Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Dalana dirənən hökumət üçün çıxış yolu 

 

                                  Cəmiyyətə birlik, həmrəylik əli uzadılacaqmı?..

Yenixeber.org: Azərbaycan çətin dönəmdən keçir. Koronavirus pandemiyası və neftin ucuzlaşması iqtisadiyyatı iflic edib, əhalinin sosial vəziyyətini ağırlaşdırıb, ictimai-siyasi həyatı kifayət qədər gərginləşdirib. Proseslərin necə inkişaf edəcəyi ilə bağlı hökumətdə aydın təsəvvür yoxdur, prezidentin son çıxışından məlum oldu ki, hakimiyyətin əlində sabitləşdirici təsir alətləri də azalıb. 

Dövlət başçısının dediyi iki cümlədə həm hazırki vəziyyət, həm də perspektivlə bağlı çox aydın mesajlar vardı: “Hökumət əlindən gələni edib, bundan artıq heç nə edə bilməz… İlin sonuna qədər vəziyyət belə davam edərsə, heç kim bilmir nə olacaq, hansı problemlər meydana çıxacaq…” 

Ölkədə epidemoloji vəziyyət ağırdır, xəstəxanalarda yerlər dolub, yeni yoluxanları qəbul edib yerləşdirmək, tibbi yardım göstərmək imkanları tükənir. Paradoksal hal odur ki, cəmiyyətdə hələ də koronavirusun varlığı ilə bağlı mübahisələr davam edir, karantin qaydaları formal hala gəlib, sosial məsuliyyət anlayışı böyük ölçüdə yoxa çıxıb. Bir neçə gündən sonra xəstələrə elementar tibbi yardım etmək imkanlarının tükənməsi təhlükəsi var: Azərbaycanda İtaliyada, İspaniyada yaranmış fəlakətli vəziyyət təkrar oluna bilər. Cəmiyyət isə kütləvi insan itkilərini qarşılamaq üçün nə psixoloji, nə də fiziki baxımdan hazır deyil. Təsəvvür olunması belə kifayət qədər ağır olan mənzərəyə vətəndaşların üzləşdikləri maddi məhrumiyyətləri, işsizliyi və s. sosial problemləri də əlavə etsək, Azərbaycanda arzuolunmaz tablo yaranır. Bu, fərziyyə deyil, təəssüf ki, ölkənin kandarına gəlib çıxdığı epidemioloji, sosial-iqtisadi fəlakətdir. Ondan qaçmaq, yayınmaq mümkündürmü? 

ABŞ-ın Rutgers Universitetinin professoru, tanınmış iqtisadçı Qubad İbadoğlu hökumətə bir sıra təkliflər ünvanlayıb. Ekspert hesab edir ki, hökumət bu addımları atarsa, ölkəni böhranlı vəziyyətdən çıxarmaq olar:

1.Nazirlər Kabineti yanında Operativ Qərargah yenidən təşkil edilməli, ictimaiyyətin tanınmış nümayəndələrinin də təmsil olunduğu təzə formatda Qərargah yaradılmalı, virusla bağlı durum xalqa hər gün dürüst və açıq formada çatdırmalıdır;

2.Bütün ölkə – iqtidar, müxalifət, mərkəzi hakimiyyət, yerli hakimiyyət, özəl bölmə, ictimai sektor ilk növbədə virusla mübarizə üçün səfərbər olmalı, könüllü tibbi və sosial yardım qrupları yaradılmalı və hamı ehtiyacı olan hər kəsə və hər ailəyə dəstək olmağa çalışmalıdır;

3.Tibbi heyəti qorumaq üçün onlar maksimum mühafizə vasitələri ilə təmin olunmalı, səhiyyə işçilərinin əməkhaqqı müddətli olaraq on qat artırılmalı, dünyasını dəyişən səhiyyə işçilərinin ailələrinə 10 min manat yardım edilməli, həlak olanların adı əbədiləşdirilməlidir;

4.Ən qısa müddətdə 10 modul tipli xəstəxananın quraşdırılması işi başa çatdırılmalı, sərgi salonları, olimpiya kompleksləri və bu tip istifadəsiz qalan digər obyektlər tibbi çarpayılar və avadanlıqlarla komplektləşdirilməlidir;

5.Səhiyyə sahəsində çalışmış şəxslərdən, tibb universitetinin tələbələrindən könüllü səhiyyə briqadaları təşkil olunmalı, onların təlimlər vasitəsilə hazırlığına start verilməlidir;

6.Testləri sayı indiki ilə müqayisədə ən azı 2 dəfə artırılmalı, süni nəfəs aparatlarının və digər zəruri tibbi ləvazimat və avadanlıqların idxalı davam etdirilməlidir;

7.Virusun coğrafiyasına dair interaktiv surətdə yenilənən xəritə hazırlanmalı, qaynar nöqtələr müəyyənləşdirilməli və lokal təcrid zonaları yaradılmalıdır;

8.Dövlət büdcəsinə, Neft Fondunun büdcəsinə, sosial müdafiə büdcəsinə, işsizlikdən sığorta büdcəsinə yenidən baxılmalı, bütün növ sosial müavinətlərə, pensiyalara və təqaüdlərə müddətli əlavələr edilməli, ünvanlı sosial yardım üçün ehtiyac həddi yaşayış minimumun dəyərinə çatdırılmalıdır;

9.Məşğulluq orqanlarında qeydiyyatı olan bütün şəxslərə qeyd-şərtsiz 190 manat birdəfəlik ödəmə verilməli, karantin rejimi tətbiq olunan ərazilərdə fəaliyyəti məlum səbəbdən mümkün olmayan bütün vergi ödəyicilərinə yardım edilməli, muzdlu işçilərin əməyinin bir hissəsinin müddətli ödənilməsi iyun-iyul aylarında da davam etdirilməlidir;

10.Səhiyyəyə ayrılmış vəsaitlərin idarəçiliyi və səmərəliliyi yüksəldilməlidir. Bunun üçün ilk növbədə pandemiya dövründə tibbi məqsəd üçün ayrılan ictimai vəsaitlərə dair məlumatlara çıxış imkanı yaradılmalı, səhiyyə büdcəsinin şəffaflığı və hesabatlığı artırılmalıdır;

11.Bakı şəhərində metronun fəaliyyəti dayandırılmalı, ictimai nəqliyyatdan istifadə qaydaları karantin rejiminin tələblərinə uyğunlaşdırılmalıdır;

12.Vətəndaş cəmiyyəti institutları əhalı arasında maarifləndirmə işlərinə cəlb edilməli, sosial məsafə, maskalardan istifadə təbliğ olunmalı və ictimai yerlər dezinfeksiya vasitələri ilə təmin edilməlidir…

Q.İbadoğlu və başqa ekspertlər, partiya liderləri belə təklifləri azı 3 aydır təkrarlayırlar, amma onların demək olar, heç biri həyata keçirilmir. Təəssüf ki, Operativ Qərargah ictimaiyyətdən gələn bütün təşəbbüslərə bağlıdır. Verilən qərarların necə ortaya çıxması, strategiyanın nədən ibarət olduğu məlum deyil…

Koronavirusun yayılmasını əngəlləyən, lokallaşdırmağı bacaran ölkələrin vahid mübarizə strategiyasının təməlində hakimiyyət-vətəndaş müttəfiqliyinin dayandığı aydın görünür. Necə əldə olunub bu müttəfiqlik, Azərbaycanda niyə onu qurmaq mümkün olmadı?

Əlbəttə, burada hakimiyyət qollarının legitimliyi, cəmiyyətdə etimad səviyyəsi, şəffaf idarəçilik və s. kimi önəmli faktorların rolu var. Amma virusun yaratdığı fövqəladə vəziyyət şəraitində cəmiyyətlə uzlaşmaq, onu inandırmaq və birgə hərəkət etmək üçün hökumətin əlində xeyli imkanlar vardı. Onların başında vətəndaşları pandemiyanın vurduğu zərbələrdən qorumaq üçün hökumətin göstərdiyi çabalar dayanır. Həm ölkənin səhiyyə sistemini ayağa qaldırmaq, həm insanların maddi itkilərini əvəzləmək, həm də onların tibbi ehtiyaclarını, qorunmaq üçün gərəkən ləvazimatları qarşılamaq vacib idi. Cəmiyyətin tamarzı qaldığı bu qayğıya, nəvazişə qucaq açacağı, hökumətin çağırışlarına, tələblərinə, tövsiyələrinə riayət edəcəyi şübhə doğurmurdu. 

Amma çox təəssüf ki, ilk başdan hər şey tərsinə oldu. Hökumət qurumları pandemiya kampaniyasına cərimə, hədə-qorxu ilə başladılar, vətəndaşların maddi ehtiyaclarını minnətlə, alayarımçıq qarşıladılar, sahibkarlığa, biznesə dəstək cüzi oldu, kommunal xidmətlərdə güzəştə gedilmədi. Ən əsası, ölkənin milli sərvəti olan yanacaq, təbii qaz, elektrik enerjisinin yüksək qiymətlərindən ev təsərrüfatlarına demək olar, heç bir güzəşt olmadı. Operativ Qərargahda heç bir nazir xalqın qarşısına çıxıb danışmadı, telekanallar, hökumət mediası gecə-gündüz əhalini qınamağa başladı. Ölkədə polis dili hakim oldu, sərt karantin günlərində vətəndaşlar döyülərək evlərindən zorla sürüyüb polisə aparıldılar…

Bu yanlış siyasətin bədəlini indi hamı ödəmək zorundadır. Hakimiyyət artıq dalanda olduğunu anlayır… Əsas məsələ Operativ Qərargahın bütün anti-böhran reseptlərinin uğursuz olduğunu anlamaqdır, cəmiyyətin təkliflərinə qulaq verməkdir. Gec də olsa xalqa müttəfiqlik, həmrəylik əli uzatmaqdır. Qısa müddət sonra bu imkan da əldən çıxa bilər…(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam