Qəzaya uğrayan Türkiyə təyyarəsinin imkanları -FOTOLAR

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 “Hercules” tipli hərbi nəqliyyat təyyarəsi Azərbaycan–Gürcüstan sərhədinə yaxın ərazidə qəzaya uğrayıb.
Yenixeber.org: Türkiyənin Müdafiə Nazirliyi hadisəni təsdiqləyib və axtarış-xilasetmə əməliyyatlarının Azərbaycan və Gürcüstan qüvvələrinin birgə iştirakı ilə davam etdiyini bildirib.
İlkin məlumatlara görə, Gəncə şəhərindən havaya qalxan təyyarə Türkiyəyə geri dönüş marşrutu üzrə uçarkən rabitə əlaqəsi kəsilib, daha sonra dağlıq ərazidə yerə çırpılıb. Təyyarədə kimlərin olduğu hələlik məlum deyil. Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib. Türkiyə Prezidenti şəhidlərin olduğunu bildirib.
Məlumata görə, Lockheed C-130 “Hercules” modeli ABŞ-da istehsal olunan, dörd turbovint mühərrikli hərbi nəqliyyat təyyarəsidir.
Model artıq 70 ilə yaxındır ki, dünyanın 60-dan çox ölkəsinin silahlı qüvvələrində istismar olunur və çoxfunksiyalı hərbi nəqliyyat vasitəsi kimi tanınır. Türkiyə Silahlı Qüvvələri bu təyyarədən 1960-cı illərdən bəri intensiv istifadə edir.
C-130-lar ordunun logistik imkanlarının “əsas dayağı” hesab olunur. Onlar həm daxili, həm də beynəlxalq hərbi əməliyyatlarda mühüm rol oynayır. Təyyarə həm döyüş bölgələrinə personal və texnika daşıyır, həm də təcili humanitar yardım və tibbi təxliyə missiyalarında istifadə edilir.
C-130 “Hercules” müxtəlif təyinatlara uyğunlaşdırıla bilir: bəzi versiyalar paraşütçü əməliyyatları üçün, digərləri isə yanğınsöndürmə və hava kəşfiyyatı məqsədilə modifikasiya olunub. Türkiyə Hərbi Hava Qüvvələrinin tərkibində bu tip təyyarələr həm yerli, həm də beynəlxalq sülhməramlı və xilasetmə missiyalarında iştirak edir.
C-130 “Hercules” maksimum 20 tonadək yük daşıma gücünə malikdir. Təyyarə 600 km/saat sürətlə uçur və təxminən 3 800 kilometr məsafə qət edə bilir. Dörd turbovint mühərriklə təchiz edilən bu model ağır yüklə belə qısa zolaqlardan qalxma və enmə qabiliyyətinə görə hərbi logistikada xüsusi əhəmiyyət daşıyır.
Təyyarənin tipik ekipajı beş nəfərdən ibarətdir: komandir, ikinci pilot, naviqator, uçuş mühəndisi və yük zabiti. Bu komanda vasitəsilə təyyarə həm döyüş şəraitində, həm də fövqəladə hallarda çoxsaylı tapşırıqları yerinə yetirə bilir.
Hazırda qəzanın səbəblərini müəyyən etmək üçün istintaq qrupu yaradılıb.











AZ
RU