Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Hindistan və Pakistan arasında gərginlik artır: Müharibə olacaqmı? -TƏHLİL

Hindistan və Pakistan hərbçiləri arasında atışma baş verib

2025-ci ilin aprel ayında Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Pahalqam bölgəsində baş vermiş və 26 turistin həyatına son qoymuş terror aktı regionda onsuz da kövrək olan təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirib. Hücumun miqyası və mülki şəxsləri hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən də ciddi insident kimi qarşılanıb.

Yenixeber.org: Hindistan hökuməti heç bir ilkin araşdırma aparılmadan və sübutlar təqdim edilmədən hücumun arxasında Pakistanla əlaqəli radikal silahlı qrupların dayandığını iddia edib.

Yeni Dehlinin tələm-tələsik nəticə çıxarması isə təbii olaraq, müəyyən suallar doğurmuş, daha geniş, müstəqil araşdırma aparılmasının vacibliyi vurğulanmışdı.

Öz növbəsində, Pakistan da bu insidenti kəskin qınamış, insan həyatına yönəlmiş istənilən zorakılığı rədd etdiyini bəyan etmiş və hadisənin obyektiv, beynəlxalq müşahidəçilərin iştirakı ilə araşdırılmasına hazır olduğunu bildirmişdi. İslamabadın bu çağırışı onun məsuliyyətli tərəfdaş kimi çıxış etdiyini, regional sabitlik naminə diplomatik alətlərdən istifadəyə üstünlük verdiyini göstərir.

Hadisənin ardından Hindistan-Pakistan münasibətlərində yeni eskalasiya mərhələsinə keçid müşahidə olunur. Hindistan tərəfi bir neçə pakistanlı diplomatı “persona non grata” elan edərək ölkədən çıxarıb, iki ölkə arasında mövcud viza rejiminin tətbiqini dayandırıb və 1960-cı ildə imzalanmış İndus Sular Müqaviləsinin (İndus Suyu Müqaviləsi 1960-cı ildə Hindistan və Pakistan arasında imzalanmış beynəlxalq sazişdir. Müqavilə İndus çayı və onun qolları üzərindəki su resurslarının bölüşdürülməsi ilə bağlı məsələləri tənzimləyir - red.) icrasına yenidən baxılacağını açıqlayıb. Bu addımlar Hindistanın cavab tədbirləri kimi təqdim olunsa da, regionda su ehtiyatları və humanitar vəziyyət baxımından potensial risklər doğurur.

Cavab olaraq, Pakistan Hindistan təyyarələri üçün hava məkanını bağlayıb, eyni zamanda 1972-ci il Şimla Sazişinə dair öhdəliklərin yenidən qiymətləndirilməsi prosesinə başladığını bəyan edib. İslamabad bu addımların müdafiə xarakteri daşıdığını və ölkənin suverenliyini, milli təhlükəsizliyini qorumağa yönəldiyini bildirib.

Hindistan və Pakistan arasında yaşanan bu gərginlik, yalnız iki ölkə üçün deyil, bütün Cənubi Asiya regionu üçün təhlükəli nəticələr doğura bilər. Nüvə silahına sahib iki ölkənin sərt ritorikası və qarşılıqlı cavab tədbirləri regionda yeni bir hərbi qarşıdurma ehtimalını artırır. Münaqişənin diplomatik yolla həlli və Kəşmir məsələsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinə dair danışıqların yenidən başlaması, regional sabitliyin və təhlükəsizliyin təmin olunması üçün vacibdir. Tərəflərin emosional və hərbi ritorikadan uzaq duraraq konstruktiv dialoqa üstünlük verməsi, həm xalqların rifahı, həm də uzunmüddətli regional inkişaf baxımından həyati əhəmiyyət daşıyır.

Yaranmış gərginliklə bağlı hər iki ölkədən olan ekspertlərin fikrini öyrənmişik.


                              Hindistanın ittihamları


Pakistan Sülh və Diplomatik Araşdırmalar İnstitutunun Mərkəzi Asiya və Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Muhammad Asif Noor bildirib ki, Hindistan və Pakistan arasında artan gərginlik diplomatik təcrid və müharibə ritorikasının güclənməsi ilə müşayiət olunur, Kəşmir məsələsinin isə beynəlxalq gündəmdən çıxarılmasına cəhdlər edilir.

