Əvvəlcə Kremlin “təxribat emissarı”, erməni fırıldaqçı Ruben Vardanyanın Xankəndi və ətraf bölgədən qovulmasına nail olunacaq və Azərbaycan üçtərəfli anlaşmaların tələblərini əsas gətirərək, Laçın yolunu tam nəzarətə götürəcək... Bunlara paralel olaraq, rəsmi Bakı silahlı erməni terror dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması üçün Ermənistana hərbi-siyasi təzyiqlərini gücləndirəcək, müqavimət göstərilsə, hərbi toqquşma təhlükəsi artacaq...
Yenixeber.org: Ermənistan Qərbdəki himayədarlarına güvənərək, hərbi-siyasi təxribat xəttini davam etdirir. Rəsmi İrəvan bütün istiqamətlər üzrə “siyasi kapriz” siyasətinə üstünlük verir. Bununla da Ermənistan Cənubi Qafqazda mövcudluq imkanlarını böyük təhlükə altına atır.
Məsələ ondadır ki, rəsmi İrəvan demək olar, sülh prosesindən kənara çəkilib. İndi Ermənistan Fransanın himayəsi altında Cənubi Qafqazda situasiyanın gərginləşdirilməsi və Rusiyanın regiondan sıxışdırılmasına yönəlik addımlarla diqqəti çəkir. Və bu baxımdan, Rusiya-Ermənistan münasibətlərinin gərginləşmə mərhələsində olması o qədər də təəccüblü deyil.
Hətta Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən qeyri-rəsmi MDB sammitinə kəskin qarşılıqlı ittihamların təsiri altında yola düşmüşdü. Rəsmi İrəvan Rusiyanı Zəngəzur dəhlizinin açılması, ittifaq dövlətinə qatılması ilə bağlı Ermənistana təzyiq göstərməkdə suçlamışdı. Eyni zamanda rus “sülhməramlılar”ın öz missiyalarını yerinə yetirməməkdə ittiham etmişdi.
Kremldən verilən reaksiyadasa, rəsmi İrəvan təxribatçı davranışlarda qınanmışdı. Açıq-aşkar görünürdü ki, Kreml Ermənistandan ciddi şəkildə narazıdır. Hətta bu narazılıq Rusiya mətbuatında Ermənistanın “nankorluğu” kimi də xarakterizə olunurdu. Və rus analitiklər erməni baş nazirin MDB toplantısındakı davranışlarını şərh edərkən, bu xəttə böyük ölçüdə sadiq qaldılar.
Rusiyada nəşr olunan nüfuzlu “Kommersant” qəzeti baş nazir N.Paşinyanın Kreml sahibi V.Putinlə görüşündə Rusiyanı dolayısı ilə ittiham etmək cəhdlərinin anlaşılmaz olduğu qənaətindədir. Belə ki, erməni baş nazir Şuşa-Xankəndi yolundakı dinc aksiyanı regionda əsas böhran kimi təqdim etməyə çalışmışdı. O, vurğulamışdı ki, bu yol rus “sülhməramlılar”ın məsuliyyət zonasındadır: “İndi belə anlaşılır ki, Rusiya sülhməramlı qüvvələri yola nəzarət edə bilmir. Ona görə də, mən bu situasiyadan çıxmağa imkan verəcək hansı variantların olduğunu müzakirə etmək istərdim”.
“Kommersant” nəşri erməni baş nazirin Rusiya prezidenti V.Putinlə ikitərəfli görüşdə belə “cəsarətli” davranmasının gözlənilməz və yolverilməz olduğunu vurğulayıb: “Baş nazir N.Paşinyanın bu ittihamları tamamilə yersizdir. Çünki Sankt-Peterburqda üçtərəfli görüşdə keçirilmişdi. Ancaq nə qədər qəribə də olsa, Ermənistan baş naziri həmin üçtərəfli görüşdə bu mövzudan danışmayıb. Görünür, N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin verəcəyi sərt reaksiyadan çəkinib”.
Təbii ki, bütün bunlar Rusiya siyasi dairələrində Ermənistan baş naziri N.Paşinyanın “siyasi kaprizlər”indən bezdiklərini göstərir. Hətta Rusiya prezidenti V.Putin onunla ikitərəfli görüşdə Kremlin Ermənistana qarşı daha sərt davranmaq imkanlarının olduğuna eyham vurmaqdan özünü saxlaya bilmədi. Belə ki, Kreml sahibi ona cavab verərkən, “Dağlıq Qarabağ” ifadəsindən istifadə etmədi. Rusiya prezidentinin sadəcə, “Qarabağda olan problemlərin həlli üçün detallı müzakirələr davam edir” cümləsindən dərhal sonra Ermənistanla iqtisadi əməkdaşlığın statistikasına keçməsi Kremlin mesajı sayıla bilər.
Belə görünür ki, Rusiya Paşinyan hakimiyyəti dönəmində Ermənistana dəstək verməyə həvəsli deyil. Deməli, Ermənistan istənilən halda, rəsmi Bakının təzyiqləri altında da olsa, üçtərəfli anlaşmalar üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaq. ABŞ, Fransa və Avropa Birliyindəki bəzi ermənipərəst siyasi dairələrin himayəsi də Ermənsitana həmin öhdəliklərdən yayınmaq şansı verməyəcək.
Rəsmi Bakının mövqeyi isə qətiyyətli və prinsipial olmaqla yanaşı, həm də tədricən sərtləşməyə başlayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bildirib ki, qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması məsələsində rəsmi Bakının mövqeyi qətidir və üçtərəfli bəyanat da buna cavab verir. Və bu, o deməkdir ki, rəsmi Bakı qeyri-qanuni erməni terror dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması üçün bütün variantlardan istifadə etmək hüququna malikdir.
Onu da qeyd etmək lazımdır ki, xarici işlər naziri Ceyhun Bayramovun son açıqlaması rəsmi Bakının bu mövzunu Kremllə ciddi şəkildə müzakirə etdiyini biruzə verir. Onun dediklərindən belə anlaşılır ki, Kreml bu məsələnin həllində əsas məsuliyyəti məhz Ermənistanın üzərinə yükləməyə çalışır: “Rusiyanın mövqeyi ondan ibarətdir ki, bu üçtərəfli bəyanatdır və ona Ermənistan da imza atıb. Bu, rəsmi İrəvanın öhdəliyidir və erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını Ermənistan təmin etməlidir”.
Böyük ehtimalla növbəti ildə rəsmi Bakının əsas diqqəti məhz bu məsələ üzərində infeksləşəcək. Azərbaycan silahlı erməni terror dəstələrinin öz ərazilərindən çıxarılması üçün Ermənistana hərbi-siyasi təzyiqlərini gücləndirəcək. Yəqin ki, bu proses ilk mərhələdə Kremlin “təxribat emissarı”, erməni fırıldaqçı Ruben Vardanyanın Xankəndi və ətraf bölgədən qovulmasıyla daha da sürətlənəcək. Və bu baxımdan, rəsmi İrəvanın müqavimət göstərəcəyi təqdirdə, Azərbaycanın üçtərəfli anlaşmaların tələblərini əsas gətirərək, Laçın yolunu tam nəzarətə götürə biləcəyi də qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert