“Avraam Razılaşmaları” Qafqaza gəlir –böyük siyahıda Azərbaycan da var

Ekspert: Bakı bu siyahıya qoşulsa, ABŞ silahları almaq əlçatan olacaq
Yenixeber.org: Azərbaycan yaxın vaxtlarda “Avraam Razılaşmaları”na (ərəb ölkələrinin İsraillə münasibətlərin normallaşdırılması üzrə razılaşmalar) qoşula biləcək ölkələr sırasında yer alır.
Bu barədə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff “Breitbart” nəşrinə verdiyi müsahibədə bildirib.
Onun fikrincə, qarşıdakı bir neçə ay ərzində bu razılaşmaya 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya və Livan qoşula bilər.
“Proqnozum budur ki… nisbətən yaxın vaxtlarda Livan və hətta Suriyada vəziyyətin normallaşması üçün potensial yaranacaq… Bu, Liviyada da baş verə bilər… Mən “Avraam Razılaşmaları”na qoşulacaq ölkələrdən danışıram, bu siyahıda Azərbaycan və Ermənistan da ola bilər”, – deyə o vurğulayıb.
Uitkoff həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan münaqişənin həlli mərhələsinə yaxınlaşıblar.
“Avraam Razılaşmaları” – İsraillə bir sıra ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan və 2020-2021-ci illərdə imzalanmış razılaşmalar silsiləsidir. Bu razılaşmalar İsraillə ərəb ölkələri arasında xüsusilə müdafiə, kibertəhlükəsizlik və iqtisadiyyat, o cümlədən ticarət və investisiya sahələrində əməkdaşlığın güclənməsinə töhfə verib.
Bu razılaşmaların mahiyyəti aydındır, lakin Ermənistan və Azərbaycanın buna nə aidiyyatı var? Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması cəhdləri ilə necə bağlı ola bilər? Uitkoff nəyi nəzərdə tutur?
Regionun tanınmış analitikləri bununla bağlı fikirlərini bizimlə bölüşüblər.
İsrailli analitik, siyasi texnoloq David Eydelman hazırda Ermənistanın reallıqları kifayət qədər zəif anladığını xüsusi olaraq vurğulayıb.
“Gəlin, bir şeyi anlayaq. Əlbəttə, Uitkoff bu gün dünyanın əsas diplomatı, Trampın danışıqlar aparan əsas adamıdır. Faktiki olaraq, ölkədə bütün Xarici İşlər Nazirliyinin və ümumən xarici siyasət fəaliyyətinin yerini tutub. Yəni, o, Rusiya ilə əsas danışıqlar aparan şəxsdir. İranla əsas danışıqlar aparan şəxsdir. Qətərlə əsas danışıqlar aparan şəxsdir. HAMAS-la əsas danışıqlar aparan şəxsdir. Və bir gün Azərbaycana da səfər edir və sair, və sair, və sair.
Amma bu adam, sizin İlham Əliyevdən fərqli olaraq, Beynəlxalq Münasibətlər İnstitutu bitirməyib. Belə bir təhsili yoxdur. O, sadə bir iş adamıdır, belə desək, Nyu-Yorklu developerdir. Danışıqlar aparmağı bacarır, amma bu, daha çox 1970-ci illərdə Nyu-Yorkda daşınmaz əmlak bazarının qaydalarına əsaslanan bir üslubdur. Yəni, bu da müəyyən üsullar deməkdir – lazım gəlsə, qol sındırmaq, yaxud insanın həssas yerindən tutub məcbur etmək və s. Bu baxımdan Uitkoff (əminəm, Tramp da bunu bilir) işini yaxşı görür. Amma Ukrayna tarixi və ya Cənubi Qafqaz coğrafiyası ilə bağlı məsələlərə gəlincə – bu, onun sahəsi deyil. Ona görə də bu məsələdə hazırda sadəcə səhv var”, – deyə analitik əlavə edib.
O, hesab edir ki, Azərbaycan məsələsi, şübhəsiz ki, əhəmiyyətlidir.
“Bu gün “Avraam Razılaşmaları”nın mənası və onların genişlənməsi ondan ibarətdir ki, böyük bir şəbəkə yaradılsın. Öz aramızdır, bu, Yaxın Şərq NATO-sunun yaradılması deməkdir. Bura Böyük Yaxın Şərqin bütün böyük enerji dövlətləri daxil olmalıdır. Burada təkcə Səudiyyə Ərəbistanı və Fars Körfəzi dövlətləri yox, həm də Azərbaycan və Qazaxıstan yer almalıdır. Bu, planlaşdırılan məsələdir. Və bu qurumda İsrail də olmalıdır.
Əlbəttə, əgər belə bir razılaşma və böyük bir şəbəkə qurularsa, münasibətlər tamamilə fərqli səviyyəyə çıxacaq. Azərbaycanda çoxları düşünür ki, bizə “Avraaam Razılaşmaları”na qoşulmaq nəyə lazımdır, axı İsraillə onsuz da yaxşı münasibətlərimiz var. Amma məsələ buradakı ikitərəfli münasibətlərdə deyil. Söhbət üçtərəfli əməkdaşlıqdan və o cümlədən, İsraillə birlikdə ABŞ-dan silah almaq imkanından gedir. Çünki İsrail ABŞ-ın icazəsi olmadan bəzi silahları, o cümlədən Azərbaycana sata bilmir. Bizim ABŞ-la birgə istehsal etdiyimiz məhsullar var və biz bunu Amerikanın icazəsi olmadan sata bilmərik. Həm bizim özümüzün istehsal etdiklərimiz, həm də ABŞ-dan aldığımız məhsullar var. Məsələ ondadır ki, əgər Azərbaycan “Avraam Razılaşmaları”na qoşulsa, o zaman bu imkan yaranacaq.
Əgər belə böyük və güclü struktur qurularsa, növbəti və çox mühüm mərhələ kimi, məsələn, Gürcüstanın da bu razılaşmaya qoşulması baş verə bilər. Halbuki Gürcüstan Avraam nəslindən deyil. Amma əgər Gürcüstan qoşularsa, o zaman Ermənistan da (Allah eləsin, hamımız bir möcüzəyə ümid etməliyik) ağıllanıb Azərbaycanla barışar, revanşist planlardan və özgə torpaqlara iddiadan əl çəkər. Onda niyə də bu böyük Yaxın Şərq NATO-suna qoşulmasın? Ümumiyyətlə, hər bir siyasi ittifaqda əsas sual budur: “Kimin əleyhinə dostlaşırıq?” Bu gün “Avraam Razılaşmaları”, yumşaq desək, İrandan ehtiyat edənlərin və ondan müdafiə olunmaq istəyənlərin razılaşmasıdır. Amma çox mümkündür ki, sabah bu razılaşmalar təkcə İrana qarşı yox, həm də Rusiyaya qarşı yönəlsin. Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyinə bu gün ən çox təhdid yaradan qüvvələr isə şübhəsiz ki, həm Rusiya, həm də İrandır”, –Eydelman yekunlaşdırıb.
Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze isə Azərbaycanın burada ümumiyyətlə məsələyə o qədər də aidiyyəti olmadığını hesab edir.
“Burada sadəcə olaraq iki yox, hətta üç mövzu bir-birinə qarışıb. “Avraam Razılaşmaları”nın genişlənməsi sırf ərəb mövzusudur. Bu arada, Suriya bu məsələdə bir nömrəli namizəddir.
İsraillə Türkiyə arasında toqquşmaların qarşısını almaq üçün vasitəçilik – bu, ikinci mövzudur. Üçüncü mövzu isə – türk dövlətləri ilə ABŞ arasında “Avraam Razılaşmaları”na bənzər formatda bağlanacaq sazişlərdir. Burada ABŞ-ın türk dünyasına resurslarını hansı ölkənin proyeksiya edəcəyi – Türkiyə, yoxsa İsrail vasitəsilə həyata keçiriləcəyi – hələ də açıq sualdır. Baxmayaraq ki, əvvəlcə İsrailin liderliyi proqnozlaşdırılırdı.
Birinci variant artıq reallıqdır, ikinci üçün hər şey hazırdır, üçüncü isə hələlik sadəcə mümkün bir ssenaridir və bundan artıq deyil”, – Vasadze hesab edir.(pressklub)
Rauf Orucov