Erməni ekspert Ermənistanda koronavirus haqda
Ermənistan yeni növ koronavirus infeksiyası SARS-CoV-2-nin yayılması üçün İtaliya ssenarisini təkrarlayır.
Yenixeber.org: Bunu “Sputnik Armeniya”ya müsahibəsində Qafqaz İnstitutunun eksperti Qrant Mikaelyan deyib.
Son bir gün ərzində Ermənistanda yoluxanların sayında görünməmiş artım qeydə alınıb - 452 nəfər. Rəsmi statistikaya görə, ölkədə koronavirus aşkar edilənlərin ümumi sayı 7113-dür.
Bundan əvvəl, ölkədə infeksiyanın dinamikasının çox böyük narahatlıq doğurduğunu Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf etmişdi. O qeyd etmişdi ki, bu belə davam etsə, iyun ayının sonuna qədər ölkədə Covid-19-a yoluxan xəstələrin sayı 30 min olacaq.
Ermənistanın səhiyyə naziri Arsen Torosyan isə bu arada, reanimasiya çarpayıları ilə bağlı acınacaqlı statistikanı açıqlamışdı.
Ekspert Qrant Mikaelyanın öz proqnozu var: “Baş nazir rəsmi statistikaya əsaslanaraq mümkün 30 min haldan danışdı. Epidemioloji statistikaya görə isə bu rəqəm dəfələrlə çoxdur".
Onun sözlərinə görə, Ermənistanda artıq İtaliya ssenarisi başlayıb. Mikaelyanın hesablamalarına görə, ölkədə 48 minə yaxın yoluxmuş var, lakin onlardan bəziləri hələ nə baş verdiyini dərk etmir, inkubasiya dövründədirlər, digər qrupda xəstəlik simptomsuz keçir.
Lakin, onun proqnozlarına görə, bu nisbət dəyişəcək: inkubasiya dövründə olanlar yoluxucu hala gələcəklər. Xəstəxanalarda növbələr yaranacaq, insanlar artıq evlərində öləcəklər, çünki səhiyyə sistemi infeksiyaya yoluxmuş daha az insana xidmət göstərəcək və ümumilikdə artıq dünyanın müxtəlif ölkələrində müşahidə olunan bir vəziyyət yaranacaq.
"İtalyan ssenarisi başlayıb, onun qarşısını almaq mümkün deyil. Demək olar ki, reanimasiyalarda yerlər tamamilə dolub. Aparılan 1919 testdən 38 faiz yoluxma çox böyük göstəricidir"- Mikaelyan vurğulayıb.
Q.Mikaelyanın fikrincə, Ermənistanda yoluxmanın ikinci dalğası aprelin 5-də başlayıb: “Ancaq o aşağı həddə idi. Sürətlənmə və həndəsi silsilə ilə artma mayın 18-də, hakimiyyət məhdudiyyətləri aradan qaldırandan və hər şeyi açdıqdan sonra başladı. Məhz həmin andan etibarən, İtalyan ssenarisi qaçılmaz oldu”.