GDU-da “Qafqaz tarixinin aktual problemləri” mövzusunda konfrans
“QAFQAZ TARIXİNİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS
"Xeberinfo.com": Məlumata görə, Gəncə Dövlət Universitetində “Qafqaz tarixinin aktual problemləri”nə həsr edilmiş Beynəlxalq elmi konfrans keçirilmişdir. 15-16 oktyabr 2015-ci il tarixdə davam edəcək bu konfransda 300-ə yaxın elmi məruzələrin dinlənilməsi nəzərdə tutulmuşdur.
Gələn qonaqlarla bir yerdə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə əklil qoyduqdan və Heydər Əliyev Muzeyi ilə tanışlıqdan sonra Heydər Əliyev Mərkəzində Konfransın açılış hissəsi oldu.
Konfransın açılışında iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının müavini –İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor Sevda xanım Qurbanəliyeva belə bir nüfuzlu konfransda iştiurak edənləri Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı hörmətli Elmar Vəliyevin və öz adından təbrik edib, konfransın işində onlara uğur dilədi. Eyni zamanda konfransın gündəliyinə salınan mövzuların aktual olduğunu və tədqiqat işlərini davam etdirməyin vacibliyini bildirdi.
Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov çıxışında qeyd etdi ki, Universitetdə elmi praktik konfransların, elmi seminarların keçirilməsinə xüsusi diqqət yetirilir. Son illər Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş ”Müasir biologiya və kimyanın aktual problemləri”, ”Əsrin müqaviləsi”, ”Riyaziyyat və İKT-nin tətbiq sahələri.Yeni tədris texnologiyaları” adlı beynəlxalq konfranslar keçirilmişdir. Beynəlxalq konfransların keçirilməsinə daha çox diqqət yetiririk. Konfranslar zamanı alimlərimizlə başqa respublikaların mütəxəssisləri, alimləri arasında elmi diskussiyalar, fikir mübadilələri, müxtəlif mövzular ətrafında səmərəli müzakirələr aparılır. Bu həm də xalqlar arasında dostluğun möhkəmlənməsində, son elmi tədqiqatlara bələdçilikdə, elmi sahədə birgə əməkdaşlıqda, Azərbaycan reallıqlarının təbliğində xüsusi əhəmiyyət kəsb edir. Belə bir xoşməramlı ənənə bundan sonra da uğurla davam etdiriləcəkdir.
Açılış hissəsindən sonra konfrans plenar iclaslarında davam etdirilmişdir
Konfransın materialları artıq iki cildlik kitab şəklində nəşr etdirilmişdir. Azərbaycanın ali təhsil müəssisələrindən, elmi tədqiqat institutlarından göndərilmiş 250 yaxın məqalə bu kitablarda öz əksini tapmışdır. Qardaş Türkiyə, Gürcüstan, Orta Asiya Respublikalarından gələn qonaqlar da konfransın işində fəallıq göstərdilər. “Qafqazın siyasi tarixi”, “Qafqazın arxeologiyası və etnoqrafiyası”, “Qafqazın mədəniyyət tarixi”,“Qafqaz müasir mərhələdə: sosial-iqtisadi və siyasi proseslər”,“Qafqazda milli münaqişələr”, “Qafqaz tarixində Gəncənin yeri” kimi elmi istiqamətlərlə bağlı dinlənilən məruzələr ətrafında geniş müzakirələr və fikir mübadilələri aparılmışdır.
Konfransdakı ən vacib məsələrdən biri də Dağlıq Qarabağ haqqında məruzələrin dinlənilməsidir. “XYIII əsrin əvvəllərində Qarabağın etnik tərkəbi haqqında”, “Qafqazda milli münaqişələr:milli münaqişələrin yaranmasında Rusiya siyasəti”, “Dağlıq Qarabağ münaqişəsinin vasitəçiliyində ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair”, “ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi (1992-2000-ci illər) kimi məruzələr bu münaqişənin yaranması, həll edilməməsi səbəbləri, xarici güc dövlətlərinin ikili standart münasibətləri tədqiq edilmişdir ki, bu da Dağlıq Qarabağ həqiqətlərinin daha da yayılmasına təkan verən amillərdəndir.
Proqrama uyğun şəkildə konfransa gələn qonaqların Nizami məqbərəsinə, Nizami Gəncəvinin ev muzeyinə, Qoşa-qala arxeologiya və etnoqrafiya muzeyinə, Cavad xan küçəsinə və Məhsəti Gəncəvinin ev muzeyinə ekskursiyaları təşkil olunmuşdur.