Hindistanın Pahalqam hadisəsindən dərhal sonra, heç bir araşdırma aparılmadan Pakistanı günahlandırması daha dərin məqsədlərin olduğunu göstərir. İttihamın sürətlə irəli sürülməsi və heç bir sübut təqdim olunmaması hadisənin Yeni Dehlidəki mövcud siyasi çərçivəyə dərhal daxil edildiyini ortaya qoyur. Bu çərçivə qeyri-müəyyənlik şəraitində dəqiqlik yaratmağa çalışır. Hindistanın forensik şəffaflıqdan və ictimai məlumatdan qaçması, faktların aydınlaşdırılması deyil, müəyyən hekayənin formalaşdırılması niyyətini göstərir. Hazırkı status-kvo qarşılıqlı etimadsızlıq, parçalanmış siyasi mövqelər və təkrarlanan gərginliklə müşahidə olunur. Təmas xəttində hər iki tərəfin hərbi baxımdan güclü nəzarəti və müəyyən sabitlik olsa da, bu, atəşkəsin pozulması ilə müşayiət olunur. Sonradan isə bu amil hər iki tərəfdən ya təkzib edilir, ya da hadisənin miqyası kiçildilir. Bu hadisələrin səbəbi kimi xüsusilə Hindistanın taktiki mövqeyi göstərilir. Həmin mövqe xüsusilə Pahalqamdakı son insidentdən sonra daha da gərginləşib. Burada yalnız qoşunların yerdəyişməsindən deyil, həm də hər iki tərəfin niyyətlərində baş verən dəyişikliklərdən söhbət gedir. Öz hərbçilərinə operativ cəhətdən daha çox sərbəstlik verən Hindistan bu gərginliyə daha sərt reaksiya verir. Pakistan isə öz növbəsində açıq şəkildə bəyan edir ki, heç bir halda hərbi əməliyyatların başlanmasının təşəbbüskarı olmayacaq. Rəsmi İslamabad, həmçinin, bildirir ki, Hindistanın vaxtilə ərazi suları haqqında imzalanmış sənəd xitam verilməsi onlar üçün “qırmızı xətt” anlamına gəlir. Diplomatik kanallar isə hələ də həssas məqam olaraq qalır. Burada məsələ həm də məhdud səviyyəli qarşılıqlı dialoq və üçüncü tərəflərin bəyanatlarından asılılıqdan ibarətdir. Birbaşa danışıqlardakı səssizlik baş verən insidentlərin böhran vəziyyətlərinin idarə edilməsi sxemi tətbiq edilmədən daha da intensivləşmə riskini artırır. Diplomatik cəbhələrdə tərəflər daha az aktivdir. Hindistanın siyasəti daha çox birtərəfliliyə əsaslanır və bu, xüsusilə 370-ci maddənin ləğvindən sonra özünü göstərir. Rəsmi Dehli, istənilən addımı Pakistanın transsərhəd terrorçuluğu ilə əlaqələndirir. Bu çağırışla üzləşən Pakistan beynəlxalq platformalar vasitəsilə neytral araşdırma aparılmasını təklif edir. Hazırda beynəlxalq tərəfdaşlarla diplomatik dialoq mexanizmləri və ya çoxtərəfli etimadın möhkəmləndirilməsi ilə bağlı tədbirlər ya süqut edib, ya da ümumiyyətlə dayandırılıb. Hazırda vəziyyət o qədər gərgindir ki, tərəflər diplomatiya yerinə, müharibə ritorikasını səsləndirməyə başlayıb. Hindistan qərbdə özünə geniş dəstək qazandığı bir dövrdə, Pakistan neytral dövlətləri onun mövqeyinin müzakirə edilməli olduğuna inandırmağa çalışır. Uzunmüddətli nəticə olaraq, artan humanitar narahatlıqlara baxmayaraq, Kəşmir məsələsinin qlobal müzakirə platformalarından çıxarılması ehtimalı mövcuddur. Hərbi baxımdan isə hər iki tərəf nüvə təhdidlərindən yayınmağa çalışsa da, vəziyyət son dərəcə həssasdır”, - deyə ekspert bildirib.

Hind-Pakistan münasibətləri və tarixi üzrə hind əsilli analitik Burzin Vaqmar da APA-ya açıqlamasında Hindistanın tələsik, heç bir rəsmi sübuta əsaslanmayan ittihamları barədə danışıb: Hindistanın son ittihamı birbaşa reaksiya kimi görünə bilər, amma burada unudulan əsas bir məqam var: Pakistanın Hindistana qarşı, xüsusilə Cammu və Kəşmir ərazilərində uzun müddətdir ki, gizli əməliyyatlar həyata keçirməsi. Bu, Pakistan ordusunun və "dərin dövlət"in əsas məqsədlərindən biridir. Məsələn, 2008-ci ildəki Mumbai hücumu Hindistanın maliyyə mərkəzini hədəf almaqdan çox, Kəşmirdəki vəziyyətə görə intiqam almaq məqsədilə həyata keçirilib. Bu, hücumda sağ qalan tək insan olan Ajmal Kasabın etiraflarında da açıq şəkildə ifadə olunub. Pakistan dini millətçilik üzərində qurulmuş ideoloji bir dövlət olaraq, Kəşmiri Hindistandan almağa çalışır. Əgər bu mümkün olmursa, Pakistan bölgədə radikalizmi və ekstremizmi dəstəkləyən siyasətlər izləyir. Kəşmir İslamı isə Pakistan ordusunun mənimsədiyi Sələfi sünni İslamını heç vaxt qəbul etməyib. Pakistan, həmçinin, 80 il sonra belə Hindistandan ayrılmaq və öz kimliyini tapmaq istəyir. Bu, ölkənin qarşısında duran ən böyük problemlərdən biridir. Bir tərəfdən, Banqladeşin artıq 50 ildən çoxdur ki, müstəqil müsəlman respublikası olaraq varlığını davam etdirməsi, Pakistanın isə 1971-ci ildəki müharibədən sonra parçalanması bu gerçəyi daha da qabarıq şəkildə ortaya qoyur,” - deyə analitik bildirib.


              Böyük güclərin Hindistan-Pakistan gərginliyinə yanaşması


Böyük güclərin mövcud məsələyə dair yanaşmasına toxunan Muhammad Asif Noor qeyd edib ki, ABŞ, Çin, Körfəz ölkələri və digər beynəlxalq oyunçular Kəşmir məsələsinə ehtiyatla yanaşır, hər biri öz regional maraqlarına və siyasi tələblərinə əsaslanaraq müxtəlif diplomatik mövqelər tutur: “ABŞ, Çin və Körfəzi ölkələri kimi beynəlxalq oyunçular Kəşmir məsələsinə birbaşa yanaşmaqdan daha çox ehtiyatlı mövqe sərgiləyir. Çinin bu məsələdə rolu daha çox coğrafi və regional maraqlara əsaslanır. Pekin Hindistan və Pakistan arasında gərginliyi Çin-Pakistan İqtisadi Dəhlizi və “Bir Kəmər - Bir Yol” təşəbbüsünün həyata keçirilməsi kontekstində qiymətləndirir. Çinin Pakistana diplomatik dəstəyi isə, əsasən, Hindistanla olan Ladakh qarşıdurmasından irəli gələn gərginliklə əlaqələndirilir. Bununla belə, Çin bu məsələdə vasitəçilik etməkdən dah çox susqun mövqe tutmağa üstünlük verir. Pekinin əsas məqsədi Qərb sərhədlərində strateji üstünlük qazanmaqdır. Hindistanın Kəşmirdə birtərəfli dəyişikliklər etməsi Pekində ciddi narahatlığa səbəb olur. ABŞ isə bu məsələdə balanslaşdırılmış siyasət yürütməyə çalışsa da, faktiki olaraq, Hindistanın təhlükəsizlik narahatlıqlarını qanuni sayır, bu isə Pakistanın diplomatik mövqeyinə zərər vurur. ABŞ Pakistan terrorizmlə mübarizəni öz prioritetinə çevirməyəcəyi halda, Hindistana daha çox meyl göstərəcəyini açıq nümayiş etdirir. Vaşinqton regionda uzunmüddətli gərginliyin azaldılmasına yönəlmiş strateji iştirakdan daha çox, tərəflər arasında gərginliyə reaksiya göstərməklə kifayətlənir. Körfəz ölkələri, xüsusən Səudiyyə Ərəbistanı və BƏƏ daha çox iqtisadi diplomatiya, diaspor idarəçiliyi və ikitərəfli əlaqələrin gücləndirilməsinə diqqət yetirir. Lakin bu ölkələrin gərginliyi azaltmaq üçün həm siyasi kapital, həm də təsirli rıçaqlarının olmaması onların cəhdlərini nəticəsiz qoyur. Bu vəziyyət Hindistanın Körfəzdəki təsirinin məhdudlaşmasına səbəb olur. Hindistanın daha çox ticari münasibətlərə fokuslanması Kəşmir məsələsini arxa planda saxlayır. Pakistan isə digər ölkələrlə olan qardaşlıq əlaqələrinə güvənərək diplomatik nəticələr əldə edə bilmir. Qətər bu baxımdan istisna təşkil edir. Rusiya isə Hindistanla silah ticarəti və Pakistanla antiterror əməkdaşlığı səbəbindən daha minimal rol oynayır. Beləliklə, mövcud vəziyyətə münasibət hələ də yalnız reaksiya verməklə məhdudlaşır, konkret addımlar atılmır”.

Digər dövlətlərin məsələyə dair mövqeyinə hindistanlı analitik da münasibət bildirib: “İran Prezident Pezeshkianın Baş Nazir Modi ilə baş tutan başsağlığı zəngindən sonra vasitəçilik təklifi irəli sürüb. Mənim fikrimcə, Tehran bu məsələdə qərəzsiz bir hakim deyil, çünki Pəhləvi İrandan bu günə qədər olan yarım əsr ərzində Kəşmir məsələsində Pakistanla göstərilən təsdiqlənməmiş həmrəylik, həm keçmiş şah, həm də bu günün dini liderləri tərəfindən davam etdirilib. Tehran Yeni Dehli ilə dostluq əlaqələrini saxlasa da, 1965 və 1971-ci illərdəki Hindistan-Pakistan müharibələrində İslamabada dəstək verib. Üstəlik, 2007-ci ilin dekabrında keçmiş Baş Nazir Benazir Bhuttonun qətlinin araşdırılması ilə bağlı “Scotland Yard” tərəfindən aparılan beynəlxalq araşdırmaların nəticələri nə oldu? Pakistan bu istintaqı davam etdirmək üçün verdiyi böyük bəyanatlara baxmayaraq, heç bir əməli addım atmadı. Yaxın tarixdən daha aydın bir nümunə gətirmək üçün əlavə dəlil təqdim etmək gərəkdirmi?


                  Gərginlik genişmiqyaslı müharibə fazasına keçə bilərmi?


Hər iki ekspert gərginliyin genişmiqyaslı müharibə fazasına keçməsi ehtimalı barədə suala da cavab verib.

Pakistanlı politoloq tammiqyaslı müharibənin baş vermə təhlükəsi az olsa da, tərəflər arasında gərginlik və strateji zərbələrdən istifadə etmək ehtimalının qaldığını bildirib.

