti Kooperativi, Nizamnaməsində göstərilən fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə, torpaq sahəsinin ayrılması və həmin sahədə yüksək mərtəbəli çoxmənzilli binanın tikintisinə icazə verilməsi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bunun əsasında da, Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamları ilə, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədə 0.673 ha torpaq sahəsi ayrılmaqla, təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun olaraq tikintinin İnşaat Pasportu aidiyyatı orqanlarla razılaşdırıldıqdan sonra, binanın tikintisinə də icazə verilmişdir.
Bundan sonra binanın tikintisinin aparılması barədə tərəfimizdən podrat işlərinin həyata keçirilməsi məqsədi ilə “İdeal-V” MMC ilə müqavilə imzalanmışdır. Müqavilədən də aydın şəkildə görsənir ki, mənzil satışının həyata keçirilməsi hüquqları ancaq və ancaq “Alyans-Z” MTK-ya məxsusdur. Bu hüquqların “Alyans-Z” MTK-ya məxsus olmasından hər kəsin, o cümlədən “İdeal-V” MMC-nin, “Nəsimi-19” MMMC-nin rəhbərliyinin, həmçinin saxta sənədlərlə mənzilləri əldə etmiş hər kəsin xəbərinin olmasına baxmayaraq, onlar bilə-bilə bu cür qanunsuzluqlara əl atmışlar. Bundan başqa həmin şəxslərə o da məlum idi ki, saxta sənədlər əsasında əldə etdikləri mənzillər bizə məxsus olmuşdur.
Bütün bunlardan xəbərdar olan şəxslər arasında bizə məxsus binadan mənzillərin əldə edilməsi ilə bağlı bağlanılan müqavilələr əvvəldən etibarsız müqavilələr olmuş və bu, onlar arasında olan başqa əqdi pərdələmək niyyəti ilə həyata keçirilmişdir.
Belə ki, “İdeal-V” MMC-i ilə ayrı-ayrı vətəndaşlar arasında bağlanan həmin müqavilələrdən görünür ki, bizə məxsus mənzillər həmin vətəndaşlara bazar qiymətlərindən 2-3 qat aşağı qiymətlərlə satılmışdır. Bu onunla bağlı olmuşdur ki, “İdeal-V” MMC-nin rəhbərliyi həmin şəxslərdən pulları faizlə götürdüklərindən, götürülmüş pulların təminatı kimi də “İdeal-V” MMC-nin adından onlara yuxarıda qeyd olunan etibarsız müqavilələr və borcun olmaması barədə maliyyə arayışları təqdim olunmuşdur.
Belə olduğu halda da, məntiqli sual yaranır: necə ola bilərdi ki, sovet vaxtlarından həmin ərazidə köhnə tikililərdə evlərin bazar qiymətinin dəyəri hər kvadrat metri üçün 2200-2500 manat olduğu halda, yeni müasir tikililərdə mənzillərin hər kvadrat metri üçün 700-900 manat ödənilsin?!
Bu şəxslərlə “İdeal-V” MMC-i arasında gizli bağlanılan, əvvəlcədən etibarsız və qanunsuz olan bu sövdələşmələrin nəticəsi kimi də aralarında yaranan mübahisələr zamanı, “İdeal-V” MMC-i həmin şəxsərdən, onlara vermiş olduğu müqavilələrin və maliyyə arayışlarının ləğv edilməsi və geri qaytarılması müqabilində pullarının artıqlaması ilə ödənilməsinə söz versə də, razılıq əldə olunmamışdır. Onların bu mübahisələri məhkəmə predmetinə çevrildikdən sonra, həmin şəxslər məhkəmədə bildirmişlər ki, “müqavilələr və maliyyə arayışları” bir şərtlə qaytarıla bilər ki, bazar qiymətlərinə uyğun olaraq “İdeal-V” MMC-i tərəfindən onlara hər kvadrat metri üçün 2500 manat pul ödənilsin. Bakı Apellyasiya Məhkəməsinin hakimi Mədinə Bağırova onların öz aralarında olan məhkəmə prosesində də qeyd etmişdir ki, həmin binada mənzillərin satışı yalnız “Alyans-Z” MTK tərəfindən həyata keçirilə bilərdi.
Beləliklə, Kooperativ tərəfindən inşa edilmiş həmin binanın bir müddət nəzarətsiz qalmasından istifadə edən podratçı təşkilat “İdeal-V” şirkətinin rəhbərliyi, binadakı mənzillərin bir qismini, buna heç bir hüququ olmadan yuxarıda göstərilən yollarla, saxta müqavilələr tərtib etməklə vətəndaşların adlarına sənədləşdirmişdir. Bunlardan biri kimi, binanın 3-cü mərtəbəsində yerləşən 1 nömrəli mənzilAbbasov Qivami Ələddin oğlunun adınadəyərindən 3 qat aşağı qiymətlə rəsmiləşdirildikdən sonra, “Nəsimi-19” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmış və o,həmin cəmiyyətinİdarə Heyətinin sədriseçilmişdir.
Bu cür tərtib edilmiş müqavilələrin hər birindən açıq-aydın görünür ki, həmin ərazidə mənzilin hər kvadrat metri üçün dəyəri 2500 manat olduğu halda, onlar tərəfindən tərtib edilən müqavilələrdə mənzillərin dəyəri real bazar qiymətlərindən 3,4 qat aşağı göstərilmişdir. Hətta, Qivami Abbasov bizim əməkdaşlarla ünsiyyətdə olarkən özü etiraf etmişdir ki, Zeynalov Abbas Əbil oğluadlı şəxs300,000 manatmüqabilində bütün bir mərtəbəni “almışdır”.
Beləliklə də, həmin şəxslər tərəfindən, tərtib edilmiş saxta müqavilələrin, “mənzili əldə etmiş şəxslərin” borcunun olmamasını təsdiq edən saxta maliyyə arayışlarının aidiyyatı dövlət orqanlarına təqdim edilməsi yolu ilə, bizə məxsus mənzillərin özgəninkiləşdirilməsi qanunsuz olaraq həyata keçirilmişdir.
Abbasov Qivami Ələddin oğlu dövlət orqanlarını yanıldaraq, həmin orqanlara “Alyans-Z” MTK-nın adından müraciət edərək, “Alyans-Z” MTK sözündən sonra mötərizədə “Nəsimi-19” MMMC-i sözünü əlavə etməklə bu müraciətlərə “Nəsimi-19” MMMC-nin möhürünü vurmaqla həmin müraciətləri Fövqəladə Hallar Nazirliyinin Ekspertiza İdarəsinə və Şəhərsalma və Memarlıq İdarələrinə göndərmişdir. Bu saxtakarlıqla əlaqədar olaraq tərəfimizdən həmin İdarələrə olan müraciətlərimizdən sonra, onların bizə ünvanladıqları rəsmi müraciətlərində bildirilmişdir ki, həmin qanunsuzluqlar aradan qaldırılmışdır.
Bundan sonra, Abbasov Qivami Ələddin oğlu bizim Kooperativin əməkdaşları ilə əlaqə qurmağa cəhd etmiş, bu məqsədlə onlarla görüşmüş, onun qanunsuz əməlləri ona tam təfsilatı ilə izah edildikdən sonra əməkdaşlarımızı şantaj etməklə yanaşı hədə-qorxu gəlməkdən belə çəkinməmiş, barəmizdə yalan rəy formalaşdırılması məqsədi ilə ayrı-ayrı kütləvi informasiya vasitələrinə müraciət edəcəyini demişdir.
Onun və onunla birlikdə qanunsuz yolla bizə məxsus binanın ələ keçirməsində iştirakçı olmuş hər bir şəxsin qanunsuz əməllərinin qarşısını almaqla onların məsuliyyətə cəlb edilməsi məqsədi ilə tərəfimzdən aidiyyatı üzrə müvafiq orqanalara və məhkəmələrə müraciətlər edilmişdir.
Hüquqlarımızın müdafiəsi baxımından yuxarıda qeyd olunan şəxslərin qanunsuz və əsassız əməlləri barədə qısa da olsa bu arayışı təqdim etməklə yanaşı, bu məsələyə aid binanın bizə məxsusluğunu, həmçinin müraciətdə göstərdiklərimizin düzgünlüyünü təsdiq edən bütün sənədləri təqdim etməyə hazır olduğumuzu bildiririk.
Beləliklə də, “Nəsimi-19” MMMC-nin və Qivami Abbasovun qanunsuz əməllərinin qarşısının alınması, eyni zamanda barəmizdə yalan rəy formalaşdırılmasının qarısının alınması məqsədi ilə mətbuata müraciət etməyi özümüzə borc bildik”. (azpolitika)