“PUTİN İKİNCİ HÜCUM DALĞASINA HAZIRLAŞIR” –“Qarşıdakı iki-üç həftə kritik olacaq, Rusiya kimyəvi silahdan istifadə edə bilər”
Rusiyanın Ukraynanı işğal etmək və “cilovlamaq” üçün başlatdığı müharibənin ikinci ayı başlanıb. Son bir ayda Putin Rusiyası müharibə yolu ilə istədiklərinə nail ola bilməyib, əvəzində dünyadan təcrid edilmiş halda güncə sıxışdırılır. NATO-ya üzv dövlətlərin Brüsseldə bir araya gələrək Rusiya məsələsini müzakirə etməsi, ABŞ Prezidenti Baydenin Varşavaya baş çəkməsi, Britaniyanın Ukraynaya daha müasir silahlar verəcəyini elan etməsi qarşıdakı dövrdə gərginliyin davam edəcəyindən xəbər verir.
Yenixeber.org: Mövzunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbərlə müzakirə etdik. Müsahibəni təqdim edirik:
- Sülhəddin bəy, Brüsseldə NATO-ya üzv ölkələrin liderləri görüşərək Ukrayna-Rusiya müharibəsi mövzusunda qapalı müzakirələr apardı. Çoxları gözləyirdi ki, bu görüşdə ittifaqın Ukraynaya dəstəyi rəsmi xarakter alacaq, habelə rəsmi Kiyev tərəfindən qaldırılan məsələlər həll ediləcək. Amma NATO açıq elan etdi ki, Ukrayna müharibəsində tərəf kimi iştirak etmir. NATO-ya üzv dövlətlərin liderlərinin görüşü və qəbul etdiyi qərarları necə xarakterizə edirsiniz?
- NATO liderlərinin görüşü Ukrayna müharibəsinin bir ayının tamam olduğu ərəfəyə təsadüf etdi. Buna təsadüfi hal kimi baxmaq doğru olmazdı.
Birincisi, məqsəd bir tərəfdən Rusiya-Ukrayna müharibəsinin bir ayına yekun vurmaq, bu günə qədər edilən köməyin səmərəliliyini və təsirini öyrənmək, bundan sonra atılacaq birgə addımları koordinasiya etmək idi.
İkincisi, NATO Ukrayna ilə bağlı operativ-taktiki baxımdan hansı addım atmalıdır, NATO-nun şərq qanadının gücləndirilməsi üçün hansı işlər görülməlidir.
Üçüncüsü, strateji perspektivlə bağlı NATO hansı addımlar atmalıdır.
Beləliklə, şərti olaraq NATO-nun gündəliyini iki hissəyə ayırmaq olar. Yəni Rusiya-Ukrayna müharibəsi ilə bağlı hərbi alyans hansı addımlar atmalıdır, hazırda müharibənin getməsi fonunda alyansın şərq cinahının gücləndirilməsi üçün nələr görülməlidir və strateji perspektivlə bağlı hansı inkişaf yolu tutulmalıdır. Əsasən bu məsələlər müzakirə edilib.
- Prezident Zelenskinin alyansdan məhdudiyyətsiz dəstək tələbini nəzərə alaraq NATO-nun liderlər zirvəsində verilən qərarları real vəziyyətə nə dərəcədə adekvat hesab etmək olar?
- Atılan addımların şəraitə uyğun olub-olmadığına baxmaq lazımdır. Həm də buna haradan baxıldığı da əhəmiyyətlidir. Bakıdan baxanda bu bir cür, Kiyevdən baxanda başqa cür, Brüsseldən baxanda isə fərqli görünə bilər. Aydındır ki, NATO 30 üzv dövlətdən ibarətdir, hər bir üzv dövlətin öz marağı var. Və bir də ümumi maraqlar var. Bu maraqları uzlaşdırmaq və ümumi qərar qəbul etməyin necə çətin proses olduğu ilə yəqin ki, razılaşarsınız. Odur ki, əvvəl NATO müdafiə nazirləri, sonra xarici işlər nazirləri bir araya gəlir və nəhayətdə liderlər razılaşdırılan qərarları təsdiq edirlər. Əslində bu uzun prosesdir və burada qəbul olunan qərarlar heç də hər bir üzv ölkənin marağı ilə tam uyğun olmaya bilər. Ukrayna səmtindən baxdıqda təbii ki, NATO-nun verdiyi qərarlar yetərsiz və ya natamam görünə bilər. Bütövlükdə balanslaşdırılmış formada yanaşdıqda NATO ABŞ liderliyində Ukraynaya verilən yardımın artırılması haqda qərar qəbul edib. Həm miqdarca daha çox, həm də keyfiyyətcə daha üstün silahlar veriləcək. NATO-nun Şərq qanadında dənizdə, havada və quruda hərbi alyansın fəaliyyəti gücləndiriləcək, dörd əlavə hərbi döyüş birliyinin yerləşdirilməsi haqda artıq qərar verildi. Bunlar Bolqarıstan, Macarıstan, Rumuniya və Slovakiyada yerləşdiriləcək. Bundan əvvəl isə Polşa və Baltik ölkələrində belə qüvvələr yerləşdirilib. Demək olar ki, prosesə 120 döyüş təyyarəsi, 100-dən artıq döyüş gəmisi cəlb olunub. Hələlik bu, NATO-nun müdafiə və çəkindirmə gücü kimi, Rusiyanın da imkanları nəzərə alınmaqla, yetərli hesab olunur. Strateji perspektivlə bağlı da Putin hakimiyyətdə olduqca Rusiyanın sivilizasiyadan təcrid edilməsi baş verəcək. Putin Rusiyası təkcə diplomatik-siyasi baxımdan təcrid edilməyəcək, ona qarşı yalnız iqtisadi müharibə aparılmayacaq. Ukrayna üzərindən dolayısilə müharibə aparmaqla yanaşı, mədəni sahədən idman sahəsinə qədər, Rusiyanın təcrid edilməsi siyasəti aparılacaq. Putin hakimiyyəti devrilənə və ya Moskvada dəyişiklik olunana qədər bu xətt mövcud olacaq.
Strateji perspektivə gəldikdə isə, iyun ayında İspaniyada NATO-nun növbəti sammiti keçiriləcək. Orada NATO-nun yeni strateji konsepsiyası qəbul ediləcək. Yeni konsepsiyada da NATO-nun strateji baxışları öz əksini tapacaq.
- Müharibə başlayan ərəfədə bəyan etmişdiniz ki, yaxın 3-4 gün Ukrayna baxımından kritik əhəmiyyət daşıyacaq. Artıq müharibədən bir ay zaman keçir, indi vəziyyəti necə qiymətləndirmək olar?
- Mən 3-4 günü təsadüfən deməmişdim. Kəşfiyyat məlumatlarına görə, 3-4 gün ərzində, Putinin planına görə, Kiyev tutulmalı idi. Bu halda ya hazırkı Ukrayna hakimiyyəti Kremlin bütün şərtlərini qəbul edəcəkdi, ya da devriləcək və yerinə oyuncaq rejim qurulacaqdı. Yeni rejimə də Kremlin bütün şərtləri imzalatdırılacaqdı. Putinin ildırımsürətli müharibə planı baş tutmadı. Əvəzində Putin Qərbin strateji tələsinə düşdü. Ötən bir ay göstərir ki, artıq bütün dünya bunu anlayır. Ciddi analitiklərin və ekspertlərin təhlilinə baxsanız görərsiniz ki, bu təsdiq olunur. Mən qeyd etmişdim ki, bu müharibə geopolitik səbəbləri və hədəfləri olan müharibədir, yeni dünya nizamı quruculuğu ilə birbaşa bağlıdır. Ukrayna-Rusiya savaşı isə onun bir epizodu, səhnəsidir. Yəni Ukrayna müharibəsinin nəticəsindən asılı olmayaraq bu geopolitik savaş davam edəcək. Çünki bu, sivilizasiyaların savaşıdır. Əvvəllər bu dini əsasda götürülürdü, Rusiya xristian olduğundan sivilizasiyanın bir parçası hesab olunurdu. Ancaq indi azad dünya ilə avtoritar dünyanın savaşı gedir. Başqa sözlə, sivilizasiya əsası dəyişilib, artıq dini əsasla getmir. Bir tərəfdə azad dünya var, bir tərəfdə də azad olmayan iki mərkəzli avtoritar dünya var - Pekin və Moskva mərkəzli. İndi bu mərkəzlərdən birinin sıradan çıxarılması hədəfi ortaya qoyulub. Bu baxımdan Ukrayna müharibəsi bu geopolitik savaşda operativ-taktiki məna daşıyır. Sözsüz ki, bu strateji savaş uzunmüddətli nəzərdə tutulur, tükəndirici savaş olacaq. Strateji baxımdan resursu çox olan tərəf də bu savaşda qalib gələcək. Şübhəsiz ki, bu strateji savaşda ABŞ liderliyində azad dünya qalib gələcək. Çünki strateji baxımdan resursu müqayisə olunmaz dərəcədə yüksəkdir.
Biz birbaşa operativ-taktiki səviyyəyə, yəni Ukrayna savaşına ensək, burada Putinin ildırımsürətli müharibəsi baş tutmadı, Putin Ukraynada Qərbin tələsinə düşdü və indi Ukraynaya lazım olan hər cür dəstək veriləcək ki, Putin orada qalib gələ bilməsin. İndi bu mərhələyə keçilib. Putinə nəinki qələbə, heç imkan verilməyəcək ki, Ukraynada uğur qazana bilsin. Bu baxımdan qarşıdakı iki-üç həftənin həlledici və kritik olacağını düşünürəm. Əvvəl mən 3-4 günü kritik hesab edərkən ildırımsürətli müharibəni nəzərdə tuturdum. İndi iki-üç həftə deyəndə isə onu nəzərdə tuturam ki, Putinin bütün ehtiyatını cəlb edərək ikinci hücum dalğası başlatmaq planı var. Hesab edirəm ki, bu hücum dalğası da baş tutmasa, bundan sonra biz real mənzərəni Ukrayna səhnəsində görməyə başlayacağıq. Yəni ondan sonra böyük ehtimalla Putin danışıq masası arxasında əyləşib Ukraynadan çəkilmək haqqında qərar verəcək, hərçənd mən bunun ehtimalını az görürəm. Dirənəcəyi halda da Ukraynanın əks-hücuma keçərək Putin ordusunu darmadağın etməsini görməyə başlayacağıq. Bu perspektivi görən Rusiya, indi adi silahlı qüvvələr sahəsində Ukrayna ilə bacara bilməyəcəyini hiss etdiyindən, kütləvi qırğın silahları ilə dünyanı təhdid etməyə başlayıb.
- Deməli, üçüncü variant da var və bu, küncə sıxışdırılan Rusiya üçün taktiki nüvə silahının tətbiqidir...
- Bu cür məsələlərə heç kim konkret cavab verə bilmir. Necə ki, müharibənin başlayacağına, Putinin planlarına dair konkret kəşfiyyat məlumatları var idi və bu ABŞ tərəfindən ictimailəşdirilirdi. İndi dediyiniz məsələyə dair də konkret kəşfiyyat məlumatları olmalıdır. Putinin niyyəti ola bilər. Təhdid üç hissədən ibarətdir. Bunun niyyət hissəsi var. Bəli, Putinin belə niyyəti ola bilər. Əlində bu niyyəti həyata keçirmək üçün qüvvə və vəsaiti varmı, bəli var. Amma imkan və qabiliyyəti varmı? Qabiliyyəti var. Lakin qarşı tərəfin - ABŞ-ın da belə imkanları var. Nəzərə alınmalıdır ki, nüvə müharibəsi qarşılıqlı məhvedilmə balansına hesablandığından, bu günə qədər belə müharibə baş verməyib. Putin qarşılıqlı zərbə alacağını bilərək bu balansı poza bilərmi? Bu halda deyirlər ki, Putin bunu gözə alaraq strateji nüvə silahı deyil, operativ-taktiki silahından, yəni yarım və ya bir kilotonluq, mümkündür ki, 5 kilotona qədər nüvə silahından istifadə edə bilər. Bu zaman da Qərb düşünə bilər ki, buna nüvə zərbəsi ilə cavab verməsin. Yəni nüvə müharibəsinə girməyə bilər. Aşağı həddə tətbiq etməklə Putin Ukraynanı qorxudub istədiyinə nail ola bilər, eyni zamanda da nüvə başlığı kiçik olduğundan NATO buna cavab verməyə bilər. Bu da əslində riskli addımdır. Diqqət etdinizsə, Bayden kimyəvi silah haqqında danışarkən deyib ki, biz mütləq adekvat cavab verəcəyik. Yəni hansı kimyəvi silahdan və hansı miqyasda istifadə olunacağına baxacağıq. Mənə elə gəlir ki, bu, əslində Putinin əl-qolunu açan reaksiya idi. Fikrimcə, bu yanlış olmaqla yanaşı sanki Putini təhrik edirlər ki, sən kiçik miqyaslı başlıqdan istifadə etsən, cavab verməyə də bilərik. Ola bilsin ki, Putini şirnikləndirirlər ki, belə addım atsın və Qərb də Putin Rusiyasını məhv etmək üçün tam legitim əsas əldə etsin. Bizim əlimizdə, təəssüflər olsun ki, dəqiq kəşfiyyat məlumatı yoxdur. Odur ki, belə suallara dəqiq kəşfiyyat məlumatlarına malik olanlar konkret cavab verə bilər. Mənim qənaətim belədir ki, Putinin niyyəti var. İmkan və qabiliyyəti, qüvvəsi də var. Siyasi iradəsi və qərarı varmı? Bu haqda dəqiq məlumat yoxdur. Mümkündür ki, niyyəti olsun, qüvvə və qabiliyyəti də olsun, lakin qərar veməyə siyasi iradəsi olmasın. Və ya mümkündür ki, qərar verməyə siyasi iradəsi də var, amma rassional düşünür və görür ki, belə qərar vermək düzgün olmazdı. Ən azından milli maraqları və ya şəxsi qrup maraqları səbəbindən. Bir sözlə, bu mürəkkəb məsələdir və dəqiq məlumat olmadan fikir yürütmək çətindir.
Digər tərəfdən, operativ-taktiki nüvə başlığına qədər kimyəvi və bioloji qırğın silahları var. Təsirinə görə, daha aşağı səviyyəli olan belə silahlardan istifadə etmək imkanı var. Ona görə də indi kimyəvi silahdan istifadə ehtimalı operativ-taktiki nüvə silahından istifadə ehtimalından daha yüksəkdir. Bundan Putin o halda istifadə edəcək ki, artıq adi silahlı qüvvələr sahəsində məğlub olduğunu hiss edəcək.
Və ya hazırda, Ukrayna tərəfinin dediklərinə inansaq, İrpen-Qostomel-Buça üçbucağında rus ordusu faktiki mühasirəyə düşüb. Burada rus ordusunun tam qırılması və ya əsir düşməsi ehtimalı yaranıb. Belə bir ehtimal qarşısında mümkündür ki, Putin Ukrayna ordusuna qarşı çox kiçik nüvə başlığından (5 kilotonadək) istifadə edə bilər. Bu, artıq Qərb kəşfiyyatının cavab tapacağı sualdır. Məndə bu sualın cavabı yoxdur.
- Ötən gün Prezident Bayden açıq elan etdi ki, bu müharibə XXI əsri dəyişdirəcək. Bu baxımdan Ukrayna müharibəsinin nəticəsindən asılı olaraq Rusiyanın beynəlxalq siyasətdə rolu və yerinin hansısa formada dəyişəcəyini gözləyirsinizmi?
- Əvvəldən qeyd etdik ki, Putin bu savaşa girmə faktı ilə uduzdu, geopolitik tələyə düşdü. Putinin siyasi-diplomatik cəbhədə istəyi nə idi? “Böyük yeddiliyə” daxil olmaq, dünyanı idarə edənlərdən biri olmaq. Hətta “Böyük yeddilik” onu qane etmirdi və “Böyük üçlüyün” üzvü olmağa can atırdı. Yəni ABŞ və Çinlə bir sırada durmaq istəyirdi. İndi nəyə nail oldu? Azad dünyadan siyasi-diplomatik baxımından tam təcrid edilib. ABŞ və müttəfiqləri, üstəlik, Çinin Rusiya ilə münasibətlərini kəsməsə belə, dəstək verməsindən imtina etməsini və neytral qalmasına çalışır. İndi bu istiqamətdə fəal iş aparılır. Hətta Bayden Si Cinpinə açıq xəbərdarlıq etdi. Çin də sözsüz ki, yüksəlişini iqtisadi artıma və böyüməsinə borcludur. İqtisadi böyümə də ilk növbədə ABŞ və Avropa ilə bağlıdır. Çin Rusiyaya yardım etmək üçün gərək özünün milli maraqlarından imtina etsin. Əks halda Çinə qarşı da maliyyə-iqtisadi sanksiyalar, ticarət savaşı başlayacaq. Bu halda Çinin iqtsadi böyüməsi dayanacaq. Beləcə Çinin 2030-cu ilə qədər qarşısına qoyduğu hədəfə çatması qeyri-müəyyən olacaq. Çin Rusiyaya görə belə riskə gedərmi? Məncə, yox. Ehtimal ki, Çin tədricən neytral mövqe tutacaq, ardınca Rusiya ilə ehtiyatlı və məsafəli siyasət aparmağa üstünlük verəcək. Hadisələrin gedişatı da bunu göstərir. İndiyə qədər Çinin Rusiyaya hərbi və maliyyə yardımı etməsi faktı da yoxdur. Ona görə də Rusiya siyasi-diplomatik sahədə uduzub. Nəinki “Böyük üçlük”də yer tuta, heç “Böyük yeddilər”dən də biri ola bilmədi, hazırda isə “Böyük iyirmilikdən” çıxarılması məsələsi gündəmə gəlib. Maliyyə-iqtisadi sahədə Rusiyaya savaş açılıb və bu savaş mədəniyyət və idmana qədər bütün sahələri əhatə edib. Bu səbəbdən də deyirəm ki, Putin Rusiyası bu müharibəyə girməklə strateji savaşı uduzub. Operativ-taktiki savaşı da uduzması bu konteksdə qaçılmazdır. Bu sadəcə zaman məsələsidir.
- Rus tarixini və ənənəsini nəzərə alsaq, Rusiyanın beynəlxalq aləmdən təcrid edilməsi prosesinin özü təhlükəli deyilmi?
- Məncə, indi yerdə qalan əsas məsələ budur. Yəni nüvə, kimyəvi və bakteroloji kütləvi qırğın silahı olan Putin Rusiyası necə neytrallaşdırılsın? Diqqət edirsinizsə, Qərb bir tərəfdən ona qarşı bütün sahələrdə savaş açıb, sadəcə olaraq klassik savaşı elə həddə saxlayır ki, Putin özünü çıxılmaz vəziyyətdə görüb son addıma - kütləvi qırğın silahlarına əl atmasın. Yəni nəzarətdən çıxmasın. Müqayisə qüsurlu olsa da, bu, sanki qurbağanın bişirilməsinə oxşayır. Əvvəl qurbağanı suya atırlar və atəşi zəif xodda qoyurlar. Su tədricən qızdığından qurbağa onu hansı təhlükə gözlədiyini hiss etmir. Amma su qızıb elə həddə çatır ki, qurbağanın halı olmur ki, qazandan çıxa bilsin. Sanki indi belə taktika işlənilir. Putin təhlükəsi elə neytrallaşdırılmalıdır ki, o, özünü bir anda çıxılmaz vəziyyətdə hiss etməsin və nəzarətdən çıxmasın, kütləvi qırğın silahına əl atmasın.
Digər tərəfdən, ABŞ başda olmaqla, NATO bütün hallara hazırlıq elan edib və variantlara qarşı Qərbdə də hazırlıqlar gedir. Yeri gəlmişkən, bu məqsədlə Ağ Evdə məxfi fəaliyyət göstərən “Pələnglər komandası” yaradılıb. Nüvə silahlarına nəzarət gücləndirilib. Əgər hər hansı bir hərəkətlilik olsa, Qərbdə dərhal məlumat olacaq və onlar adekvat cavab verəcəklər. Bunu Putin də, onun komandası da bilir. Onu da qeyd edim ki, kütləvi qırğın silahlarından istifadə bir şəxsdən asılı deyil. Burada komanda zəncirində yeddi həlqə var. Bu, verilən əmrdən düymənin basılmasına qədər yeddi nəfərdən keçir. Hər bir şəxsin də özünüqoruma instinkti, həyatda qalma hissi var. Hər bir şəxsin də ailəsi, yaxınları, əzizləri var. Bu yeddi eşalonlu əmr həlqəsində hər bir şəxs şübhəsiz ki, düşünəcək. Putinin əmr verməsi hələ o demək deyil ki, yerdə qalan altı şəxs əmrə tabe olacaq. Və yaxud Putinin belə qərar verəcəyi təqdirdə ətrafının hansı addımlar atacağı da bəlli deyil. Çünki belə əmrin verilməsi eyni zamanda Rusiyaya qarşı nüvə zərbəsinin endirilməsinə əsas yaratmaq deməkdir. Bu halda Putinə kritik, həyati təhlükə mənbəyi kimi baxılacaq. Yəni belə əmr verməklə Putin təkcə azad dünyanı deyil, ətrafını da özünə qarşı çevirmiş olacaq. Bu nüansı da nəzərə almaq lazımdır. Odur ki, burada kimyəvi silahdan məhdud miqyasda istifadə ehtimalı ön plana çıxır. Putin Rusiyası insanların çox toplandığı yerlərə zərbə endirməklə cəsarətlə mübarizə aparan Ukrayna xalqının müqavimətini sındırmaq və bu xalqı öz rəhbərliyinə qarşı qaldırmaq məqsədilə belə addıma gedə bilər. Necə ki, bizdə Gəncə şəhərini atəşə tuturdular. Yəni Gəncəni atəşə tutanlar Ukrayna şəhərlərini daha güclü sillahlarla atəşə tutub kütləvi qətliam törədə bilərlər. Hökm deyil ki, mütləq nüvə silahından istifadə edilsin. Məsələn, on minlərlə insanın kütləvi toplaşdığı yerlər var. Belə məkanlara dəqiq öldürücü silahlarla zərbələr endirilə bilər. Bu zaman effekt demək olar ki, məhdud nüvə başlığından istifadənin verəcəyi effektə yaxın olacaq.
- Bəzi analitiklər Ukrayna müharibəsinin qısa müddətdə başa çatacağını, bəziləri isə uzunmüddətli olacağını proqnoz edirlər. Sizin fikrinizcə, bu müharibə nə zaman yekunlaşacaq?
- Qərbdə bütün dövlət başçıları buna uzunmüddətli savaş kimi baxırlar və buna uyğun hazırlaşırlar. Mən də bunun geopolitik savaş olduğunu və uzun çəkəcəyini düşünürəm. Ukraynanın özündə ciddi ekspertlər bunun 5,10 il çəkəcəyini düşünür. Amma mən konkret vaxt deyə bilmərəm. Çünki Putin Rusiyasında elə hadisələr ola bilər ki, proses sürətli gedə bilər. Məsələn, Putin qeyri-adekvat qərar qəbul edərsə və bu zaman ətrafı adekvat qərar verərək onu neytrallaşdıra bilərsə, hadisələr tam əks istiqamətdə ildırım sürəti ilə gedə bilər. Ona görə də zamanla bağlı konkret proqnoz vermək doğru olmazdı. Amma mən qarşıdurmanın yeni dünya nizami ilə bağlı olduğunu və geopolitik xarakter daşıdığını nəzərə alaraq uzunmüddətli olacağını düşünürəm. Buna təsir edəcək çoxsaylı faktorlar var ki, bu müharibəni həm uzada, həm də qısa müddətə başa çatmasına səbəb ola bilər.“Azpolitika”