Təhlükə real olsa da, hələlik vəziyyət nəzarət altındadır. Vəziyyəti daha da təhlükəli edən amil hər iki tərəfin müharibə başlatmaq niyyətindən çox, əvvəlki məhdudiyyətlərin aradan qaldırılması və vəziyyətin nəzarətdən çıxmasının qarşısının alınmamasıdır. Məsələn, Hindistan ərazi suları üzrə razılaşmanın qüvvəsini dayandırıb, əlavə olaraq ictimai şəkildə təhdid üsullarından istifadə edir, Silahlı Qüvvələrinə sərbəstlik verərək strateji üstünlük əldə etməyə çalışır. Bütün bunlar isə hansısa variantların nəzərdən keçirilməsindən xəbər verir. Rəsmi İslamabad vəziyyəti gərginləşdirməyə meylli olmasa da, passiv mövqe də tutmur. Son dövrlər həm Pakistanın hazırlığı, vəziyyəti nəzarətdə saxlaması, həm də daxildəki vəhdətin daha da möhkəmlənməsi bu fikri təsdiqləyir. Bu isə mülki və hərbi strukturlar arasında effektiv koordinasiyanın mövcudluğunu göstərir. Nüvə məsələsi və iqtisadi səbəblərə görə genişmiqyaslı müharibə ehtimalı az olsa da, dəqiq zərbələrin endirilməsi və cəza tədbirlərinin görülməsi ehtimalı istisna edilə bilməz. Bu ehtimallar tərəflər arasında rəsmi dialoqun və institusional kanalların mövcud olmaması ilə daha da güclənir”, - deyə Muhammad Asif Noor vurğulayıb.

Hind analitik Burzin Vaqmar isə tərəflərin müharibəyə hazır olmadığını düşünür: Tərəflərin heç biri tammiqyaslı müharibə aparmağa dözə bilməz, xüsusən də 1988-ci ildən bəri 12-ci dəfə Beynəlxalq Valyuta Fondunun (IMF) köməyinə müraciət edən Pakistan. Hər iki ordunu və onların silah anbarlarını hazır vəziyyətə gətirmək xəzinələrə əlavə maliyyə yükü gətirir. Hindistanın düşüncəsi, əsasən, Pakistan kəşfiyyatının idarə etdiyi təlim mərkəzlərinə və terror düşərgələrinə qarşı həyata zərbələr endirməkdir. Hindlilər qəbul ediblər ki, zərurət yaranarsa, nüvə təhlükəsi ilə üzləşsələr belə, Pakistanla müharibə aparılmalıdır. Çünki dövlət öz vətəndaşlarına qarşı həyata keçirilən qırğınlara hərəkətsiz qala bilməz. Qeyd etmək lazımdır ki, Pakistan islamçı döyüşçülərin, həmçinin, Özbəkistan və Sincan bölgələrinə yayılmasına bələdçilik edən bir baza olub. İslamabad heç vaxt Pekindən uyğurları geri qaytarmağı tələb etməyib, nə də etibarlı sübutlar və ya neytral araşdırmalar istəyib. Çünki Çinlə münasibətləri gərginləşdirmək imkanına malik deyil”.

Hindistanın Baş naziri Narendra Modinin nüfuzu son dövrlər ölkə daxilində əhəmiyyətli dərəcədə azalmağa başlayıb. Hazırda 2027-ci ilin prezident seçkiləri üçün hazırlıqlarını artıran Modi eyni zamanda daxili gərginliklərin artmasına səbəb olan addımlar atmaqdadır. Bu, 2019-cu ildə istifadə etdiyi taktikanı təkrarlamaq kimi görünür, o zaman da eyni strategiya ilə siyasi üstünlük qazandığını düşünmüşdü.


                   Modi son insidentdən reytinqini qaldırmaq üçün istifadə edir


Burzin Vaqmar Modinin son insidentdən öz reytinqini qaldırmaq məqsədilə istifadə etməsi ehtimalına da aydınlıq gətirib:

Modi seçkilər vasitəsilə deyil, idarəetmə yolu ilə qanuni və xalq tərəfindən verilən mandata sahib olaraq vəzifəsində qalır. Bu, onun tərəfdarları, hətta Hindistanın sağçılarının tənqidçiləri tərəfindən belə qəbul olunur. Mən isə iddia edərdim ki, o, Pakistanla gərginlik yarada bilməkdən kapital əldə etməyə çalışır. Yalnız 2019-cu ildən sonra həyata keçirilən hava hücumları deyil, həm də Mumbai hücumları (2008-ci il noyabrı) nəzərə alınmaqla göstərir ki, Hindistan prinsipial olaraq Pakistanla əlaqə qurmağa imtina edir. Hindistanın xarici siyasət təmsilçiləri və alimləri iddia edirlər ki, Pakistan ictimaiyyətin diqqətini çəkməyə çalışır və Hindistan bu prosesi dayandırmaq üçün addımlar atmalıdır”.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam