“Film sahəsində fəaliyyət göstərənlər auditoriyanın səviyyəsinə enməməlidir”

Azərbaycanda tamamşaçıları əvvəllər əsasən xarici ölkələrin istehsalı olan filmlərə üstülük verirdi. Hazırda isə yerli ekran əsərləri filmsevərlər tərəfindən maraqla izlənilir.

Yenixeber.org: Kinoteatrlardakı mövcud vəziyyət də bunu deməyə əsas verir. Lakin kinomotoqraflar ortaya çıxardığı işlər arasında daha çox komediya janrı üstünlük təşkil edir. Ciddi film sahəsində isə vəziyyət bir o qədər də ürəkaçan deyil.

Komediya janrında ərsəyə gətirilən ekran işlərində isə əsasən, qurşaqdan aşağı zarafatlar yer alır.

Bu, nədən qaynaqlanır? Səbəb tamaşaçının buna tələbatıdırmı?

Mövzu ilə əlaqədar rejissor Natiq Axunddan bunun səbəblərini öyrənməyə çalışdıq.

Rejissor bildirib ki, hazırda film sahəsinə barmaqarısı baxırlar: “Elə düşünürlər ki, hər bir şey şounun üzərində qurulub. Şou-biznesdə olan vəziyyəti filmə də gətiriblər. Məsələn, çılpaq birini və ya bu kimi səhnələri daha çox etməklə tamaşaçı cəlb edirlər. Təbii ki, bununla öz auditoriyalarını qazanacaqlar. Amma ziyalı, ağıllı, üstün təbəqənin diqqətini cəlb edə bilməyəcəklər”.

Natiq bəy vurğulayıb ki, ərsəyə gələn film müsbət təsiri ilə yadda qalmırsa, bunun dəyəri yoxdur: “Təsəvvür edin ki, bu sahəyə nə qədər incəsənət növləri varsa hamısı daxildir. Bunlar hamısı birləşib vəhdət təşkil edir. Həyatın içərisində ən təsiredici hadisəni çıxarıb öz zamanına uyğun tamaşaçıya çatdırılır. Belə deyək, biri var güzgü, biri var böyüdücü şüşə… Böyüdücü şüşə ilə bunu qabardıb ictimailəşdirmək… Əgər ərsəyə gələn filmin izləyiciyə bir müsbət təsir qoymayacaqsa, yəni həyatda kimlərəsə xidməti olmayacaqsa, əbəsdir”.

Rejissorun fikrincə, bu tərzdə filmlər sırf qazanc mənbəyi kimi ortaya çıxarılır və maarifləndirmək, düşündürmək təlqin olunmur: “Digər tərəfdən isə onları qınamaq olmur. Kim film sahəsinə biznes tərəfdən yanaşırsa, onun istəyi də elə bu olur. Azərbaycanda elə vəziyyət yaranıb ki, bu gün qazanc yeri kinoteatrlardır. Kinoteatrlara film təqdim edirsən, hələ hansı nəticə verəcəyini bilmirsən, amma 60 faiz qazanc artıq onlarındır. Yəni 100 bilet satılıbsa, 60-ı kinoteatrındır. Ona görə də, ekran işi ərsəyə gətirənlər işin maddi tərəfini düşünürlər ki, bundan xeyirlə çıxsınlar. Filmə şou-biznesdə olan məşhur simaları yığmağa, bir-iki çılpaq səhnə salmağa, əndrabadi işlər görməyə məcbur qalırlar. Bununla səs-küy yaradıb tamaşaçı yığırlar və xeyir götürürlər”.

Natiq bəy qeyd edib ki, film sahəsində fəaliyyət göstərənlər auditoriyanın səviyyəsinə enməməlidir: “Mən inanmıram ki, Azərbaycan tamaşaçısını hansısa bir dedektiv, dram, triller janrları ilə cəlb etmək mümkün olmasın. Həyat hadisələrindən bəhs edən maraqlı filmlər tamaşaçı yığa bilər. Müəyyən çətinliklər olsa da, mütləq belə ekran işləri öz sözünü deyəcək”.

Rejissor sözlərinə görə, zamanla bu kimi problemlər aradan qalxacaq: “Bir müddət sonra tamaşaçı rahatlıqla öz seçimini edəcək. Biləcək hansı ara, hansı sanballı filmdir”.

N.Axund hazırda bu sahədə Azərbaycan filminə xələl gətirəcək nüansların çox olduğunu bildirib. Lakin bütün bunlara rəğmən hər şeyin düzələcəyinə inandığını söyləyib.(minval.info)

Samir Mirzə