RUHANİNİ DALANA DİRƏMƏK İSTƏYİ: Ayətullah Xamnəi İran prezidentinə qırmızı, Tramp isə yaşıl işıq yandırıb
Ruhullah Fəqihi
“Əl-Monitor”, 29.08.2019
Yenixeber.org: İran prezidenti Həsən Ruhani bu yaxınlarda ABŞ prezidenti Donald Trampla görüşmək istəyinə işarə edib. Lakin 40 il sonra İran və ABŞ liderləri arasında baş tutacaq görüşə dair ümidlər son 48 saat ərzində öləziyib.
Mühafizəkar mediada Ali Rəhbər Ayətullah Əli Xamnəinin ABŞ-la danışıqlara qarşı olduğunu dilə gətirildiyi video yayımlanıb. Onun şərhlərindən sonra Ruhanini geri çəkilməyə məcbur etmək üçün hücum dalğası başlayıb.
“Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari avqustun 28-də baş məqalədə yazıb: “Sizin Trampla aparacağınız danışıqlar Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi başqa bir itki və fəlakətə səbəb olacaq… və bu, 2020-ci ilin prezident seçkiləri üçün yalnız Trampa hədiyyə olacaq. ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə 2013-cü ildə telefon danışığınız onun üçün böyük hədiyyə və İran millətinə daha böyük təhqir idi”.
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) keçmiş komandiri və hazırda siyasi fəal Hüseyn Kənani Müqəddəm “əl-Monitor”a verdiyi müsahibəsində deyib: “Ruhani Emmanuel Makron və Donald Trampın psixoloji müharibəsindən təsirlənmiş ola bilər. Sözünü dananları sınaqdan keçirmək düzgün deyil”.
Müqəddəm əlavə edib: “Əlbəttə, İranın xarici siyasətində bu kimi məsələləri Ali Lider müəyyən edir və Lider dəfələrlə danışıqlar yolunun bağlı olduğunu söyləyib. O hətta danışıq şərtlərini elan etməyib”.
Avqustun 27-də mövqe dəyişmiş Ruhani Makronun Trampla ortaq görüş təklifi şərtlərini irəli sürüb: “Kimsə Həsən Ruhani ilə fotoşəkil çəkmək fürsəti axtarırsa, bu, bütün ədalətsiz sanksiyalar qaldırmadıqca və İran xalqına ehtiram göstərilməyincə mümkün deyil”.
Əslində, Ruhani Trampla danışıqları istisna etmədi: “Məsələləri ağıllı şəkildə həll etməyə çalışırıq”.
Bununla belə, ehtimal var ki, sərt tənzimçilərin hücumlarından sonra Ruhani daxili müxalifətin təzyiqindən azad olmaq üçün mümkün görüşdən imtina etmək strategiyasını qəbul edə bilər və gizli danışıqlara gedər.
Bu arada, bəzi müşahidəçilər Tramp-Ruhani görüşünün İranın potensial danışıqlar üçün vasitə əldə etməsindən sonra mümkün olacağını iddia edirlər.
Avqustun 27-də İranın Razi Universitetinin siyasi elmlər üzrə professoru, analitik Qüdrət Əhmədian qeyd edib: “Hazırda görüş İran üçün heç bir strateji nailiyyət vermir. Məntiqlə İran əvvəlcə sentyabrın 6-da JCPOA çərçivəsində öhdəliklərini azaltmaq üçün üçüncü addımını atacaq və sonra ABŞ-la danışıqlar prosesinə başlayacaq”.
Hələ ki, Ruhaninin açıqlamaları onun Trampda ciddiliyi görmədiyini və Trampın 2020-ci il ABŞ prezident seçkilərində xarici siyasətdəki uğurları ilə lovğalanmaq üçün sadəcə fotoşəkillər istədiyini göstərə bilər.
Əlbəttə, o, Obama ilə 2013-cü ildə etdiyi telefon danışığının 2015-ci il nüvə sazişinə yol açdığını və ABŞ prezidenti ilə görüşün Tehran-Vaşinqton mübahisələri və sanksiya məsələlərinin həllində böyük rol oynayacağını yaxşı bilir. Lakin Ruhani Trampın niyyətlərinə və fikir ayrılıqlarını həll etmək əzminə əmin deyil.
“Görüş müəyyən məqsədlərlə keçirilməlidir. Təqib etdiyimiz hədəfin gerçəkləşə biləcəyi qənaətinə gəlməyincə, görüş haqqında söhbət düzgün deyil”. Bunu avqustun 28-də Administrasiyanın rəhbəri Mahmud Vaizi söyləyib.
Bəlkə də buna görə Ruhani Makronun Parisdə, Fransada Trampla görüşmək üçün G-7-yə qatılmaq dəvətini rədd edib və Fransa prezidentinə JCPOA-nu Avropa kanalları vasitəsi ilə xilas etməyi üstün tutub.
Bəs İran-Fransa danışıqlarının nəticəsi?
İran rəsmilərinin açıqlamaları Tehran-Paris danışıqlarının davam etdiyini və rəsmilərin razılığa gələcəyinə ümid etdiklərini göstərir.
Vaizi İranın “Avropa ilə demək olar ki, yaxşı irəliləyişlər” etdiyini və İranın “iqtisadi qrupu”nun gələn həftə Fransaya gedəcəyini açıqlayıb.
Bu arada, İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemməti Makronun İrana 15 milyard dollarlıq kredit xətti açmaq təklifi ilə bağlı verdiyi xəbərə münasibət bildirib: “Bu, müzakirə olunur və biz nə olacağını görəcəyik”.
Bununla yanaşı, o, ABŞ-ın sanksiyaları fonunda 15 milyard dollarlıq kredit xəttinin İranla ticarətin asanlaşdırılması üçün nəzərdə tutulan Avropanın xüsusi təyinatlı nəql vasitəsi olan INSTEX daxilində ehtimal edilmədiyini qeyd edib.
Adının çəkilməməsi şərtilə danışan bir mənbənin “əl-Monitor”a verdiyi açıqlamada kredit xətti təklifinə Trampın yaşıl işıq yandırdığı bildirilib: “Tramp və Makron bəzi razılaşmalar əldə etdiyi üçün Zərif Parisə yollanıb”.
Ruhaninin çıxışı və danışıqlar üçün imkan pəncərəsinin bağlı olub-olmaması barədə suala cavabda ikinci bir mənbə deyib: “Proses dayanmayıb, məsələ gündəmdədir”.Tərcümə: Strateq.az