Ziddiyyətlərin balansı:İran Azərbaycana niyə düşmən kəsilib?
Yenixeber.org: İranın Bakıda müvəqqəti işlər vəkili Seyid Cəfər Ağai Marian Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və təhqiredici ifadələrə görə ona sərt şəkildə etiraz edilib. Bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İranın ali liderinin Ərdəbil vilayətindəki nümayəndəsi , Ərdəbilin imam-cüməsi Seyid Həsən Amuli ötən il dekabrın 29-da Tehranın "Xəbər Şəbəkəsi" telekanalında Azərbaycan əleyhinə ifadələr səsləndirib.
“İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağai Marian Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Seyid Həsən Amulinin Azərbaycan və ölkə rəhbərliyinin ünvanına təhqiredici ifadələr səsləndirməsinə görə İran tərəfinə sərt etiraz bildirilib. Bundan əlavə, son dövrlər İran ictimaiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin açıq şəkildə qızışdırılması ilə bağlı narahatlıq çatdırılıb”, - deyə məlumatda qeyd olunur.
Nazirlik bildirib ki, İran diplomatı ilə görüşdə anti-Azərbaycan təbliğatının iki ölkə arasında münasibətlərin ruhuna və məqsədlərinə uyğun olmadığı vurğulanıb.
“Qeyd edilib ki, belə hərəkətlər ikitərəfli münasibətləri dərinləşdirmək əvəzinə nifrət və düşmənçiliyi qızışdırmağa yönəlib”, - XİN-in bəyanatında vurğulanır.
Azərbaycan XİN İran tərəfini belə təxribatları dayandırmağa çağırıb.
ABŞ-ın Helsinski Komissiyasının həmsədri, konqresmen Co Uilson da İran rejiminin Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz çıxışlarını qınayıb.
“İranın terrorçu rejiminin NATO və Türkiyənin müttəfiqi olan Azərbaycan əleyhinə böhtan xarakterli açıqlamalarını qınayıram. Suriyadakı vəziyyətdən də göründüyü kimi, NATO və Türkiyənin müttəfiqi İranın terrorçu rejiminə qarşı mübarizədə mühüm tərəfdaşdır”, - Uilson sosial şəbəkədə yazıb.
Bundan dərhal sonra İranın ali hakimiyyətinin ağlı başına gəlib. İran Xarici İşlər Nazirliyinin köməkçisi və Avrasiya üzrə direktoru Müctəba Damirçili İranın Bakıda müvəqqəti işlər vəkilinin Azərbaycan XİN-ə çağırılmasını şərh edərək, İranın ali liderinin nümayəndəsinin açıqlamalarının İran hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini bəyan edib.
“İranın siyasəti qonşular, xüsusilə də Azərbaycanla dostluq münasibətlərinin inkişafına yönəlib. Azərbaycan XİN-in etirazı ölkənin şimal-qərbində keçirilən bir tədbirdə bir şəxsin düşünülməmiş və yersiz çıxışları ilə bağlı olub. Təbii ki, bu cür çıxışlar İran hökumətinin rəsmi mövqeyini əks etdirmir”, - Damirçili deyib.
İranla Azərbaycan arasındakı münasibətlərdəki bu "əbədi yelləncək" nədən qaynaqlanır? Nə üçün rəsmi Tehran mütəmadi olaraq rəsmi Bakı ilə qarşıdurma rejiminə qayıdır? Düzdür, İran rəhbərliyi bu dəfə çox tez geri addım atdı. Bəs, bütün bunlara tamamilə son qoyula bilərmi?
Suallarımıza beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə cavab verib.
Onun fikrincə, bu faktlar İran siyasətinin nə qədər ziddiyyətli və dəyişkən olduğunu göstərir.
“Bu, əslində, İran rəhbərliyi daxilində müxtəlif qruplar arasında mübarizəni də xarakterizə edə bilər. Bu gün belə radikal çağırışlarla çıxış edənlər İran siyasi rəhbərliyinin və ya ruhani təbəqəsinin radikal hissəsinin əhval-ruhiyyəsini ifadə edir – onlar öz rəqibləri ilə amansız rəqabət aparırlar.
Elə İran Xarici İşlər Nazirliyinin bəyanatı da göstərir ki, İran hökuməti ümumilikdə daha konstruktiv mövqe tutmağa çalışır. Gəlin açıq danışaq, hazırda İranın qonşuları ilə gərginlik yaratmaq imkanı yoxdur.
Siyasi rəhbərlik bunu yaxşı başa düşür, güman ki, icraedici hakimiyyət orqanlarında da dərk olunur. Lakin ruhani təbəqə bunu həmişə anlamır. Pezeşkiyan hökuməti bunu anlayır və buna görə də, radikal, fundamentalist mövqedə olan dairələrin bəyanatlarını yumşaltmağa, özündən uzaqlaşdırmağa çalışır”, - deyə politoloq vurğulayıb.
Vəlizadə qeyd edir ki, əvvəlki illərdə biz İran hökumətinin və ruhani təbəqəsinin Azərbaycanla bağlı daha razılaşdırılmış radikal mövqe tutduğunu görürdük.
“Bu, onunla bağlı idi ki, hakimiyyətdə mühafizəkar dairələr idi və Azərbaycanla qarşıdurma üçün aydın xətt mövcud idi.
İndi isə bu aydın xətt görünmür. Azərbaycanla və ümumiyyətlə qonşularla münasibətləri necə qurmaq barədə vahid fikir yoxdur. Buna görə də biz bu gün baş verənləri müşahidə edirik. Bizim ölkələrimiz arasında münasibətlərdə böhran olmayacaq. Yenə də ona görə ki, hazırda İran o halda deyil. Özünə düşmənlər yaratmaq imkanında deyil. Suriyada və Livanda faktiki məğlubiyyət İranın xarici və daxili siyasətində özünü uzun müddət göstərəcək.
Buna görə də, fikrimcə, hazırda Damirçilinin bəyanatı İranın xarici siyasətinin mahiyyətini əks etdirir. Üstəlik, Damirçili özü İranın tanınmış diplomatıdır və diplomatik dairələrdə çox ciddi nüfuza malikdir. Əgər səhv etmirəmsə, o, İranın Azərbaycandakı səfirliyində ikinci katib olub. Mənim onunla ünsiyyətim olub. Əgər səhv etmirəmsə, o, İranın Rusiyadakı səfiri də olub, məncə, Qazaxıstanda da çalışıb.
Ümumiyyətlə, bu, onu göstərir ki, İranda vəziyyəti kifayət qədər obyektiv qiymətləndirən insanlar var. Onlar bu gün də ölkələrinin xarici siyasətinin inkişafını bu kontekstdə müəyyən etməyə çalışırlar”, - deyə Vəlizadə yekunlaşdırır.(pressklub)
Rauf Orucov