QARABAĞ ERMƏNİLƏRİNİN “AĞDAM QORXUSU” –Bakının təklifini qəbul etməyənlərin əsas məqsədi nədir?
Nə qədər anormal görünsə də, Ermənistanda və Qarabağda hələ də Azərbaycanda guya qəbir üstündə ermənilərin “qurbanlıq” kimi kəsilməsi, hansısa bayramlarda erməni qanı ilə yoğrulmuş şirniyyat bişirilməsi və s. bu kimi dəhşətli, cəfəng, mifik əhvalatlar dolaşır.
Yenixeber.org: Ermənilərinsə xüsusilə avam, savadsız, gözü qorxmuş kəsimi buna doğrudan da inanır. Məhz bu cür eybəcər tendensiyalardan və erməni cəmiyyətinin əsas hissəsinin daxilinə uzun illər boyu hopdurulmuş azərbaycanlılara, türklərə qarşı nifrət, kin hissləri Ermənistandakı qatı millətçi və revanşist qüvvələrə, Qarabağdakı separatçı xuntaya və Rusiyanın digər əlaltılarına şərait yaradır ki, Azərbaycandan gələn istənilən konstruktiv, sülhə, əminamanlığa, normal birgəyaşayışa xidmət edən təklifləri üsyanla qarşılansın. Bu sıraya Azərbaycanın Qarabağ ermənilərinə humanitar yardım və digər gündəlik tələbat mallarının Laçın yolu vasitəsilə Ermənistandan deyil, Ağdamdan, yəni Azərbaycandan çatdırılması təklifinə də aiddir.
Məlum olduğu kimi, Azərbaycanın Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə edilməsi təklifi Brüssel görüşündə Avropa İttifaqı(Aİ) Şurası Prezidenti Şarl Mişel tərəfindən də dəstəkləndi. Zatən sözügedən bölgənin Azərbaycan ərazisi olduğu nəzərə alınsa, burada fövqəladə bir hadisə baş vermir. Qarabağ Azərbaycan ərazisidir, orada yaşayanların bütün təminatı, ticarəti, alış-verişi də Azərbaycan ərazisində baş verməlidir. Yəni, həmin əhali heç nə ilə digər vətəndaşlarımıza nisbətdə xüsusi imtiyazlara malik olmalı deyil. Ancaq o da məlumdur ki, Qarabağdakı separatçı rejimin və xüsusilə də Moskvanın buradakı “emissarı” Ruben Vardanyanın əsas missiyası Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasına imkan verməməkdir. Hazırda Ağdam-Əskəran yoluna beton plitələr qoyulması da onların əməlinin nəticəsidir. Yəni, həmin yoldan humanitar yardım və s. gəlməsin. Sanki, kimsə zorla bu yolla ermənilərə yardım, ərzaq gətirib, onların boğazına dürtəcəkmiş...
Əslində, beynəlxalq təşkilatlara da aydındır ki, ermənilərin “başbilənlərinin” bu yoldan istifadə etməkdən imtina etməsi siyasi spekulyasiyadır və çirkin oyunların tərkib hissəsidir. Bu, həm də açıq milli ayrıseçkiliyin, rasist yanaşmanın təzahürüdür. Sanki Azərbaycandan gətiriləcək qida məhsulları bunlar üçün “lənətlənib”, yaxud Ermənistandan gətirilənlərdən keyfiyyətsiz və zərərlidir. Digər yandan Qarabağdakı ermənilərə ərzaq və digər malların tədarükünün Ağdam yolu ilə həyata keçirilməsi logistik baxımdan daha sərfəlidir, çünki məsafə daha qısa, yol daha rahatdır. Bu, daşınmanı da ucuz edir. Nəhayət, nəyə görə Ermənistanda ƏDV-si ödənilmiş mallar humanitar yardım adı altında Azərbaycan ərazisinə gətirilməli və Ermənistan bundan qazanmalıdır? Yəni, bütün arqumentlər Ağdam yolunun lehinədir, ermənilərinsə bunun əleyhinə qoya biləcəkləri heç bir ciddi arqumentləri yoxdur. Məqsəd yalnız Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasına xidmət edəcək istənilən təşəbbüsün qarşısını almaq, eyni zamanda da Ermənistandakı və Qarabağdakı işbazları, həmçinin “sülhməramlıları” yemləməkdir. Çünki bu alış-verişdən Rusiya hərbi kontingentinin rəhbərliyi də daxil olmaqla, kifayət qədər böyük məbləğlər qazananlar var.
Göründüyü kimi, Avropa İttifaqı Azərbaycanın sözügedən təklifinin lehinə olsa da, Moskvadan bu təklifi dəstələyən heç bir açıqlama yoxdur. Əksinə, Moskvanın Ermənistanda və Qarabağdakı qulbeçələri bu təklifin əleyhinə aktiv təbliğat aparır, hətta Aİ Prezidenti Şarl Mişeli Ağdam-Əskəran yolundan istifadənin məqbul olduğu barədə mövqeyinə görə kəskin tənqid atəşinə tuturlar. Yeri gəlmişkən, əgər vəziyyət doğrudan da fəlakətli idisə və ermənilər humanitar yardımın, gündəlik tələbat mallarının Azərbaycandan gəlməsinin qatı əleyhinə idilərsə Xankəndidə keçirilən mitinqlərdə etirazçıların sayı getdikcə artmalı idi. Ancaq nədənsə bunun əksi olan proses baş verir. Mitinqçilərin sayı ötən aylardakı, illərdəki ilə müqayisədə xeyli azalıb. Ermənistan ordusunun generalı və qondarma rejimin sabiq “dövlət naziri” Samvel Babayanın da Ağdam yolundan istifadəyə tərəfdar çıxması təsadüfi deyil. Erməni cəmiyyətində belə bir sifariş olmasaydı, Babayan Azərbaycanla razılaşmaq təklifilə çıxış etməzdi.
Hələ Birinci Qarabağ müharibəsindən əvvəl Qarabağdakı separatçıların demək olar ən çox qorxduğu Ağdam əhalisi idi. Bu, həmin rayonumuzun həm əhalisinin çoxluğu, həm də digər bir sıra səbəblərlə bağlı olub. İndi isə məlum qüvvələr Qarabağ ermənilərində yeni “Ağdam qorxusu”, xofu yaratmağa çalışırlar. Ancaq indiyə qədərki digər bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycanın geri durmayacağı aydın görünür.
Ermənilərə gəlincə, anlamalıdırlar ki, gec-tez Azərbaycan qanunlarına tabe olmalıdırlar və qorxunun əcələ heç bir faydası yoxdur...(azpolitika)