Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Heykəl, ey büt… -Daş dövrü çox arxada qalıb, indi baş dövrüdür

Yenixeber.org: Yazıya təsvir kimi verdiyimiz bu fotodakı görüntünün qəribə hekayəsi var. 1951-ci ildə Budapeştdə İosif Stalinə heykəl qoyulur. Sovet liderinin 70 illiyinə hədiyyə olaraq. 1.70 metr boyu olan rəhbərin 25 metrlik bu heykəli cəmi 5 il yaşaya bilir – 1956-cı ildə Macarıstanda üsyan başlayır və heykəli uçurdurlar. Özü də onu sadəcə yıxmaq mümkün olmur, məcbur qalıb çəkmələrini “soyundururlar”. Heykəl yerlə bir olur, postamentdə bu fotoda gördüyünüzə bənzər mənzərə qalır. Niyə “bənzər”, çünki bu abidə həmin heykəlin qalığı deyil, 2006-cı ildə yaradılmış və Budapeştdə “Memento” parkında saxlanan surətidir. Əsl “çəkmə abidəsi”ni isə elə həmin üsyandan az sonra yerli-dibli ləğv etmişdilər… 

     ***

Heç şübhəsiz, heykəl, digər monumental əsərlər kimi, antik təfəkkürün məhsuludur. İlk heykəllərin Qədim Roma, Qədim Yunanıstan və Qədim Misirin bilinən tarixində meydana gəldiyi sirr deyil. Bu işin sənət növünə və mədəniyyət simvoluna çevrilməsi sonrakı tarixdir, zamanla yaranmış paradiqmadir. İbtidai insan buna sənət kimi baxmayıb, mifik-metafizik məhsul kimi yanaşıb və bu məqsədlə yaradıb. Bütpərəstlik kimi qəbul etdiyimiz ibtidai inancın daşıyıcıları əşyaları, insanları, bitki və heyvanları, hətta dağ və digər təbiət mənzərələrini daşlaşdırıb, bir növ, əbədi özü ilə saxlamaq ehtiyacı hiss edib. Həmin abidələrin bəziləri hələ ki bu “əbədiliyi” davam etdirsə də, onu yaradanlar “özü ilə saxlamaq” məqsədlərinə nail ola bilməyiblər. Amma hələ də davam edirlər. Bəlkə də, əbədi yaşamaq ehtirası, sonsuzadək var olmaq, sonsuzluğu “görmək”, dərk etmək ehtiyacı üzündən…

Antik mənasından, yaranış zərurətindən keçən min illər ərzində heykəllər mifik dəyəri ilə bərabər, həm də sənət, estetika predmetinə çevrilib. Zamanla arxitektur abidələr, hətta şəhərsalma mədəniyyəti meydana gəlib, günümüzə qədər davam edir. İşin bu tərəfi estetik ağırlıqlı olduğu üçün insan düşüncəsinə, formalaşmasına daha çox müsbət təsir göstərib və göstərməkdədir.  

Qədim və orta əsr icma və mədəniyyətlərində meydana gələn heykəl kultu da getdikcə elmi yanaşmanın obyektinə çevrilib. Heykəltəraşlıq sənət və peşə növünə, hətta elmi araşdırmaların bir istiqamətinə çevrilib.

Gələk insan heykəllərinə. Bu heykəlləri qədim zamanlardan bəri toplumlar lider, sərkərdə, ağıl və ya güc öncülü saydıqları, yaxud hansısa mistik gücünə görə secilən şəxslərə həsr ediblər. Amma bütün bunlar 5-10, hətta 500-1000 deyil, 10 min il əvvəlin yanaşmasıdır. 

Son əsrlərdə insan heykəlləri əksəriyyət etibarilə təbliğat məqsədilə yaradılır. Siyasi və ya ideoloji zərurətlə sənətin sintezi olduğu üçün zamanla belə heykəllər mübahisə obyektinə çevrilir. Dövr, ideya və ideologiyalar dəyişir, heykəllər əhəmiyyətini və dəyərini itirir, ya kütləvi hərəkatların gücü, ya da inzibati qərarların təsiri ilə demontaj edilir. 

Bu günlərdə Azərbaycanda da heykəl mövzusu geniş müzakirə olunur. Bolşevik -kommunist Nəriman Nərimanovun Naxçıvandakı heykəlinin götürülməsi (sonradan onun yerinə qaytarılacağı bildirildi) media və sosial şəbəkələrdə geniş diskussiya yaradıb. İnsanlar üç cəbhəyə bölünüblər. 

Bir qisim doktor Nərimanovun Azərbaycan üçün böyük xidmətləri olduğunu əsas gətirərək, heykəlin götürülməsini yanlış sayır. Onların fikrincə, Nərimanov işğalçı rus bolşevizminin qarşısında gücü çatan qədər dayanan, imkan daxilində Azərbaycana xeyirli işlər görməyə çalışan, sonunda isə qətlə yetirilən faciəli şəxsiyyətdir.

İkinci qrup onu işğalçı Rusiya bolşevizminin tərəfdarı sayır. Bu, istiqlalçı yanaşmadır, Azərbaycan Cümhuriyyətinin süqutunda silahdaşları ilə birgə Nərimanovun da xəyanətkar rol oynadığını bildirirlər. Məhəmməd Əmin Rəsulzadənin verdiyi tarixi qiymətə əsaslanan bu qrup insanlar heykəlin götürülməsini doğru sayır, hətta Bakıdakı heykəlinin də sökülməsinin lazım olduğunu deyirlər. 

Üçüncü qrup isə bu tip siyasi arqumentlərdən uzaq qalmağa çalışaraq, həm heykəlin sənət əsəri olduğunu, həm də Nəriman Nərimanovun yazıçı, Azərbaycan dili və ədəbiyyatı tarixində rolu olduğunu isbat etməyə çalışır və heykələ bu səbəbdən toxunmaq lazım olmadığını söyləyir. 

İş o yerə çatıb ki, ölkənin ən nüfuzlu, şəxsiyyəti ilə hörmət qazanmış tarixçi alimləri, ziyalıları da prosesə qoşulublar. Sanki Nərimanovun heykəli ölkənin milli maraq məsələsidir, xalqın rəyini tələb edən, cəmiyyətin münasibətinin zəruri olduğu taleyüklü bir problemdir.

Heykəllər, digər monumental sənət nümunələri kimi, insanın şüuraltına, fərdi və toplum psixologiyasına təsir göstərən vasitələrdir. Psixoloqlar sübut edir ki, həm arxitektur abidələr, həm də heykəllər tarixi şüurun qorunub saxlanması, ideyanın “altdan ötürülməsi” funksiyası daşıyır. Məsələn, Britaniya psixoloqlarının apardığı bir araşdırmanın nəticələri belədir ki, hətta orta səviyyəli gəliri olan insanların belə tarixi monumental binalarda yaşamaq istəyi, şəhərlərdən kənarda belə mülklər almaq ehtirası təkcə şan-şöhrət və yüksək epataj hisslərindən qaynaqlanmır, burada tarixi-mifik-mədəni stereotiplər ciddi rol oynayır. Belə binalarda və mülklərdə yaşayan insanlar özlərini tarixi translyasiya içərisində hiss edirlər. Və bu cür arxitektur nümunələr və heykəllər hiss olunmadan insanların təfəkkürünə təsir göstərir. 

Bu baxımdan, Nərimanovun heykəlinə münasibətdə yaranmış şərti “üç cəbhə”nin heç birində deyiləm. Nərimanovun özünə, tarixi roluna münasibətim Məhəmməd Əmin bəyin münasibətindən qaynaqlanır, onu rus bolşevizminin əlaltısı və sonunda həqiqəti anlamağa başlayan faciəli fiqur sayıram. Ancaq bu, mənim bir tarixi şəxsiyyətə münasibətimdir. Heykəl başqa, insan başqa…

Hesab edirəm ki, zaman, ideya və siyasi zərurət səbəbindən əhəmiyyətini gec-tez itirəcəyi üçün insan heykəllərinə ehtiyac yoxdur. Məsələ Nərimanovda deyil, əzizlər. Məsələ ondadır ki, biz 7-8 min il əvvəlki əcdadlarımızın ibtidai idrakından qaynaqlanan bu arxetipdən qurtula bilmirik. 

Mənə qalsa, Məhəmməd Əmin Rəsulzadəyə də heykəl qoymaq yerinə, onun cəfa çəkdiyi, ailəsini, canını fəda etdiyi Azərbaycan qurmaq lazımdır. Belə bir Azərbaycan ən böyük abidə olar.

Hələ reputasiyası və tarixi fəaliyyəti şübhəli olan xalq qəhrəmanları və dastan obrazlarına qoyulan heykəlləri demirəm…

Ümumiləşdirilmiş, simvol sayıla biləcək abidələr, sənət nümunələri başqa. Məsələn, İstiqlal abidəsi. Azadlıq heykəli. Azad qadın heykəli və s… Bunlar toplumun tarixində rol oynamış müəyyən hadisələrin simvolu olmaqla, mədəniyyət, sənət nümunəsi kimi saxlanıla bilər. Ancaq insan heykəllərini, bu zəhmli, şəxsin faktiki ölçüsündən də dəfələrlə böyük hazırlanmış fiqurları psixoloji basqı və propaqanda vasitəsi sayıram, bu səbəbdən də onlara ehtiyac olmadığını düşünürəm. O zəhmin, o basqının altında nəsil tərbiyə etmək çətin olur. Gözünü açıb Leninin heykəllərini görmüş sovet uşağı kimi deyirəm bunu. Biz bu kütləvi travma obyektlərindən zamanla xilas olmalıyıq. Kütləvi, total etirazla yox, düşünülmüş, dərk olunmuş şəkildə. 

Bir də ki, heykəl belə mühüm dəyər nümunəsi sayılırsa, bir zəhmət, bütün siyasətçilərdən əvvəl Azərbaycan adlı dövlətin var olması uğrunda şəhid olanların hər birinə heykəl qoyulsun. Nə deyirsiniz? Yerimiz bəs edəcəkmi? Yoxsa yerimizi dar edəcək bu qədər qəhrəman heykəlləri?

İyirmi birinci əsrin dörddə birini yola salırıq, hələ də adamlara heykəl qoyuruq. İnsanları kütləvi tərbiyə etməkdən əl çəkmək lazımdır. Uşaqlara təhsil vermək, gənclərə təhsil və iş vermək, ağlın və elmin gücünə inanmaq lazımdır. Daş dövrü çox arxada qalıb, indi baş dövrüdür, başımızı işlətməliyik…

Qabil Abbasoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam