Qulu Məhərrəmli:"Bu medianın 70-80 faizi mənəvi oriyentirini itirmiş vəziyyətdədir" (Müsahibə)
Hələ ötən ilin sonlarından anonsu verilmiş orfoqrafiya qaydalarının yeni layihəsi yola saldığımız 2018-ci ildə KİV-də və sosial şəbəkələrdə ən qızğın müzakirə edilən mövzulardan biri oldu. AMEA-nın Orfoqrafiya komissiyasının Nəsimi adına Dilçilik institutu ilə birgə hazırladığı layihə onun müəlliflərinin gözləntilərinin əksinə olaraq kəskin tənqidlə üzləşdi. Xüsusilə layihəyə əlavə edilmiş bəzi yeni müddəalar narazılıq doğurduğundan Komissiya müzakirələri sentyabrdan bu ilin yanvarına keçirməyə məcbur oldu. Ciddi ictimai ictimai müzakirələrdən sonra layihədə narazılıq yaratmış müddəalar qəbul edilmədi.
Tanınmış media eksperti və dilçi-alim, filolofiya üzrə elmlər doktoru, Bakı Dövlət Universiteti Televiziya və radio jurnalistikası kafedrasının professoru, azleks.az elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli Azərbaycan mədəniyyəti və dili mərkəzinin müxbiri ilə müsahibəsində bu məsələlər barədə danışıb.
Yenixeber.org həmin müsahibəni oxuculara təqdim edir:
– Qulu müəllim, sona yetməkdə olan 2018-ci il KİV-də və sosial şəbəkələrdə ədəbi dilin normalarının qorunması ilə bağlı qızgın mübahisələrlə yadda qaldı. Siz baş verənləri necə qiymətləndirirsiniz?
– Baş verənləri hərə fərqli şəkildə izah edib qiymətləndirə bilər, ancaq fikrimcə, burada bir-birilə bağlı olan iki məqam var. Geniş mənada bu hadisələrin səbəbini milli özünüdərk prosesi, milli ruhun ifadəsi olan klassik mədəniyyətin böhran həddinə yaxınlaşması və bəzi sahələrdə ana dilinin qanuni statusu ilə bağlı yaranmış təhlükələrlə izah etmək mümkündür. Dar mənada isə bu proseslər ana dilinin işlənməsində yol verilən nöqsanların kütləviləşməsi, xüsusən telekanallarda, yeni media quruluşlarında, sosial şəbəkələrdə, reklamlarda ədəbi dilin normalarına biganəliklə, bir də gənclərin bir qisminin öz doğma dillərinə laqeydliyi ilə bağlıdır. Bütün hallarda cəmiyyətdə gedən mübahisə və müzakirələri ana dilinin layiq olduğu statusunu qorumaq, bu dilin saflığını gözləmək, ona maraq yaratmaq baxımından müsbət qiymətləndirmək lazımdır.
– Bəs orfoqrafiya qaydalarının yeni layihəsinin bu qədər ciddi etirazla qarşılanmasının səbəbi nə idi?
– Etirazın əsas səbəbi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi altında çalışan Orfoqrafiya komissiyasının müzakirə üçün təklif etdiyi yeni “Layihə”də düşünülməmiş və elmi cəhətdən əsaslandırılmamış bəzi məntiqsiz təkliflərin yer alması olmuşdur. Həmin təkliflər, nəinki Azərbaycan dilinin daxili strukturuna və lüğətçiliyin tarixi-ənənəvi prinsiplərinə zidd idi, həm də ümumiyyətlə, mövcud orfoqrafiya yaradıcılığı təcrübəsini nihilistcəsinə inkar edirdi. Məsələn, layihənin 37-ci maddəsində təklif olunurdu ki, dilin lüğət tərkibində sabitləşmiş ərəb-fars mənşəli bəzi sözlərdə və qrammatik formalarda qoşa “y” hərfindən biri ixtisar olunsun. Zahirən cazibədar görünən, amma dilin sabitliyini sarsıda biləcək (təxminən 1500-dən çox əsas və törəmə söz dəyişməli idi) bu zərərli və qeyri-elmi təklifi akademiyanın bir çox əməkdaşı sırf inzibati asılılıq səbəbindən şairanə şəkildə müdafiə edirdilər. Akademiyanın yüksək elmi adları olan bəzi əməkdaşlarının elmi prinsipləri deyil, hansısa vəzifəli şəxsin barmaq işarəsi ilə yanlışı müdafiə etməsi çox qorxulu tendensya idi.
– Bu məsələdə KİV-lər, hətta qələm adamları da də ikiyə bölünmüş kimi görünürdü, çünki bəzi tanınmış elm və qələm sahibləri də qoşa “y” məsələsində komissiyanın mövqeyini dəstəkləyirdi.
– Xeyr, mediada heç bir bölünmə yox idi, sizə deyim ki, əslində dilin başına nə oyun açılması, geniş mənada media çoxluğunun heç vecinə də deyildi, çünki bu medianın 70-80 faizi mənəvi oriyentirini itirmiş vəziyyətdədir. Sadəcə olaraq, Orfoqrafiya komissiyası özünə yaxın bildiyi qəzet və saytlarda mövqeyini fərasətli bir şəkildə ifadə edirdi. Həm də “islahatçılar” burada məsələni artıq həll olunmuş kimi göstərməyə çalışırdılar. Bu səbəbdən də həmin media qurumları əks mövqeyi işıqlandırmır, Ədəbiyyat və Dilçilik institutlarının əməkdaşlarının palaz-palaz yazılarını çap edirdilər. Dediyiniz tanınmış şəxslərə gəldikdə isə, bəli, onların bəziləri baş verənlərin mahiyyətini elmi baxımdan anlaya bilmir və yalançı “türkçülük” pərdəsi altında dildə aparılan dəlləkliyi dəstəkləyirdilər. Əlbəttə, bəzi ciddi alimlərimizin bu məsələdə sonadək duruş gətirə bilməyib büdrəmələrini müşahidə etmək bizlər üçün çox ağrılı oldu. Amma sayı o qədər də çox olmayan etirazçı filoloq-alimlər müqavimət gücünü daha sistemli, daha inamlı və elmi şəkildə ifadə edirdilər.
– Deyəsən, layihənin narazılıq doğuran başqa maddələri də var idi…
– Bəli, vaxtilə apostrofla yazılmış sözlərin hecadan-hecaya keçirilməsi qaydalarının və bəzi leksik vahidlərin yazılışının dəyişdirilməsini nəzərdə tutan 22 və 69-cu maddələr də elmi cəhətdən yanlış idi. Buna görə də Dilçilik institutundan kənardakı vicdanlı mütəxəssislər həmin maddələrə etiraz edirdilər. Sosial şəbəkələrdə də gedən qızğın mübahisə və etirazların əsas motivi bu idi ki, sözlərin yazılışının təkrar-təkrar dəyişdirilməsi təkcə fikir qarışıqlığına yol açmayacaq, həm də dildə sistemsizlik və çoxvariantlılıq yaradacaq, tədrisdə qarşıya çoxlu çətinliklər çıxaracaq.
Buna görə də də heç bir məntiqə və elmi prinsipə əsaslanmayan orfoqrafiya “islahatı” iflasa uğradı. Bu məsələdə hakimiyyətdəki sağlam düşüncəli insanlarla yanaşı, elm, təhsil, mədəniyyət və media sahəsində çalışan təxminən 200-ə yaxın şəxsin müraciəti də öz rolunu oynadı. Burada fədakar alimlər və orta məktəb müəllimləri xüsusi rol oynadı. Onu da deməliyəm ki, orfoqrafiya müzakirələrində dirijor çubuğunu əlində saxlamış İ.Həbibbəylinin sonradan “biz güzəştə getməsəydik bunlar küçələrə çıxıb ölkədə sabitliyi pozacaqdılar” deyə bu adamları ittiham etməsi tamamilə əxlaqa zidd bir davranış idi.
Göstərilən maddələrin keçməməsi dövləti əlavə xərclərdən, cəmiyyəti narahatlıqdan, ana dilini isə xaosdan və özfəaliyyətdən xilas etdi. Təsəvvür edin ki, təkcə 37-ci maddənin qəbul edilməsi 70-ə yaxın icra hakimiyyətinin, 5-6 nazirliyin və onların çoxşaxəli qurumlarının, bir o qədər də dərsliyin adının dəyişməsinə səbəb olacaqdı. Mən hələ milyonlarla şəxsiyyət vəsiqəsinin dəyişməsinin zərurət olacağını demirəm.
– Bütövlükdə götürəndə Azərbaycan ədəbi dilinin saflığının qorunması və normalarının gözlənilməsinin vəziyyəti necədir?
– Bu məsələdə paradoksal vəziyyət müşahidə olunur. Bir tərəfdən dilin işləkliyi artır, ana dilinin düzgün tətbiqi və işlədilməsi ilə bağlı dövlət səviyyəsində zamanın çağırışlarına cavab verən gərəkli sənədlər qəbul edilir. Digər tərəfdən isə dil praktikasında, o cümlədən teleradio verilişlərində, dublyaj filmlərində, seriallarda, saytlarda, reklamlarda, küçə elanları və afişalarda dilin ədəbi normaları tez-tez və kütləvi şəkildə pozulur. Mən bunların əsas səbəbini adları çəkilən sahələrdə qeyri-peşəkarlığın artmasında, dil məsələsinə məsuliyyətsiz yanaşmada, dil bilgilərinin aşağı olmasında və ciddi tələbkarlığın yoxa çıxmasında görürəm.
– Azərbaycan Prezidentinin 1 noyabr tarixli fərmanı ilə Dövlət Dil komissiyası yanında publik hüquqi şəxs-Monitorinq Mərkəzi yaradılmışdır. Sizcə, “Azərbaycan Respubliakasının Dövlət dili haqqında qanun”, qloballaşma şəraitində Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı “Dövlət Proqramı” və başqa hüquqi sənədlər olduğu halda belə bir Mərkəzin yaradılmasına ehtiyac var idimi?
– Adlarını çəkdiyiniz “Dövlət dili haqqında” qanun da, “Dövlət proqramı” da, digər rəsmi sənədlər də ana dilinin statusunun, ədəbi dilin norma və qaydalarının qorunması baxımından mükəmməl sənədlərdir. Amma bu sənədlərin tələblərinin nə dərəcədə yerinə yetirildiyini obyektiv şəkildə müəyyən edən, ümumiyyətlə dil proseslərinə nəzarət edən konkret bir qurum yoxdur. Dilçilik institutunun olması sizi çaşdırmasın – bu, sadəcə elmi-tədqiqat müəssisəsidir. Buna görə də dövlət dilinin tətbiqinə nəzarət etmək üçün ölkə prezidenti Dövlət Dil Komissiyası yanında büdcədən maliyyələşən “Monitorinq Mərkəzi” publik hüquqi şəxsin yaradılmasını məqsədəuyğun hesab edib.
Bu Mərkəz faktiki olaraq Fransada, Türkiyədə, qonşu Gürcüstanda və başqa yerlərdə səmərəli fəaliyyət göstərən Dil qurumuna bənzər bir strukturdur. Ona görə də indi əsas məsələ bu Mərkəzi effektli bir şəkildə formalaşdırmaqdır. Məsələn, həmin qurum AMEA və ya Dilçilik institutuna oxşayan bir şey olsa onu indidən dəfn etmək lazımdır. Yaxud bu Mərkəz dil praktikasına heç bir fayda verməyən Dilçilik institutu kimi amorf bir təşkilatın bazasında formalaşdırılacaqsa, yenə də ondan əlimizi üzməliyik.
– Nəyə görə Dilçilik institutu ilə bağlı bu qədər pessimistsiniz?
