Türkiyədə Ərdoğana qalib gələsi alternativ yetişir:Maral Akşener Turqut Özalın yolunu gedir – Təhlil
"Yaxşı partiya" başkanı Maral Akşener
Arif Asalıoğlu
regnum.ru, 06.11.2017
Yenixeber.org: Türk siyasətçisi Maral Akşener yeni səviyyəyə qalxıb. Bir qədər onun özü haqqında. Müxtəlif vaxtlarda daxili işlər naziri və parlamentin vitse-spikeri vəzifəsini tutub. İstanbul universitetində tarixi öyrənib, Mərmərə universitetində fəlsəfə doktoru dərəcəsi alıb. 2016-cı ildə Millətçi Hərəkat Partiyasında partiya lideri Dövlət Baxçalıya qarşı çıxış edərək müxalif qrupa başçılıq edib. 2017-ci il oktyabrın 25-də “Yaxşı Partiya”nı qurub və ona rəhbərlik edir. “Yaxşı Partiya”nın sloqanı: “Türkiyədə hər şey yaxşı olacaq”. Loqotipi – haləsində səkkiz şüa olan günəş. Proqramın əsas şüarları: “Yaxşı Türkiyə”, “Demokratiya və hüquq”, “Toplum”, “Dövlət idarəçiliyi”, “Daxili və xarici təhlükəsizlik”, “Təsisatlar”, “Xarici siyasət” və “Hədəflər”.
“Yaxşı Partiya” qurulduqdan sonra parlamentdə yer bölgüsü dəyişiləcək. İndi beş deputat “Yaxşı Partiya”nı təmsil edəcək. Onlar 200 təsisçi siyahısına da daxildir. Ola bilsin, kimdəsə təəssürat yaranar ki, yeni qüvvə ölkədə müxalif taxçanı asanlıqla dolduracaq. Amma hər şey Akşenerin və yoldaşlarının təsəvvür etdiyi kimi elə də asan deyil. Türkiyənin indiki hakim Ədalət və İnkişaf Partiyası ilə müqayisə mənzərədə çatmayan elementləri tamamlamaq imkanı verir. Başlanğıc üçün, bax, bunu qeyd etmək lazımdır: Türkiyədə hər bir dövlət çevrilişi yeni partiya yaratmağa və yaxud yeni lider hazırlamağa səbəb olub. Məsələn, Bülənd Ecevit (Soisal-Demokrat Partiyası lideri, müxtəlif vaxtlarda baş nazir postunu tutub) 1971-ci il 12 mart Memorandumundan sonra İsmət İnönünün (Türkiyə sərkərdəsi və ölkənin ikinci prezidenti) yerini tutub. 1980-ci il sentyabrın 12-də dövlət çevrilişinin qabağını almaq cəhdinə baxmayaraq, Turqut Özal (dövlət və siyasət xadimi, Türkiyənin səkkizinci prezidenti) Vətən Partiyasını yaradıb.
Heç şübhəsiz, ƏİP və lideri, ölkəni 15 il boyunca yönəldən indiki Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan meydana çıxdığı üçün 1997-ci il 28 fevral “postmodernçi çevriliş”ə borcludur. Türkiyədə qiyamın nəticələri üzrə xeyli siyasi partiya ləğv olunub, çoxlu “ağırçəkililər” isə siyasəti tərk ediblər. Formalaşmış siyasi konyunkturadan başqa ölkədə hökm sürən ağır iqtisadi böhran və mövcud partiyalar üçün cərimələr Ərdoğan və ƏİP-in irəli çıxmasına şərait yaradıb. İndi “Yaxşı Partiya” üçün oxşar durum yaranıb. İqtisadiyyat sürətlə həmin dövrün səviyyəsinə doğru gedir. Terrorizmlə mübarizə üzrə təşəbbüs qrupları istənilən vaxt hətta böyük şəhərlərdə də aksiyalar təşkil edə bilər. Siyasətdə böyük boşluq müşahidə olunur. Millətçilik yenidən dəbə minib. Amma Millətçi Hərəkat Partiyası artıq tənəzzüldədir. İtkilər artıq gözədəyəndir. ƏİP hakim partiya üçün “dal həyət”i təmsil edən MHP üzvlərinin gedişinə daim şərait yaradır. Millətçiləri tərk edən adamlar bildirirlər ki, Akşenerin tərəfindədirlər. Yeni meydana çıxan “Yaxşı Partiya” ən yüksək artım potensialına malikdir. Hansısa səbəbdən ƏİP-ə və yaxud müxalif Cümhuriyyət Xalq Partiyasına səs verməyən elektorat, ola bilsin, gücü ƏİP-i yada salan məhz Akşeneri seçəcək. Ya da 1980 çevrilişindən sonra Özalın yaratdığı və sürətlə qol-budaq atan Vətən Partiyasını.
Türkiyə prezidenti Rəcəb Ərdoğan
Bu hərəkat “Yaxşı Partiya” adıyla tamamilə bütün kütlələri bürüyə bilər. İndi Akşener də öz kampaniyasında əvvəllər Vətən Partiyası və ƏİP-in diqqət ayırdığı sıçrayış yönlərindən yararlanır. “Yaxşı Partiya” “demokratlar”, “dünyəvilər”, “kommunistlər” və “kamalçılar”ı ayırmır. Ekspertlər iddia edirlər ki, “Turqut Özal gəlib partiya qurmaq istəsəydi, onu məhz bu cür yaradardı”. Güman olunur ki, “Yaxşı Partiya” Ərdoğanı dəstəkləyən kütləni bölərək demokratik siyasətin normallaşmasına şərait yaradacaq. Onun səsləndirdiyi proqram cəmiyyətin bütün laylarını cəlb etməyə yönəlib. Parlament rejimi, hakimiyyət bölgüsü, qanunun aliliyinə qayıdış təklif olunur. İnsan haqlarına, korrupsiya ilə mübarizəyə vurğu edilir. Vətəndaş cəmiyyətinin diqqətini cəlb edən başqa bəyanatlar da səslənir. Partiya proqramı elə şəkildə qurulub ki, Ərdoğanın rəhbərliyi altında ƏİP rejiminin buraxdığı bütün səhvlər, həmçinin bunların təkrarından yayınmaq üçün nələri etməyin gərəkdiyi gün işığına çıxsın.
“Yaxşı Partiya” öz səslərini haradan yığacaq? Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Akşener son illərdə “qurban” olub. MHP-dən çıxmaq və konfrans çağırmaq istəyənləri polis dağıdıb. Bəzi zallarda elektriki kəsiblər. Bəli, “qurban”. Lakin “qurban qadın” seçici qadınlara yaxın olacaq. Həmçinin Ərdoğana köklənməyən millətçilərin də səslərini almaq mümkündür, onlar üçün “fərq etməz, təki o getsin”.
Akşener cəmiyyəti Ərdoğandan imtina etməyə inandıra bilsə, ona qalib gələ bilər.