Rusiyada yeni siyasi formatlanma yaratmış "yumşaq qiyam" və Azərbaycan üçün artan təhdidlər. -ANALİZ
“Vaqner qiyamının” birinci mərhələsi başa çatdı və bu mərhələdə qiyamçılar qarşılarına qoyduqları əksər məqsədlərə nail oldular: Putinin hakimiyyət ierarxiyası ciddi şəkildə laxladıldı, ölkədə yeni siyasi situasiya yarandı, dünənə qədər müdhiş görünən güc strukturlarının zəifliyi və acizliyi bütün çılpaqlığı ilə üzə çıxdı, ən başlıcası isə iddialara rəğmən putinizmin sosial dayaqlarının olmadığı əyani şəkildə nümayiş etdirildi.
Yenixeber.org: Tanınmış politoloq Ərəstun Oruclu FB səhifəsində Şimal qonşumuzdakı “Vaqner qiyamın”dan, yaranmış son siyasi atmosferdən və Azərbaycana gözlənilən təsirlərdən yazıb:
Amma “yumşaq qiyamın” əsas hədəfi hələ də aktual qalmaqdadır. Nəzərə alsaq ki, qiyamın arxasında hakim zümrədən olan və əsasını ordu generaliteti təşkil edən geniş bir çevrə dayanırdı deməli, silahlı qüvvələrin ölkənin siyasətinə təsirinin artması vəzifəsinə tam nail olmaq cəhdləri də hələ davam edəcək.
Çünki görünən budur ki, qiyam nəticəsində «ingilis kraliçasına» və ya «rus toy generalına» çevrilən Putinin səlahiyyətlərini elə onun özünün də mənsub olduğu FSB-oliqarxiya komandası üzərinə götürdü. Burda daha çox RF Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşevə eyhamlar olsa da, əslində isə daha çox kollegial idarəçiliyin bərpa edildiyi daha inandırıcı görünür.
Amma hətta belə bir vəziyyətdə də fərdlərin rolu istisna olunmur ki, elə həmin fərdin (pərdəarxası liderin) məhz TŞ katibi olması haqda iddialar daha həqiqətəuyğun görünür. Amma yuxarıda qeyd olunduğu kimi yaranmış yeni siyasi vəziyyət heç də ordu generalitetinin iddialarının həyata keçməsi anlamına gəlmir.
Halbuki, ordunun siyasətə təsirinin artması da göz önündədir və bu, özünü Ukraynaya qarşı aparılan işğalçı savaşa rəhbərliyin RF SQ Baş Qərargah rəisi Valeriy Gerasimova keçməsindən göstərməyə başlamışdı. Bu gün isə deyilənə əyani sübut kimi Kremlin bütün cəhdlərə rəğmən general Sergey Surovikini qiyamda iştiraka görə məsuliyyətə cəlb edə bilməməsidir.
Digər tərəfdən isə əsərin baş qəhrəmanı olan “Vaqner” haqda verilən qərarların hər gün 180 dərəcə dəyişməsi çəkişmələrdə mövqelərin təxminən bərabər olduğunu göstərir. Beləliklə, indi Rusiyada hakimiyyət uğrunda mübarizənin həlledici mərhələyə keçdiyini deməyə bütün əsaslar var.
Həmin mübarizədə Putin yalnız dekorativ prezident rolunu oynayır. Onun Kadırovdan dəstək almaq cəhdinin də qarşısı qətiyyətlə kəsildi. Putinin Dağıstan səfərinin ardınca rus "publiklərində" çeçen Tik-Tok komandanının ölümcül xəstə olduğu və hətta danışa bilmədiyi "xəbəri" ildirim sürətilə yayıldı.
Amma Kreml uğrunda mübarizə aparan tərəflərin yaranmış kövrək sabitliyi qorumaq naminə nümayiş etdirdiyi ehtiyatlı davranış həmin mərhələnin aylarla uzanmasına səbəb ola bilər. Belə sabitlik eyni zamanda həm Kremlin yeni sahiblərinə, həm də Rusiya hakimiyyətinin hərbi qanadına öz mövqelərini möhkəmləndirmək üçün də lazımdır.
Bu mənada təsadüfi deyil ki, TŞ başçısı elə “yumşaq qiyamin” ilk saatlarından həmin prosesə start verdi. Qiyamın dayandırılmasında xilaskar rolunu oynayan Belarusun xalq artisti Aleksandr Lukaşenkonun qəhrəman obrazının yaradılması və eyni zamanda da onun Putin tərəfindən real hakimiyyətdən kənarlaşdırılmış Nazarbayevlə telefon danışığı “hazır reseptlərin” olduğunu üzə çıxardı.
Belə “hazır reseptlər” isə MDB ölkələrinin demək olar ki, hamısında mövcuddur. Məsələn, Azərbaycanda Patruşev komandasının emissarı Ramiz Mehdiyev və onun hələ də ciddi resurslara malik olan dəstəsidir və bu da şübhəsiz ki, özünü ən yaxın zamanlarda göstərəcək. Bu isə o deməkdir ki, ölkə yenidən neqativ seçimlə (pislə daha pis arasında seçim etmək) üzləşə bilər.
Burda da ən acınacaqlı olan təkcə neqativ seçimin özü deyil, həm də kimin pis, kimin isə daha pis olduğunu müəyyən etməkdir. Əslində heç mümkün də deyil və həmin seçimə ehtiyac da yoxdur. Baş verə biləcəyi istisna edilməyən (şərti olaraq) Əliyev-Mehdiyev qarşıdurmasında Azərbaycan xalqı özünün seçimini etməlidir.
Hakimiyyətini qorumaq isə İlham Əliyevin öz qayğısı və öz problemidir. Halbuki, bu gün vəziyyət fərqli də ola bilərdi, amma olmadı. Mehdiyev dəstəsinin xeyli üzvünün hakimiyyətdən kənarlaşdırılmasının islahat olması ilğımı elə hakimiyyətin özünün fəaliyyəti sayəsində qısa zamanda yox oldu.
Vəzifələrə gətirilən “yeni nəsil” hakimiyyət rəsmiləri və məmurlar təkcə yarıtmaz fəaliyyətilə deyil, həm də xalqa aşağılayıcı münasibətilə Mehdiyev komandasının soyğunçularının atasına rəhmət oxutdurmaq kimi çətin bir işin öhdəsindən layiqincə gələ bildilər. İlham Əliyevin özü isə 44 günlük müharibənin nəticəsinin ona verdiyi dividendlərdən yararlana bilmədi.
Müharibə İlham Əliyevə təkcə ciddi islahatlar aparmaq üçün kart-blanş deyil, həm də böyük etimad krediti versə də o, bundan nəinki səmərəli istifadə etmədi əksinə, bütün addımları ilə həmin etimadı sanki məqsədli şəkildə darmadağın etdi.
Şəhidlərə hörmətsizlikdən tutmuş kütləvi qazi intiharlarınadək, orduya divan tutmuş cinayətkarların mükafatlandırılmasından tutmuş on minlərlə insana sosial yardımları kəsən əzazil nazirin düşmənçi əməllərinədək, icra başçılarının azğınlığından tutmuş polisin vəhşiliklərinədək, qanunların ayaqlar altına atılmasından tutmuş vətəndaşların kütləvi şəkildə şərlənərək tutulmasınadək baş verən hər şey İlham Əliyevin post-müharibə siyasətinin ana xəttinə çevrildi.
Bütün bunlardan sonra Azərbaycan xalqının başlamaqda olan hakimiyyət uğrunda savaşda tərəflərindən birini dəstəkləyəcəyi haqda iddialar ancaq xəstə təxəyyülün məhsulu ola bilər. Həm də ona görə ki, həmin mübarizənin Azərbaycan xalqına nə heç bir aidiyyatı yoxdur, nə də faydası olmayacaq.
Amma uzun müddət mövcudluğu yada düşməyən, addımbaşı aşağılanan, səbəb oldu-olmadı əzilən xalq kritik dönəmlərdə hadisələrin əsas iştirakçısına çevrilir və elə onda da yada düşür. Belə hallarda isə zaman qıtlığı səbəbindən ona (xalqa) doğru addımlar atmaqdansa onu təhdid etmək daha cəlbedici və daha effektiv görünür.
Məsələn, Ermənistanla yeni müharibə və ya Qarabağda anterror əməliyyatı haqqında qorxunc nağıllarla, ya da elə İran, Rusiya təhlükəsilə və s. Amma artıq bunların da təsiri altına düşənlər çox deyil.
Çünki indi xalqı hər şeydən çox gündəlik qayğıları, öz fiziki mövcudluğunu qoruya bilmək və ilk növbədə də dövlətin dəstəyindən hərtərəfli məhrum edilmiş övladlarına çörəkpulu əldə edə bilmək düşündürür. Üstəlik də necə deyərlər, “əgər yalançının evi artıq dəfələrlə yanıbsa”...
(davamı var)