Rusiya üçün “sonun başlanğıcı” -TƏHLİL
AZAL-ın təyyarəsinə atılan güllələr Rusiyanın çöküşünü hazırlayır: Moskva aqoniyaya doğru sürətlə addımlayır…
Yenixeber.org: 2024-cü il başa vurduq, 2025-ci ilin ilk günlərini yaşayırıq. Könül istərdi ki, 2024-cü ili nikbin notlarla başa vuraq, amma Aktauda baş verən təyyarə qəzası toplum olaraq, bizi kədərə qərq etdi. Hamımız AZAL-ın “Embraer 190” təyyarəsinin son sərnişinlərinin son saatlarında nələr yaşadıqlarını hiss etdik, ailələrinin acılarına həmdərd olduq. Bu aviaqəza hər birimizi illiklərimizə qədər sızlatdı.
Təyyarənin ekipajı - dünya mediasının peşəkarlıqlarına heyran qaldığı fədakar pilotlarımız qəhrəmanlar cərgəsinə qatıldılar. Hökumə Əliyevanın “Hər şey yaxşı olacaq” sözləri hələ də qulaqlarımızdan getmir. Onlar ailəmizdən biridir artıq. Məh bu səbəbdən də 2024-ün sonu çox ağır oldu bizim üçün.
Qəlbimizi sızladan fəlakətin acısı qəzanın baş verməsində xüsusi rolu olan tərəfin sayqısızlığı, insan həyatına “öz barmaqları arasından baxması”, günlər keçməsinə rəğmən, öz günahlarını doğru-dürüst etiraf etməmələri “yaramıza duz basır”. Pilotların uzaqgörənliyi və peşəkarlığı təkzibolunmaz sübutları miras qoymasaydı, suçlu tərəf qəzanın izinin nəinki itirilməsi, hətta səssiz-səmirsiz yoxa çıxmasına nail olacaqdı. Söhbət dünyanın başının bəlasına çevrilmiş “böyük derjava”dan - Rusiyadan gedir. Hansı ki, onun ətrafında halqa günbəgün, saatbasaat daralır. Rusiya beynəlxalq boykotla küncə sıxılmış vəziyyətdədir.
Bəli, Putin hadisənin Rusiya hava məkanında baş verməsinə görə üzr istəyib. Amma Rusiya tərəfi hələ də AZAL-a məxsus təyyarəni vurduğunu etiraf etmir, sadəcə aviaqəzanın Rusiyada baş verdiyinə görə üzrxahlıq edir. Dmitri Medvedev də Putinin başsağlığı diləyinə qoşulub, amma “daldan atılan daş topuğa dəyər”. Bu yerdə Prezident İlham Əliyevin, “Təbii ki, burada hər hansı məqsədli terror aktından söhbət gedə bilməz. Ona görə də günahını boynuna almaq, dost ölkə sayılan Azərbaycandan üzr istəmək və bunu ictimaiyyətə çatdırmaq lazım olan addımlar idi. Təəssüf ki, ilk üç gündə Rusiyadan aldadıcı versiyalardan başqa heç nə eşitmədik”, - cümlələri Moskvanın “qatarı buraxdığı”nın təsdiqidir. Əslində, burada Prezidentin “təyyarəmiz təsadüfən vuruldu” sözləri ilə ifadə edilən “yumşaq ritorikası” o anlama gəlir ki, rəsmi Bakı baş verənlərə rəğmən, diplomatik etikanı qoruyur. Amma Ukrayna Silahlı Qüvvələrinin dronlarla həyata keçirdiyi hava hücumları sayəsində ayıq-sayıq vəziyyətdə olmalı olan Rusiya hərbi hava qüvvələri hərbi və mülki aviasiya vasitələrini ayırd edə bilməli idi ki, heç bir “təsadüf”ə yer qalmasın. Odur ki, bu təsadüf məsələsinə toxunacağıq. Üstəlik, dron hücumları altına düşən Rusiya öz hava məkanını mülki təyyarələr üçün bağlamaq məcburiyyətində idi, lakin bu, edilməyib.