– Bunun üçün mənim ciddi əsaslarım var. Vaxtilə görkəmli dilçi-alim, akademik Tofiq Hacıyev həmin institutun rəhbəri olanda məni bu elmi müəssisəyə təkidlə işə dəvət etmişdi. 2014-2016-cı illərdə Dilçilik institutunda yeni yaradılmış Monitorinq şöbəsinə rəhbərlik etmişəm. Mərhum akademikin köməkliyi ilə o zaman bir sıra ciddi işlər görüldü, dilin işlənməsi ilə bağlı Dövlət Proqramında nəzərədə tutulmuş bir çox müddəaları reallaşdıraq mümkün oldu. Dil yanlışlığına yol verən təşkilatlarla işgüzar əlaqələr quruldu, ən başlıcası isə çox çətinliklə olsa da, “Qaynar xətt” xüsusi proqram üzrə quraşdırılıb işə salındı. Bu işlərin gedişatında bir neçə samballı alimi yaxından tanımağıma baxmayaraq, bütövlükdə institutda müasirlik havasının olmadığını, onun dil praktikasından çox uzaq düşdüyünü, təxminən ötən əsrin 80-ci illərində qaldığını, bir də ciddi kadr qıtlığını gördüm…
Digər tərəfdən, Orfoqrafiya layihəsi ilə bağlı sonuncu müzakirələr göstərdi ki, Ana dilinin taleyini yalnız Dilçilik institutuna, heç bir prinsipial elmi mövqeyi olmayan insanlara tapşırmaq çox qorxulu nəticələr verə bilər. Bax buna görə də mən yeni yaradılacaq Monitorinq Mərkəzinə bir az fərqli ölçülərlə yanaşılmasını arzulayıram.
– İctimaiyyət dil normalarının pozulmasında, əsasən televiziya və radionu günahlandırır. Sizin buna münasibətiniz necədir?
– Burda ictimaiyyətin haqlı olduğu məqamlar çoxdur. AzTV və İTV kimi büdcədən mailiyyələşən və müəyyən ənənəsi olan telekanallarda dil pozuntuları qismən az olsa da, özəl TV-lərdə bu iş, sanki özbaşına buraxılıb. Əsas narazılıq təkcə dil normalarını yox, tez-tez etik qaydaları da pozan şou aparıcılarındandır. Bu aparıcıların bir çoxunun mənfi reputasiyalı olmalarını, onların efirə necə yol tapmalarını bir kənara qoyuram. Problem həm də bu adamların biliksiz, mütaliəsiz, aşağı dünyagörüşlü olmasında, danışıq və davranışlarında ciddi pozuntulara yol verməsindədir. Xəbər və analitik materiallarda Azərbaycan dilinin zənginliyi, cazibədar ifa tərzi görünmür, söz sırası, cümlədə məntiqi məna tez-tez pozulur. Ana dilinin leksik bazası məhdud təqdim olunur, aparıcıların söz ehtiyatı zəifdir. Teleradio şifahi dilə əsaslandığı üçün vurğu və intonasiya səhvləri də baş alıb gedir. Təbii ki, bütün bunlar ağıllı tamaşaçıda narazılıq yaradır.
Əvvəldə adını çəkdiyimiz “Dövlət Proqramı” telekanallarda məlum nöqsanları aradan qaldıra biləcək Dil Şuralarının yaradılmasını nəzərdə tuturdu. 3 il əvvəl bütün telekanallar artıq belə şuraların yaradılması barədə raport verirdi, amma indi məlum olur ki, həmin raportlar sadəcə, gözdən pərdə asmaq üçün imiş, oralarda bu işlə heç kim məşğul olmur. Bəla burasındadır ki, bəzi telekanalların rəhbərlərinin özləri ana dilini yaxşı bilmirlər.
Bir də təkcə teleradio kanalları yox, yeni yaradılmış qeyri-peşəkar saytlar da ana dilinə ciddi zərbə vurur, sadəcə telekanallarda bu qüsurlar dərhal göründüyü üçün adamlarda qıcıq yaradır.
– Belə bir fikir də var ki, telekanallar dolayısı ilə də ədəbi dilə ziyan vururlar. Yəni tamaşaçılar onların hazırladığı aşağı səviyyəli verilişlərdən imtina edərək türk və rus telekanallarının proqramlarına baxırlar. Bu isə təkcə siyasi-mədəni problemlər yaratmır, həm də ortaya ana dili ilə bağlı ciddi problemlər çıxarır.
– Əslində bu, təzə məsəslə deyil. Neçə illərdir ki, yerli telekanalların qüsurlu və aşağı səviyyəli proqramları tamaşaçıları ekrandan küsdürüb. Ona görə də çoxları peyk və ya kabel televiziyası ilə qonşu ölkələrin kanallarına baxır. Rus və ya ingilis dili bilənlər xəbərləri BBC və ya Avronyusdan izləyir, indi bizdə türk seriallarına baxmaq, Rusiya TV-lərinin ictimai müzakirə proqramlarına azarkeşlik etmək dəbdədir.
Təəssüf ki, dövlətin hər il büdcədən 35-40 milyon manat ayırdığı AzTV, təxminən 15 milyon manat verdiyi İTV maraqlı verilişlər hazırlamaqla rəqabət mühiti yarada bilmir. Hazırda İTV-nin yeni rəhbərinə müəyyən ümidlər bəslənilir. “Mədəniyyət” kanalında bəzi babat verilişlər nəzərə çarpmağa başlayıb, amma bunlar da sovet dövrünü yaşamış orta yaşdan yuxarı insanların xoşladığı proqramlardır, yeni forma, yeni arxitektonika, günün problemlərini əks etdirən ictimai müzakirələr, müasir TV düşüncəsi çatışmır. Bütün bunlar o deməkdir ki, Azərbaycan teleməkanını ciddi islahatlar intzarındadır.
– Qayıdaq dil məsələsinə. Bu sahədə ədəbi normaları pozanların cəzalandırılmasına necə baxırsız? Bunun üçün hansısa mexanizmlər hazırlanıbmı?
– Dilçilik institunun direktoru, akademik M.Nağısoylunun son 1-2 ayda dil pozuntularına görə cərimələməyin vacibliyi haqqında həvəslə danışmasına baxmayaraq məncə, hələ belə bir mexanizm hazırlanmayıb. Yəqin ki, Monitorinq Mərkəzinin nizamnaməsi təsdiqləndikdən və müvafiq qanunvericilikdə konkret dəyişikliklər edildikdən sonra bu məsələdə mənzərə tam aydınlaşacaq. Belə güman edirəm ki, ədəbi dil normalarının davamlı və kobud şəkildə pozulmasına görə hansısa cəza növünün tətbiqi labüd olacaq. Amma bunun üçün dilin özünün mükəmməl qaydalar sistemi olmalıdır, böyük mənada mübahisə yaradan bir məqam da qalmamalıdır.
– Son dövrlərdə ümumtürk ortaq ədəbi dili və bütün türk xalqları üçün vahid əlifba yaratmaq ideyaları səslənir. Sizcə Azərbaycan ədəbi dilinə və əlifbasına inamsızlıq nədən qaynaqlanır. Yəni 50 milyon adamın danışdığı bu dil qloballaşma şəraitində özünü qoruyub saxlaya bilmir?
– Bəri başdan deyim ki, türk xalqları üçün ortaq ədəbi dil və ortaq əlifba söhbəti cəfəngiyyatdır, illüziyadan, özünüaldatmadan və populizmdən başqa bir şey deyildir. Yəni mənasız, əhəmiyyətsiz və perspektivsiz bir layihədir. Əlbəttə, daha işlək olan və inkişaf etmiş Türkiyə türkcəsi bu xalqlar arasında ünsiyyət dili kimi qəbul edilə bilər, amma süni yolla, ordan-burdan söz yığıb, guya ortaq türk ədəbi dili yaratmaq, sadəcə mümkün deyil. Ona görə də bu məsələni körükləməklə, qatı “türkçü” obrazı yaratmaq, hansısa mücərrəd əlifba ilə guya türk dünyasını birləşdirmək kimi xülyalara baş qatmaq olamaz. Orfoqrafiya hoqqasını “türkçülük” şüarı ilə başlayıb “azərbaycançılıq”la başa vuran adamlara demək lazımdır ki, ana dilinin üzləşdiyi konkret problemlərlə məşğul olmaq lazımdır.
İkincisi, axı kim, hansı xalq özünün tarixən formalaşmış ədəbi dilindən əl çəkib hansısa akvariumda yetişdirilmiş ortaq dilə meydan verəcək? Kim düşünürsə ki əsrlərin uzun mübarizələrindən keçib gəlmiş və mökəmlənmiş Azərbaycan türkcəsi öz mövqeyini asanlıqla hansısa dilə verə bilər, o yanılır. Bəli, bu gün bizim dilimiz o taylı-bu taylı 50 milyon Azəbaycan türkünün dilidir və hazırda əsas vəzifə qloballlaşma şəraitində bu dilin işləkliyini artırmaq, onun saflığını qorumaq, bu dilə layiq olduğu ehtiramı göstərməkdir. Azərbaycan dövlətinin rəsmi dil siyasəti də buna yönəlib. (atalar.az)