Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

RÜSTƏMOVUN MÖVQEYİNİ İKİ HƏFTƏDƏ NƏ DƏYİŞDİ? -Beynəlxalq qurumlar xəbərdarlıq edir, Mərkəzi Bank isə...

 

                 

            İki həftə əvvəl “likvidlik problemi olmayan” banklar niyə ləğv olunur? 

Yenixeber.org: “Atabank" ASC-dən başqa heç bir bankda likvidlik problemi yoxdur. Bank sektorunda, banklarda qiymətləndirmə prosesi davam etdirilir. Ümumi vəziyyət bizə məlumdur, sadəcə bəzi məqamlar dəqiqləşdirilir". Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov fevralın 9-da jurnalistlərə açıqlamasında deyib.

“Bank sektorunun likvidlik səviyyəsi bu gün qənaətbəxş səviyyədədir. Mərkəzi Bank tərəfindən banklara lazımi dəstək verilir…” Bu fikirləri isə Mərkəzi Bank sədri aprelin 14-də, yəni cəmi iki həftə əvvəl, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransdakı çıxışında səsləndirib.

“Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin aprelin 27-də qəbul etdiyi qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub”. Yəni ki, 4 bankın ləğv edilməsi prosesi başlandı. Bu da sözügedən açıqlamadan cəmi 13 gün sonra verilən qərar.

 

 

Belədə sual yaranır ki, cəmi iki həftə əvvəl “likvidlik problemi olmayan” bank sektorunda 4 bankın birdən ləğvinə qərar verilməsi nədən irəli gəlir? Bəs niyə indiyə qədər likvidlik məsələsində “Atabank”dan başqa digər 3 bankın heç adı belə çəkilmirdi?... 

“Banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər… Bank sektorundan heç bir sürpriz olmamalıdır.” Bu sözləri ölkə başçısı bu il yanvarın 14-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib. Ancaq göründüyü kimi, bank sektoruna görə cavabdeh olan qurum bütün optimist raportlarına rəğmən, “sürprizlərini” əsirgəmir…

Bu arada "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini BB+/B səviyyəsində, reytinq üzrə proqnozu isə stabil saxlayıb. Nüfuzlu reytinq agentliyinin verdiyi məlumata görə, Azərbaycanın tədiyyə balansının müsbət saldosu və Dövlət Neft Fondunun xarici aktivləri ölkənin əsas güclü tərəfi kimi qeyd olunur. Agentliyin hesablamalarına görə, COVID-19 pandemiyasının iqtisadiyyata tam təsiri hələ də aydın deyil və gözləntilərdən daha pis ola bilər.

 

 

"S&P" qeyd edir ki, volatil neft qiymətləri mühiti fonunda manata təzyiq artıb və əgər neftin qiymətləri uzun müddət aşağı səviyyədə qalsa, Azərbaycan 2015-ci ildə olduğu kimi, xarici valyuta ehtiyatlarının ciddi itkisinin qarşısını almaq məqsədilə məzənnənin tənzimlənməsinə icazə verə bilər. Bu halda sözügedən tənzimlənmə bank sektoruna əlavə zərbə vuracaq.

“Moody`s Investors Service” reytinq agentliyinin hələ mart ayında dərc olunan hesabatında isə bildirilirdi ki, son vaxtlar müşahidə olunan neftin qiymətinin ucuzlaşması MDB-nin neft ölkələrinin – Azərbaycan, Rusiya və Qazaxıstanın banklarının kapitalı və mənfəəti üçün təhlükə yaradaraq onların kredit qabiliyyətinə mənfi təsir edəcək: “Bu dövrdə Azərbaycan manatının sabitliyi Dövlət Neft Fondunun valyuta vəsaitlərinin satışı hesabına qorunur. Amma əgər qiymətlər indiki rekord aşağı hədlərdə uzun müddət qalsa, Azərbaycan hökuməti milli valyutanı devalvasiya etmək məcburiyyətində qalacaq…”

Elə həmin mart ayında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov “İstənilən neftin qiymətinə istənilən çağırışda cavab verməyə hazırıq. Bizim kifayət qədər potensialımız var”, - deyərək bildirmişdi. 

O, qeyd etmişdi ki, hökumətdə və Mərkəzi Bankda devalvasiya qorxusu yoxdur: “Bu məsələ heç beş dəqiqəlik də olsa, müzakirə mövzusu olmayıb”.

Əlbəttə ki, Mərkəzi Bankın bu mövqeyi ümidvericidir. Ölkədə heç kim yeni devalvasiyanın baş verməsini istəmir. E.Rüstəmovun həmin açıqlamasının üzərindən bir aydan çox vaxt keçib və təəssüf ki, Azərbaycanın başlıca gəlir mənbəyi və ölkəyə xarici valyuta axınını təmin edən neftin dünya bazarındakı qiyməti qətiyyən qənatbəxş deyil. Bu isə ölkənin əsas gəlirlərindən məhrum olunması, dolayısıyla da manata təzyiqin durmadan artması deməkdir.

 

 

Ancaq buna rəğmən ölkədə devalvasiya qorxusu altında yaranmış ajiotajı dayandırmaq, insanların kütləvi şəkildə xarici valyuta alışının qarşısını almaq mümkün olub. Əlbəttə ki, bu, ölkənin valyuta ehtiyatlarına mənfi təsir göstərsə də, məzənnənin saxlanması təqdirəlayiq haldır.

Lakin bu məsələdə bir məqamı qeyd etməmək mümkün deyil - bank sektorunda baş verənlərin pis-yaxşı tənzimlənməsi həyata keçirilsə də, atılan, atılmaqda olan və atılacaq addımların Mərkəzi Bank tərəfindən təqdimatı kifayət qədər qüsurludur. Bu səbəbdən insanların Mərkəzi Bankın açıqlamalarına inamı lazımi səviyyədə deyil. Ona görə də ölkə başçısı şəxsən özü çıxışında devalvasiyaya heç bir əsas olmadığını əhaliyə çatdırmalı oldu. Və bu çıxış ajiotajın səngiməsinə təsir göstərdi.

Mərkəzi Bank səviyyəsində bu gün bir, sabahsa başqa şey deyilməsi, verilən vədlərə əməl olunmaması və s. kimi hallar əhalinin bank sektoruna, dolayısıyla da hökumətə münasibətinə neqativ təsir göstərir. Və təəssüf ki, məhz bu amil çox vaxt vətəndaşları Mərkəzi Bankın hər açıqlamasından sonra növbəti “sürpriz” qorxusu yaşamasına əsas yaradır...(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam