Xəstəlikdən daha təhlükəli-neft 17 dollar olarsa…
Bilirəm, Qarabağ mövzusu indi Azərbaycan cəmiyyətinin əsas gündəmi deyil. Qınamalı da deyil, adamlar nəticəsiz danışıqlardan, vədlərdən yorulub. Qarabağ mövzusu əlbəttə ki, həmişəki kimi həssasdır, amma bununla hamının «qapısını döymək» mümkün deyil,heç buna gərək də yoxdur. Müvafiq strukturlar bu işlə məşğuldurlar: bəyanat verirlər, açıqlama yayırlar, ordumuz hərbi təlimlərdədir və sairə…
Təəssüf ki, cəbhə xəttində 5-7 mart aralığında Qazax istiqamətində iki sərhədçimiz şəhid olub. Biri Cəlilabadda, o biri Bərdədə dəfn olunub. Fevralın 25-də zərdablı daha bir gənc qardaşımız cəbhə xəttində həlak olmuşdu. Yanvarın 7-sində yenə Qazax sərhədində daha bir itki vermişdik. Hər iki tərəfdən itkilərlə bağlı qeyri-rəsmi rəqəmlər var ki, bunlara istinad etməyəcəyik. Ermənilər dünyada nə olur-olsun Qarabağdan əl çəkmirlər. Qarabağ məsələsi təzə başlayanda, Ermənistanda zəlzələ oldu. SSRİ rəhbəri Qorbaçov zəlzələ bölgəsində olanda xilasedicilər bir erməni tapır dağıntılar altından. Qorbaçovun yanına gətiriblər bu ermənini. Onun da ilk sözü bu olub ki, «Qarabağ problemi kimin xeyrinə həll olunacaq?»Bu erməni həyəsızlığın ən bariz nümunəsidir, həm də niyə dinc dayanmadıqları sualına cavabdır.
Belə görünür ki, əgər fövqəladə bir hadisə baş verməzsə, ümumiyyətlə, dünyaya bir «karantin» havası çökə, təkcə birbaşa təmaslar, toplu tədbirlər, konsertlər deyil, müharibələr də müvəqqəti də olsa da, hökumətlərin dəftərindən çıxa bilər. Səbəblərdən başlıcası isə heç də yayılmış xəstəlik deyil. Müharibə üçün neft lazımdır. Azərbaycanın da üzv olduğu OPEK + çərçivəsində əməkdaşlıq 20 gündən sonra tarix olacaq. Rusiya neftin bazara çıxarılmasına limit qoyulmasına daha razı olmadı. Neftin yaxın aylarda hətta 40 dollara, ən pis proqnoza görə isə 2001-ci il həddinə- 17 dollara düşəcəyini də deyənlər var.
Ekspertlər onu da deyir ki, Rusiyanın razılaşmadan çıxması neft bazarında indiyədək görünməmiş böhran yaradacaq. Neft ucuzlaşarza, aydındır ki, neft ölkələri də bunda ziyan çəkəcək. Müharibə üçün neft lazımdır, Bakı nefti, Rusiya nefti, Ərəbistan nefti, İran nefti, Liviya, İraq nefti…Neft 20 dollar civarında düşərsə, krizis ölkələrə xəstəlikdən tez gələcək və təəssüf ki, bundan qorunmaq üçün də nə dərman. nə maska var…
Əlbəttə, Azərbaycan hökuməti və müvafiq strukturları neft bazarında baş verənlərdən detallarınadək xəbərdardır. Bu Azərbaycanın təşəbbüsü idi və uzun müddət neft bazarında qiymətlərin sabitləşməsinə xidmət etdi. İndən sonra Rusiyanın yola gələcəyi inandırıcı deyil, Vladimir Putinə Rusiyadakı enerji mafiozları basqı edirdilər və nəhayətdə onu bu qərarın düzgünlüyünə inandırdılar. Bu qərardan isə əməkdaşlıq edən bütün ölkələr təsirlənəcək, o cümlədən Azərbaycan da. Neft məsələsini bütün dünya qəzetləri manşetlərdən yayıblar, bizimkilər yenə bir az arxayın görünürlər. Əlbəttə, ölkədə əlavə psixoloji gərginlik yaratmaq lazım deyil. Amma bu dəfə vəziyyət bir az qəlizdir. Əvvəla, indi dünya ölkələrinin əlaqələrində bir sistemsizlik yaranıb. Sabah bir ölkə başqa bir ölkəyə xəbərdarlıq etmədən yolları bağlayır, dövlət öhdəliklərinin icrasını ertələyir. Əvvəl neft verib buğda aldığın ölkə indi sənə maska altından inamsız baxacaqsa, nə alıb, nə sata biləsən? Bu bütün ölkələr üçün ciddi təhdiddir, özü də təkcə neftdən ciddi gəlir edə ölkələrə deyil, hamıya. Bir fransız atalar sözündə deyirlər, dərd gələndə, ard-arda gəlir.
Dünyada baş verənlər ciddi iqtisadi böhrana doğru gedir, bunu proqnozlaşdırmaq üçün iqtisadi biliklərə ehtiyac yoxdur. Tezliklə bunu hamı həyatında, işində, ən əsası cibində hiss edəcək. Böyük şirkətlər ciddi ziyanla işləməyə başlayıblar, milyardlarla ziyandan danışılır, yay gəlməmiş turizm sektoru çöküşdədir. İtaliya, Fransa, Almaniya kimi turizm ölkələri «qara siyahıdadır», bundan sonra nə olacaq hələ ki, demək çətindir. Əvəzində, Fransada son aylar davam edən, «sarı jiletlilər»küçədən yığışmağa məcbur olublar, küçə hərəkatları hələ ki, okeanın o tayındakı Çilidə tələbələrin ağlında qalıb, amma tezliklə onlar da maskalanmağa məcbur ediləcəklər…(Musavat)
Nazim SABİROĞLU,