CƏMİL HƏSƏNLİ DEPUTAT MUSA QASIMLIYA BELƏ CAVAB VERDİ
Yenixeber.org: Sabiq millət vəkili Cəmil Həsənli deputat Musa Qasımlının dünən İTV də Cumhuriyyət ilinin başlanması münasibəti ilə Azərbaycan Xalq Cumhuriyyıtini "yıxıb sürüməsi" məsələsinə belə cavab verib:"...Deyir o vaxt ziyalılar Xalq Cümhuriyyətinə qoşulmayıb.” Mən bilmirəm Musa müəllim hansı ziyalıların Xalq Cümhuriyyətinə qoşulmadığın deyir, amma həmin dövrdə Azərbaycanda nə qədər Rusiya və Avropa universitetlərini bitirmiş, Qori seminariyasında təhsil almış ziyalılar var idi, hamısı parlament və hökumətdə, müxtəlif dövlət orqanlarında təmsil olunmuşdular. Ziyalılıq səviyyəsinə görə, birinci Azərbaycan Parlamenti son 15-20 ilin, o cümlədən mənim təmsil olunduğum keçmiş və Musa müəllimin təmsil olunduğu hazırkı parlamentdən də çox yüksəkdə dayanırdı... Parlamentin sədri Əlimərdan bəy Topçubaşov Peterburq İmperator Universitetininin hüquq fakültəsini, müavini Həsən bəy Ağayev Moskva Universitetinin tibb fakültəsini, Müsavat fraksiyasının lideri Məhəmməd Əmin Rəsulzadə Bakı texniki məktəbini, Hökumətin başçılarıı Fətəli xan Xoyski Moskva Dövlət Universitetinin hüquq fakültəsini, Nəsib bəy Usubbəyov Odessa universitetinin hüquq fakültəsini, parlament və hökumət üzvləri Xəlil bəy Xasməmmədov Moskva Dövlət Universitetinin hüquq fakültəsini, Sultan Məcid Qənizadə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunu, Moskva Dövlət Universitetinin hüquq fakültəsini, Şəfi bəy Rütəmbəyli Kiyev Universitetinin hüquq fakültəsini, Məmmədrza Vəkilov Xarkov Universitetinin tibb fakültəsini, Məmməd Yusif Cəfərov Moskva Universitetinin hüquq fakültəsini, Miryaqub Mehdiyev Peterburq Politexnik İnstitutunun iqtisadiyyat fakültəsini, İsgəndər bəy Axundov Krakov Yagilon Universitetiniin hüquq fakültəsini, Musa bəy Rəfiyev və Xudadat bəy Rəfibəyli Xarkov İmperator Universitetinin tibb fakültəsini, Aslan bəy Səfikürdüski Peterburq İmperator Universitetininin hüquq fakültəsini, Baxış bəy Rüstəmbəyov Peterburq Dağ Mədən Akademiyasını, Abdulla bəy Əfəndizadə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunu bitirmişdi. Tanınmış ziyalı Muxtar Əfəndizadə parlament üzvü, Qori seminariyası və Moskva İlyinskinin xüsusi musiqi kursunun məzunu böyük bəstəkar və publisist Üzeyir bəy Hacıbəyli hökumət orqanı kimi "Azərbaycan" qəzetinin baş redaktoru, böyük ədəbiyyatşünas alim Firudin bəy Köçərli hökumətin təşəbbüsü ilə açılmış Qazax müəllimlər seminariyasının müdiri təyin edilmişdi" və s.