“Bəzi hacılar içki satır, “moşenniklik” edir” -“Tövbə” cəmiyyətinin sədri
Yenixeber.org: Həcc Allahın vacib buyurduğu əməldir və hər il onun icrası üçün milyonlarla müsəlman uca Tanrıdan günahlarının bağışlanmasını diləmək məqsədilə müqəddəs Kəbənin ətrafına toplaşır.
Həcc ziyarəti həm də hər bir mömin müsəlmanın pulu və canı hesabına yerinə yetirdiyi əməldir. İslam dininə sitayiş edən hər kəsin ömründə heç olmasa bircə dəfə Həccə getməsi vacib buyurulur. Amma bunun üçün bir neçə şərtin yerinə yetirilməsi mütləqdir. Belə ki, ziyarətə gedən müsəlman həddi-buluğa çatmalı, maddi durumu onun səfərə çıxmasına imkan verməlidir. O, səfərdə olarkən ailəsi maddi çətinlik görməməlidir. Bundan başqa, insanın səhhəti qaydasında olmalıdır ki, Həcc əməllərini icra edə bilsin.
Bu müqəddəs ziyarət kiçik və böyük Həcc olmaqla iki yerə bölünür. Kiçik Həcc ziyarəti ilin istənilən vaxtında həyata keçirilə bilər ki, bu zaman Həccin vacib əməllərin bir qismi icra olunur. Bu ziyarəti yerinə yetirən müsəlman hacı adını qazanmır.
Böyük Həcc isə ildə bir dəfə İslam təqvimi ilə Zilhiccə ayının əvvəllərində yerinə yetirilir və daha geniş ibadətlərlə müşayiət olunur ki, onları icra edən müsəlmanlar hacı adı qazanırlar.
Amma aydındır ki, hər kəs ora günahlarının bağışlanması, tövbə etmək üçün getmir. Hacıyam deyib, gözdən pərdə asmaq üçün Həcc ziyarətinə gedənlər də var.
Müşahidələr əsasında demək olar ki, bu gün “mən dindaram”, “hacıyam” deyənlərin bir çoxu yalan danışır. Kimsə Həcc ziyarətinə gedib-gəlir, amma yetimin pulunu mənimsəyir, xalqın malını yeyir. Həccə gedib-gələnləri bir qismi spirtli içki qəbulunu dayandırmır, eyş-işrətdən əl çəkmir, qeybətə, digər pis əməllərə son qoymur. Amma həmin adamların əksəriyyəti utanmadan yenə də Həccə gedirlər. Azərbaycanda da belələri çoxdur. Yeri gələndə öz mənafeyi naminə “mən hacıyam” deyib, bu addan sui-istifadə edən bu insanlar əslində hacılığa ləkə gətirirlər.
“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov da Modern.az-a açıqlamasında belə insanların çox olduğunu təsdiqləyib.
“Sovet hakimiyyəti dövründə Həcc ziyarətinə gedən yox idi. Amma müstəqillik əldə ediləndən sonra Həcc ziyarətinə axın başladı. Kimin qəlbində, arzusunda Həccə getmək vardısa, bu yolu tutdu”.
Hacı Əbdül hər bir sahədə fırıldaqçı, yalançı, ikiüzlü insanların olduğunu bildirib.
“Məsələn, həkimlər var ki, ədalətlidir, işini biləndir. Həkim də var ki, adından, vəzifəsindən istifadə edib millətin anasını ağladır. Bu, onun qanında və canındadır. Hacılar da var ki, Həcc ziyartinə getməkdə məqsədi “hacı” adı altında gizlətməkdir. Hacı yalan danışmaz, içki içməz, fırıldaqlıqla məşğul olmaz”.
“Tövbə” cəmiyyətinin sədri qeyd edib ki, bəzi hacılar Allaha inanmayanlardan da artıq pis iş görürlər.
“İnsanlar da belələrini görüb, hacılara qarşı pis fikir formalaşdırırlar. Belələri Allaha bağlı olan, dinini sevən, düzgün hacılara qarşı inamsızlıq yaradırlar. Elə hacılar var ki, içki satır, “moşenniklik” edirlər. Belələrindən nə düzgünlük gözləmək olar?!”.
Hacı Əbdül bildirib ki, dırnaqarası hacıların olmaması üçün ictimai qınaq lazımdır.
“Hər kəs yaxasını kəna çəkib deyir ki, mənim nəyimə lazımdır... Amma ictimai qınaq güclü olsa, o dırnaqarası hacılar da özlərini yığışdırarlar. Deyir ki, “mən hacıyam, bu işi görə bilərəm”. İctimai qınaq isə belələrini çarmıxa çəkər bilər. Bəzi hacılar Allahdan qorxmur, ona inanmır və çəkinmir. Göz gördüyündən qorxaq. Bunlar əgər ictimai qınağı görsələr, pis əməllərindən çəkinərlər”.