Türkiyədə prezidenlik idarə üsulu üçün ABŞ modeli əsas götürülüb
Burhan Kuzu: “Niyyətimiz gələn ilin yayındakı seçkidə Məclisdə Konstitusiyanı dəyişdirməyə kifayət edəcək qədər, o olmasa, yeni Konstitusiya layihəsini referenduma çıxara biləcək sayda mandat qazanmaqdır”
"Xeberifo.com": Türkiyənin prezident üsuli-idarəsinə keçməsi ideyasının müəlliflərindən biri, Türkiyə Böyük Millət Məclisinin Ana Yasa Komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili, professor Burhan Kuzu APA-ya müsahibə verib. Müsahibəni təqdim edirik.
- Partiyanızın qurucu lideri Rəcəb Tayyib Ərdoğanın Türkiyə Cümhuriyyətinin XII prezidenti seçilməsindən sonra gündəliyə gələn 2 əsas məsələdən biri partiyanın yeni liderinin və buna bağlı olaraq, yeni baş nazirin kimliyi və 3 dönəm millət vəkili olanların növbəti seçkidə namizəd ola bilməyəcəyinə dair Nizamnamə maddəsinin ləğv edilib-edilməyəcəyidir. AKP qurucusu kimi bu barədə sizin fikriniz nədir?
- Partiyamızın yeni liderini və buna bağlı olaraq yeni baş naziri səlahiyyətli orqanlarımızda aparılan müzakirə və məsləhətləşmələr müəyyənləşdirəcək. Partiyamız qurulduğu gündən bəri atılan bütün addımlar təşkilatlarımızla məsləhətləşmələr nəticəsində qətiləşmişdir. Qurultay çağırılıb, qurultaya qədər partiyanın yeni liderinin seçilməsi üçün intensiv məsləhətləşmələr aparılacaq və qurultay nümayəndələri qərar verəcəklər.
- Partiyanızda “köhnələrlə yenilər arasında mübarizə olduğuna” dair, xüsusilə, sosial mediada mübahisələr görürük. Bunları necə dəyərləndirirsiniz?
- Bunların heç bir əsası yoxdur. Bizim partiyamız elə bir siyasi qurum deyil ki, orada gənclər təcrübəliləri çıxdaş etməyə çalışsınlar. Hər kəs ona verilmiş vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır, partiyamızın əsas çalışma prinsipi bundan ibarətdir. Sosial mediada yaşanan bəzi müzakirə və mübahisələri normal qarşılamaq lazımdır. Müzakirə və mübahisələr partiyamızda tarazlıqların yaranmasına xidmət edəcək.
- 30 sentyabr 2012-ci ildə keçirdiyiniz IV qurultayınız ərəfəsində baş katibiniz Haluk İpək bizə demişdi ki, indi IV qurultayımızı keçiririk, partiyamızın bir çox qurucusu dördüncü dəfə də yüksək mövqelərdə olacaqlar. Sizcə, “3 dönəm qaydası” dəyişdiriləcəkmi?
- Buna da partiyamızın səlahiyyətli orqanları qərar verməlidir. Mənim və ya başqa birinin bu barədə fərqli düşüncəsi ola bilər, bu barədə fikirlərimizi partiyamızın toplantılarında deyə bilərik, ancaq Nizamnamədə dəyişiklik etmə səlahiyyəti partiyamızın qurultayına aiddir. Əgər bu məsələnin ciddi şəkildə müzakirəsinə və dəyişikliyə ehtiyac olacaqsa, partiyamız bununla bağlı qərarını da verəcək. Bu barədə mənim şəxsi düşüncəm, əlbəttə ki, var, ancaq qurultayın səlahiyyətində olan bir məsələylə bağlı şəxsi fikrimi açıqlamaq istəmirəm.
- Baş nazir və yeni seçilən prezident Rəcəb Tayyib Ərdoğan 2015-ci ilin iyununda keçiriləcək parlament seçkilərində qalib gəlməyin önəmini daima vurğulayır. Sizcə, “3 dönəm qaydası”nın dəyişdirilməməsi partiyanız üçün həyati dərəcədə önəmli olan seçkidə risk təşkil etmirmi?
- Siyasətdə təcrübənin önəmi, əlbəttə ki, böyükdür. Xalq bizi tanıyır, xidmətlərimizi davam etdirəcəyimizi bilir. Ancaq bu, o demək deyil ki, “3 dönəm qaydası” ləğv edilməsə, yəni, biz növbəti seçkidə namizəd ola bilməsək, partiyamızla əlaqəmizi kəsib seçkidə və ya seçkidən sonra partiyamız üçün çalışmayacağıq. Məclisdə olmasaq da, partiyamızın səlahiyyətli orqanlarında və ya dövlətin müxtəlif təbəqələrində yeni vəzifələr tutaraq xalqımıza xidmətə davam edəcəyik.
- Yeni seçilmiş prezident Ərdoğan Türkiyənin üsuli-idarəsini dəyişdirib prezidentlik sisteminə keçəcəyini deyir. Bu ideyanın əsas müəllifinin siz olduğunuzu bilirik. Türkiyə üçün hansı tip prezidentlik sistemini düşünürsünüz? ABŞ, Fransa, yoxsa Rusya tipli prezident sistemi?
- Mən ABŞ sistemini düşünürəm. Çünki o sistemdə güclü prezidentlə yanaşı, güclü və nəzarət edici məclis də var. Bəziləri deyir ki, Türkiyənin prezident üsul-idarəsinə keçməsi padşahlığı gətirəcək. Ancaq anlamırlar ki, bizim prezidentlik sistemimizdə ən çox önəm verdiyimiz qurum məclis olacaq, Məclisin qanunvericilik funksiyasından başqa nəzarət gücü də olacaq. Məhkəmə sistemimizi də gücləndirəndən sonra prezidentlik üsuli-idarəsi bizim üçün ideal idarəçilik formasına çevriləcək. Parlamentar rejimin ən yaxşı İngiltərədə işlədiyini görürük ki, bunun üçün həm uzun keçmiş, həm də ölkənin ümumi yapısı uyğun olub.
- Prezident üsul-idarəsinə keçərkən məclis 2 palatalı olacaqmı? Senatı bərpa edəcəksinizmi?
- Bizə Senat lazım deyil. Senat ABŞ-ın federal yapısından doğmuş bir strukturdur, bizdə ona ehtiyac yoxdur. 1982-ci il Konstitusiyasının bizə ən böyük töhfəsi Senatı ləğv etməsi olub. Ölkəmizin unitar strukturu qoruyandan sonra Senat bizə lazım deyil.
- Bəzi millət vəkilləriniz deyir ki, hörmətli Ərdoğanı xalq seçdi, bundan sonra hər məsələyə müdaxilə edə biləcək prezidentimiz var, artıq bizə baş nazir yox, nazirlər şurasının sədri lazımdır. Sizcə, bu yanaşma doğrudurmu?
- Biz hələ prezident üsul-idarəsinə keçməmişik. İlk dəfə prezidenti xalqımız seçib, ancaq buna baxmayaraq, mövcud Konstitusiyada prezidentin vəzifə və funksiyaları bəllidir. Niyyətimiz gələn ilin yayındakı seçkidə Məclisdə Konstitusiyanı dəyişdirməyə kifayət edəcək qədər (367 millət vəkili lazımdır), o olmasa, yeni Konstitusiya layihəsini referenduma çıxarma qərarı qəbul edəcək sayda(330) mandat qazanmaqdır. Əgər buna nail olsaq, ölkəmizə prezidentlik üsul-idarəsini gətirəcək yeni Konstitusiya qəbul edilib qüvvəyə minəcək. Mən uzun müddətdən bəri Türkiyənin bu sistemlə idarə olunması üçün təkid edirəm.
- Mərhum Turqut Özalın vaxtından bəri...
- Sən mənim siyasi karyeramı nə yaxşı izləmisən? (Gülür). Düz deyirsən, mən rəhmətlik Özalın vaxtında bu fikri ortaya atdım, o vaxt çox sərt reaksiyalar göstərildi, Özalın da padşah olmaq istədiyi iddia edildi. Ancaq zaman keçdikcə Türkiyənin prezidentlik üsulu ilə idarə edilməsi ideyasını dəstəkləyənlər çoxaldı. Tayyib bəy isə bu fikri həyata keçirməkdə qəti qərarlıdır.
- Siz həm Özala yaxın idiniz, həm də Ərdoğanın partiyasının qurucususunuz. O vaxtla indini (və ya Özalla Ərdoğanı) müqayisə edərkən hansı fərqləri görürsünüz?
- İstər Özal, istərsə də Ərdoğan Türkiyəyə çox şeylər veriblər. İki dönəmi və lideri müqayisə edərkən görürəm ki, Ərdoğana qarşı çıxanlar, onun islahatlarını əngəlləməyə çalışanlar daha çoxdur. Bu, təkcə Türkiyədə yox, dünyada da belədir. Ərdoğan Türkiyəni gücləndirdikcə xaricdə ona badalaq qurmağa çalışanların sayı artır. Ancaq hər şeyə rəğmən, mən Ərdoğanın Türkiyəni daha güclü nöqtələrə aparacağına adım kimi əminəm.
- ABŞ sistemini müdafiə edirsiniz. Elə isə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi 50 ilə yaxın konqresmen olmuş Tom Lantosun adını daşıyır. Bəs niyə sizə qarşı “3 dönəm qaydası” tətbiq edərək uzun müddət millət vəkili olmağınızı əngəlləyirlər? TBMM-nin Konstitusiya komissiyası gələcəkdə niyə Burhan Kuzunun adını daşımasın?
- Sən yaz, gündəmə gətir, bu işlər Türkiyədə də olsun. (Gülüşlər). Mən həmişə ölkəmə xidmət etməyə hazıram. Əgər Məclis çatısının altında olmayacaqsa, partiyamın sıravi üzvü kimi və ya universitet müəllimi kimi, ölkəmin daha da güclənməsi üçün çalışacağam.