POLŞA TÜRKİYƏ DEYİL! - NATO-nun “müdafiə çətiri” nədən dəlik-deşik çıxdı?
Rusiyanın Polşaya PUA hücumu, bundan əvvəl Donald Trampın tez-tez özünün və ətarfındakıların sevə-sevə təkrarladığı “Tramp prezident olsaydı, bu müharibə olmazdı” tezisinin “çürük” olduğunu ortaya qoydu.
Yenixeber.org: Belə ki, məhz indi - Trampın prezidentliyi dövründə Putin Rusiyası ilk dəfə açıq şəkildə NATO sərhədlərini pozaraq, bir NATO ölkəsinə qarşı kütləvi PUA hücumu həyata keçirdi.
Doğrudur, qətiyyən təsadüfi olmayan bu əməliyyat hər nə qədər əvvəlcədən planlaşdırılmış və məqsədli şəkildə həyata keçirilən təcavüz-təxribat akltı olsa da, daha çox hücum yox, kəşfiyyat xarakterlidir. NATO-nun və ABŞ-nin bu hücuma göstərdiyi zəif reaksiya isə onu deməyə əsas verir ki, qarşıda Rusiyanın bu istiqmətdə daha ciddi və təhlükəli həmlələrini görəcəyik.
Bütün dünya və xüsusilə Avropa Trampın bu təxribata münasibətini gözləyərkən ABŞ-nin hazırkı prezidenti əvvəlcə jurnalistlərin bu mövzuyla bağlı sualına cavab verməkdən qaçdı.
Ardınca da anlaşılmaz, qeyri-ciddi bir paylaşım etdi: "Rusiyanın dronlarla Polşanın hava məkanını pozması ilə nə baş verir? Başlanır!”
Yəni nə? Hanı hadisəyə verilən siyasi qiymət? Hanı NATO ölkəsinə göstərilməli olan ən azı, siyasi dəstək və sair?
ABŞ Prezidenti Rusiyanın bu təcavüz xarakterli təxribatına kəskin reaksiya vermək əvəzinə, “nala-mıxa” vuran davranışlar sərgiləyir. Onun son olaraq Rusiyanın Polşaya PUA hücumunun "səhv ola biləcəyini" deməsi isə ümumiyyətlə, sözün qurtardığı yerdir...
Xatırladaq ki, bundan az öncə Tramp Pribaltika respublikalarına hərbi dəstəyi əngəlləyən qərar verib. Adam sanki bilərəkdən Rusiyanın əl-qolunu açmasına, təcavüzü genişləndirməsinə, Avropanı qorxutmasına, təşviş içrəisində saxlamasına şərait yaradır. Ancaq görünür. Tramp bu siyasətin ABŞ-nin özünün dünya liderliyinə, etibarlı və böyük tərəfdaş statusuna, nüfuzuna, strateji maraqlarına nə qədər böyük zərbə vurduğunu ya anlamır, ya da məhz elə buna xidmət edir və missiayası ondan məhz bunu tələb edir...
Putin Rusiyasının bu hücumla bağlı məqsədlərinə gəlincə, bu, bir növ “bir dronla iki dovşan vurmaq” anlamına gəlir. Artıq bir çox analitiklər bu hücum nəticəsində Avropanın öz diqqətlərini və maddi imkanlarını Ukraynadan daha çox Polşa və digər NATO ölkələrinə yönəltməyə başlayacağını proqnozlaşdırırlar. Bu, Rusiyanın maraqlarına uyğundur. Artıq Avropa İttifaqı Polşaya 43 milyard dollar ayırıb.

Məsələn, Almaniya kansleri Fridrix Merts etiraf edib ki, NATO-nun hava hücumundan müdafiə sistemi gözlənilən səviyyədə deyil: “Avropanın və NATO-nun hava hücumundan müdafiəsi işə düşdü. Lakin o qədər yaxşı səviyyədə yox ki, çox sayda pilotsuz təyyarənin Polşanın hava məkanına daxil olmasının qarşısını ala bilsin”. Doğrudan da, NATO-dan fiziki və maddi imkanları, hərbi texnologiyaları ilə çox-çox geridə hesab edilən Ukrayna Rusiya PUA-ları və raketkəri ilə daha effektiv mübarizə aparır, nəinki dünən Polşaya hücumu “dəf edən” NATO qüvvələri.
Əvəzində, NATO bəyan edir ki, bu baş verənləri NATO ölkəsinə qarşı hücum hesab etmir. Ölkənin hava sərhədləri kütləvi şəkildə, özü də qəsdən pozulub. Aeroportlar işini dayandırıb. Bir neçə PUA yaşayış evlərinə düşüb və sair. Bəs hücum daha nəyə deyilir?

Müasir müharibələr artıq çoxdan PUA və raket müharibələrinə çevrilib. Bu dişsiz reaksiyadan sonra növbəti dalğada Polşa, yaxud Pribaltika ölkələrinə təkcə PUA deyil, raket hücumu olarsa, burada təəccüblənəcək bir şey olmayacaq. Bir müddət sonra isə bu cür hücumlar adi, rutin halını alacaq...
Beləliklə, Rusiya faktiki olaraq, mərhələlərlə Avropa və NATO təhlükəsizliyini sınaqdan keçirir, onun zəif yerlərini açır, həm də cəsarətlənir.
Azğınlaşan Putin Rusiyası ilə necə rəftar edilməli olduğunu hələ 2015-ci ildə Türkiyə göstərmişdi. Həmin vaxt cəmi bir neçə dəqiqə ərzində Türkiyə sərhədini keçmiş Rusiya hərbi təyyarəsi Türkiyə “F-16”-sı tərəfindən dərhal vurulmuşdu. Bundan sonrakı açıqlamalar, şərhlər və sair artıq önəmli deyildi. Ən əsası, Türkiyə göstərdi ki, kimsə onun sərhədini, hava məkanını poza bilməz!

Ona görə də həmin vaxtdan sonra Suriyada yerləşən Rusiya hərbi təyyarələri Türkiyəyə tərəf “baxmağa” belə cəsarət etmədilər. Ancaq göründüyü kimi, Polşa Türkiyə deyil! Bu gün eyni cəsarəti və qətiyyəti nə Avropada, nə də NATO rəhbərliyində görmürük. Yaxın zamanda görəcəyimizə də ümid etməyə dəymir. Bu isə işğalçını, təcavüzkarı daha da cəsarətləndirir...(Azpolitika)
Cəlal Məmmədli