Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

"Kiçik oğlumun 1, böyüyün 50 yaşı var” -Deputatı şallaqlayan Hacı Əbdül (MÜSAHİBƏ, VİDEO)

“Kiçik oğlumun 1, böyüyün 50 yaşı var” - Deputatı şallaqlayan Hacı Əbdül (MÜSAHİBƏ, VİDEO)

“Elçin Behbudovu hamama aparıb, duşun altında tövbə etdirdim”

“3 maşınım vardı, amma parlamentə piyada gedirdim”

Yenixeber.org: Keçmiş millət vəkili, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdülün AzVision.az-a müsahibəsini təqdim edirik:

- Əbdül bəy, sizi daha çox orta yaşlı nəslin nümayəndələri tanıyır, 90-cı illərin siyasi prosesləri ilə yadda qalmısınız. Gənc nəslə özünüzü necə təqdim etmək istərdiniz?



- Həyat tarixçəm çox şaxəlidir. Heç bilmirəm haradan başlayım. 1940-cı ildə Bakıda anadan olmuşam. 1958-ci ildə 161 nömrəli məktəbi bitirmişəm. Sonra o vaxtki Ticarət Texnikomuna daxil olmuşam. Oranı bitirdikdən sonra isə Azərbaycan Politexnik İnstitutunun Avtomobil Nəqliyyatı İstehsalı şöbəsində oxumuşam. Ancaq bununla kifayətlənməmişəm, ədəbiyyata olan marağıma görə filologiya fakültəsində də təhsil almışam. 4 il Odessa Dəniz donanması Mühəndisləri İnstitutunda oxumuşam. Lap axırda İslam Universitetini bitirmişəm. Sərbəst güləş üzrə SSRİ idman ustası, əməkdar məşqçiyəm. Bu sahə üzrə institutda dərs demişəm. 

Həmçinin, ədəbiyyat müəllimi kimi işləmişəm. Gəmi Təmiri Zavodunda çalışmışam. Politexnik İnstitutun Mühərriklər fakültəsində də dərs demişəm. Dediyim kimi, həyatım rəngarəngdir. 

Sovet vaxtı iki institutda oxumağa icazə vermirdilər. Politexnik İnstitutun 4-cü kursuna keçəndə universitetin filologiya fakültəsinə daxil oldum. Anamdan başqa üç il heç kim bunu bilmədi. Gecə və gündüz təhsil alırdım. Eyni gündə həm humanitar, həm də texniki fəndən imtahan verirdim. Onda 3 il yarışlara getmədim. Qorxurdum ki, yarışlarda bu təhsil müəssisələri məni öz tələbələri kimi təqdim edərlər və məsələnin üstü açılar. Nəticədə hər ikisindən qovula bilərdim. Çox prinsipial tələbə idim.



-Güləşçi olduğunuzu dediniz. Yəqin ki, uşaqlığınızdan davaya, qolunuzun gücünü göstərməyə meyilli olmusunuz. 

-Uşaqlıqda çox dəcəl idim. Döyülməyim heç yadıma gəlmir. 14 yaşımdan yarışlara çıxmışam. Yunan məşqçim var idi. 

-İdmançıların həm də həssas qəlbi olur. Yəqin bundandır ki, bir müddət şeir də yazmısınız.

-Filologiya fakültəsində oxuyasan, şeirə marağın olmasın? Siyasi, uşaq və məhəbbət şeirləri yazırdım. 

-Məhəbbət şeirlərini kimə həsr edirdiniz?

-Bu barədə nə danışım... Belə də. (Gülür)



-Doğurdan da həyatınızda rəngarənglik var. Bu saydıqlarınız hara, siyasət hara?

-Siyasət düz yol göstərən deməkdir. Ancaq baxır siyasət kimin əlindədir. Siyasət vətənini, xalqını sevən, dininə məhəbbəti olan adamın əlində olanda gözəl olar. Pulu, vəzifəni, özünü sevən adamların əlində olanda isə çox pis olur. Uşaqlıqdan vətəni sevən adam olmuşam, hadisələrin gedişatından kənarda qala bilməzdim. Buna görə siyasətə gəldim. 

Mən həmişə xalqın içində olmuşam. Bir an, bir saniyə belə xalqdan kənarda olmamışam. 

-Deputat olanda insanlar sizə yaxınlaşa bilirdilərmi?

-Əlbəttə, yanıma çox gəlirdilər. Gözəl günlər idi... İndi millət vəkillərinə yaxınlaşmaq qeyri- mümkündür. O vaxt daha asan idi. Parlamentə piyada gedib, piyada gəlirdim. 3 maşınım var idi. Ancaq ictimai nəqliyyatdan istifadə edirdim. Təyyarə ilə harasa gedəndə, camaatın keçdiyi yerdən keçirdim, növbəyə dururdum. Deyirdim, qoy düşünməsinlər ki, deputatdır deyə maşından düşmür. İnsanlarla ünsiyyətimi kəsmirdim.



-“Tövbə”-nin ideyası necə yarandı? Belə bir cəmiyyəti yaratmaq kimin ağlına gəldi?

-1985-ci il idi. Həmişə yatağımın yanında qələm dəftər saxlayırdım ki, gecə təbim gəlsə, kiçik şeirlər yazım. Bir gün yatıb yuxuda gördüm ki, İrandayam və İmam Xomeyni çıxış edir. Elə gözəl fikirlər deyir ki, gözümü ondan çəkə bilmirəm. Yuxu gördüyümü bilirdim, çalışırdım ki, danışdıqlarını yadda saxlayım və səhər durub xalqa danışım, xalq pis əməllərdən çəkinsin. 

Yuxudan ayıldım ki, gecə dördün yarısıdır. Yadımda ancaq bir fikri qalıb: “Xalq cəsarətli bir sözə möhtacdır”. Bunu dəftərimə yazıb yatdım. Politexnik İnstitutda bir fəlsəfə müəllimi var idi , ona dedim ki, qardaş, belə bir yuxu görmüşəm, ancaq nə məna kəsb etdiyini tapa bilmirəm. Gedib, dostlarıma, yoldaşlarıma deyəcəm ki, içki içməsinlər, ziyanlı vərdişlərdən uzaq dursunlar, o boyda imamı yuxuda görümüşəm. Özüm də içkidən uzaqlaşdım, dostlarıma məsləhət gördüm ki, içməsinlər. Həmin müəllim yanıma gəlib dedi ki, cəsarətli fikir tövbədir. Beləliklə “Tövbə” cəmiyyəti yarandı.

Dağlı məhəlləsindəki gənclərin hamısını tövbə etdirdim. 200 gənci Politexnik İnstitutun idman zalına yığıb tövbə mərasimi təşkil etdim. Həmin günlərdən birində zala iki hündürboy kişi daxil oldu. Sənətlərini göstərib, KQB əməkdaşı olduqlarını dedilər.

Bildirdilər ki, ruslar bizdən şikayət ediblər. Deyiblər ki, “Tək bir”, “Allahu-Əkbər” deyib səs salırıq. “Tək bir”in mənasını soruşdular. Dedim, bir adam xəstəxanaya gedəndə həkim ona dərman verməsə, o, sağalar? Dedilər, xeyir. Dedim, bu uşaqlar da içkiyə, narkotikaya aludə olublar. Dərmanlarını verib müalicə edirəm. Dərman isə “Tək bir”, yəni Allahdır, inamdır. Ağıllarına batdı, çıxıb getdilər. 

Bir neçə dəqiqədən sonra həmin şəxslərdən biri qayıtdı. Dedi ki, mən də tövbə etmək istəyirəm. Dedim haçan istəyirsən, buyur gəl. Həmin adam İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudov idi. Onu hamama aparıb duşun altında tövbə etdirdim. 

Onunla bağlı bu əhvalat heç yadımdan çıxmır. Deməli bu, suyun altında durub, mən də tövbə etdirirəm. Bir də baxdım ki, Elçin əsir. Əlimi kürəyinə qoyub, surələri təkrar etdirəndə gördüm ki, su od kimidir. Sən demə, yadımdan çıxıb, soyuq suyu açmamışam, bu da qaynar suyun altında yanırmış. Üz vurmadım və əlimi kürəyindən çəkmədim ki, qoy tövbənin gücü itməsin. Onunla bərabər mən də yandım. 



-Beləliklə, tövbə edənlərin sayı artdı...

-Maşallah, saysız, hesabsız adamlar tövbə etdilər. Elə olurdu ki, həm atanı, həm də oğulunu tövbə etdirirdim. Kazanda tövbə məscidi tikdirmişdim. Dağıstanda da belə bir məscid var idi. Sosialist ölkələrindən yanımıza tövbə etməyə gəlirdilər. Cəmiyyətimizin 6 dildə nizamnaməsi var idi. Dünyada belə bir cəmiyyət ilk dəfə Azərbaycanda yaradılıb. 

-Tövbə etdirmək üçün hansı metodlardan istifadə edirdiniz? Suyun altında surə oxumaq, şallaq vurmaq?

-1985-ci ildə hamamda tövbə etdirirdik. Məscidə keçəndən sonra tövbənin forması dəyişdi. Bir məsələni də vurğulayım ki, tövbə edənləri bir müddət məsciddəki otaqlarımızda saxlayırdıq. Onları tezliklə evə buraxmırdıq.

Məsciddə böyük idman zalımız var idi. Dövlət bizə güləş üçün ləvazimatlar vermişdi. Gündə 3 dəfə onlarla məşq aparırdım. Narkotikadan tövbə edənlərin bədənlərinin sıxma vaxtı gələndə özüm onları sındırırdım. Bir-biriləri ilə və ya özümlə güləşdirirdim. Həmin adamlar o anı idmanla ötürürdü. Əzan veriləndə idmanı saxlayıb, namaz qılırdılar.

Tövbə edən adam bu bəladan xilas olduğunu, evə getmək istədiyini deyəndə icazə vermirdim. Deyirdim proses əlavə iki ay da davam edəcək.



-Hansı günahlara görə sizə müraciət edirdilər?

- Bizim tövbənin altı şərti var. Pis işlərdən, zinadan uzaq durmalısan, spirtli içkilərdən, narkotikadan istifadə etməməlisən, məzhəb, millət, təriqət ixtilafı yaratmamalısan. Tövbələrimiz bu şərtlər altında olurdu. Xristian da gəlib bizdə tövbə edirdi. Belə adamlardan biri Bakıda tövbə edəndən sonra “Tövbə cəmiyyəti” yaratdı. Onlara “Dom Mariya” adında kilsə də verdilər. Bizim üçün insanın yahudi, xristian və ya müsəlman olmasının, hansı məzhəbdən, təriqətdən olmasının fərqi yoxdur. Millətə qayıtsın, ailəsinə qayıtsın. Qayıdandan sonra Allah istəsə hidayət edəcək.

-Xristian qonağınıza da şallaq vurdunuz? 

-Şallaq bizim "Tövbə”yə böhtandır. Biz şallaq vurmuruq. Tövbə edənə hədiyyə veririk. 

-Nə hədiyyə edirsiniz? 

-Quran kitabında tövbə edibsə, biz həmin Quranı ona veririk ki, qoy evinə girəndə, çıxanda gözünün qabağında olsun, tövbəsini pozmasın. 

-Xanımlar da tövbəyə gəlir?

-Əlbəttə, gəlirlər. Bir yahudi qadın tövbə üçün gəlmişdi. Onların nə üçün, nədən tövbə etdiklərini mən soruşmuram. Sadəcə surəni mən deyirəm, onlar da təkrar edir. 



-Dəfələrlə müsahibələrinizdə tanınmış siyasətçilərin tövbə etdiyi bildirmisiniz. Həmin şəxslərin adlarını çəkə bilərsinizmi? 

-Adlarını deyə bilmərəm. Partiya sədrlərindən çox adam tövbə edib. Bircə indiki deputat Tahir Kərimlinin adını bir neçə dəfə mətbuatda çəkmişəm. O vaxt mən həbs olunanda Ali Məhkəmənin sədri Tahir Kərimli idi. Ona bəlkə də 100-ə yaxın məktub göndərdim ki, mən günahsızam. İşimə baxmırdı, uzadırdı. AXC-nin vaxtından Heydər Əliyev hakimiyyətə gələn günə qədər həbsdə qaldım. Dövran fırlandı, hakimiyyət dəyişildi. Tahir Kərimli tövbəyə gəldi. Bunu yerə uzadıb, şallağı əlimə aldım. Yazdığım məktubları, uşaqlarımın sahibsiz qaldığı günləri xatırladım. Dedim, Allah, mənə güc ver. Ona 3 dənə şallağı elə vurdum ki... Bu, Allahın hökmü idi.

-Ayağa durnadan sonra sizə heç nə demədi? 

-Mənə heç kim heç nə deyə bilməz. 

-Maraqlıdır, siz tövbənizi heç vaxt pozmursunuz?

-Mən elə tövbə etmişəm ki, doğrasalar da tövbəmi pozmaram. Ölərəm, amma tövbəmi pozmaram. Çünki mən tövbənin başında gedirəm. Ölmək olar, amma pozmaq olmaz. Zindanda qarşıma şərtlər qoyurdular ki, onların dediyin eləyim, məni həbsdən buraxsınlar. Etmirdim. Çünki yalan danışa və ya heç kimə şər ata bilməzdim. Səhəri günü şər atdığım adam mənə deyərdi: “Həci, sənə ayıb olsun, mənə şər atdın”.

Rəis mənə dedi ki, ya onların dediklərini eləməliyəm, ya da həbsdə qalıb ölməliyəm. Zərrə qədər qorxum yox idi. Qaldığım kamerada hamını tövbə etdirmişdim, namaza oturtmuşdum. Hətta başqa kameralardan xahiş edirdilər ki, onları da tövbə etdirim. 

Heydər Əliyev hakimiyyətə gələndən sonra həbsxana nəzarətçisi yanıma gəldi. Dedi ki, hazırlaş, Heydər Əliyev səni həbsdən buraxdırır. Həbsdən çıxandan sonra məni Moskvaya müalicəyə göndərdi, səsimə görə əməliyyat olundum. 



-Bildiyimizə görə 12 övladınız var. Onlar sizin yolunuzla gedirmi? 

- Böyük övladımın 50, kiçik övladımın isə bir yaşı var. Böyük uşaqlarım keçməkeşli günlərimə düşdülər, onlara çox diqqət yetirə bilmədim. Allah qismət etsə, onları da haqq yolu ilə apararıq. 

Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam