AMİP sədri danışdı: "Yolumuz Rusiyaya deyil..."
Yusif Bağırzadə: "Yolumuz Gömrük İttifaqına, Rusiyaya deyil, Avropa İttifaqına, Qərbədir"
"Milli Şura müxalifətin uğursuz birliyidir"
Hər şey müxalifətdaxili müzakirələrin gedişindən, o cümlədən Milli Şuranın yaradılmasından və bir müddət əvvəl mövcud olmuş Demokratik Qüvvələrin Məşvərət Məclisi adlı koordinasiya mərkəzinin fəaliyyətindən sonra başladı. Həmin vaxta qədər düşərgədəki inteqrasiya proseslərində yaxından iştirak edən Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) artıq uzun müddətdir, müxalifətdaxili proseslərdə iştirak etmir. Siyasi təşkilat hazırkı durumda daha çox seyrçi mövqeyi ilə seçilir.
AMİP sədri Yusif Bağırzadə Qaynar.info-ya müsahibəsində bu məsələlərə aydınlıq gətirdi:
"xeberinfo.com" həmin müsahibəni təqdim edir.
- Yusif bəy, prezident seçkilərindən sonra ölkəmizin daxili siyasi həyatında müşahidə olunan mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, ictimai-siyasi həyatda, həm hökumət, həm də müxalifət düşərgəsində durgunluq var. Müxalifət düşərgəsindəki ugursuzluq Milli Suradakı müvəffəqiyyətsizlikdən sonra daha geniş şəkil aldı. Hökumət düşərgəsində də durgunluq movcuddur. Prezident seckilərindən sonra seçicilər islahatlar gözləyirdilər. Təəssüf ki, həmin islahatlara başlanılmadı. Lakin son günlər Qarabağla bağlı cənab Ouelsin bəyanatı bir ümid yaratdı. Krım hadisələrinin fövqündə Qarabağ probleminin də gündəmə gəlməsi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşlərinin intensivləşməsi və prezidentlərin görüşü ilə bağlı mesajların verilməsi ondan xəbər verir ki, ABŞ problemin həlli ilə bağlı fəaliyyətini intensivləşdirib və bu fəallıq bizdə tərəflərin razılığa gələ biləcəyi ilə baglı ümidlər oyadır. Amma problemin həlli məsələsində Rusiya faktoru da mövcuddur.
Bu ölkənin Ukrayna ilə bağlı mövqeyi onu göstərir ki, rəsmi Kreml Minsk Qrupunda həmsədrlik fəaliyyətini davam etdirə bilməz. Çünki onun Krım modeli ilə bağlı mövqeyi göstərir ki, bu ölkədən Qarabağ problemi ilə bağlı pozitiv mövqe gözləməyə dəyməz. Azərbaycan bu məsələlərdə kifayət qədər ehtiyatlılıq nümayiş etdirməli və Rusiyanin Minsk Qrupundakı fəaliyyətinə xitam verilməsinə nail olmalıdır. O ki qaldı partiyamızın cari fəaliyyətinə, Milli İstiqlal Partiyası öz fəaliyyətini davam etdirir. Biz bələdiyyə seçkilərində mütləq iştirak edəcəyik. Hələ bir müddət əvvəl də demişdim ki, biz bələdiyyə, habelə 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlaşmalıyıq. AMİP olaraq hazırda təsisçisi olduğumuz Demokratik Qüvvələrin Birliyi adlı qurumda fəaliyyətimizi davam etdiririk. Bu qurumda gündəmdə olan əsas məsələlərdən biri bələdiyyə seçkilərinə birlikdə qatılmaqdır.
- Yəni artıq koalisiyanız var...
- Yox, o da ola bilər ki, AMİP olaraq seçkiyə ayrı qatılaq. AMİP-də daim fəaliyyət göstərən seçki qərarğahı var. Bildiyiniz kimi, Milli İstiqlal Partiyası 2010-cu ilin parlament seçkilərinə hakim partiyadan sonra təkbaşına qatılan ikinci ən böyük siyasi təşkilat oldu. Bizim 70-ə yaxın namizədimiz vardı. Çalışacağıq ki, bələdiyyə, habelə parlament seçkilərində öz gücümüzlə iştirak edək. Bununla bağlı 2014-cü ildə AMIP-in qurultayı keçiriləcək. AMİP-in qurultayı ilə bağlı partiyanın Mərkəzi Şurası qərar qəbul edəcək. Azərbaycan Milli İstiqlal Partiyası xarici əlaqələrə xüsusi önəm verir. Bir neçə gün əvvəl Avropa İttifaqının Avropa Xalq Partiyası adlandırılan qurumunun tədbirlərində iştirak etdik. Gündəmdə bir neçə məsələ vardı. Başlıca mövzulardan biri də Avropa Xalq Partiyası prezidentinin seçkiləri idi. Ən əsas məsələ "Şərq Tərəfdaşlığı" çərçivəsində Azərbaycanın Avropaya baxışları, habelə AMİP-in Ukrayna hadisələri ilə əlaqədar mövqeyi idi. Qeyd edim ki, Avropa Xalq Partiyası sağçı partiyaların birləşdiyi təşkilatdır. Qurumun prezidenti dunyasını dəyişdiyindən onun müavini prezident seçildi. Tədbirlər çərçivəsində 2 "dəyirmi masa" keçirildi.
- Hansı məsələlər müzakirə olundu?
- Birinci "dəyirmi masa"da Ukrayna hadisələri müzakirə mövzusu oldu. Həmçinin "Şərq Tərəfdaşlığı" əsas diqqət mərkəzində idi. Bildiyiniz kimi, MDB-dən 6 dövlət "Şərq Tərəfdaşlığı"nda yaxından iştirak edir. Həmin ölkələrdən Gürcüstan və Moldova "Şərq Tərəfdaşlığı" çərçivəsində azad iqtisadi zonanın yaradılması ilə baglı müqaviləni ratifikasiya edib. Azərbaycan isə bu çərçivədə Avropa İttifaqi ilə sadələşdirilmiş viza rejimi haqqında protokolu imzalayıb. Mən AMİP sədri olaraq Ukrayna və "Şərq Tərəfdaşlığ" mövzusunda məruzə ilə çıxış etdim. Məruzəm iştirakçılar tərəfindən müsbət qarşılandı.
- Krım hadisələri ilə bağlı hakimiyyət ehtiyatlılıq nümayiş etdirir. Bəs AMİP-in mövqeyi necədir?
- Onu da deyim ki, həmin tədbirdə Avropa İttifaqının ekspertləri, Ukraynadan gələn qonaqlar habelə Moldovanın və MDB-nin digər dövlətləri iştirak edirdilər. Çıxışım zamanı Krım hadisələrinin 90-cı illərin əvvəllərində Qarabağ hadisələri ilə paralel şəkildə qızışdırıldıgını qeyd etdim. Bildirdim ki, bu məsələlər separatçıların Azərbaycanın Avropaya inteqrasiyasının qarşısını almaq üçün alət kimi istifadə olunur və qondarma Dağlıq Qarabagın qeyri-qanuni qurum olduğunu diqqətə çatdırdım. Qeyd etdim ki, orada gələcəkdə keçirilməsi planlaşdırılan referendumun heç bir hüquqi əsası yoxdur. Qeyd etdim ki, bu problem Rusiyanın və Ermənistanın Azərbaycanın Avropaya inteqrasiya olunmasını qarşısını almaq üçün alətdir. Həmin hadisələr Rusiya tərəfindən Moldovada Dnestryanı adlanan qurumun da yaradılmasına səbəb oldu. Eləcə də Gürcüstandakı Abxaziya və Osetiya problemləri. Krımda separatçılar tərəfindən analoji qurumun yaradıldıgını xüsusi olaraq qeyd etdim. Dağlıq Qarabağ probleminin vaxtında Avropa İttifaqı və beynəlxalq təşkilatlar tərəfindən çözülməməsini, habelə Krım hadisələrini çıxışımda xüsusi olaraq vurğuladım. Qeyd etdim ki, əgər vaxtında Qarabağ hadisələri çözülsəydi, separatçıların indi geniş əl-qol açmalarına şərait yaranmazdı. Əlbəttə, bu məsələlərlə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi ilə razıyıq. AMİP olaraq bəyan edirik ki, bu, Rusiyanın Ukraynanın suverenliyinə müdaxiləsidir. Mən çıxışımda da Azərbaycanın Avropaya inteqrasiyaya tərəfdar olduğunu önə çəkdim. Ümumiyyətlə, Budapeşt sammitində, 90-cı illərin əvvəllərində MDB dövlətlərinin tanınmış sərhədlərinin bütün sənədlərdə əsas götürülməsi vacibliyini vurğuladım. Sössüz, bu fikirlərimiz Ermənistanın keçmiş sabiq işlər naziri, prezidentliyə keçmiş namizəd Raffi Ovanisyan və onun təşkilatı tərəfindən əsəbiliklə, kəskin narazılıqla qarşılandı. İddia etdi ki, guya çıxışlarım heç bir beynəlxalq qanuna əsaslanmır.
- Avropa Xalq Partiyasında Ermənistandan kimlər təmsil olunur?
- Avropa Xalq Partiyasında Ermənistandan 3 siyasi təşkilat təmsil olunur. Onlardan biri Serj Sarkisyanın rəhbərlik etdiyi hakim partiya, habelə iki müxalifət partiyasıdır. Gürcüstandan da iki siyasi təşkilat təmsil olunur: hakim və müxalifət partiyası.
- Bəs Azərbaycandan?
- Təəssüf ki, Azərbaycandan assosiativ üzv olaraq Avropa Xalq Partiyasında heç bir siyasi təşkilat təmsil olunmur. AMİP müşahidəçi kimi iştirak edir. Əlbəttə, Azərbaycandan Avropa Xalq Partiyasında siyasi təşkilatlar assosiativ üzv kimi iştirak etməlidirlər ki, bizim orada tribunamız olsun. Çünki orada Qarabağla bağlı məsələlər qaldırılanda ermənilər bundan bizim əleyhimizə istifadə edə bilərlər. Onlar daha çox Avropa Xalq Partiyasının daxilində Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirir və qeyri-obyektiv təsəvvür formalaşdırmaga çalışırlar. Ermənilər belə fəaliyyətlərini çox davam etdirdikdə qurumun üzvlərində ölkəmiz barəsində səhv mövqe formalaşır. Ona görə də biz sözümüzü deməliyik. Çünki müşahidəçi qismində olanların söz deməyə ixtiyarı yoxdur. Qeyd edim ki, 2015-ci ilin bu təşkilatın qurultayı keçiriləcək. Ona gorə də AMİP çalışır ki, həmin təşkilatın üzvü olsun.
- Bir çoxları AMİP-i hakimiyyətə yaxın partiya kimi xarakterizə edirlər. Düzdür, AMİP beynəlxalq əlaqələrə üstünlük verir, amma daxili siyasətdə əvvəlki kimi fəallıq nümayiş etdirmir. Partiya niyə son zamanlar daxili siyasətdə görünmür? Doğrudanmı, hakimiyyətə yaxınsınız?
- Müsahibənin əvvəlində də qeyd etdim ki, son zamanlar müxalifət və hökumət düşərgəsində durğunluq hökm sürür. Azərbaycanda ötən il prezident seçkiləri keçirildi. Hökumət söz vermişdi ki, islahatlar paketi təqdim olunacaq. Amma islahatlar hələ ki, keçirilməyib. Bəli, müxalifət düşərgəsində də durğunluqdur. Mən daxili siyasi fəaliyyəti kiminsə mitinq, piket keçirməsi ilə əlaqələndirmək istəməzdim. Zənnimcə, bu, səhv fikir, yanlış mövqedir. Mitinq və ya piket keçirməklə nəyəsə nail olmaq mümkün deyil. Yenə deyirəm: müxalifət olaraq bizim fəaliyyətimiz builki bələdiyyə seçkilərində məlum olacaq. Bəlli olacaq ki, nə qədər fəaliyyətdəyik və ya fəaliyyətdə deyilik.
- AMİP sədri olaraq son günlər Milli Şurada cərəyan edən proseslərlə bağlı mövqeniz nədən ibarətdir? Sizcə, qurumda nələr baş verir?
- Bu qurumda baş verənləri geniş xarakterizə etmək istəməzdim. Milli Şura müxalifətin uğursuz birliyidir. Biz əvvəldən də həmin birliyin hansı formatda fəaliyyət göstərməsi ilə bağlı təkliflər irəli sürmüşdük. Qeyd etmişdik ki, qurumda yalnız siyasilər təmsil olunmalı, Milli Şuranın tərkibi paritet əsaslarla formalaşmalıdır, qərarlar da siyasi olmalıdır. İctimai şəxslər ora ancaq siyasi partiyaların tərkibində daxil ola bilərlər. Həm də Milli Şuranın beynəlxalq oriyentasiyası müəyyən olunmalıdır. Biz bu təklifləri irəli sürmüşdük. Əfsuslar olsun ki, həmin təkiflərimiz keçmədi. Biz kiminsə tərəfindən yaradılmış qurumda istirakı məqsədəuyğun saymırıq. Çünki AMİP Azərbaycanın davamlı olaraq Avropaya inteqrasiyasının tərəfdarıdır. Bu yoldan çəkinmək fikrimiz yoxdur. Avropa dəyərlərindən faydalanmalıyıq. Yolumuz Gömrük İttifaqına, Rusiyaya deyil, Avropa İttifaqına, Qərbədir. Ona görə də Milli Şurada iştirak etmədik və təmsil olunmadıq. O ki qaldi nöqsanlara, bəli, bəzi çatışmayan cəhətlərimiz var. Ancaq inanıram ki, bu problemlər yaxın zamanlarda öz həllini tapacaq. AMİP DQB-də təmsil olunur, həmin qurumdakı fəaliyyətimiz göz önündədir. Biz orada aparıcı təşkilatıq və həmin birlik mənim tərəfimdən yaradılıb, təsis olunub. Bələdiyyə seçkilərinə ola bilsin, DQB-dəki partiyalarla birlikdə qatıldıq, əlbəttə, əgər DQB bloka çevrilsə... Bir sözlə, biz seçkilərə blok səklində getmək istərdik. Lakin bunun üçün müvafiq qərar qəbul olunmalıdır. Həmin qərar təsisçilər tərəfindən onların rəhbəri olduqları partiyalarda müzakirəyə çıxarılmalıdır. Əgər qərar siyasi partiyalar tərəfindən qəbul olunsa, məsələ həllini tapacaq.