“Türkiyə Qafqazda baş verən proseslərə biganə qala bilməz”
“Dağlıq Qarabağ probleminin həllində Türkiyə-Rusiya münasibətlərindəki müsbət gəlişmələrin önəmli rol oynayacağına inanıram”
"Xeberinfo.com": Məlumata görə, İstanbuldakı Yeniyüzyıl Universitetinin prorektoru, professor Yaşar Hacısalehoğlunun APA-ya müsahibə verib.
- Türkiyənin Qafqazla münasibətlərinin tarixi və bu günü ilə bağlı dəyərləndirmənizi öyrənə bilərikmi?
- “Soyuq müharibə” bitəndən sonra bəzi bölgələrdə geosiyasi boşluq ortaya çıxdı. Bunların başında gələn bölgələrdən biri Balkanlar idisə, digərləri Qafqaz, Orta Asiya, Qara dəniz hövzəsi və Orta Şərqdən Şimali Afrikaya qədər uzanan bölgələr idi. Türkiyənin maraqları baxımından Qafqaz, tarixi və coğrafi münasibətlər bir tərəfə, geosiyasi münasibətlər dinamikasının ayrılmaz bir parçasıdır. Qafqazın özəl tərəfi Azərbaycanın oradakı varlığıdır. Ölkəmizin insanları daima “Bir millət, iki dövlət” anlayışına inanıb və bunu qəbul edib. Müəyyən dönəmlərdə aramızda sıx sərhədlər olsa da, hamımızın Avropa mədəniyyəti ilə inkişaf etdiyimizi bilirik. Ona görə, bizi daim həyəcanlandıran faktor birlik və həmrəylik ruhudur. Yeni dönəmdə dövlətlərarası münasibətlərdə yeni formalar mövcuddur. Artıq ittifaqlar keçmişdəki kimi ideologiyalara söykənmir, dövlətlər ittifaqlara qoşularaq bir-birlərinə nəzarət etmə refleksi göstərirlər. Bütün bunların yaşandığı bir dünyada Qafqaz Türkiyə üçün Azərbaycanın oradakı varlığıyla çox qiymətli bir bölgəyə çevrilir. Əslində Qafqaz böyük bir oyun və siyasi-strateji hesablaşma sahəsidir. Yeni dönəmdəki həmlələrin Qara dəniz üzərindən Qafqazda öz əksini tapdığını bilirik. Xüsusilə, ABŞ-ın gözləntiləri və orada nüfuz sahibi olma cəhdlərini, Rusiyanın oradakı təsir gücünü heç bir şəkildə itirmək istəmədiyini görürük. Rusiyanın reflekslərinə işləyən şey ikinci bir kiçilmə yaşamamaqdır. Bu gün Rusiyanın 2 sinir ucu vardır; onlardan biri Ukraynadırsa, o biri Qafqazda Gürcüstandır. Bu 2 sinir ucuna haradan həmlə gəlsə, Rusiya bildiyi ən sərt güc metodlarına müraciət edir. Digər tərəfdən, Qafqazlarda tarixdən bu günə qədər gəlmiş bir durum var ki, o da buraya bir tampon funksiyası yerinə yetirsin deyə montajlanmış, sanki Yunanıstan və İsrailin bir tamamlayıcı üçbucağı kimi görünən Ermənistanın varlığıdır. Qafqazda qurula biləcək hər cür tarazlığın bir çətin tərəfi varsa, o da Ermənistan buradakı varlığı və o varlıqla bağlı başqa ölkələrin tutduğu mövqedir. Bu günə qədər adını eşidib özünü hiss etmədiyimiz, yəni güclünün haqlı görüldüyü və ya güclünün işinə gələnin doğru olduğu “beynəlxalq hüquq” sistemi içərisində Ermənistanın işğal etdiyi torpaqlar, yurd-yuvasından didərgin saldığı yüz minlərlə insan və bunu heç cür həll edə bilməyən beynəlxalq təşkilatlar - Avropa Şurası, ATƏT, BMT, Avropa Birliyi, ABŞ-ın bu haqsızlığı həll etmək üçün lazımi fəaliyyəti göstərmədiyi bir coğrafiyadan söhbət gedir. Ona görə də Türkiyə orada baş verən proseslərə biganə qala bilməz. Türkiyə Qafqaza bu həssaslıqların prizmasından baxıb, laqeyd davrandığı dönəmlər də olub, bunu da açıq şəkildə deməliyəm. Türkiyə Asiyanı unudarsa, Avropadan haqq etdiyi münasibəti görə bilməz, mən həmişə buna inanmışam. Asiya ilə əməkdaşlıq və həmrəylik ruhu Avropanın diqqətini ən çox cəlb edən nöqtələrdən biridir. XXİ əsrin qıfılının da açarının da olduğu yer Avrasiyadır. Bunu hamıdan əvvəl ABŞ fərq edib, “soyuq müharibə”dən sonra bu mövzuda xeyli kitab yazılıb, “Tarixin sonu”, “Mədəniyyətlər savaşı” kimi nəzəriyyələr ortaya çıxıb. Amma bunların arasında reallıqla ən yaxın əlaqəsi olan tezis Zbiqnev Bjezinskinin qələmə aldığı “Böyük şahmat taxtası”dır. Bzejinski Avrasiyanı “XXİ əsrin ən böyük güc mübarizələrinin yaşanacağı yer” kimi təqdim edib. Bunu yaxşı bilən ABŞ, hətta Orta Şərqə laqeyd yanaşaraq, Avrasiyanın dərinliklərinə qədər yönəlib. Onu tarazlaya biləcək qüvvələrin Avrasiyadan çıxacağının fərqindədir. Türkiyə də, Azərbaycan da, türk dünyası da gəlişmələrə bu şüurla yanaşmalıdır. Hansı mədəniyyətin mirvari dənəsi kimi 7 dövləti eyni ox üzərində düzülüb? Şimali Kipr Türk Cümhuriyyətindən başlayaraq Çin sərhədinə qədər. Bu gün dünyanın dəyər verdiyi nəyi axtarsanız, bu ox üzərində var. Yerin altı da, üstü də bərəkətlidir, əhalisi gəncdir. Əskik olan yeganə şey bir araya gəlmək, kimsəyə qarşı olmaq adına yox, öz enerjilərini birləşdirmək adına ittifaqlar yaratmaqdır. Yüksək texnologiya istehsal edib gənc əhalisini bu işlərə yönləndirən bir strategiyaya ehtiyac var. Buna müvəffəq olunsa, dünyada sabitlik və rifah yaranacaq. BMT-nin varlığıyla yoxluğu arasında heç bir fərq yoxdur, bu günə qədər heç bir problemi ədalətli şəkildə həll edə bilməyib, ona görə də dünya sisteminin funksiyasından söhbət gedə bilməz. Hələ ki qüvvələr tarazlığı da yaranmayıb. Bu iki faktorun yaranması durumunda dünyaya ədalət gələcək və haqsızlıqlar ədalətli şəkildə həll ediləcək. Qafqaz bütün bunları Türkiyəyə və mənə xatırladan bir coğrafiyadır.
- Son 5 ildə Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə böyük irəliləyiş oldu. Azərbaycandan Türkiyəyə gətirilən investisiya miqdarının 2020-ci ildə 20 milyard dollara çatması gözlənilir. Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsinin Qafqazda sülhün bərqərar olmasina təsirini necə qiymətləndirirsiniz? Sülhə nail olmaq üçün Türkiyənin bölgədəki cəhdləri barədə nə demək istərdiniz?
- Türkiyə-Azərbaycan münasibətlərinin köklü tarixi var. Bu münasibətlərin yaradacağı mühit bölgədə sülhə nail olunmasına önəmli dərəcədə kömək edəcək. Tarix bir mənada, siyasi oyunların xülasəsidir. Bölgədə nail olunması lazım olan sülh kor-koranə sülh olmamalıdır. Haqqı təmsil edən, ədaləti əks etdirən, yurd-yuvalarından didərgin salınmış insanların haqlarını geri qaytaran sülh olmalıdır. Bəzən sülhün yaranmasına öz aralarında əməkdaşlıq edən aktyorların gücü də səbəb olur. Güc nümayiş etdirib təsəvvürləri dəyişdirər və sülh yaradarsınız. Güc sadəcə savaş vaxtı istifadə edilməsi lazım olan bir arqument deyil, sülhün təmin edilməsi üçün də güc lazımdır. Azərbaycanla Türkiyə arasındakı münasibətlər dərinləşməsin deyə Naxçıvanla Azərbaycan arasında koridor yaradıblar, buna bənzəyən xeyli strateji həmlə olub. Ancaq buna baxmayaraq, münasibətlərimizin zəiflədiyini deyə bilmərik. Azərbaycana bir neçə dəfə getdim, xüsusilə, son gedişimdə qət etdiyi yol, inkişaf həm sevindirici, həm də heyrətvericiydi. Azərbaycan Şərqdə olmağın verdiyi üstünlüklə Qərblə yaratmağa çalışdığı əlaqələrin dərin şüurunu daşıyır. Bu, eyni zamanda, Türkiyə ilə heç qopmayan bağlarının nəticəsidir. Olduğu coğrafiyada Azərbaycanın müxtəlif ölkələrlə əlaqələri var. Biz heç vaxt o ölkələrlə Azərbaycan arasında hər hansı sıxıntı yaşanması istəmirik. Rusiyanın Azərbaycana baxışında yönləndirici kimi davranmamasını, Azərbaycanı da bölgənin bir aktyoru kimi görməsini istərdik. Son illərdə Türkiyə-Rusiya münasibətlərinin inkişafının Rusiya-Azərbaycan münasibətlərinə müsbət mənada təsiri olduğuna inanıram. Qanqrenləşmiş Dağlıq Qarabağ probleminin həllində Türkiyə-Rusiya münasibətlərindəki müsbət gəlişmələrin önəmli rol oynayacağına inanıram. Türkiyə-Azərbaycan münasibətlərinin başlıca məqsədi, futbol terminiylə desəm, dünyanın yüksək liqasına çıxmaq olmalıdır.
- Azərbaycan ilk dəfə Avropa Oyunları keçirdi. Sizin toxunduğunuz nöqtələrdən davam edərək bunu soruşmaq istəyirəm: ilk dəfə keçirilən və məqsədi sülh olan bu oyunların bəzi Qərb ölkələri və mətbuat tərəfindən fərqli məcraya çəkilərək tənqidə məruz qalmasının səbəbi nə ola bilər?
- Son dərəcə dəyərli bu işə yaxşı ki, Azərbaycan özünə güvənərək cəsarətlə girdi. Qərb ölkələri görməlidir ki, Azərbaycan bu səpkili idman müsabiqələrini üz ağıyla təşkil edə bilib. Mən daha əvvəl gedərkən hazırlıqların gedişini görmüşdüm, o vaxt da Azərbaycan bütün gücünü buraya fokuslamışdı. Beynəxalq səviyyəli bu cür yarışları təşkil etmək lazımdır. Daha əvvəl də Azərbaycan “Eurovision”da birinci olub, növbəti il yarış təşkil etmişdi. Biz Avropaya deyirik ki, hər cür müsabiqəni ləyaqətlə təşkil edərkən niyyətimiz sizə bənzəmək deyil, sizə zənginlik qatmaqdır. Biz həm milli-mənəvi dəyərlərimizi unutmuruq, həm də beynəlmiləl dəyərlərə öz töhfəmizi veririk. Azərbaycan bu bacarığı nümayiş etdirib. İdman dünyasındakı bu tədbir bunun kiçik bir isbatıdır. Bundan sonrası üçün mən Azərbaycanı gerçəkdən başarılı bir cizgidə görürəm.