Əhməd Obalı: “Bu, "Hizbullah" üçün ağır itkidir. Nəsrullahın ölümündən sonra qruplaşmanın son dərəcə zəifləyəcəyi gözlənilir”
Yenixeber.org: İsrail ordusunun sentyabrın 27-də Beyruta endirdiyi zərbələr nəticəsində radikal "Hizbullah" təşkilatının lideri Seyid Həsən Nəsrullah öldürülüb. "“Hizbullah"ın lideri Seyid Həsən Nəsrullah otuz ildən artıqdır ki, rəhbərlik etdiyi təşkilatın şəhidlərinə qoşulub”, - deyə hərəkatın bəyanatında qeyd olunub.
Qeyd edək ki, sentyabrın 27-də axşam saatlarında İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən Livandakı "Hizbullah" qərargahına hava zərbəsi endirilib. “Sky News Arabia” və İsrailin “Channel 12” kanalı da daxil olmaqla bir sıra media orqanları Nəsrullahın ölüm xəbərini yayıblar. Lakin “Reuters” və İranın “Tasnim” agentliyi öz mənbələrinə istinadən "Hizbullah" liderinin sağ qaldığını iddia edib.
Sentyabrın 28-də səhər saatlarında İDF Nəsrullahın öldürüldüyünü təsdiqləyib. Bildirilib ki, silahlı qruplaşmanın lideri ilə birlikdə onun “Hizbullah” ideologiyasına sadiqliyi ilə tanınan qızı Zeynəb, eləcə də təşkilatın cənub cəbhəsinin komandiri Əli Kərki də daxil olmaqla, bir neçə yüksək rütbəli komandir məhv edilib.
Xatırladaqq ki, Həsən Nəsrullah 1992-ci ildən "Hizbullah"ın daimi lideridir. O İsrail hərbçiləri qruplaşmanın əvvəlki rəhbəri Abbas əl-Musəvini aradan götürdükdən dərhal sonra bu vəzifəyə gəlib.
"Hizbullah" ilə İsrail ordusu arasında aktiv döyüşlər ötən ilin oktyabrında HƏMAS-ın İsrailə hücumu zamanı qruplaşmanın İsrail ərazisinə raket zərbələri endirməsi ilə başlayıb. O vaxtdan bəri tərəflər mütəmadi olaraq qarşılıqlı zərbələr endirirlər. Bu, Livan-İsrail sərhədinin hər iki tərəfində mülki əhalinin kütləvi şəkildə təxliyyə edilməsinə, həmçinin yüzlərlə "Hizbullah" üzvünün öldürülməsinə səbəb olub. Bir neçə gün əvvəl İsrail kəşfiyyatı “peycer əməliyyatı” keçirərək "Hizbullah" üzvlərinin istifadə etdikləri elektron əlaqə vasitələrioni – peycerləri eyni anda partladıb. Hadisə nəticəsində yüzlərlə "Hizbullah" üzvü və Livan vətəndaşı ölüb, minlərlə şəxs yaralanıb.
30 ildən çoxdur "Hizbullah"a rəhbərlik edən Nəsrullahın öldürülməsi Yaxın Şərqdə gərgin vəziyyəti daha da şiddətləndirib. HƏMAS lideri İsmayıl Haniyənin ötən ay Tehranda İsrail tərəfindən qətlə yetirilməsindən sonra "Hizbullah" liderinin də öldürülməsi İsrailin amansız addımlar atdığının və qərarlılığının göstəricisidir.
Baş verənləri bizimlə müsahibəsində şərh edən Amerikada yaşayan Güney Azərbaycan fəalı, “GünAz” TV-nin təsisçisi Əhməd Obalı deyib ki, əslində belə bir əməliyyat gözlənilən idi:
- Çünki bu əməliyyata hazırlıq gedirdi. Bundan əvvəl İsrail tərəfindən "Hizbullah"ın rəhbərliyində olan şəxslər, komandirlər öldürüldü. Komandir ola biləcək şəxslər də öldürüldü. Livandakı “peycer əməliyyatı” ilə İsrail "Hizbullah"a elə ağır zərbə vurmuş oldu ki, təşkilat çaş-baş vəziyyətində qalmışdı. Nəhayət, İsrail dəqiq əməliyyatla Həsən Nəsrullahı aradan götürdü. HƏMAS lideri İsmayıl Haniyəni məhv etdiyi kimi, Nəsrullah da sıradan çıxarıldı. Bu, "Hizbullah" üçün ağır itkidir. Çünki Nəsrullah sıradan bir şəxs deyildi və "Hizbullah"ı ayaqda saxlayan əsas fiqur idi. Nəsrullahın ölümündən sonra qruplaşmanın son dərəcə zəifləyəcəyi gözlənilir. Bu gün Livan hökumətinin xalqa çağırışı da qorxudan qaynaqlanır. Çünki ölkədə vətəndaş müharibəsinin alovlanması riski çox yüksəkdir.
İsrailin addımlarına gəlincə, bu ölkə dayanmaq fikrindən uzaq görünür. İsrailin Baş naziri Benyamin Netanyahu üç gün əvvəl – Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında bəyan etdi ki, məqsədlərinə çatmayınca, "Hizbullah" üzərində qələbə qazanmayınca dayanmaq fikrində deyillər.
- Öldürülən Nəsrullahın təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunduğu, qorunmasının son dərəcə dəqiqliklə həyata keçirildiyi bildirilir. Belə olan halda, İsrailin “təmiz” əməliyyatla onu məhv etməsi necə mümkün olub?
- Bilirsiniz, təxminən 20 il bundan əvvəl "Hizbullah"ın əks-kəşfiyyatının başında dayanan şəxsin İsrailin agenti olduğu üzə çıxmışdı. Həmin vaxt onu İran öldürdü. O zaman bəlli idi ki, "Hizbullah"ın əsas şəxslərindən biri İsrailin “adamı” çıxırsa, yəqin ki, orada daha bir neçə nəfər casus ola bilər. Sonra Hizbullah bəyan etdi ki, “təmizləmə” aparılıb, hər şey qaydasındadır. Guya ki, təşkilat içərisində İsrailin agenti yox idi. Amma bu, yanlışdır. İndi baş verənlər də göstərir ki, İsrailin HƏMAS daxilində olduğu kimi, "Hizbullah"ın içərisində də casusları mövcuddur. Çünki son əməliyyat o qədər dəqiqliklə həyata keçirildi və məqsədə nail olundu ki, bu, agentura şəbəkəsiz etmək müşkül olardı. Bəlli idi ki, İsrail tərəfində dəqiq məlumatlar var. İndi bu əməliyyatın detalları haqqında dünya mediasında yazılır. Hesab edirəm ki, o yazılanların əksəriyyəti düzdür. Çünki kəşfiyyat məlumatlarının, əməliyyatın detallarının yayılmasında maraqlı şəxslər var ki, həmin məlumatları sızdırırlar.
- Nəsrullahın öldürülməsinə İranın reaksiyası sakitdir. Sizcə, bunun səbəbi nədir və ümumiyyətlə, Tehran hansı cavabı verəcək?
- Bu gün İran mediasında (29 sentyabr – A.B) bir yazı dərc olunmuşdu. Yazıda qeyd olunur ki, İranın Ali Dini Lideri Seyid Əli Xamenei bildirib ki, "Hizbullah"ın özü tərəfindən İsrailə cavab veriləcək. Məlumdur ki, İran mediası Ali Dini Liderin, ümumilikdə, hökumətin nəzarətindədir və orada yazılanlar rəsmi Tehranın mövqeyidir. Görünən odur ki, Tehran bir növ “qəhrəmancasına” geri çəkilməyi seçdi. Amma istisna etmirəm ki, İran çox da biabır olmamaq üçün hansısa cavab addımı atsın. Məsələn, İsrailə yüzlərlə ballstik raket ata bilər. Təsadüfən o raketlərdən biri İsraildə əhəmiyyətli yeri partladarsa, əminəm ki, İsrailin cavabı çox ciddi olacaq. Bu isə İsrail-İran savaşının başlaması deməkdir. ABŞ da indidən deyib ki, İsrailin hər zaman arxasındadır. İran isə İsraildən qorxur. Tehrandakılar bilir ki, İsrailin həm nüvə silahı var, həm ABŞ kimi müttəfiqi var, həm də bu dövlət İran kimi sadəcə təhdid etmir, bəyanatlara əməl edir. Ona görə də, İranın Nəsrullahın ölümünə ciddi cavab verəcəyi gözlənilən deyil. Haniyədə hansı cavab verildisə, Nəsrullah da həmin hal müşahidə ediləcək.
- Dediniz ki, ABŞ İsrailin arxasındadır. Amma Amerika rəsmilərindən biz İsrailin əməliyyatları dayandırması barədə çağırışlar eşidirik...
- Bəli, çağırışlar var. Əslində ABŞ-ın hazırkı Prezidenti Co Bayden adminstrasiyası müharibənin olmasında maraqlı deyil. Bununla yanaşı, indiki Ağ Ev adminstrasiyası İsrailə kömək etməyi də arzulamır, amma buna məcburdur. Çünki qarşıda önəmli prezident seçkiləri olacaq və Amerikada yəhudi lobbisinin gücü məlumdur. ABŞ Demokratlar Partiyası yəhudilərin gücünü görməzdən gələrək İsrailə dəstək olmaya bilməz. Eyni zamanda, ABŞ-da hakimiyyətdə istər demokratlar olsun, istərsə də respublikaçılar olsun, "Hizbullah" ilə mübarizədə İsrailin tərəfini tutacaq.
- Yaxın Şərqdəki alov nə zaman sönəcək?
- Bunu proqnozlaşdırmaq çətindir. Ümumiyyətlə, Yaxın Şərq hər zaman od-alovun içərisində olub. Bu regionda alovun tam sönəcəyi gözlənilmir, amma səngiməsi mümkündür. Bu səngimə də İsrail istəklərinə və məqsədlərinə nail olduqdan sonra mümkündür. İsrail əslində HƏMAS və "Hizbullah"la deyil, İranla müharibə aparır. Məlumdur ki, HƏMAS da, "Hizbullah" da, digər radikal silahlı qruplaşmalar da İranın proksi qüvvələridir. İndi İsrail İranın əlaltılarını məhv etməyi, sıradan çıxarmağı qarşısına məqsəd qoyub və sonadək getmək niyyətindədir. Əvvəldə dediyim kimi, Netanyahu BMT tribunasından bunu açıq şəkildə elan etdi.
Ümumilikdə isə bu savaşın tam bitəcəyini gözləmək bir qədər çətindir. O halda mümkün olar ki, İran dağıla, yeni sistem formalaşa və hazırkı siyasətindən əl çəkə. Əks halda, bir müddət keçəcək, yenidən İran proksi qüvvələr yetişdirəcək, gücləndirəcək və yeni savaş başlayacaq.(AYNA)