Prezident aviaqəza ilə bağlı müsahibəsində kifayət qədər suallar ortaya qoydu. Müsahibədən də görünür ki, rəsmi Bakı təyyarənin füzelajının dəliklərlə dolu olması ilə ilkin versiya kimi lortaya atılan “quş sürüsüylə toqquşma” iddiasını tamamilə gündəmdən çıxardı. Kor tutduğunu buraxmadığı kimi, Rusiyanın “ikinci ehtimal” kimi ortaya atdığı “təyyarənin salonunda qaz balonu partlayıb” sayıqlaması da, necə deyərlər “cəhənnəmə getdi”. Əslində, prezidentin “təəssüf ki, ilk üç gündə Rusiyadan aldadıcı versiyalardan başqa heç nə eşitmədik. Faktlar ondan ibarətdir ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi zədələnib və elektron müharibə nəticəsində idarəetmədən çıxarılıb, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də ciddi şəkildə zədələnib”, açıqlaması da dediklərimizin diplomatik dildə ifadəsi idi. Baxmayaraq ki, hələ “qara qutu”da yazılanlar açıqlanmayıb, amma rəsmi Bakı ilk gündən baş verənlərin fərqində idi. Şübhəsiz, tezliklə Braziliyada çözüləcək “qara qutu” hər şeyi daha dəqiqliyi ilə ortaya çıxaracaq. Məsələn, bu zaman ən azı təyyarənin niyə yerə enə bilmədiyi, yaxud Aktauya istiqamətləndirildiyi aydın olacaq. Hansı ki, hazırda cəmiyyətimizdə təyyarənin tam olaraq nə vaxt vurulduğu, niyə Minvod və Mahaçqala hava limanlarına enməyə icazə verilmədiyi, təyyarənin qəsdən Qroznıdan yerüstü xidmət tərəfindən Aktauya göndərilib-göndərilmədiyi məsələləri açıq suallardır. Aydındır ki, nəzarətdən çıxmış təyyarənin dənizə düşmə ehtimalı yüksək idi. Bu halda “quşla toqquşma” əsas versiya kimi təqdim ediləcək və uzun müddət kimsə əksini sübut edə bilməyəcəkdi.
İstintaqın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki, Bakı-Qroznı marşrutu ilə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb. Üstəlik, Rusiya tərəfinin elektron döyüş sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Məhz bu vəziyyətə görə, təyyarə Rusiya aviasiya məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyasında bərpa edilib.
Təyyarənin vurulmasından sonra “ağlı başına gələn” Kreml biabırçılıqdan və cəzadan yaxasını qırağa çəkmək üçün tələm-tələsik dekabrın 25-də diplomatlarını “təyyarə qəzasından sağ çıxmış həmvətənlərinə kömək göstərmək” və “məlumatları dəqiqləşdirmək” üçün Aktauya ezam etdi. Sözsüz, Moskva diplomatlarını zərərçəkmiş vətəndaşlarına kömək adı altında Aktauya “piştaxtaaltı anlaşma” üçün göndərmişdi. Yəqin ki, bu səfər “məlumatları dəqiqləşdirmək” və dəlil-sübutları yox etmək məqsədi daşıyıb.
Bir daha qeyd edək ki, təyyarə dənizə düşsəydi, qəzanın dəlilləri elə dənizdə də yox ediləcəkdi. Bütün deyilənlərdən başqa, Şimali Qafqazda həm mülki, həm də hərbi aerodromlar olan çoxlu hava limanları var, lakin təyyarə təkidlə Aktauya yönləndirilib. Aydındır ki, əgər hansısa möcüzə ilə təyyarə Şimali Qafqazdakı hava limanlarından birinə enə bilsəydi, o zaman aldığı raket zərbəsi faktını gizlətmək çətin olardı. Elə bunun qorxusundan təyyarənin hər vəchlə nə Qroznıda, nə Mahaçqalada, nə də ətrafdakı heç bir hava limanına enişinə imkan verilməyib.
Moskva aviaqəzanın araşdırılmasının Azərbaycanla Rusiyanın birgə Dövlətlərarası Aviasiya Komitəsinə həvalə edilməsini təklif etdi. İlham Əliyev isə təklifi rədd etdi və mövqeyini belə əsaslandırdı ki, “bu qurum əsasən Rusiya rəsmilərindən ibarətdir və ona Rusiya vətəndaşları rəhbərlik edir. Obyektivlik amilləri burada tam təmin olunmaya bilər". Təbii ki, qəzadan ötən vaxt ərzində etirafa cəsarət edə bilməyən Rusiya şəffaflığa riayət etməyəcəkdi. Prezident bildirdi ki, fəlakəti araşdırmaq üçün beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır. Bu qrupa təyyarə istehsalçısının - Braziliyanın “Embraer” şirkətinin nümayəndələri, Braziliya, Azərbaycan, Qazaxıstan və Rusiyanın ixtisaslaşmış qurumlarının nümayəndələri, habelə Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri daxil edilməlidir. Eyni zamanda, DAK nümayəndələri istintaqın rəhbərləri deyil, işçi qrupunun sıravi üzvləri olmalıdırlar. Əgər Azərbaycan fəlakətdən dərhal sonra Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydi, o zaman rəsmi Bakı bəlkə də Rusiya tərəfinin təklifinə etiraz etməzdi.
Bütün bu həngamədən sonra Kadırov qardaşı oğlunu Ukrayna PUA-larının hücumlarının öhdəsindən yaxşı gəldiyi üçün mükafatlandırır, sonra isə təzminat ödəməyə hazır olduğunu bəyan edir. Rusiyalı blogerlər “rus səmasındakı yad ünsürlərin” məhv edilməsi ilə bağlı video yayımlayırlar. Bu reaksiya bütövlükdə vəziyyəti daha da gərginləşdirdi və Azərbaycanda anti-Rusiya əhval-ruhiyyəsini gücləndirdi. Putinin üzrü hava hücumundan müdafiə sistemindəki səhvə görə məsuliyyətin etirafıdır, lakin günahkarlığın yox. Bəs günahkar olduğunun etirafı Rusiya kimi “böyük derjava”ya çox baha başa gələcək? Moskva nələri itirəcək?
Əlbəttə, Rusiyanın günahını etiraf etdiyi təqdirdə, gündəmə itirilmiş insan həyatlarına görə maddi kompensasiya gələcək. Doğrudur, ilkin olaraq, AZAL Müşahidə Şurasının qərarına əsasən, zərərçəkənlərin hər birinə 20 min manat, həlak olanların hər birinin ailəsinə isə 40 min manat məbləğində kompensasiya təyin edilib. Bundan əlavə, bütün sərnişinlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişini alacaqlar. Elə Prezident İlham Əiyevin Rusiya tərəfinə tələbləri də mahiyyət etibarilə bunu əks etdirir:
- Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir,
- İkincisi, günahını etiraf etməlidir,
- Üçüncüsü, günahkarlar cəzalandırılmalı, məsuliyyətə cəlb edilməli, Azərbaycan dövlətinə, xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödənilməlidir.
Birinci tələb tam təmin olunmuş sayıla bilməz. Çünki ikinci tələb - günahını etiraf etmək ifadə edilməyib. Günahını etiraf etməyin məntiqi nəticəsi təzminat ödəməyə hazır olduğunu bəyan etməkdir ki, Rusiya bunu etsə günahını boynuna almış olacaq. Bəs tələblər təmin olunmasa hansı addımlar atılacaq?
İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan Rusiyanın 10 şəhəri ilə qeyri-müəyyən müddətə hava hərəkətini dayandırır. AZAL artıq Rusiya Federasiyasının 7 şəhərinə uçuşları qeyri-müəyyən müddətə dayandırıb, həmçinin Rusiyanın üç şəhərindən Rusiya aviaşirkətlərinin reysləri də dayandırılıb. Həmçinin, Azərbaycan Nazirlər Kabinetinin sərəncamına əsasən, Rusiya vətəndaşlarının ölkədə qalma qaydalarını sərtləşdirir. Belə ki, Azərbaycana vizasız gələn ruslar bir təqvim ili ərzində ölkədə 90 gündən artıq qala bilməzlər. Qərar 2025-ci il yanvarın 1-dən artıq qüvvəyə minib.
Eləcə də Azərbaycan AZAL təyyarəsinin Aktauda qəzaya uğramasını “qərəzli işıqlandıran” Rusiya KİV-lərinə qarşı sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir. Bildirilir ki, “baş verənlərlə bağlı etibarsız xəbərlərin və məqalələrin konkret müəlliflərinə Azərbaycan ərazisinə giriş qadağan edilə bilər”. “Bu, Rusiyanın aparıcı dövlət telekanallarına və nəşrlərinə, o cümlədən onların əməkdaşlarına da təsir edə bilər. Rusiya XİN əməkdaşları bildirirlər ki, Bakıya qarşı hər hansı “cavab tədbirləri” tətbiq etmək planı yoxdur, çünki “vəziyyət son dərəcə kəskindir və dərinləşə bilər”.
Daha bir maraqlı nüansı qeyd etmək yerinə düşər. “Embraer 190” təyyarəsinin uçuş ərazisindəki heç bir hava limanına buraxılmayaraq, Aktauya yönləndirilməsi nəyə hesablanmışdı? Bəli, təyyarə qəsdən Aktauya yönləndirildi ki, hava limanına çatmasın, dənizin üzərində partlasın və beynəlxalq cinayətin izləri ört-basdır edilsin.
Yeri gəlmişkən, Tokayev Əliyevi Azərbaycan təyyarəsinin qəzaya uğrama şəraitinin obyektiv araşdırılacağına əmin edib. Telefon danışığı zamanı Qazaxıstan prezidenti azərbaycanlı həmkarını əmin edib ki, Qazaxıstan tərəfi Aktau şəhəri yaxınlığında AZAL sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün halların hərtərəfli və obyektiv aydınlaşdırılmasını təmin etmək üçün əlindən gələni edəcək.
