SAHİBKARLAR VERGİ HÜCUMUNA HAZIRLAŞIR!? –Vergi Məcəlləsinə yeni dəyişikliklər nə vəd edir?
Cərimələrin və rüsumların artırılması vergi güzəşti sayıla bilərmi?
Yenixeber.org: Fazil Məmmədovun gedişindən sonra vergi orqanının sahibkarlara münasibətində müsbət mənada ciddi dəyişikliklərin olduğunu etiraf etməmək insafsızlıq olardı.Xüsusilə də “krışasız” kiçik sahibkarlar artıq xeyli müddətdir ki, vergi əməkdaşı görəndə dizlərinin əsməsi, rənginin ağarıb-saralması sindromundan qismən qurtulublar. Lakin onların daxilindəki sək-səkə hələ də öz yerini stabil və şəffaf münasibətlər sisteminə söykənən rahatlığa verə bilməyib.
Məsələ ondadır ki, Mikayıl Cabbarovun təyinatından sonra əvvəllər sahibkarlara qarşı əsl repressiya aparatı rolu oynayan vergi orqanı xeyli yumşalma və sivil münasibətlər mərhələsinə qədəm qoysa da, bunun nə vaxtadək davam edəcəyi çoxları üçün bəlli deyil.Yeni nazirin gəlişindən bu yana ciddi vergi islahatları və sahibkarlara əhəmiyyətli güzəştlər olunacağına dair o qədər fikirlər səsləndirildi, vədlər verildi ki, hətta Azərbaycanda tezliklə “vergi cənnətinin” yaranacağına ümid edənlər də tapıldı.Ancaq zaman keçdikcə və xüsusilə də bugünlərdə Vergi Məcəlləsinə dəyişikliklər təsdiqləndikdən sonra sahibkarların ümidlərinin əsas etibarilə doğrulmadığı məlum oldu.
Yanvarın 1-dən verginin “səlib yürüşü” başlayacaq?
Təsadüfi deyil ki, hazırda sahibkarların çoxu yanvar ayından etibarən vergi orqanı tərəfindən “səlib yürüşünün” başlanacağından ehtiyat edirlər. Sıradan bir sahibkar hələ də düşünür ki, məsələn neftin dünya bazarında qiymətinin düşməsindən tutmuş, büdcənin doldurulması ilə bağlı problemlərin yaranması, yaxud ölkəmizdə hansısa beynəlxalq tədbirin keçirilməsilə bağlı hökumətin xərclərinin artması kimi məsələlər istənilən an vergi əməkdaşlarının “hücuma keçməsinə” səbəb ola bilər. Çünki İllərin təcrübəsi onu bu cür düşünməyə vadar edir. Bunun aradan qaldırılması üçün isə sözsüz ki, ilk növbədə elə bir mükəmməl qanunverici baza, həmçinin ədalətli məhkəmə sistemi olmalıdır ki, məhz sahibkarın özü şəffaf fəaliyyət göstərməkdə maraqlı olsun və heç bir vergi əməkdaşı ona qarşı hansısa qanunsuz tələb irəli sürə bilməsin.
Məhkəmələrlə bağlı vəziyyətin nə qədər acınacaqlı olduğu məlumdur və məsələnin bu tərəfini bir kənara qoyaq. Bəs vergi qanunvericiliyi? Məlum olduğu kimi, 2019-cu ilin yanvarından etibarən Vergi Məcəlləsinə edilən yeni dəyişikliklər qüvvəyə minmiş olacaq. Artıq xeyli müddətdir ki, bu dəyişikliklərlə bağlı mətbuatda və sosial şəbəkələrdə pərakəndə şəkildə müzakirələr aparılır, ekspert rəyləri söylənilir. Lakin bu dəyişikliklərdən ən az xəbəri olan onların birbaşa aid olduğu sahibkarların özləridir. Təəssüf ki, bu sahədə təbliğat və təşviqat işi lazımi səviyyədə qurulmayıb. Və görünür, həmişə olduğu kimi, sahibkar həmin yenilikləri yalnız “öz dərisi üzərində hiss etdikdən sonra” mənimsəyə biləcək.
Dəyişikliklərin məğzinə gəldikdə isə nazirliyin departament rəhbəri Samirə Musayeva mətbuata açıqlamasında onların 5 istiqamət üzrə – sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi üzrə olacağını bildirib. Təbii ki, Burada sahibkarlığın dəstəklənməsi və vergi güzəştləri kimi müddəalar sahibkarı ən çox maraqlandıran məqamlardır. Ancaq görək reallıqda bu dəstək və güzəştlər nədən ibarətdir.
Hökumət tərəfindən ən böyük güzəşt kimi qeyri-neft sektorunun özəl bölməsində çalışan və aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt göstərilir. Bu o deməkdir ki, sahibkarlar muzdlu işçilərinə görə 14 faizlik gəlir vergisindən azad olunublar. Ancaq bunu böyük bir vergi güzəşti kimi təqdim etmək bir qədər qeyri-səmimi yanaşma təsəvvürü yaradır. Məsələ ondadır ki, indiyə qədər sahibkarlar qeydiyyata qoyduqları işçilərin əmək haqlarının 173 manatdan yuxarı hissəsinin 14 faizini gəlir vergisi olaraq ödəyirdilər. Əmək haqları isə əksər hallarda yüksək olsa da belə, rəsmən 180-200 manat göstərilirdi. Bəziləri hətta hesabatlarda 140-150 manat əmək haqqı qeyd edirdilər. Deməli, məsələn rəsmən əmək haqqı 180 manat göstərilirdisə, 173 manatın üzərindəki 7 manatın 14 faizi, yəni ki, 98 qəpik vergi kimi büdcəyə ödənilirdi.
Sahibkarların da böyük hissəsi hesabatlarında məhz 180, yaxud maksimum 200 manat əmək haqqı göstərirdilər. Nəticədə hər işçiyə görə 1-3 manat gəlir vergisi ödənirdi ki, bu da sahibkarın xərcləri siyahısında olduqca əhəmiyyətsiz bir rəqəmdir. Bunu nəzərə aldıqda, 8000 manatadək maaşı olanların gəlir vergisindən azad edilməsinin sahibkarlara böyük güzəşt kimi təqdim olunması bir qədər qeyri-ciddi görünür. Yəqin elə buna görədir ki, nazirliyin sözçüsü bu güzəştin büdcəyə vergi daxilolımalarına təsirini şərh edərkən bildirib ki, burada ciddi azalma müşahidə olunmayacaq.
Söhbət vergi daxilolmalarından düşmüşkən, bir haşiyə çıxmaq istərdik. Biznes dairələrinə yaxın mənbələr bildirirlər ki, hazırda vergi orqanları proqnozları daha çox iri müəssisələrin cərimələnməsi və “yüklənməsi” hesabına yerinə yetirməyə çalışırlar. Məsələn, NZS kimi tanınan pivə zavodu, tanınmış bir kulinariya mağazaları şəbəkəsi və digər bu kimi iri müəssisələrdə uzun müddətli vergi yoxlamaları aparılıb və büdcəyə ciddi məbləğdə daxilolmalar təmin olunub. Ancaq bu tip yoxlamaların tezliklə orta və kiçik sahibkarlara da tətbiq edilməyəcəyinə heç kim təminat verə bilməz…
Yenə cərimələr, yenə hədə-qorxu dili…
Əvəzində cərimələr bölməsində hər şey “qaydasındadır”. Yenə sahibkarla “güc dilində danışmağa” üstünlük verilir. Yenilənmiş məcəllədə kassa çekindən istifadə etməməyə görə cərimələr bir neçə dəfə artırılıb. Əgər əvvəl nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, ikinci dəfə yol verildikdə 800 manat, üç və daha çox dəfə yol verildikdə isə 1200 manat məbləğində cərimə tətbiq edilirdisə, artıq bu cərimələr birinci dəfə 1000 manat, ikinci dəfə 3000 manat, üç və daha artıq hallarda isə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutur. Bu o deməkdir ki, həmin cərimələr 2.5-5 dəfə(!) artırılıb.
Xatırladaq ki, hər dəfə Vergi Məcəlləsinə əsaslı dəyişikliklər edilərkən, kassa çekləri və işçilərin qeydiyyatı ilə bağlı cərimələr artırılıb. Ancaq təcrübə göstərir ki, bu cəza üsulu gözlənilən nəticəni vermir, yenə kütləvi şəkildə pozuntular müşahidə olunmaqdadır.Deməli, hansısa başqa vasitə tapılmalı idi, ancaq görünür yenə ən asan və qeyri-effektiv yola əl atılıb. Digər tərəfdən isə kassada oturan işçinin səhlənkarlıqdan, ehtiyatsızlıqdan və digər müxtəlif təsadüflərdən irəli gələrək, ən azından çek vurmağı unutması mümkündür. Bu halda şəxsən özünün heç bir günahı olmayan sahibkar birdən-birə 1000 manat cərimə ödəməli olur.
Onu da nəzərə almaq lazımdır ki, ölkəmizdə adı sahibkar olsa da, mağazasında toplam 1000 manat, yaxud 3000-6000 manatlıq malı olmayan insanlar var. Belələri bu cür yüksək məbləğli cərimələri necə ödəyəcəklər? Bir də ki, maraqlıdır, ümumiyyətlə bu cərimələr müəyyən edilərkən hansı kriteriyalar əsas götürülür? Məsələn, ölkə üzrə minimum əmək haqqımı, əhalinin gəlirlərimi, hətta Ümumi Daxili Məhsulmu və s.Bildiyimizə görə, müsbət mənada heç bir göstərici üzrə Azərbaycanda 2.5-5 dəfəlik artım yoxdur. Belə olan halda necə olur ki, təkcə vergi deyil, digər sahələr üzrə də cərimələr və rüsumlar durmadan, özü də dəflərlə artırılır?
Sadədən mürəkkəbə…
Yenilənmiş məcəllənin əsas istiqamətlərindən biri də sadələşdirilmiş verginin sıradan çıxarılması və Əlavə Dəyər Vergisinin(ƏDV) əhatə dairəsinin genişləndirilməsidir. Ancaq işin fəlsəfəsi budur ki, hazırki şərtlər daxilində sadələşdirilmiş verginin aradan qaldırılması cəhdi ilə hökumətin kiçik və orta sahibkarlığın inkişafı strategiyası arasında ziddiyyət görünür. Belə ki, indiyə qədər illik dövriyyəsi 200 min manatı keçən sahibkarlar 6 faizlik sadələşdirilmiş vergi ödəyicisi ola bilirdilərsə, hazırda bu müddəa aradan qaldırılıb və həmin şəxslər avtomatik olaraq, ƏDV ödəyicisinə çevriləcəklər. İctimai iaşədə isə həmin göstərici 8 faiz olaraq saxlanılıb.
Lakin əksər ekspertlər və sahibkarlar sadələşdirilmiş verginin ƏDV ilə əvəzləməsinin hökumət üçün sərfəli olacağını, kiçik və orta sahibkarlığa isə zərər vuracağını düşünürlər.Çünki ƏDV ödəyicisi olmaq biznesin iş yükünü artırır və əlavə xərclərə yol açır. Əlbəttə ki, ölkə qanunları normal işləyərsə, ƏDV ödəyici olmağın öz üstünlükləri var. Belə ki, əgər sadələşdirilmiş vergi ödəyicisi qazancının olub-olmamasından asılı olmayaraq, dövriyyəsindən birbaşa faiz ödəyirsə, ƏDV ödəyicisi gəlirindən vergi verir. Ancaq yenə də altını cızaraq qeyd edirik – qanunlar işləsə və hamıya eyni dərəcədə aid edilsə!
Bugünkü Azərbaycanda isə hələ də qaydalar bütün bazar iştirakçıları üçün eyni dərəcədə tətbiq olunmadığından, həmin dəyişikliklər “krışalıların” çiçəklənməsi, sahibsizlərin isə müflisləşməsinə səbəb ola bilər. Ya da ən azından effekt verməyə bilər.
Bununla yanaşı, nəzərə alınmalıdır ki, hazırda sahibkar bazardan aldığı ərzağa, yaxud da “Sədərək”, “Binə” və digər iri ticarət mərkəzlərindən topdan aldığı mallara görə satıcıdan heç bir ciddi vergi sənədi ala bilmir. Belə olan təqdirdə, sahibkar necə üzləşdirmə aparacaq və xərclərini necə göstərə biləcək? Demək istədiyimiz odur ki, mövcud şərtlər daxilində sahibkarı sadələşdirilmiş vergidən zorla ƏDV-yə keçirmək gözlənilən effekti verməyə, əvəzində onun xərclərini artıra və sənədləşmə, mühasibat işini ağırlaşdıra bilər. Onu da qeyd edək ki, ƏDV ödəyiciləri hər ay hesabat verməli olurlar və onların vergi orqanının yoxlamalarına tez-tez tuş gəlməsi də qaçılmazdır. Nəticədə yeni dəyişikliklərin hətta sadələşdirilmiş vergi ilə işləyən kiçik və orta müəssisələri sıradan çıxarması da mümkündür. Əvəzində həmin dəyişikliyin böyük şirkətlərin fəaliyyəti üçün yeni imkanlar açması gözlənilir.
Azərbaycanda “vergi cənnəti” olmayacaq
Bütün yuxarıda qeyd etdiklərimiz və yeni məcəlləyə daxil edilən bir sıra digər müddəalar bir daha göstərir ki, ölkəmizdə vergi mühiti nisbətən yumşalsa da, idealdan çox-çox uzaq olaraq qalacaq. Sözsüz ki, bizim vergi ödəyiciləri də mükəmməllikdən xeyli uzaqdırlar. Bəlkə də nə vaxtsa onlar da qanunlara daha çox hörmət edəcək, könüllü olaraq borclu olduğu vergini qəpiyinədək ödəyəcəklər. Ancaq bunun üçün vergi ödəyicisi də arxayın olmalıdır ki, qanunlar hamı üçün eynidir, onun büdcəyə ödədiyi vəsait isə sonradan kimlər tərəfindənsə oğurlanmayacaq və onun övladının təhsilinə, vətəninin müdafiəsinə, yaxud hansısa infrastruktur layihəsinin, yaxud sosial əhəmiyyətli obyektin tikintisinə xərclənəcək, həm də şəffaf şəkildə…
Hələliksə Vergi Məcəlləsi ətrafında baş verənlər onu göstərir ki, neft ölkəsi olan Azərbaycanda yaxın müddətdə “vergi cənnəti” olmayacaq.(azpolitika)
E.Qüdrətoğlu