Bütün yazılan və deyilənlərə nəzər salaraq, baş verənlərin kimin “dəyirmanına su tökdüyünü” görmək olar. Bu hadisələr fonunda kim itirdi, qazanan kim oldu? Prosesi lap başından şərh etdikdə Rusiyanın “böyük derjava” yarlığının altına sığınaraq, əlindəki dəyənəyi sağa-sola yelləməsi, qonşularına aqressiv saymazyana münasibətinin təzahürü kimi görünür. Kremli Azərbaycana qarşı qeyzləndirən bir amil də Türkiyənin Suriyada qalibiyyəti ola bilər. Suriyanı itirən Rusiyanın Cənubi Qafqazı itirəcəyi an da yaxındır. Bunu anlaması Kremli hövsələdən çıxarır və Türkiyədən çıxa bilmədiyi qeyzini Azərbaycandan alır.
Üstəlik, Kreml həm də TDT-yə qarşı addım ataraq, Astana ilə Bakının münasibətini Aktau qəzası üzündən korlamağı düşünmüş ola bilər. Digər tərəfdən isə təcridi dərinləşən Kreml rejiminin Bakıya qarşı “siyasi tərbiyəsizliyi” onun öz əleyhinə işləyir.
Faciəli qəza üçün seçilmiş tarix də prezident Əliyevin Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşməsi baxımından “əlamətdar” və “simvolik” idi. Moskvaya çatmaq üzrə olan Azərbaycam prezidenti təyyarəsini geri döndərdi. Rusiyanın silahlı qüvvələri tərəfindən vurulan sərnişin təyyarəsi Kremli Azərbaycanın və dünyanın nifrət obyektinə çevirməyi, onun vəhşiliyini vurğulamağə bacarmışdı. Qısa məsafəli hədəflərdə Moskvanın lehinəymiş kimi görünənlər uzun məsafədə bu ölkənin əleyhinə işləyəcək. Çünki bu qəza nəticədə onsuz da “izqoy” olan Rusiyadan Azərbaycanın da üz döndərməsinə, münasibətlərin kəskinləşməsinə yol açdı. Məsələn, neftinə sanksiya qoyulduğundan onun sata bilməyən Moskva bunu başqa ölkələrin köməyi ilə edirdi ki, Azərbaycan da onlardan biri idi. Rusiya üçün çox vacib olan”Şimal-Cənub” dəhlizi bu dəqiqə ona hava-su kimi vacibdir. Hətta Ermənistan da “Şimal-Cənub” dəhlizində “Dünyanın kəsişməsi” layihəsini irəli sürdü. Bu logistika marşrutu Rusiyanın Azərbaycandan keçməklə Türkiyəyə, Suriyaya, Yaxın Şərqə, Afrikaya yoludur. Bakı ilə münasibətlərin kəskinləşməsi Moskvanın yoluna “pəl vuracaq”, çünki Kreml Suriyadakı varlığını itirdi. Kremlin qarşısına yekə bir kötük dığırladan qüvvə Azərbaycanı da Rusiyadan qoparmaq üçün ideal bəhanənin məharətlə təqdimatını etdi.
Bütün bunlara paralel olaraq, artıq Cənubi Qafqazda Ermənistan Qərb istiqamətindədir, Gürcüstan iki cinah arasında var-gəl edir, Azərbaycan balanslı siyasət yürüdür(dü). Amma son zamanlar Bakıyla həm Türkiyənin, həm Qərbin arasında “buz dövrü” salmaq çalışmaları da gedirdi. Belə anlaşılır ki, Aktau aviaqəzası Azərbaycanın üzünü Rusiyadan döndərməyi hədəfləyən hadisə oldu.
Burada diqqəti çəkən başqa bir məqam da var. Əgər, aviaqəzanı icra edənlər Rusiyanın silahlı qüvvələridirsə, bu akt da Bakı ilə Moskvanın münasibətlərinə kəskinləşdirməyə töhfə verdisə, deməli, icraçılar Qərblə işbirliyi içində və imperiyanın çöküşü, sökülüşü naminə çalışırlar. Onlar sadəcə çöküş zamanı imperiyanın “ən dadlı tikəsi”ni qamarlamaq üçün “start”da dayanıblar. Bir sözlə, Rusiya özü öz ayağına güllə vurdu. AZAL-ın təyyarəsinə atılan güllələr Rusiyanı çöküşə hazırlayırlar. Bundan ən böyük zərər görən isə, ölkəni dərəbəylik tərzində idarə edən Rusiya hakimiyyətindəki başıpozuq qruplaşmalar və Azərbaycanla hədələyici tonda danışacaq qədər “cəsarət” toplayan Kadırovçular olacaq...
Ülviyyə ŞÜKÜROVA